Ümummilli liderin xatirəsinə
həsr olunmuş elmi konfrans
Dünən Azərbaycan Milli
Elmlər Akademiyasının
Fəlsəfə, Sosiologiya
və Hüquq İnstitutunda "Ulu öndər Heydər Əliyevin mənəvi irsi və müasir
Azərbaycan fəlsəfəsi"
mövzusunda respublika elmi konfransı keçirildi. İnstitutun
direktoru, fəlsəfə
elmləri doktoru,
professor İlham Məmmədzadə
bildirdi ki, qarşıdan ümummilli
lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü
gəlir və budəfəki elmi konfrans ulu öndərin
xatirəsinə həsr
olunub.
Professor İlham Məmmədzadə
ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinə
həsr olunmuş geniş məruzə ilə çıxış
edərək bildirdi ki, böyük siyasi xadimin irsinin öyrənilməsi
və tədqiqi sahəsində mövcud təcrübələrə əsaslanaraq
əldə olunmuş
nailiyyətlər, habelə
ulu öndərin irsinin müasir inkişaf strategiyamızda
roluna dair elmi təhlil aparılmışdır. Ölkəmizin
qloballaşma şəraitində
yeni dünya məkanına inteqrasiyası
proseslərinin əsası
ulu öndərin siyasi strategiyası ilə qoyulmuşdur. Müasir şəraitdə
bu strategiya Prezident İlham Əliyev tərəfindən
modernləşmə xətti
ilə davam etdirilir.
Direktorun
sözlərinə görə,
Heydər Əliyevin Azərbaycan xalqına xidmətləri içərisində
onun təhsil, elm və mədəniyyətin
inkişafına göstərdiyi
qayğı xüsusi
yer tutur. Heydər Əliyev sovet dövründə respublikaya rəhbərlik etməyə başladığı
ilk illərdən ölkəmiz
üçün yüksək
ixtisaslı mütəxəssislərin
hazırlanmasını xüsusi
nəzarətdə saxlamış,
ikinci dəfə respublika rəhbərliyinə
qayıdışından sonra
bu iş daha geniş miqyasda davam etdirilmişdir. İlham Məmmədzadə qeyd etdi ki, ulu
öndər Azərbaycana
sovet dönəmində
rəhbərlik edərkən
Bakıda beynəlxalq
elmi konfransların keçirilməsi üçün
Moskva ilə inadlı danışıqlar
aparır, son nəticədə
istəyinə nail olurdu.
Natiq 1978-ci ildə Heydər Əliyevin böyük səyi nəticəsində Bakıda
etika problemlərinə
həsr olunmuş beynəlxalq tədbir keçirildiyini minnətdarlıq
hissi ilə xatırladığını söylədi.
1993-cü ildə ikinci
dəfə hakimiyyətə
qayıdanda da Heydər Əliyev ilk görüşünü Elmlər
Akademiyasında ziyalılarla
keçirib və o zaman hamı inanıb ki, Azərbaycanın xilaskarı
gəlib ölkəni
düşdüyü böyük
problemlərdən - ictimai-siyasi
hərc-mərclikdən, qanunsuzluqlardan,
inflyasiyadan qurtaracaq. Direktor bildirdi ki, hazırda ölkədə mövcud
olan ictimai-siyasi sabitlik hamımızın
ürəyincədir, ancaq
bu sabitliyin yaradılması üçün
Heydər Əliyevin necə böyük səylər göstərdiyini
unutmamalıyıq. Hazırda
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət indiyədək yaradılmış
sosial-iqtisadi bazanın
üzərində Azərbaycanın
daha xoşbəxt gələcəyini təmin
etməyə hesablanıb.
Tədbirdə Heydər Əliyevin
azərbaycançılıq ideyasının daha da möhkəmləndirilməsi
istiqamətində gördüyü
işlərdən söhbət
açılmışdır. Bu mövzuda institutun alimlərindən fəlsəfə
elmləri doktoru Azər Mustafayev, fəlsəfə elmləri
doktoru Füzuli Qurbanov və digərləri çıxış
etdilər. Azər Mustafayev Heydər Əliyevin güclü şəxsiyyət olduğunu,
vətənini, dövlətini
və xalqını böyük məhəbbətlə
sevdiyini qeyd etdi, ulu öndərin
azərbaycançılıq ideologiyasının həm
nəzəri, həm də praktiki daşıyıcısı olduğunu
bildirdi.
Azərbaycançılıq ideologiyasının
mahiyyəti haqqında
ətraflı fikir söyləyən Füzuli
Qurbanov dedi ki, azərbaycançı
olmaq bu vətəni, bu torpağı sevmək, Azərbaycan dövlətini
qəbul etmək, bu dövlətə, bu millətə sədaqətlə xidmət
etmək deməkdir. Ulu öndər Heydər Əliyev məhz belə bir xidmətin böyük nümunəsi
idi.
Fəlsəfə elmləri doktorları
Adil Əsədov, Habil Həmidov və Əyyud Kərimov da Heydər Əliyevin Azərbaycan elmi və təhsilinin inkişafına böyük
töhfələr vermiş
şəxsiyyət olduğunu
qeyd etdilər.
Sonda
AMEA-nın Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun
"Heydər Əliyev
məktəbi" tərəfindən
nəşr edilmiş
"Ulu öndər Heydər Əliyevin irsi və politologiyanın
aktual problemləri"
kitabının təqdimatı
da oldu. Kitabda ulu öndər
Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə və
institutun "Heydər
Əliyev məktəbi"nin
5 illik fəaliyyətinə
həsr olunmuş ümumrespublika elmi-praktik konfransının materialları
əksini tapıb.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2012.- 8 may.- S. 8.