"Şuşa səsləyir"

 

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Şuşa şəhərinin işğalının 20-ci ilinin qeyd olunması münasibətilə tədbir keçirilmişdir.

 

Tədbir iştirakçıları ilk öncə Şuşa şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Sonra Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialından xilas olunmuş eksponatlardan ibarət "Şuşanın sənət inciləri" sərgisinin açılışı oldu. Sərgidə XIX əsrə aid "Dəryanur", XX əsrin əvvəlinə aid "Bağçadagüllər", "Ləmpə", "Atlı-itli", "Buynuz", "Xanlıq", "Balıq", "Açma-yumma", "Bəhmənli", "Malıbəyli", "Qasımuşağı", "Şuşa", "Şabalıd buta" kimi xovlu xalçalar, xalça məmulatları, tikmələr, geyimlər, zərgərlik nümunələri nümayiş etdirilir. Ümumilikdə burada 100-ə yaxın eksponat sərgilənir.

Ardınca "Dəyişən zamanda dəyişməyən dəyərlər"- Şuşanın əjdahalı xalçası "Vərni"nin toxunma prosesini təqdim edən Ustad dərsi və "Nənəmin cəhrəsi, babamın dəhnəsi qoruyun bizi", muzeyin uşaq teatrının ifasında "Vərni" xalçasına həsr olunmuş musiqili tamaşanın nümayiş olundu. Tədbirin bədii hissəsində ədəbi musiqili kompozisiyalar- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbə heyətinin ifasında Şuşaya həsr olunmuş kiçik tamaşa göstərildi, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin muğam üçlüyünün ifasında Şuşaya həsr olunmuş xalq mahnıları ifa olundu və İCOM Azərbaycan Milli Komitəsi tərəfindən hazırlanmış "Oda qalanmış mədəniyyət" foto albomların və CD-nin nümayişi keçirildi.

Qeyd edək ki, hər ay Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Ayın xalçası" proqramı keçirilir. Proqrama əsasən hər ay bir xalça haqqında ətraflı məlumatlar tamaşaçılara təqdim olunur. May ayı üçün Qarabağın "Vərni" xalçası seçilmişdir. Tədbir zamanı qonaqlar üçün təşkil ediləcək ekskursiyalarda bu haqda ətraflı məlumat veriləcək.

Tədbirədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin muzey işi sektorunun böyük məsləhətçisi Əli İsmayılov, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Şuşa Şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Zahid Abbasov, Laçın Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ağaəli İbrahimov, Şuşa Musiqi Məktəbinin nümayəndəsi Mirzağa Zeynalov, qaçqın muzeylər (Cəbrayıl muzeyinin direktoru-Taryel Abbaslı, Fizuli muzeyinin direktoru-Bəhram Məmmədli, Laçın muzeyinin direktoru-Solmaz Məhərrəmli, Kəlbəcər muzeyinin direktoru-Bərzani Əsgərov ), 31 saylı orta məktəbin şagirdləri və Azərbaycan Turizm İnstitutunun tələbələri iştirak edirdilər.

Məlumat üçün bildirək ki, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı 1987-ci ildə yaradılmış və XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan general Mehmandarovun mülkündə fəaliyyət göstərmişdir. 1992-ci ildə erməni işğalı ərəfəsində Şuşa muzeyləri arasında öz eksponatlarını tam xilas etmək yalnız Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialına müyəssər olmuşdur. Muzey əməkdaşlarının fədakar səyi nəticəsində XIX-XX əsrlərə aid olan xalça və xalça məmulatı, bədii tikmə, geyim və zərgərlik məmulatı xilas edilmişdir. Mədəniyyətə, tarixə, köklərə bağlı olan fədakar muzey əməkdaşları eksponatların xeyli hissəsini son dərəcə çətin, min bir əziyyətlə döyüş zonasından çıxarmışlar.

Şuşa filialı bu gün öz fəaliyyətini Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində davam etdirir. Filial qaçqın sənətkarları muzeyə cəlb edir, onların əl işlərindən ibarət sərgilər təşkil edir, Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu ilə informasiya mübadiləsi aparır və Qarabağ xalçalarının təbliği, tədqiqi, inkişafı ilə bağlı işlər görür, Şuşa xalçaları haqqında elmi-tədqiqat məqalələri nəşr etdirir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 8 may.- S. 8.