Sevgi və sayğının güllərdə ifadəsi

 

Bakının Xətai rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-ci ildönümü ilə bağlı tədbirlərə hələ bir həftə əvvəl, rayonun orta ümumtəhsil məktəblərində keçirilən inşa yazı müsabiqəsi ilə start verilmişdi. Ötən həftə elmi praktik konfranslar, müxtəlif idman yarışları və açıq dərslərlə davam edən tədbirlərin yekunu möhtəşəm Gül bayramı oldu. Ulu öndərin doğum günü ilə bağlı keçirilən və artıq bütün paytaxtda çoxdan ənənəyə çevrilmiş bayrama Xətai rayonu həmişəki kimi daha böyük coşqu ilə hazırlaşmışdı.

 

Mayın 7-də Heydər Əliyev parkında iynə atsan, yerə düşməzdi. Əhalinin təhlükəsizliyini təmin etmək üçün Ukrayna meydanında avtomobillərin hərəkətinə belə, məhdudiyyət qoyulmuşdu. Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə keçirdiyi bu mötəşəm bayrama rayonun 47 uşaq bağçası, 38 orta məktəbi, 2 yeniyetmələrin yaradıcılıq mərkəzi, 2 uşaq evi, mədəniyyət mərkəzi və səhiyyə müəssisələri ulu öndərə sevgilərini əks etdirmək üçün əl işlərini gətirmişdilər. Ümummilli liderin adını daşıyan Heydər Parkında, sözün əsl mənasında, bir sevgi yarışının şahidinə çevrilmişdik. Neçə günün gərgin zəhmətinə bu gün qiymət veriləcəkdi . Kimin daha yüksək səviyyədə hazırlaşdığını isə Bakı Şəhər İcra Hakimiyyətindən gələn münsiflər heyəti müəyyən edəcəkdi.

Saat 12.00-da Gül bayramına C.Naxçıvanski adına Hərbi Liseyin 500 müdaviminin başları üzərinə qaldırdıqları 100 metrlik Azərbaycanın üçrəngli bayrağını hərbi marş sədaları və tamaşaçıların böyük coşqusu altında meydana təntənəli gətirilməsi ilə start verildi.

Tədbir iştirakçıları ilə bir-bir görüşən, hər bir kompozisiya qarşısında dayanıb ulu öndərə sevgidən soraq verən əl işlərini diqqətlə seyr edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatları Hüseynbala Mirələmov və Səməd Seyidov son iştirakçının dekorasiyasını da diqqətlə nəzərdən keçirib münasibətlərini bildirdilər.

Parkda daha çox diqqəti çəkən ümummilli lider Heydər Əliyevin abidə kompleksi idi. Abidənin postamenti üzərində qərənfillərdən və dekorativ güllərdən qeyri-adi bir kompozisiya işlənmiş və 89 rəqəmi yazılmışdı. Hamı kimi münsiflər və qonaqlar da bu mənzərəni xeyli müddət müşahidə edib heyranlıqlarını gizlədə bilmirdilər.

Məktəblilərin və yeniyetmə gənclərin ulu öndərə sevgi və sayğılarını müxtəlif növ kompozisiyalarda rəngarəng elementlərlə diqqətə çatdırırdılar. Ətraf məhəllələrdən insanlar parka axışır və burada Heydər Əliyevə olan xalq sevgisini görmək, həmin sevgiyə şərik olduqlarını bildirmək istəyirdilər. Balaca rəssamların asfalt üzərində çəkdikləri şəkillər də diqqətdən yayınmırdı. Bütün bu tədbirlərə xüsusi rəng qatan, ovqat verən isə Azərbaycanın incəsənət ustaları tərəfindən hazırlanan konsert proqramı idi.

Xalqımızın dahi oğlu, böyük azərbaycanlı Heydər Əliyevin doğum gününə həsr olunmuş Gül bayramı axşam düşənə qədər davam etdi. Axşam isə Xətai rayon sakinləri ümummilli liderin doğum günü münasibətilə hazırlanan böyük atəşfəşanlığı seyr etdilər.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2012.- 8 may.- S. 8.