Modernləşmə strategiyasının banisi

 

Tarixin gedişinə təsir göstərən böyük siyasi liderlər irəli sürdükləri mütərəqqi ideyalarla xalqı öz ətrafında birləşdirməyə, hər bir addımda ictimai inam qazanmağa çalışmış, məhz bunun da sayəsində böyük uğurlara imza atmışlar. Fəaliyyətində daim ictimai mənafeni əsas götürən, xalqın dəstəyinə arxalanan siyasi lider konkret siyasi mərhələdə xalqın sabit inkişaf yolunu düzgün müəyyənləşdirmək, milli maraqları qorumaq əzmi ilə seçilir. Siyasətdə ictimai inam qazanmaq məramı demokratik dəyərlərin ön plana çıxdığı hazırkı "sürət əsri"ndə də aktuallığını qətiyyən itirmir. Hakimiyyəti millətə layiqli xidmət vasitəsi sayanbunu əməli fəaliyyəti ilə sübuta yetirən liderlər milyonlarla insanın iradəsi əsasında dövlətə rəhbərlik şansını qazanırlar.

 

Tarixin sərt sınaqlarından üzüağ çıxan Azərbaycan xalqı da taleyini hər zaman qəlbən inandığı, etimad göstərdiyi siyasi liderlə bağlamışdır. Fenomen lider olaraq çağdaş tariximizə möhürünü vurmuş ulu öndər Heydər Əliyevin də böyük siyasətdə və dövlət idarəçiliyində qazandığı nailiyyətlər, ilk növbədə, xalqın səmimi dəstəyinə, ictimai inam amilinə söykənmiş, böyük strateqin mənəvi bütövlüyə, birliyə və həmrəyliyə xidmət edən siyasətinin məntiqi nəticəsi olmuşdur.

Məlumdur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyin əldə olunması Azərbaycanın qarşısında diktaturadan demokratiyaya, komanda iqtisadiyyatından sərbəst bazar iqtisadiyyatına, iki əsrlik işğalçılıq tarixi olan imperiyanın bir hissəsindən milli dövlətə çevrilmək, dünya miqyasında özünü təsdiq etmək vəzifəsini qoymuşdu. Bu mürəkkəb proses keçid dövrünün ilkin mərhələsində cəmiyyətin ictimai-siyasi, iqtisadi və mənəvi həyatında ciddi kataklizmlərlə müşayiət olunmuş, bir tərəfdən yeni ictimai-iqtisadi formasiyanın doğurduğu yeniliklərin ictimai şüurda "həzm olunmaması", digər tərəfdən isə cəmiyyətin mənafeyini təmin edən legitim siyasi hakimiyyətin yoxluğu dövlət idarəetmə sistemini iflic vəziyyətinə salmışdı. 1990-1992-ci illərdə hakimiyyəti zəbt etmiş diletant qüvvələrin yarıtmaz fəaliyyəti nəticəsində dövlətin iqtisadi-siyasi dayaqlarının laxlaması, cəmiyyət həyatının bütün sahələrində tənəzzül və böhran meyillərinin güclənməsi, ölkənin vətəndaş qarşıdurması həddinə çatması, bölgələrdə dövlətçilik üçün potensial təhdidə çevrilən separatçı meyillərin baş qaldırması cəmiyyətin həlledici qismində haqlı olaraq belə bir qəti rəy formalaşdırmışdı ki, yaranmış acınacaqlı vəziyyətdən çıxış yolu hakimiyyətə müstəqil Azərbaycan dövləti quruculuğunun mürəkkəb məsələlərini həll etməyi bacaran yeni qüvvələr gəlməlidir.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlmiş ulu öndər Heydər Əliyevin qarşısında ölkəni siyasi və iqtisadi tənəzzüldən, hərc-mərclikdən, müstəqilliyin itirilməsi təhlükəsindən çıxarmaq, sabit və tarazlı milli inkişaf strategiyasının konseptual istiqamətlərini müəyyənləşdirmək, bütün sahələrdə modernləşməni həyata keçirmək kimi taleyüklü vəzifələr dayanırdı. Şübhəsiz, kommunizm ideologiyasının zehinlərdəki və sosial gerçəklikdəki yaşantılarını aradan qaldırmaq, sürətlə yeni ictimai-iqtisadi münasibətlər sisteminə keçmək, cəmiyyət həyatının müxtəlif sahələrində demokratikləşməyə nail olmaq, yeni mərhələnin tələblərinə uyğun mükəmməl hüquqi baza formalaşdırmaq, qanunun aliliyini bütün səviyyələrdə təmin etmək ardıcıl və davamlı səylər göstərilməsini tələb edirdi. Ulu öndər müdrik siyasi addımları ilə ilk gündən sübuta yetirdi ki, demokratiya heç də özbaşınalıq və hərc-mərclik deyil, qanunların aliliyinə söykənən idarəetmə forması və siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara çıxdıqda, demokratiya insanların, dövlətin inkişafına deyil, demokratik idealların, prinsiplərin buxovlanmasına, məhvinə gətirib çıxarır.

Böyük strateq mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini müdrikliklə irəli sürmüş, onun mərhələlərlə həyata keçirilməsinə çalışmışdır. Ümummilli lider müdrikliklə bildirmişdir ki, Azərbaycan könüllü olaraq qoşulduğu demokratiya yolunun iqtisadi bazisə əsaslanan təkamül modelini özünün alternativsiz inkişaf yolu hesab edir. Keçid dövrünü yaşayan respublikamızda demokratik proseslərin iqtisadi islahatlara adekvat şəkildə tətbiqi bu modelin diktə etdiyi başlıca şərtlərdən olmuşdur. Heydər Əliyev milli gəliri yüksəltmədən, ümumi daxili məhsulun artımına, vətəndaşların yaşayış tərzində əsaslı dəyişikliklərə nail olmadan, təşəbbüskarlığa və maddiləşən işgüzar fəallığa təkan verən əlverişli biznes mühiti yaratmadan, milli sahibkarlığın inkişafını təmin etmədən vətəndaş cəmiyyəti və hüquqi dövlət ideyasının mümkünsüzlüyünü bildirmişdir.

Azərbaycanda demokratikləşmə və modernləşmənin ilkin mərhələsi üçün xarakterik xüsusiyyətlərdən biri də dünya təsərrüfat sisteminə və ümumilikdə Avratlantik məkana sürətli inteqrasiyanın təmin edilməsi olmuşdur. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan vermişdir. Avropa Şurası, ATƏT, Avropa Birliyi kimi mühüm demokratik təşkilatlarla əməkdaşlıq təkcə siyasi-hüquqi deyil, ictimai həyatın digər sahələrində də kardinal dəyişikliklərə yol açmış, respublikamıza xarici sərmayə qoyuluşlarının həcmi artmış, iqtisadi modernləşmə və siyasi liberallaşma üçün əlverişli zəmin formalaşmışdır.

Siyasi sabitliyin təmini Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratmışdır. Bu baxımdan əminliklə deyə bilərik ki, Azərbaycan xalqının demokratik-hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi də çağdaş tariximizin unudulmaz dühası - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin müəllifliyi ilə hazırlanmış, 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya Azərbaycanın unitar, demokratik və dünyəvi dövlət imicini təsbit etmiş, vətəndaş cəmiyyətinə, insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan islahatların əsasına çevrilmişdir. Konstitusiyada eyni zamanda ictimai həyatın ən müxtəlif sahələri üzrə həyata keçiriləcək islahatların fundamental istiqamətləri əksini tapmış, o cümlədən təhsil və elm sahəsində prioritetlər müəyyən edilmişdir.

Konstitusiyanın qəbulu ilə eyni gündə - 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynamışdır. Azərbaycanda qanunçuluğun inkişafına baza yaradan addımların atılması isə yeni, müasir və möhkəm dövlətçilik modelinin təkmil hüquqi mexanizmlərin formalaşdırılması məqsədindən irəli gəlmişdir. Ulu öndər Heydər Əliyev ölkənin gələcək inkişaf istiqamətlərindən danışarkən demişdir: "Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdin biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi, dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsipilər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümümbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".

Bu mərhələdən demokratikləşmə prosesi dövlətin siyasi, iqtisadi, sosial-mədəni həyatının modernləşdirilməsi, əhalinin maarifləndirilməsi, təfəkkürünün və vərdişlərinin tədricən dəyişdirilməsi, ictimai davranış normalarının yeniləşməsi ilə həyata keçirilmişdir. Müstəqilliyin ilk illərində cəmiyyətdə həllini gözləyən bir sıra problemləri, dövlətçilik üçün daxili və xarici təhdidlərin aradan qalxmadığını, sivil siyasi münasibətlər sistemin formalaşmadığını nəzərə alan ulu öndər Heydər Əliyev bir müddət "dəmir əl" siyasətinə üstünlük vermək məcburiyyətində qalmış, totalitar düşüncə tərzinin ziyanlı komplekslərindən azad olmamış cəmiyyətin liberal demokratik islahatlara tədricən hazırlanmasını vacib saymışdır. Bunun üçün dövlət idarəetmə sistemində institusional xarakterli islahatların həyata keçirilməsini təmin edən, iqtisadi inkişaf üçün etibarlı zəmin hazırlayan, qanunçuluğu, hüquq qaydalarını möhkəmləndirən böyük strateq demokratiyanı üstqurum kimi dəyərləndirərək onun bazisində, ana axarında iqtisadiyyatın dayandığını böyük müdrikliklə vurğulamışdır.

Uğurla reallaşdırılan bu strategiya nəticəsində ölkə iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi baxımdan köklü surətdə dəyişdirilmiş, bir sıra mərkəzi və dövlət idarəetmə orqanları ləğv edilmiş, digərlərinin tənzimləmə funksiyaları saxlanılmaqla təsərrüfat funksiyaları dayandırılmışdır. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında iqtisadi sahədə həyata keçirilən islahatların başlıca qayəsini həm də dövlətsizləşdirmə prosesinin sürətləndirilməsi - iqtisadi cəhətdən güclü və müstəqil milli şirkətlərin yaradılması, insanların biznes təşəbbüskarlığının, özünüifadə imkanlarının artırılması, demokratik dəyərlərin ictimai şüurda möhkəmlənməsi kimi mühüm prinsiplər təşkil etmişdir.

Böyük müdrikliklə əsaslandırılmış bu inkişaf modeli spesifikliyi ilə fərqlənməklə, demokratik dəyərləri özündə maksimum ehtiva edən milli inkişaf prioritetlərini müəyyənləşdirmişdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan cəmi 20 il müddətində inanılmaz inkişaf yolu keçərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail olmuş, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində müəyyən uğurlar əldə etmişdir. Demokratiyanın davamlı milli inkişaf baxımından qaçılmazlığını və müstəsna əhəmiyyət daşıması fikri ictimaiyyət tərəfindən də birmənalı qəbul olunmuşdur.

Yetmiş il inzibati-amirlik sistemində yaşamış, milli ideallardan uzaqlaşdırılmış, iqtisadiyyatı səmərəsiz, köhnə texnologiya və infrastruktur üzərində qurulmuş bir respublikanın qısa müddətdə qazandığı nailiyyətlərin miqyası Azərbaycanla genişmiqyaslı əməkdaşlığa maraq göstərən beynəlxalq təşkilatlarda, habelə aparıcı Qərb dövlətlərində də heyrət doğurur. Azərbaycanın iqtisadi yüksəliş, demokratikləşmə və modernləşmə sahəsində həlledici nailiyyətlərə imza atmasını şərtləndirən amillər təbii olaraq siyasi və elmi-fəlsəfi çevrələrdə də geniş diskussiya mövzusuna çevrilmişdir.

Ötən 9 ildə Heydər Əliyev siyasi kursunu bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən müəyyən geosiyasi reallıqlardan çıxış edərək demişdir ki, sürətli demokratik yeniliklər cəmiyyətdə yalnız təkamül yolu ilə, mərhələli şəkildə bərqərar ola bilər. Bu qənaəti tamamilə haqlı saymaq olar ki, kənardan süni şəkildə ixrac edilən demokratiya modelləri transformasiyalı cəmiyyətlərdə şəraitə uyğunlaşmağa heç də həmişə hazır olmur. Müasir dünyada demokratikləşmə prosesinin müəyyən universal tələbləri, meyarları olsa da, hər bir ölkənin özünəməxsus milli mentaliteti, tarixi, sosial-iqtisadi, siyasi və mədəni inkişaf xüsusiyyətləri, qeyri-bərabər başlanğıc imkanları nəzərə alınmalıdır. Bu gün Avropa dövlətlərində eyni demokratiya modelinin mövcudluğundan danışmaq mümkün deyildir. Bu baxımdan bizə eyni vaxtda həm demokratiyaya, həm də bazar iqtisadiyyatına keçidi zorla qəbul etdirmək səyləri iqtisadisiyasi dəyişikliklər arasında əsrlər boyu yaranmış qarşılıqlı əlaqələr modelini dəyişmək cəhdi, tarixi presedentləri olmayan eksperiment deməkdir.

Təcrübə göstərir ki, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər isə uğursuzluqla nəticələnir, çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev hər iki təmayülə vəhdət şəklində yanaşmış, ölkənin uzunmüddətli inkişafını məhz demokratikiqtisadi islahatların paralel şəklində davam etdirilməsi şərti ilə real hesab etmişdir: "Əsl açıq demokratik cəmiyyəti ancaq maddi rifah əsasında qurmaq mümkündür. İqtisadi cəhətdən geridə qalmış dövlətlərdə demokratik proseslər də geridə qalır. O ölkələr ki, onlar iqtisadi cəhətdən güclüdürlər, o ölkələrdə demokratiyanın inkişafı da çox yüksək zirvədədir. Ona görə iqtisadi islahatların davam etdirilməsi, xalqın maddi rifahının yaxşılaşdırılması, demokratik cəmiyyətin qurulması və formalaşması üçün başlıca şərtdir. Ancaq bununla bərabər, əgər sadəcə olaraq iqtisadi məsələlərə diqqətimizi yönəltsək və siyasi islahatlarda hansısa bir yubanma olarsa, bu da Azərbaycan qarşısında duran vəzifələrin həlli üçün bizə imkan yaratmayacaqdır. Siyasi islahatlar mütləq aparılmalı və Azərbaycan müasir ölkəyə çevrilməlidir".

Hər bir ölkə üçün üstün siyasi təsisatların formalaşmasını xeyli dərəcədə məhz iqtisadi inkişafın səviyyəsi müəyyən edir. İnkişaf səviyyəsi yüksək olan ölkələr postindustrializm dövrünün tələblərinə uyğunlaşma məsələlərini yalnız müasir demokratik cəmiyyətin kifayət qədər inkişaf etmiş təsisatları mövcud olduqda həll edə bilər. Yəni, siyasi liberallaşmaya xidmət edən islahatlar iqtisadi inkişaf və adambaşına düşən gəlirlər müəyyən bir həddə çatdığı zaman praktik səmərə verə bilər. Son illər Azərbaycanda da milli gəlirin artım tempi ilə siyasi-hüquqi islahatların həyata keçirilməsi prosesi mütənasiblik təşkil etməyə başlamışdır. Adambaşına düşən milli gəlirin 6000 manata yüksəlməsi, dövlət büdcəsinin 25 milyard dollara yüksəlməsi ölkə iqtidarına liberallaşma və modernləşmə istiqamətində daha qətiyyətli addımlar atmağa, vətəndaş maraqlarına xidmət edən çoxşaxəli islahatlar həyata keçirməyə imkan vermişdir. Dövlət başçısının "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə məlum sərəncamı da respublikanın yaxın perspektivdə orta inkişaf etmiş ölkədən yüksək inkişaf etmiş ölkəyə çevrilməsi məqsədinə xidmət edir.

Müasir Azərbaycan cəmiyyəti modernləşməni milli inkişaf prosesində sosial sifariş kimi qəbul edir. Bu yanaşma yeni dəyərlərin və demokratik transformasiyaya xas olan davranış normalarının mərhələlər üzrə, təkamül yolu ilə tədricən ictimai, kütləvi şüura tranzitinin başa düşülməsini və dərk olunmasını özündə ehtiva edir. Lakin hər bir proses kimi, Azərbaycan cəmiyyətinin modernləşməsi milli ənənə və resurslar, tarixi reallıqlar nəzərə alınmaqla baş verir. Uzun illər dəyişməz siyasi imperativlərə əsaslanan cəmiyyətdə siyasi, sosial və mədəni mühitin fundamental şəkildə dəyişməsi həm də nəsillərin dəyişməsi amilləri nəzərə alınmaqla həyata keçirilir.

Siyasi sistem o halda uğurlu fəaliyyət göstərir ki, yetişməkdə olan gənc nəslin cəmiyyətin həyatında qurucu rolu tam şəkildə nəzərə alınır. Bu baxımdan Azərbaycanda modernləşmə prosesinin sürətlə aparılması üçün yeni düşüncəli, intellektual səviyyəli, kreativ baxışlı gəncliyin yetişdirilməsi, maddi resursların insan kapitalına çevrilməsi istiqamətində də kompleks tədbirlər həyata keçirilir. Ulu öndərin bu sahədə müəyyənləşdirdiyi siyasəti keyfiyyətcə yeni mərhələdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev elmin, təhsilin problemlərinin həlli istiqamətində inamlı addımlar atır.

Dövlət başçısının 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" elm sahəsində həyata keçiriləcək islahatların konseptual əsaslarını özündə əks etdirir. Elmin inkişafını nəzərdə tutan Milli Strategiyanın əsas məqsədi ölkənin mövcud tələbləri nöqteyi-nəzərindən Azərbaycan elminin strukturunun müəyyənləşdirilməsi; Azərbaycan elminin dünya elmi, texnika və texnologiyasının prioritet istiqamətlərinə müvafiq şəkildə təşkili; respublikanın iqtisadi inkişafında elmin rolunun artırılması; yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi; mühüm sosial-iqtisadiictimai-siyasi vəzifələrin həlli məqsədi ilə Azərbaycan Respublikasında fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyən edilməsindən ibarətdir.

Azərbaycanda elmin inkişafı üçün geniş maddi-intellektual resurslardan səmərəli istifadə də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. Dövlət başçısının 2009-cu il oktyabrın 21-də imzaladığı sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması da tədqiqatların stimullaşdırılmasının yeni maliyyə mexanizmi kimi diqqəti çəkir. Fondun yaradılması fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkənin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması məqsədi ilə əsaslandırılır.

Modernləşmə mürəkkəb proses olaraq cəmiyyətin ayrılıqda götürülmüş hansısa bir sahəsini əhatə etmir, onun hüdudları son dərəcə genişdir. Ən ümumi formada desək, modernləşmə yeni əsrdə ictimai həyatın bütün sahələrində ciddi kəmiyyət və keyfiyyət dəyişikliklərini, ictimai şüur və vərdişlərin müasirləşməsini nəzərdə tutur. Azərbaycanın hazırkı dinamik inkişafı deməyə əsas verir ki, ulu öndərin modernləşmə strategiyasının gerçəkləşdirilməsi üçün təməlini qoyduğu islahatlar Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Bu siyasət isə yeni əsrdə Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil olmasını təmin etmək məqsədinə hesablanmışdır.

 

 

İlham MƏMMƏDZADƏ,

AMEA-nın Fəlsəfə, Sosiologiya

və Hüquq İnstitutunun direktoru

 

Xalq qəzeti.- 2012.- 8 may.- S. 4.