Fransanın azərbaycanlı qəhrəmanı

 

Fransa Müqavimət Hərəkatı tərəfindən 1944-cü il noyabrın 25-də Rodez şəhərində Nağı Nağıyevə leytenant hərbi rütbəsi verilmişdir Qısa təqdimat: Nağı İsmayıl oğlu Nağıyev 1913-cü ildə Naxçıvan Muxtar Respublikasının indiki Şərur rayonunun Qarabağlar kəndində dünyaya göz açmışdır. 1931-ci ildə doğma Qarabağlar kəndində 7 saylı məktəbi bitirib. O vaxt Noraşen rayonunda yenicə açılmış " Kolxoz hesabdarı" kursunda təhsilini bitirdikdən sonra Qarabağlarda kolxozun baş hesabdarı işləmişdir.

 

1935-ci ildə N. Nağıyev Sovet ordusu sıralarına hərbi xidmətə çağrılıb. Hərbi xidmət borcunu başa vurduqdan sonra Göyçayda fəaliyyət göstərən mexanizator məktəbinə daxil olmuş və oradakı sürücülük şöbəsini bitirmişdir.

Böyük Vətən müharibəsi başlanan günün ertəsi hərbi səfərbərliyə alınmışdır. Sovet ordusunun 93-cü alayının tərkibində İranın MakuXoy bölgələrində əsgəri xidmətdə əsaslı təlim keçərək döyüş texnikasının sirlərinə yiyələnmişdir. İrandan sonra o, ön cəbhəyə Xarkov bölgəsinə göndərilmişdir. Fransa Müqavimət Hərəkatının Azərbaycanlı oğlu Nağı Nağıyev taleyinin hökmü və ürəyinin təpəri ilə alman işğalçılarına qarşı Fransa Müqavimət Hərəkatının fəal iştirakçısı olub. Həmin günlərdə Müqavimət hərəkatına rəhbərlik edən Şarl De-Qoll ilə birlikdə mübarizə aparıb. Azərbaycanın belə oğulları çox olub. Onların içərisində ən çox tanınanı Əhmədiyyə Cəbrayılov idi. Müharibədə ölməyib, sağ qalanlarin bir çoxu Vətənə dönüb. Onlar qəhrəman kimi qarşılanmalı olduqları halda " vətən xaini" kimi gözdən salınıb, damğalanaraq uzaq Sibirə sürgün ediliblər. Lakin həqiqət gecolsa, üzə çıxır. Bu barədə atalarımız çox gözəl deyiblər: "Haqq nazilər, üzülməz".

Xarkovda gedən döyüşlərdə xüsusi əməliyyat tapşırığını yerinə yetirən zaman Nağı Nağıyev yoldaşlarından 17 nəfərini itirir. Üç nəfərlə hərbi hissəyə qayıdandan alaydan əsər- əlamət görmür. 1941-ci ilin oktyabr ayında gecə vaxtı Nağı Nağıyev sağ qalan döyüş yoldaşları ilə birlikdə Xarkov traktor zavodunun həndəvərində almanlar tərəfindən əsir alınır və Roltava hərbi əsirlər düşərgəsinə aparılır. 1942-ci ilin əvvəllərində Nağı Nağıyevin təşəbbüsü və başçılığı ilə 11 əsir Ukraynanın Novinovka kəndinə qaçır. Havalar istiləşəndə orada gizlənən əsir qaçqınlar Artyom şəhəri ətrafındakı partizanlara qoşulurlar. 1943-cü ilin iyun ayı faşistlər partizanları vəhşicəsinə qırmağa başlayırlar. Sağ qalanların hərəsi bir tərəfə qaçaraq canını qurtarmağa cəhd edir. Nağı Nağıyev də Kramatorsk şəhərində gizlənir. O vaxt faşistlər yerli əhalini PolşayaAlmaniyaya sürgün edirdilər. Nağı da əsir düşərgəsinə göndərilir. Polşada əsir düşərgəsində onu 700 nəfərdən ibarət "Azərbaycan legionu"nuna rota starşinası təyin edirlər. Həmin vaxt Polşanın Yeriliya əyalətində yerləşən əsirlərdən ibarət Azərbaycan diviziyasının xüsusi məktəb direktoru Hadı Qiyasbəyli N. Nağıyevlə əlaqə yaradır. Onlar birlikdə nəyin bahasına olursa -olsun Azərbaycan oğullarını əsir düşərgəsindən xilas etmək üçün kəşfiyyat tədbirləri planı hazırlayırlar. Məhz H. Qiyasbəylini təşəbbüsü ilə Nağı Nağıyevi xüsusi kəşfiyyat məktəbinə qəbul edirlər. Almanların etibarını qazanan Nağı Nağıyevi bundan sonra tağım komandiri təyin edirlər. Nağı Nağıyev H. Qiyasbəyli ilə birlikdə fəaliyyətini davam etdirərək xilasetmə əməliyyatı planını həyata keçirməyə çalışır. Lakin əvvəllər xidmət etdiyi 93-cü alaydan olan əsirlərdən biri Nağı Nağıyevin kommunist kəşfiyyatçı olduğunu hitlerçilərə xəbər verərək onu satır. Almaniya ordusunun hərbi tribunalı 6 həftəlik işgəncədən sonra Nağı Nağıyevi 10 illik kamera cəzasına məhkum edir.

Qeyd etmək lazımdır ki, Nağı Nağıyevin ölüm cəzasından xilas edilməsində Almaniya ordusunda xidmət edən türk zabitlərinin rolu olmuşdur. Yoxsa, onu kommunist kimi güllələyəcəkdilər.

Nağı Nağıyev qaçmaq üçün yeni yollar axtarır. Bu dəfə də Hadi Qiyasbəyli köməyinə çatır. O, gecə ikən darda olan həmvətəni Nağı Nağıyevə parolu çatdırır: Onlar 54 nəfərlə bir yerdə aradan çıxan zaman alman hərbi polisinin əlinə keçirlər. Almanlar onu Fransanın Sarzan bölgəsinə göndərirlər. Burada da fəaliyyətini davam etdirən Nağı Nağıyev, nəhayət, azərbaycanlılardan ibarət gizli partizan təşkilatının sədri Mirzəxanla əlaqə yaradır. Bundan sonra yenidən gizli əlaqələr və yeni " əməliyyat planı" qurulur. Tezliklə oradan çıxıb Fransanın Rodez bölgəsinə qaçırlar. Burada Fransa Müqavimət Hərəkatının beynəlmiləl partizan birləşməsinə qoşulurlar. Həmin birləşmənin başında Şarl de-Qoll dururdu. Beynəlmiləl müqavimət partizan birləşməsinin ilk komandiri azərbaycanlı Nağı Nağıyev seçilir.

1944-cü il avqustun 15- də onun başçılığı ilə partizan dəstəsi Millo- Mond xəttində hərbi sursat daşıyan düşmən qatarını zəbt edərək baş qərargaha təhvil verir.

Azərbaycan Milli Legionunun rəhbərlərindən olan Nağı Nağıyev Priluki, Radom, Yedmiko, Stransbaşqa şəhərlərdə şücaətlər göstərir. Nəhayət Rodez şəhərinin faşistlərdən təmizlənməsi əməliyyatına komandir- leytenant Nağı Nağıyev başçılıq edir.

Faşistlərin ölüm düşərgələrindən dəfələrlə qaçmış canını qurtaran leytenant Nağı Nağıyev gələcəkdə başına nələr gələcəyini ağlına belə gətirməzdi. Fikri- xəyalı necə olursa- olsun doğma Vətənə dönmək idi.

1945-ci ilin dekabr ayında Sovet hökumətinin əlaqədar təşkilatının razılığı və tövsiyəsi ilə leytenant Nağı İsmayıl oğlu Nağıyevə təmiz adlı zabit kimi Vətənə qayıtmağa icazə verilir.

Odlu -alovlu döyüşlərdə kiprikləriylə od dötürmüş, əsir dəşərgələrində olmazın məşəqqətlərinə sinə gərib ölüm dustaqxanalarında günlərini saymış, illər boyu bütün bu əziyyətlərə dözərək Vətən həsrəti çəkmiş Nağı Nağıyev müxtəlif millətlərin nümayəndələrindən ibarət olan döyüş dostlarından ayrılır və Azərbaycana qayıdır. Doğma yurdu Şərurun dağlar qoynundakı axar- baxarlı Qarabağlar kəndinin ab- havası sanki onun təzədən dünyaya göz açmasından danışır, olub keçənləri unutduraraq, başı bəlalı Nağını ovundurmağa çalışırdı.

Doğma ata- baba yurduna qayıtdıqdan sonra halal zəhmətlə məşğul olmaq, qurub- yaratmaq istəyirdi, lakin bu xoşbəxtlik ona nəsib olmadı. Faşistlərin ölüm dustaqxanalarından qaçaraq canını qurtarmış acı taleli keçmiş döyüşçü o dövrün məlum təqibləri ilə rastlaşdı. Həm də bu dəfə qürbətdə deyil, ana Vətənində! Onun əlehinə cinayət işi qaldırıldı. " Azərbaycan milli legionu"nda xidmət etdiyinə görə Azərbaycan DİN-in 1947-ci il 15 dekabr tarixli qərarına əsasən Nağı Nağıyev Çelyabinsk vilayətinə sürgün olunur. Ural "ZİS" zavodunda işləyən keçmiş partizan N. Nağıyev üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyinə görə dəfələrlə pul mükafatına layiq görülür. Nəhayət 1954-cü il yanvarın 12-də Nağı İsmayıl oğlü Nağıyevin yenidən istintaq işi başlanır. DTK-nın Çelyabinsk şöbəsi Nağı Nağıyevə bəraət verir. Bəraət vəsiqəsini alan gün o, Vətənə yola düşür.

 

 

Q.PİRİYEV

 

Xalq qəzeti.- 2012.- 9 may.- S. 12.