Qarabağın tacı Şuşa

 

Yazıçı-publisist Mustafa Çəmənli Qarabağın tarixi, tanınmış adamları ilə bağlı bir neçə bədii, publisistik kitabın, çoxsaylı məqalələrin müəllifidir. "Xallı gürzə" romanı Qarabağ xanlığı dövründən bəhs edən dəyərli əsərlər sırasında yer alıb. "Burdan bir atlı keçdi" kitabındakı maraqlı tarixi-etnoqrafik etüdlər toplanıb. "Xan Şuşinski", "Əbülfət Əliyev", "Leyli Məcnun - 100" kitablarında Qarabağ musiqiçilərinin həyat və fəaliyyəti geniş əksini tapıb. "Ruhların üsyanı", "Fred Asif", "Mübariz" kitablarında isə Qarabağ münaqişəsi ilə bağlı xalqımızın qəhrəmanlığından və ağrı-acılarından bəhs olunur.Həmkarımızın Şuşanın işğalının 20 illiyi ərəfəsində yazdığı "Qarabağın tacı Şuşa" tarixi oçerk bu itkinin miqyasını və acısını duydurmaq niyyəti ilə qələmə alınıb. Həmin yazını oxucularımıza təqdim edirik.

 

Bu gün daşnakların işğalı altında olan qəhrəmanlar oylağı, xanlar, bəyzadələr yurdu, mədəniyyət beşiyi Şuşa qalası 1750-ci illərin əvvəllərində tarixi zərurətdən yaranmışdır. Uca dağlar başında Şuşa qalasını tikdirən Pənahəli xan Cavanşir Nadir şah Əfşarın işğalçılara qarşı apardığı müharibələrdə şücaətlər göstərmiş, Şərqin sonuncu fatehinin rəğbətini qazanmışdı. Nadir şah Pənahəlinin şəxsi şücaətlərini, göstərdiyi xidmətləri dəyərləndirərək onu öz yanına aparmışdı. Əfşar tayfasının Qırıxlı qolundan olan Nadir ölkəsini işğaldan azad edib, məmləkətdəki hərc-mərcliyi aradan qaldırdıqdan sonra şah olmaq fikrinə düşdü. O, bu münasibətlə 1736-cı ilin mart ayında Muğan düzündə qurultay - şah seçkisi mərasimi keçirdi.

Zaman-zaman Səfəvi şahlarının xidmətində olmuş Qarabağ əmirləri şah nəslindən olmayan Nadirin hakimiyyətinə qarşı çıxdılar. Bu etiraza baxmayaraq Nadir həmin qurultayda başına tac qoyub şah seçildi. Əmri qılıncdan kəsərli olan Nadir hakimiyyəti ələ aldıqdan sonra Qarabağ əhalisinin böyük bir qismini Əfqanıstan və Xorasan vilayətinə sürgün etməyə başladı. Sarayda xidmətdə olan Pənahəli bəyin qardaşı Fərzəli bəy şahın bu köçürmə siyasətinə etiraz etdiyi üçün Nadir şahın əmri ilə qətlə yetirildi. Bu hadisədən sonra Pənahəli bəy Nadir şah Xorasanda olduğu zaman fürsət tapıb bir neçə qohumu və yaxın adamları ilə Qarabağa qaçdı. Nadir şah bu xəbəri eşidəndə onu tutub saraya gətirmək üçün adamlar göndərsə də, bu mümkün olmadı. Pənahəli bəy Cavanşir Qarabağ dağlarında, Şəkidə, Qəbələdə adi qaçaq həyatı yaşamağa məcbur oldu.

1747-ci ildə Nadir şah Əfşar sui-qəsd nəticəsində öldürüldü. Onun bu qəfil ölümü ilə ölkənin nizamı pozuldu. Fürsətdən faydalanan narazı qüvvələr xırda feodal dövlətlər - xanlıqlar yaratmağa başladılar.

Uzun illərdən bəri qaçaq həyatı yaşayan Pənahəli xan Cavanşir də dərhal hərəkətə keçdi. O, Təbriz, Qarabağ, Gəncə, Bakı, Şəki və s. xanlıqlarından fərqli olaraq xanlığı üçün mövcud şəhərləri paytaxt seçmədi. Əvvəlcə indiki Ağcəbədi rayonu ərazisində Bayat qalasını tikdirdi və dərhal Nadir şah Əfşarın Əfqanıstana, Xorasana sürgün etdiyi Qarabağ əhalisinin öz yurdlarına qayıtmaları üçün hərəkətə keçdi. Çox çəkmədi köçürülmüş əhali öz tarixi yurdlarına qayıtdı.

Pənahəli xanın bu cür güclənməsi erməni məliklərini və ətraf xanlıqları narahat etməyə başladı. Bayat qalasına ilk yürüşü 1748-ci ildə Şəki xanı Çələbi xan etdi. Bu yürüş məğlubiyyətlə başa çatdı. Dövrünün ağıllı adamlarından olan Çələbi xan bu uğursuz yürüşdən geri qayıdarkən demişdi: "Pənah xan adi bir xan idi. Biz gəldik, onunla dava elədik və bir də görə bilmədik. Biz indi onu şah edib qayıdırıq».

Lakin Çələbi xanın bu yürüşü Pənahəli xanı gələcək hücum təhlükəsinin qarşısını almaq üçün düşünməyə sövq etdi. O Ağdam ərazisində, Şahbulaq dağının ətəyində yeni bir qala tikdirdi. Bu qalada xan "Daş və əhəngdən məscidlər, evlər, çarsu (bazar meydanı - M.Ç.) və hamamlar» tikdirmişdi.

Burada da xanlığın həyatı sakit keçmədi. Erməni məlikləri yerli feodallarla birləşərək Qarabağ xanı ilə müharibəyə başladılar. Pənahəli xan bu dəfə də düşmənə ağır zərbələr vurub, onların bütün hücumlarını dəf edərək özünə tabe etdi. Bu qələbədən sonra Pənahəli xanın şöhrəti hər yana yayıldı. Şəki, Şirvan, Gəncə, İrəvan, Naxçıvan, Təbriz və Qaradağ xanları Pənahəli xanın yanına elçi göndərib onunla dost və müttəfiq olmaq istədiklərini bildirdilər. O, fürsətdən istifadə edib xanlığın ərazisini bir qədər də genişləndirdi.

Bununla belə xanlığı idarə etmək və xarici düşmənlərin hücumlarından qorunmaq üçün möhkəm bir qalaya ehtiyac vardı. Belə bir yerin seçilməsi üçün Pənahəli xan bacarıqlı adamlara göstəriş verdi. Çox keçmədi ki, qala üçün münasib bir yerin olduğunu xana söylədilər. O zaman indiki Şuşa şəhərinin yeri meşəlik idiburadaaxar su, nə də bulaq vardı. Lakin sıldırım qayalarla əhatə olunmuş bu yerin müdafiə üçün əhəmiyyətli olacağını görən Pənahəli xan 1750-ci ilin əvvəllərində qalanın bünövrəsini qoydurdu. İlk növbədə, su üçün quyular qazdırıldı, meşənin açıqlıq olan 3-4 kilometrlik məsafəsində hasar çəkildi, Təbrizdən, Ərdəbildən bənnalar gətirildi, hasar içərisində xan üçün saraylar, yeni binalar tikildi. Qalanın iki möhkəm - "Gəncə" və "İrəvan" qapıları vardı. Bu qapılar axşamlar bağlanırdı. Xan yaxın ətrafı ilə qalaya köçdü. Bundan sonra xan ətraf kəndlərin əhalisinin bir qismini qalaya köçürtdü. Qalaya köçənlər öz mənsub olduqları kəndin, məhlənin adını da bura gətirdilər. Beləliklə, qalada 17 məhəllə yarandı. Hər məhəllənin öz məscidi, öz hamamı tikildi, su quyuları qazıldı. Yerli əhali qalanı Pənahəli xanın şərəfinə Pənahabad adlandırdı. Xanın göstərişilə "Pənahabad" adlı gümüş pul da kəsildi.

Çox keçmədi Məhəmmədhəsən xan Qacar Qarabağa hücum etdi (1751). O, Pənahabadın yaxınlığında düşərgə salıb bir ay orada qaldı, ancaq qalanı ala bilmədi. Məhəmmədhəsən xandan sonra Nadir şahın ən görkəmli sərkərdələrindən olan Urmiya xanı Fətəli xan Əfşar 30 minlik qoşunla Qarabağa hücum etdi. O, Pənahabada bir neçə dəfə həmlələr etsə də, məğlub olaraq geri çəkildi. Urmiya xanı döyüşün mənasız olduğunu görüb Pənahəli xana elçilər göndərib müharibəni dayandırmağı və öz qızını onun böyük oğlu İbrahimxəlil ağaya verməyi vəd etdi.

Pənahəli xan hiyləyə aldanıb oğlunu Fətəli xanın düşərgəsinə göndərdi. O isə gecə ikən İbrahimxəlil ağanı dustaq edərək özü ilə Urmiyaya apardı. Pənahəli xan bundan çox qəzəbləndi. Tezliklə Fətəli xana qarşı özünə müttəfiq axtaran Kərim xan Zəndə qoşuldu, qalasını kiçik oğlu Mehralı bəyə tapşırıb Urmiya qalasını almağa getdi. Müttəfiq qoşunları Urmiyanı alıb Fətəli xanı taxtdan saldılar. Kərim xan Zənd azadlığa çıxmış İbrahimxəlil ağanı xanlıq fərmanı ilə Qarabağa göndərdi, atası Pənahəli xanı və başqa müttəfiqlərini isə Şiraza "qonaqlığa" apardı. Pənahəli xan başa düşdü ki, Şirazda "qonaq" yox, dustaqdır. Pənahəli xan 1758-ci ildə (bəzi mənbələrdə 1763-cü ildə) Şirazda vəfat etdi. Xanın vəsiyyətinə görə onun cənazəsi Ağdama gətirilərək "İmarət" deyilən yerdə dəfn edildi.

İbrahimxəlil xanın vaxtında (1760-1806) Qarabağ xanlığı daha da gücləndi. Hətta 1795-ci ildə 85 minlik qoşunla Qarabağa hücum edən Ağa Məhəmməd şah Qacar Pənahabadı - Şuşanı işğal edə bilmədi. 1797-ci ildə ikinci hücumda o, Pənahabadı ala bilsə də bir neçə gündən sonra öldürüldü.

XVIII yüzilin sonlarına kimi əsasən xanlığın həyatı sakit keçdi. Lakin XIX yüzilin başlanğıcında çar Rusiyasının Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi. 1801-ci ildə Gürcüstan çar Rusiyasına birləşdirildi, Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal edildi.

İbrahimxəlil xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı R.D.Sisianovla Kürəkçayda müqavilə bağladı. "Qarabağ xanlığı türk-müsəlman - Azərbaycan torpağı kimi çar Rusiyayasına ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir".

Çox təəssüf ki, İbrahimxəlil xanla bağladığı əhdnaməni çar Rusiyası çox tez unutdu. İbrahimxəlil xanı İran şahına meyillənməkdə suçlayan Şuşanın komendantı mayor Lisaneviç 1806-cı il 2 iyunda, gecə vaxtı "Şuşukənddən bir neçə erməni bələdçisi götürüb dağların ətəkləri ilə gizlincə İbrahimxəlil xanın məskən saldığı yerə tərəf hərəkət etdilər.

Bəli, bu bələdçiliyin nəticəsi olaraq o gecə 46 il Qarabağ xanlığına başçılıq etmiş İbrahimxəlil xanonun ailə üzvləri qətlə yetirildilər (cəmi 17 nəfər). Rus səyyahı İ.Seqal İbrahimxəlil xanın fəaliyyətindən bəhs edərkən yazır ki, "O son dərəcə igid və ədalətli olmaqla xalq arasında böyük hörmət sahibi idi".

Bu hadisədən sonra çar Rusiyası xanlığın taxtına İbrahimxəlil xanın oğlu Mehdiqulu xanı oturtdu. Onun hakimiyyəti cəmi 17 il çəkdi. 1822-ci ildə Qarabağ xanlığı çar Rusiyası tərəfindən ləğv edildi. O dövrdən Qarabağ əhalisinin qara günləri başlandı. Çar Rusiyası İran və Osmanlı imperiyası ilə müharibə apardığı illərdə erməniləri Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürməyə başladı. Gəlmə erməni ailələrindən böyük bir qismi də Qarabağın dağlıq ərazilərinə yerləşdirildi. Beləliklə Qarabağın gələcək fəlakətinin bünövrəsi qoyuldu. Ermənilərə heç də münasibəti pis olmayan çar Rusiyasının İrandakı səfiri A.S.Qriboyedov imperatora vaxtilə belə bir xəbərdarlıq məktubu yazmışdı: "Əlahəzrət, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına icazə verməyin! Onlar elə tayfadırlar ki, həmin yerlərdə bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpaqlarımızdır".

Tarix A.S.Qriboyedovun yanılmadığını sübut etdi. Ermənilər zaman-zaman öz məkrli sifətlərini göstərdilər. 1905-1906-cı illərdə Erməni-müsəlman davasında onlar Şuşa şəhərinin bir neçə məhəlləsində yanğın törədirlər. Erməni qımdatlar (muzdlu erməni əsgərləri - M.Ç.) bəyan edirlər ki, "12 saatdan sonra müsəlmanların böyük məscidlərində nahar edəcəyik, 24 saatdan sonra isə xan sarayı üzərində öz bayrağımızı qaldırıb, qalanı tamamilə öz əlimizə alacağıq" (M.M.Nəvvab: 1905-1906-cı illərdə erməni-müsəlman davası". Səh. 29). Lakin o zaman onların arzusu gözlərində qaldı. Ermənilər azərbaycanlıların güclü müqaviməti ilə qarşılaşdılar və məğlub oldular.

1840-cı ildə keçmiş Qarabağ xanlığının bir hissəsinə "Şuşa qəzası" adı verildi. Şəhərdə rus hökuməti üçsinifli qəza məktəbi açdı. Sonralar şəhərdə məktəblərin sayı çoxaldı, bununla da əhali arasında təhsilə maraq artdı.

1917-ci ildə Rusiyada fevral burjua inqilabı baş verdi. Rusiyada yaşayan millətlər köləlik zəncirini qırdılar. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Başda Stepan Şaumyan, Tatevos Əmirov, Avakyan kimi daşnaklar "sosialistlər" adı altında Azərbaycanın bir çox bölgələrində görünməmiş qırğınlar törətdilər. Bu qarşıdurmada Qarabağda 157 kənd zərər çəkmişdi. Nəhayət, türk qoşunlarının köməyi ilə bu qırğınların, vandalizmin qarşısı alındı.

1920-ci il 28 apreldə bolşeviklər Azərbaycan Xalq Cümhuriyyətini devirdilər. Çar Rusiyasının 1828-ci ildən 1896-cı ilə qədər Türkiyə və İrandan 900 min erməni əhalisini Cənubi Qafqaza, o cümlədən Azərbaycana köçürməsinin acı nəticələri daha qabarıq şəkildə ortaya çıxdı. İrəvan xanlığı ərazisində Ermənistan respublikası yaradıldı.Bolşevik şineli geyinmiş daşnaklar bununla da kifayətlənməyib Stalin, Orconikidze kimi havadarlarının köməyi ilə Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranmasına nail oldular. Xankəndinin adı dəyişdirilib Stepanakert oldu. Azərbaycan İnqilab Şurasının sədri N.Nərimanovun Ermənistan Respublikasına 1 dekabr 1920-ci ildə vurduğu teleqramda: "İndən belə bir də əsrlər boyu qonşu olmuş erməni və müsəlmanlar arasında ərazi bölgüsü üstündə qan tökülməyəcək" fikri çox, təəssüf ki, illər sonra məhz ermənilərin fitnə-fəsadları üzündən özünü doğrultmadı.

M.Qorbaçovun "yenidənqurması"ndan ruhlanan ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan respublikasına birləşdirmək fikrinə düşdülər. Bütün bu münaqişələrin sonu müharibə ilə nəticələndi. Ermənistan Respublikasının silahlı qüvvələri havadarlarının yaxından köməyi ilə 8 may 1992-ci ildə Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanı işğal etdilər. Şuşa şəhəri və onun 37 kəndi, qəsəbəsi 20 ildir işğal altındadır.

Bir zamanlar 549 qədim binası, 17 məhəlləsi, 17 məscidi, 17 bulağı, 6 karvansarası, 3 türbəsi, 2 mədrəsəsi, 2 qəsri, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və görkəmli sənətkarların ev muzeyləri olan Şuşa qalası ilə öyünər, fəxr edərdik. Təəssüf ki, hər şeyə sahib çıxan, özünü "ən qədim xalq" hesab edən ermənilər bütün mənəvi dəyərləri heçə sayıb ayaqları altına atdılar. Bu torpaq hərisləri özü boyda abidə olan Şuşa qalasını xarabalığa çevirmiş, 8 muzeyi, 31 kitabxananı, 17 klubu, 8 mədəniyyət evini, 25 orta məktəbi, 40 tibb müəssisəsini, 24 tarixi abidəni viran etmişdir. Məhz erməni təcavüzü nəticəsində Şuşa şəhərinin 29 min əhalisi bu gün də qaçqın həyatı yaşayır.

Bu gün biz bir millət olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 aprel 2012-ci ildə "Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında" sərəncamının müddəalarını əsas tutaraq, bütün dünyada 2012-ci ili Şuşa ilinə çevirməliyik. Qoy bütün dünya Şuşanın timsalında işğalçı ermənilərin əsl sifətini görsün. Mütərəqqi bəşəriyyət barbarlığa, vandalizmə bəraət verə bilməz.

 

 

Mustafa ÇƏMƏNLİ,

yazıçı-publisist

 

Xalq qəzeti.- 2012.- 9 may.- S.13.