Azərbaycan faşizm üzərində qələbədə
həlledici rol oynamışdır
Bəşər tarixinin ən
qanlı savaşı olan İkinci Dünya müharibəsində
faşizm üzərində cahanşümül qələbədən
67 il keçir. Həmin qələbədə xidməti
olanların, o cümlədən ön və arxa cəbhədə
misilsiz hünər, rəşadət göstərmiş Azərbaycan
övladlarının xidmətləri qədirbilənliklə
yad edilir. Ulu öndər Heydər Əliyev
xalqımızın faşizmə qarşı mübarizədə
göstərdiyi fədakarlıqdan bəhs edərkən
demişdir: "Azərbaycan xalqı İkinci Dünya
müharibəsində həm döyüş meydanlarında,
həm də arxa cəbhədə əsl şücaət və
əzmkarlıq nümunələri göstərmişdir.
Müharibə başlanandan keçən qısa müddət
ərzində Azərbaycan Respublikası ərazisində 87
qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi
təşkil edilmişdir. 1941-1945 ci illərdə
respublikanın 600 mindən çox oğlan və
qızları cəbhəyə getmişdir".
Faşist
Almaniyası Sovet İttifaqına qarşı müharibəyə
22 iyun 1941-ci ildə başladı. Alman komandanlığı
o zaman Azərbaycan neftinə xüsusi önəm verirdi və
Qafqaz uğrunda vuruşlarda əsas məqsəd Bakı
üzərində nəzarəti ələ keçirmək
idi. Onların bu istəyi ürəklərində qaldı.
Faşizm
üzərində qələbə sovet xalqının
qanı və külli miqdarda maddi sərvətlərinin
itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə
edilmişdir. II Dünya müharibəsində həlak olan 57
milyon adamdan 27 milyonu sovet vətəndaşları olmuşdur
ki, onlardan da 300 mindən çoxu azərbaycanlılar idi.
Faşist
Almaniyasının Şərq siyasətində Qafqaza, o
cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi.
Rozenberqin başçılığı ilə təşkil
edilən Şərq İşləri üzrə Nazirliyin nəzdindəki
strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ
1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən
təsis edilmiş planda Qafqazın, ələlxüsus
Bakının işğalı mərkəzi yer tuturdu.
Qafqazın
işğalı üçün tərtib edilmiş
planın (Edelveyus planının) həyata keçirilməsi
faşistlərin "A" qrupu ordusuna həvalə
edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna
bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə
rayonu adlanırdı. "Ost" planına görə,
Bakı 1941-ci il sentyabrın axırına qədər
işğal olunmalı idi. Faşistlər Bakını
işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına
verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye
müəssisələrinə rəhbərlər də təyin
etmişdilər.
Adolf
Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin
yığıncağında bildirmişdi ki, Bakı
alındıqdan sonra o, hərbi məntəqəyə
çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl
"Mənim mübarizəm" adlı kitabında
yazırdı ki, "Müsəlman monqoloidlər
dağıdıcı qüvvədir. Buna görə onlar ali
irqin qulları olmalıdırlar".
Azərbaycan
hərbi əməliyyat meydanına çevrilməsə də,
müharibənin əvvəlindən axırınadək onda
fəal iştirak etdi. Azərbaycanın bütün maddi və
mənəvi sərvətləri, insan qüvvəsi faşizmə
qarşı müharibəyə cəlb edildi.
Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od-alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal olunmuş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fədakarlıqla vuruşmuş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.
Moskva uğrunda döyüşlərin ən ağır günlərindən biri olan 8 dekabr 1941-ci ildə paytaxtın şimalında yerləşən Novqorod vilayətinin Pustinka kəndi yaxınlığında döyüşlərdə İsrafil Məmmədov komandir olduğu dəstənin 20 nəfər döyüşçüsü ilə 400 nəfərdən çox düşmən qüvvəsinin 9-10 saat ərzində aramsız hücumlarını dəf edərək mövqelərini daha da möhkəmləndirmişdi. Bu döyüşdə İsrafil Məmmədov özü 70-dən çox faşist məhv etdiyi üçün ona dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldü. İsrafil Məmmədov bu yüksək ada layiq görülmüş ilk azərbaycanlı idi. Cəsur təyyarəçi Hüseynbala Əliyev isə bu yüksək fəxri adı Leninqrad səmasında göstərdiyi şücaətə görə almışdı.
1941-ci ilin noyabrında Moskvanın müdafiəsinə göndərilən Bakı zenit artileriyası alayı düşmənin 40-a qədər təyyarəsinin yarıdan çoxunu məhv etmiş, qalanlarını isə Moskva səmasına çatmadan geriyə dönməyə məcbur etmişdi. Moskva uğrunda döyüşlərdə 1000 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak etmiş və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdu. Bunların arasında tank alayı komandiri Həzi Aslanov, polkovnik Yaqub Quliyev, mayor Müxtar Süleymanov, kapitan İsrafil İsmayılov, leytenantlardan Müseyib Allahverdiyev, Məmmədrəsul Paşayev, kiçik leytenant Pərviz Tağızadə və başqaları vardı.
Stalinqradın müdafiəsində Baloğlan Abbasovun qəhrəmanlığı tarixə düşmüşdür. Onun döyüşdüyü dəstə və həmyerlisi Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərmiş, düşmənə ağır zərbələr endirmişdilər. Stalinqrad uğrunda döyüşlərdə böyük igidlik göstərdiklərinə görə hər iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. Həzi Aslanov Brezna çayını keçərək Pleseni şəhərinin və 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, Polşanın, Çexoslovakiyanın, Yuqoslaviyanın faşizm əsarətindən azad edilməsində xüsusi fərqlənmişdir. 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir. Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri igidliklərə görə Ziya Bünyadov və digər 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
416-cı milli atıcı diviziyanın tərkibinin, xüsusiilə də komanda heyətinin 92 faizi azərbaycanlılardan ibarət idi. 1942-ci ilin payızında diviziya Şimali Qafqazda 44-cü ordu, az sonra 58-ci ordu tərkibində Mozdok istiqamətində döyüşlərə başladı. Taqanroq şəhərinin azad edilməsində fəal iştirakına görə, o, "Taqanroq diviziyası" adlandırılırdı.
1943-cü ilin iyulundan
sonra diviziyaya general
mayor Heybət Heybətov
komandanlıq etmişdir. Azərbaycan hökumətinin
ardıcıl köməyi
nəticəsində diviziya
müharibənin sonuna
qədər öz milli tərkibini saxlaya bildi. Diviziyanın 1368-ci atıcı
alayı Qırmızı
Bayraq ordeni, 1054-cü
topçu alayı
Suvorov ordeni, 444-cü əlahiddə
topçu divizionu Boqdan Xmelnitski ordeni, 348-ci əlahiddə
sanitar batalyonu Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi. Diviziya Qafqazdan Berlinə kimi 2500 km müzəffər döyüş
yolu keçmiş, düşmənin 23 minə
yaxın əsgər və zabitini məhv etmiş, 5474 nəfər əsir götürmüş, onların
istifadəsində olan
çoxlu döyüş
texnikasını işlək
vəziyyətdə qənimət
kimi ələ keçirmişdi. Diviziyanın 14396 nəfər əsgər və komandiri SSRİ-nin orden və
medalları ilə təltif edilmişdi.
Komandir və əsgərlərin
bir çoxuna xarici ölkələrin orden və medalları
da verilmişdi.
416-cı diviziyanın 1945-ci ildəki döyüş fəaliyyəti xüsusilə
diqqətəlayiqdir. Diviziya 1945-ci ilin fevral ayının
3-də Oder çayını keçərək Kyustrin
şəhərinin alınmasında
iştirak etmişdir.
Berlin üzərinə həlledici hücuma başlayan diviziyanın
1373-cü alayı Berlinin
müdafiə xəttini
yararaq, aprelin 21-də
şəhərin kənarına
daxil oldu. May ayının 3-də marşal
Georgi Jukov başda olmaqla birinci Belorusiya cəbhəsi hərbi şurasının üzvləri,
416-cı diviziyanın Berlində
keçirdiyi döyüş
əməliyyatlarının şahidi olmuş, onun xidmətlərinə
yüksək qiymət
vermişdilər.
416-cı
milli diviziya II Dünya müharibəsi cəbhələrində 30 ay fasiləsiz
döyüşlər aparmış,
Bakıdan Praqaya qədər 5000 km yol qət etmiş, 6 Avropa ölkəsindən
- Rumıniyadan, Bolqarıstandan,
Yuqoslaviyadan, Macarıstandan,
Avstriyadan, Çexoslovakiyadan
və 50-dən çox
böyük və orta çaydan keçərək düşmənin
28 hərbi təyyarəsini,
113 tankını və
zirehli maşınını,
549 səhra topunu, 311 minomyotunu, 1152 pulemyotunu,
200 avtomaşınını, 219 parovozunu, 7400 vaqonunu, 70 anbarını məhv etmiş, külli miqdarda qənimət ələ keçirmişdi.
Diviziyada xidmət etmiş zabit və əsgərlərdən
5 nəfərinə Sovet
İttifaqı Qəhrəmanı
fəxri adı verilmişdi. Diviziyanın özü Qırmızı
Bayraq və II dərəcəli Suvorov ordenləri
ilə təltif edildi, onun qələbələri
şərəfinə Taqanroq
şəhərinin yaxınlığındakı
Sanbek yüksəkliyində
xatirə ansamblı yaradıldı, Taqanroqda, Kiyevdə, Nikolayev, Odessa və
Moskva şəhərlərində
diviziyaya həsr olunmuş şöhrət
muzeyləri təşkil
edildi.
Azərbaycanın oğul və qızları faşistlərin
Buhenvald, Mauthauzen, Daxau, Zaksenhauzen, Ravensburyuk və başqa ölüm düşərgələrində Avropa ölkələrinin
antifaşistləri ilə
birlikdə hitlerçilərə
qarşı mübarizə
aparmış və azərbaycanlı adına layiq fəaliyyət göstərmişdilər.
1942-1944-cü
illərdə azərbaycanlı
hərbi əsirlər
Polşanın Edlin, Almaniyanın Noyhammer-Ştranse,
Fransanın Rodez, İtaliyanın Udine, Triyestin
Opçina, Çexoslovakiyanın
Brno və Bistritsa rayonlarında gizli antifaşist təşkilatları
yarada bilmişdilər.
Təkcə Fransanın cənubunda
gedən partizan hərəkatında 1000 nəfərdən
çox, Yuqoslaviyadakı
partizanların zərbə
briqadasında isə
600 nəfərdən çox
azərbaycanlı vuruşmuşdu.
1943-cü ildə faşistlərin
Almaniyanın Stranse əsir düşərgəsindən
İtaliyaya, Triyestə
və Yuqoslaviyaya köçürdüyü sovet
hərbi əsirləri
içərisində xeyli
azərbaycanlı var idi. Onlar gizli antifaşist
təşkilatı yaratmışdılar.
Təşkilatın rəhbərliyinə Mehdi Hüseynzadə, Mirdamət Seyidov, Cavad Həkimli və başqaları daxil olmuşdular. Onların çoxu
1944-cü ilin fevralında
əsirlikdən qaçaraq
partizanlara qoşulmuş,
İ.Qradnik adına
İtalyan - Yuqoslav partizan diviziyası tərkibində əlahiddə
rota təşkil etmişdilər.
Mehdi Hüseynzadə Yuqoslaviya Xalq Azadlıq Ordusunun 11-ci korpusu qərargahı yanında Haribaldi adına
xüsusi kəşfiyyat
- təxribat qrupuna rəhbərlik etmiş və fövqəladə qəhrəmanlıqlar göstərmişdir.
Həmin
qrupa M.Hüseynzadə
ilə yanaşı, Mirdamət Seyidov, Ənvər Məmmədov,
Tağı Əliyev və digər soydaşlarımız daxil
idi. Faşistlərə qarşı döyüşlərdə
fərqlənən 50-yə qədər Azərbaycan övladı Yuqoslaviyanın
orden və medalları ilə təltif olunmuşdur.
1942-ci ilin yazında
Polşadakı hərbi
əsir düşərgələrindən
birində azərbaycanlıların
gizli antifaşist təşkilatı yaradılmışdı. Ona zabit
H.Qiyasbəyov və M.Məmmədov başçılıq
edirdilər. Bu təşkilatın köməyi
ilə bir qrup əsir düşərgədən qaçaraq
Polşa partizanlarına
qoşulmuşdu.
Fransanın Rodez şəhərindəki
əsir düşərgəsində
xeyli azərbaycanlı
vardı. Onların çoxu gizli
antifaşist təşkilatının
üzvi idi. Burada üsyan hazırlanması xəbərinin
xain tərəfindən
düşərgə rəhbərliyinə
çatdırılmasına, onun qarşısını
almaq üçün
böyük tədbir
görülməsinə baxmayaraq,
gizli təşkilatın
üzvlərindən həkim
Əmirov son dəqiqədə
fürsətdən istifadə
edərək 29 nəfər
əsirlə birlikdə
meşəyə qaçıb
fransız partizanlarına
qoşulmuşdu.
Faşistlər xalqımızın qəhrəman
oğulları Mirzəxan
Məmmədov, Qulu Quliyev, Vəli Vəliyev, Mirzəli Məmmədli, Paşa Cəfərxanlı, Feyzulla
Qurbanov, İsmayıl
Heydərov, Həsən
Əliyev, Qurban Məmmədov, Məmməd
Axundov, Abbas Hüseynov və bir çox başqalarını həbs
edib, böyük əzab və işgəncədən sonra
ölüm cəzasına
məhkum etmişdilər.
1944-cü
il avqustun
17-də Rodez şəhəri
fransız və azərbaycanlı partizanlar
tərəfindən faşistlərdən
azad edilmişdi. Bu əməliyyatda azərbaycanlılara gizli antifaşist təşkilatın
üzvü Hüseynrza
Məmmədov başçılıq
edirdi. Qanlı döyüşlərdə çoxlu itkilər oldu. Rodezlilər qəhrəmancasına həlak olmuş azərbaycanlı vətənpərvərlərin
xatirəsini əziz tutaraq, onları dərin hüznlə, böyük kədərlə
şəhər qəbiristanlığında
dəfn etdilər.
Matəm mitinqində çıxış edən
polkovnik Rişard fransız vətənpərvərlərin
sovet xalqına olan məhəbbət duyğularını belə
ifadə etmişdi:
"Fransa, azərbaycanlı
hərbi əsgərlərin
igidliyini heç vaxt unutmayacaqdır. Övladlarımız, nəvə və
nəticələrimiz də
biləcəklər ki,
uzaq Azərbaycandan olan dostlarımız Fransanın faşizmdən
azad edilməsi yolunda canlarını əsirgəməmişlər".
Bəli, İkinci Dünya müharibəsində Azərbaycan
xalqının qanı
ilə yazılmış
bir çox yaddaqalan səhifələr
qəhrəmanlıq tariximizi
daha da zənginləşdirmişdir.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2012.- 9 may.- S. 12.