Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır

 

Azərbaycan xalqı bəşər tarixinə çox sayda böyük mütəfəkkirlər, qüdrətli və dahi şəxsiyyətlər bəxş etmişdir. Bu şəxsiyyətlər tarixin ağır məqamlarında xalqın səsinə səs verərək, onların itirilmiş, məhv olmuş ümidlərini özünə qaytarır. Elə buna görə də xalq öz taleyini onlara etibar edir, inanır və onların ardınca gedir. Azərbaycan xalqı üçün Heydər Əliyev məhz belə dahi və əvəzolunmaz nadir tarixi simadır. Bu şəxsiyyət Sovet İttifaqı kimi böyük bir dövlətin, əzəmətli türk dünyasının, qədim Şərqin, müasir dünyanın dövlətçilik tarixinə müdrik dövlət xadimi kimi daxil olmuşdur.

 

Heydər Əliyev böyük liderlik istedadına, geniş dünyagörüşünə (ensiklopedik yaddaşa), dərin zəkaya malik, həmişə yenilik axtaran, əsas fəaliyyəti qurub yaratmaq olan dahi bir şəxsiyyətdir. 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməklə öz xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əlirza oğlunun müdrikliyi, uzaqgörənliyi, möhkəm iradəsi nəticəsində xalqımız bir çox bəlalardan xilas oldu, ölkədə vətəndaş müharibəsinin qarşısı alındı. Respublikada hökm sürən xaos aradan qaldırıldı, ayrı-ayrı siyasi qüvvələrə və şəxslərə tabe olan silahlı birləşmələr ləğv edilərək, vahid komandanlığa tabe olan ordu yaradılmağa başlandı. Ulu öndər böyük fədakarlıqla Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxladı, onu dönməz, daimi və əbədi etdi. Çox qısa müddət ərzində dövlət quruculuğunun bütün istiqamətlərində məqsədyönlü və səmərəli iş aparıldı, hər bir sahədə konkret vəzifələr müəyyənləşdirildi. "Azərbaycan dünyaya günəş kimi doğacaq" deyən əbədiyaşar Prezidentimiz 1969-1989 -cu illərdən başladığı işləri 1993-cü ildə yenidən qətiyyət və müdrikliklə davam etdirdi və Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutdu. Xalqımız Heydər Əliyevin 1993-cü ilin 15 iyununda hakimiyyətə qayıdışını əbədiləşdirdi, onu Qurtuluş bayramı adlandırdı.

1993-cü ilin 15 iyunundan sonra respublikamızda iki dəfə dövlət çevrilişinə cəhd edildi və Heydər Əliyevin rəhbərliyi ilə qarşısı alındı. 1994-cü ilin sentyabrında isə "Əsrin müqaviləsi" adlanan neft müqaviləsi bağlandı. Dünyanın aparıcı neft şirkətləri Azərbaycana cəlb olundu, onların külli miqdarda sərmayə qoymalarına şərait yaradıldı. Ermənistanla aparılan müharibədə atəşkəsə nail olundu. Bu böyük qayıdış Azərbaycanda dövlət quruculuğunun sürətlənməsinə səbəb oldu, dövlətçiliyimizi və suverenliyimizi qoruya bilən ordu formalaşdı, iqtisadiyyatın inkişafı, ictimai asayişinsabitliyin bərpası təmin olundu. Elmin, səhiyyənin, təhsilin, idmanın, mədəniyyətin inkişafı təmin olundu, bu sahədə çalışanlara dövlətin diqqət və qayğısı artdı.

Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, siyasi həyatın son otuz ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasət xadimi kimi tanınan Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə, gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır. Bu mürəkkəb proseslər onun əməli fəaliyyətində öz əksini tapmışdır.

Heydər Əliyev Azərbaycanın dilini, tarixini, mədəniyyətini dünyaya tanıtdırdı. Vətənin bütün guşələrində böyük şəxsiyyətlərimizin abidələrini, Gəncə şəhərində Nizaminin məqbərəsini ucaltdırdı, repressiya qurbanı olmuş Cavidi ölümündən on illər keçdikdən sonra Vətən torpağına qovuşdurdu. Çünki o, yaxşı bildirdi ki, hər hansı bir milləti əbədi edən onun dili, tarixi, mədəniyyətidir. Heydər Əlirza oğlu azərbaycanlı olmağı ilə nə qədər fəxr edirdisə, Azərbaycan xalqı da öz böyük oğluna görə daha bəxtəvərdir.

Ulu öndər Azərbaycanın gələcək müstəqiliyi üçün hələ 1970-ci illərdə bir sıra kardinal addımlar atmışdı. Onun gərgin əməyi sayəsində Azərbaycan aqrar ölkədən iri sənaye respublikasına çevrildi. Azərbaycanın neft emalı, neftmaşınqayırma, elektronika sənayesinin yüksək keyfiyyətli məhsulları, şərab məmulatları nəinki Sovet İttifaqı məkanında, eyni zamanda, xarici ölkələrdə də geniş populyarlıq qazandı. İttifaq hökumətinin xüsusi qərarları ilə Azərbaycanda üzümçülük, pambıqçılıq və onların emal sənayesinin inkişafına yeni təkan verildi. Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyəti illərində həmin sahələrin inkişafı ilə kəndlərimizdə soydaşlarımızın yaşayış səviyyəsi qibtə olunacaq şəraitə çatdı.

1970-80-ci illərdə mənzil, məktəb, mədəniyyət obyektlərinin tikintisi geniş vüsət almışdı. Bu gün respublikamızda ən əlamətdar tədbirlərin keçirildiyi "Respublika", "Gülüstan" sarayları məhz o dövrlərdə tikilib istifadəyə verilmişdir.

Tikmək, abadlaşdırmaq, yaratmaq insanların sosial həyat şəraitinin yaxşılaşdırılması Heydər Əliyevin yüksək ideallarından irəli gəlir. Ümimmili liderin o dövrdə həyata keçirdiyi geniş quruculuq işləri strateji xarakter daşımış Azərbaycanın bugünkü müstəqilliyinə xidmət etmişdir. Heydər Əliyev sovet dövründə də eyni əqidə və amala xidmət etmişdir. Bu amalın əsasını qüdrətli, suveren, müstəqil Azərbaycan dövlətinin yaradılması təşkil etmişdir. Mübaliğəsiz demək olar ki, bu dahi insanın həyatı və fəaliyyəti bütövlükdə Vətənə, xalqa, millətə xidmətdən ibarətdir.

1993-cü ildə Heydər Əliyevin qayıdışı Azərbaycanın dünya dövlətləri arasında öz layiqli yerini tutmasına səbəb oldu. Bu illər ərzində Azərbaycan Heydər Əliyevin apardığı siyasət nəticəsində bir çox beynəlxalq təşkilatların tam hüquqlu üzvünə çevrildi. Əslində, Azərbaycanın xəritəsi dünyanı qarış-qarış dolandı, Azərbaycan həqiqətlərini dünyaya bəyan etdi. Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Rusiya kimi böyük dövlətlərə səfərləri, nüfuzlu beynəlxalq təşkilatlarda keçirdiyi çoxsaylı görüşləri, böyük tribunalardan qətiyyətli, kəsərli çıxışları ilə yüz illər kök salmış erməni təbliğatını darmadağın etdi, Azərbaycanın səsini dünyaya çatdırdı. Bunun nəticəsidir ki, artıq dünya erməni yalanlarına inanmamağa başlayır, həqiqətin gözünə dik baxaraq, işğalçını, separatçını öz adı ilə çağırır. Budur Heydər Əliyevin diplomatik qabiliyyətinin təntənəsi.

Məhz 1993-cü ildə Azərbaycan milli mətbuatı özünün müstəqillik tarixinə qədəm qoydu. Azərbaycan mətbuatının keyfiyyətcə yeni dövrü-intibah, tərəqqi, demokratiya, müasirləşmə dövrü başladı. Məhz 1993-cü ildən-Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlamasından etibarən milli mətbuatın ən gözəl ənənələri məhv olmaqdan xilas edildi, milli mətbuat özünün çoxillik təcrübəsini qoruyub saxlamaq imkanları əldə etdi. Başlıcası, Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində bütün sahələr kimi mətbuat da islahat, tərəqqi, demokratikləşmə yoluna qədəm qoydu.

Ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunması, iqtisadisosial sahələrin inkişafı üçün dövlət proqramlarının işlənilməsi, qanunvericilik bazasının yaradılması, 1995-ci ildə ilk milli Konstitusiyamızın qəbul edilməsi ilə vətəndaşlara siyasihüquqi azadlıqlar verilməsi, demokratik cəmiyyətin formalaşdırılması, müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatda beynəlxalq təşkilatlarla güclü əlaqələr qurulması, Azərbaycanın bir çox beynəlxalq konvensiyalara qoşulması, ölkədə aparılan hakimiyyət bölgüsü, insan haqlarının qorunması və təmin olunması istiqamətində dövlət tədbirləri, əhalinin sosial müdafiəsinin daim gücləndirilməsi, sosial rifah halının daim artırılması, qeyri-hökumət strukturunun formalaşması üçün imkanlar yaradılması-bütün bunlar öz növbəsində KİV-lərin demokratikləşməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əsaslı zəmin yaratdı.

Ümummilli lider kimi Heydər Əliyevin dinə, mənəvi dəyərlərə həssas münasibəti fəaliyyətində də əsas yer tuturdu. O, xalqımızın bütün gözəl ənənələrini, İslam dininin dəyərlərini incəliyinə qədər təxminən bir əsrə yaxın fasilədən sonra yenidən böyük inamiman hissi ilə dirçəltdi və bu, hədsiz rəğbət, məhəbbət hissinə çevrildi. Ümummilli liderimiz çox gözəl bilirdi ki, mənəviyyatsızlıq tarix boyu bütün cəmiyyətlərə, eləcə də, bəşəriyyətə danılmaz bəlalar, müsibətlər gətirmişdir. Təzə Pir məscidində dindarlarla görüşündə demişdi: "Azərbaycan xalqı uzun müddət öz dinindən məhrum olmuşdu. Bu, əlbəttə, bizim üçün acınacaqlı haldır. Ancaq bu nə sizdən , nə məndən asılı idi. Ola bilər ki, bu, Allahın işidir. Bu da bir imtahandır ki, görsünlər insan öz dinindən məhrum olandan sonra nə bəlalara düşüröz dininə qayıdandan sonra nə qədər xoşbəxtlik əldə edir". Məhz bu böyük şəxsiyyətin fəaliyyəti nəticəsində din-imanımızın bütün dəyərləri həyatımıza yenidən qayıtmış, sıralarına yeniləri qatılan ibadətgahlarımıza, imanımıza nur səpən müqqədəslik çırağı yandırılmışdı. İndi hər evi, hər ocağı "Qurani-Kərim"in qüdrətli hikmətinin ziyası işıqlandırır.

Azərbaycanı "Şərqin ulduzu " adlandıran Heydər Əliyev bu imicin qorunması üçün nə lazımdırsa etdi. Məhz onun təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edildi. Bu addım dünyaya sübut etdi ki, Azərbaycan adlı məmləkətdə zəngin mənəviyyat və mədəniyyət sahibləri yaşayırlar. Uzun illər erməni təbliğat maşınının azərbaycanlılar haqqında yaratmaq istədiyi mənfi imicə bu addım öldürücü zərbə vurdu.

Tanrının ona bəxş etdiyi nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilir, milli tarix üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı. Şəxsiyyətindəki qətiyyət onun geniş auditoriya qarşısında çıxışlar edərkən çox vaxt elə bədahətən söylədiyi fikirlərdə də parlaq əksini tapmışdır. Sarsılmaz məntiq üzərində qurularaq qeyri-adi dərəcədə böyük təsir gücünə malik məruzə və nitqləri Heydər Əliyevin fəlsəfi və siyasi dünyagörüşündəki dərinliyin və genişliyin açıq ifadəsidir. Bütün mənalı həyatını xalqına bəxş etmiş müdrik rəhbər və dahi şəxsiyyətin zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdi. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Azərbaycan xalqının neçə-neçə nəsilləri bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən Azərbaycanımızın inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Milli liderimizin zəngin siyasi irsinin qorunması, öyrənilməsi günümüzün ən ümdə məsələlərindəndir.

Bütün bunlar bir daha sübut edir ki, ulu öndər Heydər Əliyevin əməlləri, müəyyənləşdirdiyi siyasət ölməzdir və onun xatirəsi Azərbaycan xalqı durduqca yaşayacaqdır. Bu həqiqət Heydər Əliyev irsinin ləyaqətli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin simasında öz əksini tapır.

 

 

Nurlanə BƏŞİRQIZI,

Azərbaycan Respublikası

Prezidentinin İşlər İdarəsi

siyasi sənədlər arxivinin

aparıcı mütəxəssisi

 

Xalq qəzeti.- 2012.- 9 may.- S. 10.