Azadlığımızın
və suverenliyimizin böyük
cəfakeşi
Bütün dövrlərin ən
böyük azərbaycanlısı olan ulu öndər Heydər
Əliyevi zaman bizlərdən cismən ayırsa da, mənən
daha da yaxınlaşdırmışdır. Azərbaycanın
dövlət müstəqilliyi ildən-ilə möhkəmləndikcə,
xalqımız inkişaf və tərəqqi yolu ilə irəlilədikcə
yolumuzu məhz Heydər Əliyev günəşi
nurlandırır. Ümummilli liderin möhkəm təməl
üzərində qurduğu müstəqil Azərbaycan indi
dünya çapında öz sözünü qətiyyətlə
deyə bilən, sorağı bir sıra beynəlxalq təşkilatlardan
gələn, hazırda BMT Təhlükəsizlik
Şurasına rəhbərlik edən nüfuzlu bir dövlətə
çevrilmişdir.
Biz
bütün bunlara görə ilk növbədə indi anadan
olmasının 89-cu ildönümünü böyük
ehtiram və məhəbbətlə qeyd etdiyimiz əbədiyaşar
liderimiz Heydər Əliyevin ruhuna və onun yolunu layiqincə
davam etdirən, işıqlı ideyalarını uğurla həyata
keçirən möhtərəm Prezidentimiz İlham Əliyevə
dönə-dönə minnətdarıq.
Ulu
öndərin Azərbaycan tarixində misilsiz rolunun
olmasını son yarıməsrlik tariximiz aydın göstərir.
Hələ 1969-cu ildən həyatımızın
bütün sahələrində inkişafa nail olunmasında
və bununla da müstəqillik dövrü üçün
zəruri zəmin yaradılmasında, 1993-cü ildən sonra
isə dövlət müstəqilliyimizin dönməzliyinin təmin
edilməsində ümummilli liderin ölçüyəgəlməz
xidmətləri olub.
Respublikaya
birinci hakimiyyəti dövründə məhz Heydər Əliyevin
sayəsində ədliyyə sisteminin də əhəmiyyəti
xeyli artmışdır. Azərbaycan SSR Ali Sovetinin 27 oktyabr
1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi yenidən
təsis edilmiş, bununla da Azərbaycanın ədliyyə
tarixində yeni dövr başlanmışdır. Ümummilli
lider ədliyyənin mühüm dövlət təsisatı
kimi formalaşması, qanunçuluq və hüquq
qaydalarının möhkəmləndirilməsi işində
fəal mövqeyə yiyələnməsi üçün
bütün gərəkli tədbirləri həyata
keçirmişdir.
Yaşlı
nəsil çox yaxşı xatırlayır ki, Heydər Əliyevin
respublikaya rəhbər təyin olunması ilə həyatımıza
necə yeni bir ab-hava gəldi, qanunçuluğun qorunması
işi necə canlandı, xalqın hakimiyyətə inamı
necə artdı. Cinayətkarlıq, rüşvətxorluq,
proteksionizm və sair bu kimi hallara qarşı mübarizə
gücləndi. Moskvanın müttəfiq respublikalar
üçün müəyyənləşdirdiyi təlimatlar
çərçivəsini cəsarətlə qıran ulu
öndər məhz Azərbaycana gərək ola biləcək
idarəetmə metodlarını bacarıqla tətbiq etdi.
Sonrakı dövrlərdə bu qətiyyət adi həyat normasına
çevrildi. O vaxtdan şüurlarda, yaddaşlarda möhtəşəm
bir Heydər Əliyev fenomeni yaşamaqdadır.
Hamıya məlumdur ki, xalqımızın azadlıq hərəkatı ilə eyni dövrdə insanlarda milli varlıq və özünüdərk hisslərini daha da gücləndirən, dövlət rəmzlərinə hörmət təlqin edən ən önəmli addımları da məhz o vaxt Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə Heydər Əliyev atmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin birinci sessiyasında salona Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı gətirildi, yeni gerbin və himnin hazırlanması üçün müsabiqə elan olundu. Naxçıvan faktiki olaraq SSRİ-nin yurisdiksiyasından çıxarıldı və bu tarixi qərarlar Azərbaycanın milli azadlıq hərəkatına güclü impuls verdi. Bir qədər sonra, 1991-ci il martın 17-də keçmiş SSRİ-nin saxlanmasına mənfi münasibəti ilə də Azərbaycanda keçirilən referendumu Naxçıvanın boykot etməsi ümummilli liderin müstəqillik ideyalarına sadiqliyini bir daha nümayiş etdirdi.
Həmin il iyulun 19-da Sov.İKP sıralarını tərk etməklə özünün müstəqillik arzularını əməldə göstərən ulu öndər o vaxtkı Azərbaycan rəhbərliyini xalqın haqlı tələblərinə laqeyd qalmamağa çağırmışdı: "Mən Moskvanın israr etdiyi ittifaq müqaviləsinin əleyhinə çıxmışam. Hər hansı müstəqil dövlətin tərkibində bir neçə müstəqil dövlət ola bilməz. Bütün respublikalara iqtisadi və siyasi müstəqillik verilməli, onların hüquqları tanınmalıdır. Azərbaycan Kommunist Partiyasından hakimiyyətdən əl çəkməyi, demokratik cəmiyyətin qurulması, siyasi plüralizmin təmin edilməsi üçün lazımi şərtlərin təmin olunmasını tələb edirəm". Bakıda, Ali Sovetdəki demokratik qüvvələrin, həmçinin Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin səyləri ilə 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" bəyanat qəbul edildi. Həmin il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı imzalandı. Xalqın qeyrətli oğlu Heydər Əliyev də bu Akta imza atdı.
Ümummilli lider müstəqilliyimizə qovuşduğumuz dövrdə daim özünəməxsus siyasi prinsipiallıq, qətiyyət nümunəsi göstərdi, xalq mənafeyini hər şeydən üstün tutdu. AXC-Müsavat cütlüyü hakimiyyətindəki özbaşınalıqları, qanunsuz hərəkətləri kəskin tənqid elədi, siyasi naşılıq və nadanlıq faktları ilə barışmadı. Uçurum qarşısında qalan Azərbaycanı düşdüyü bəlalardan xilas etmək üçün elə həmin hakimiyyətin xahişi və xalqın tələbi ilə ölkə rəhbərlyinə qayıtdı... Ulu öndərin səyi ilə başıpozuq silahlı dəstələr ləğv edildi, nizami ordu quruculuğu prosesi başlandı, Qarabağ cəbhələrində erməni qoşunlarına tutarlı cavablar verildi və atəşkəsə nail olundu. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalanmaqla Azərbaycanın dünyadakı mövqeləri xeyli möhkəmləndi. Həmin ilin oktyabrında və 1995-ci ilin martında baş verən dövlət çevrilişi cəhdlərinin qarşısının alınması dahi şəxsiyyətin necə nəhəng siyasətçi olduğunu bir daha bütün dünya qarşısında sübuta yetirmişdir. Yorulmaq bilmədən ölkələri gəzib-dolaşaraq Azərbaycanın haqq səsini dünyaya yayan, ərazi bütövlüyümüzin və suverenliyimizin bərpasına çalışan ümummilli lider xalqımıza və dövlətimizə qarşı yaranmış informasiya blokadasını yarmış, bir çox dövlətlərin Qarabağ məsələsində bizim tərəfimizə keçərək haqlı mövqeyimizi dəstəkləməsinə nail olmuşdur.
Müstəqil Azərbaycana rəhbərliyi illərində Heydər Əliyev bütün sahələrə olduğu kimi, ədliyyəyə də daim xüsusi qayğı göstərmiş, dövlətin hüquq sisteminin tənzimlənməsi və möhkəmləndirilməsi baxımından onun fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edən çoxşaxəli islahatlar həyata keçirmişdir. Unudulmaz dahi şəxsiyyət 2000-ci ildə 22 noyabrın ədliyyə işçilərinin peşə bayramı günü kimi elan olunması barədə tarixi fərman imzalamışdır. 1995-ci ildə məhz ulu öndərin müəllifi olduğu ilk müstəqil Konstitusiyamızın qəbulundan sonra Azərbaycanın Avroatlantik məkana inteqrasiyası prosesi sürətlənmiş, milli qanunvericiliyimiz Avropa standartlarına uyğunlaşdırılmış, Ədliyyə Nazirliyində yeni dövrün tələblərinə cavab verən islahatların aparılmasına əsaslı zəmin yaradılmışdır. Beləliklə, hüquqi dövlət quruculuğu proseslərində çox fəal iştirak edən nazirliyimizin fəaliyyət dairəsi, statusu, cəmiyyətdəki rolu və nüfuzu daha da artmışdır.
Konstitusiyada ümummilli liderin təşəbbüsü ilə təsbit olunmuş müstəqil məhkəmə hakimiyyətinin yaradılmasına yönələn "Məhkəmələr və hakimlər haqqında" 10 iyun 1997-ci il tarixli Qanunun qəbulu və Azərbaycan Respublikası Prezidentinin həmin Qanunun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə 1 dekabr 1998-ci il tarixli fərmanının verilməsi bu yöndə irəliyə doğru böyük addım oldu. Göstərilən qanunla məhkəmə hakimiyyətinin vəzifələri, ədalət mühakiməsinin həyata keçirilməsinə dair müddəalar, məhkəmə sistemi, hakimlərin statusu, səlahiyyətləri, müstəqilliyi, maddi və sosial təminatı dəqiqləşdirilmiş, fərmanla isə məhkəmə islahatlarının reallaşdırılması üçün yaradılması zəruri olan Məhkəmə-Hüquq Şurası haqqında Əsasnamə təsdiq edilmişdi. Prezidentin 24 dekabr 1998-ci il tarixli sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının tərkibi müəyyənləşdirildi ki, bu da məhkəmə sistemində islahatların keçirilməsini daha da gerçəkləşdirdi.
Sonradan məhkəmə hakimiyyətinin təşkilinin sivil metodlarla həyata keçirilməsini təmin etməkdən ötrü qəbul olunan digər sənədlər fəaliyyətin məhz beynəlxalq tələblərə uyğun təşkilinə şərait yaratdı. Məsələn, Məhkəmə-Hüquq Şurası TQDK ilə birlikdə 2000-ci il aprelin 23-də Azərbaycan Respublikasında hakimliyə namizədlərin test üsulu ilə ilk imtahanını keçirdi, mayın 6-da isə imtahanın nəticələrinə dair müraciətlərə apelyasiya qaydasında baxıldı. Sonra həyata keçirilən ikinci mərhələyə - müsahibənin keçirilməsinə görkəmli hüquqşünas alimlər, təcrübi işdə çalışan nüfuzlu hüquqşünaslar cəlb olundu. Bu proseslərdə şəffaflıq və aşkarlıq prinsipləri əsas götürüldü. Beləcə, mənəviyyatca sağlam və daha savadlı olanlar hakimliyə namizəd seçildilər.
Bu sadalananlar ölkəmizdə üçüncü hakimiyyətin tam demokratik əsaslarla təşkilində düzgün yol seçildiyinə dəlalət edir. Məhkəmə-Hüquq Şurasının üzvləri bu istiqamətdə təqdirəlayiq iş aparmışlar. Ədliyyə naziri və Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov başlanan işin qısa vaxtda uğurla nəticələnməsi üçün xeyli səy göstərmişdir. Nəticələrin fərəhli olmasının sübuta ehtiyacı yoxdur. İndi Azərbaycan ədliyyəsi qanunçuluğun qorunması, dövlətçiliyin sağlam əsaslarda güclənməsi sahəsində örnək mövqe qazanmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində - keyfiyyətcə yeni mərhələdə davam etdirilən məhkəmə-hüquq islahatları çərçivəsində Ədliyyə Nazirliyinin fəaliyyətində əsaslı dəyişikliklər baş vermiş, nazirliyimiz dövlətin hüquq siyasətini layiqincə həyata keçirən əsas orqanlardan birinə çevrilmişdir. Qəbul olunan bir sıra yeni qanunlar fəaliyyətimizin səmərəliliyinin daha da artırılmasına güclü təkan vermiş, yaradılmasının əsrlik yubileyinə bir neçə il qalmış Azərbaycan ədliyyəsini davamlı inkişaf yoluna çıxarmışdır.
Bir daha fərəhlə qeyd etmək istəyirəm ki, azadlıq və suverenliyimizin böyük cəfakeşinin - ulu öndərin diqqət və qayğısı ilə formalaşıb müasirləşən milli ədliyyəmiz cəmiyyətdə nüfuz və mövqeyini durmadan möhkəmləndirməkdədir.
Əliəjdər ƏLƏKBƏROV,
Cəlilabad Rayon Məhkəməsinin
sədri
Xalq qəzeti.- 2012.- 9 may.- S. 9.