Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş qanunlar xalqın maraqlarına xidmət edir

 

Müstəqilliyin ilk illərində Azərbaycan Respublikasında iqtisadi münasibətlər Azərbaycan SSR-nin qanunvericilik aktları ilə tənzim olunurdu. Ölkədə qanun yaradıcılığı sahəsində demək olar ki, heç bir addım atılmamışdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyi bərqərar etmək, mərkəzləşdirilmiş hakimiyyəti yaratmaqla yanaşı, həm də respublikanın qanunvericilik bazasının yaradılması istiqamətində əsaslı tədbirlər həyata keçirməyə başladı.

 

Hər bir qanunun hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə yaradılmış Konstitusiya Komissiyası Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırladı və 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Azərbaycanın zəngin dövlətçilik ənənələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan milli Konstitusiyamız müstəqil dövlətimizin möhkəm hüquqi təməlini qoymuş, onun gələcək inkişaf yollarını müəyyənləşdirmişdir.

Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan olunmuşdur. Ali Qanunda mülkiyyətin təsnifatı dövlət, xüsusi və bələdiyyə mülkiyyəti kimi təsbit olunması bazar iqtisadiyyatının və azad sahibkarlığın inkişafına münbit şərait yaratmışdır.

Azərbaycan Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı müddəaların reallaşdırılması məqsədilə ictimai-siyasi həyatın bütün sahələrində qanun və qanunqüvvəli aktlar qəbul edilmişdir. Hər bir qanunda ilk növbədə Azərbaycan vətəndaşlarının maraqları üstün tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin VIII hissəsinə əsasən, dövlət işsizliyin aradan qaldırılması məqsədilə bütün imkanlardan istifadə edir. Belə bir müddəanın Konstitusiyada təsbit olnuması onu göstərir ki, dövlət işsizliyin aradan qaldırılması kimi öhdəliyi öz üzərinə götürmüşdür. Xatırladaq ki, Prezident İlham Əliyev 12 oktyabr 2003-cü ildə ziyalılarla görüşündə "Bütün bu müsbət uğurlardan danışarkən, yaddan çıxarmamalıyıq ki, işsizliyin səviyyəsi kifayət qədər yüksəkdir. Yoxsulluq mövcuddur. Digər sosial məsələlər hələ ki, tam həcmdə öz həllini tapmayıb. Amma buna baxmayaraq, tərəqqi də müşahidə olunur" qeyd etməklə dövlətin işsizliyin aradan qaldırılmasında olduqca maraqlı olduğunu bəyan etmişdir.

Ölkə iqtisadiyyatının digər sahələri kimi aqrar sektor da ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlardan kənarda qalmadı. 80-cı illərin sonlarında keçmiş SSRİ-də ərzaq məhsullarının artım tempində müəyyən çətinliklər vardı. Buna görə də yeni iqtisadi münasibətlərə keçid mütləq radikal islahatlar tələb edirdi. 1994-cü il sentyabr ayının 22-də kənd təsərrüfatı işlərinə həsr olunmuş müşavirədə çıxış edən ümummilli liderimiz Heydər Əliyev qeyd etmişdir ki, "kənd təsərrüfatı sahəsində gələcək inkişafımız yalnız və yalnız iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. Gecikmək olmaz. Bu mənim üçün əsas prinsipdir. Mən bu prinsipdən geri çəkilməyəcəyəm. Kim müqavimət göstərmək, yaxud mühafizəkarlıq etmək istəyirsə, biz onlara yol verməyəcəyik".

90-cı illərin ortalarında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar ölkənin mövcud aqrar sektorunda əməli dəyişiklikləri nəzərdə tuturdu. 1995-ci ildə "Kolxoz və sovxozların islahatı haqqında" və "Aqrar islahatın əsasları haqqında", "Torpaq islahatı haqqında" qanunların qəbul edilməsi nəticəsində 2007-ci ilin statistikasına görə, 1995-ci ildə mövcud olan 1807 kolxozsovxozun bazasında 4847 özəl təsərrüfat, 756 dövlət müəssisəsi, 3721 kommersiya təşkilatı yaradılmışdır. Aqrar sahədə qəbul olunmuş normativ-hüquqi aktların bir çoxu ölkənin aqrar sektorunda iqtisadi islahatların keçirilməsinə, bazar aqrar iqtisadiyyatın yaradılmasına öz müsbət təsirini göstərmişdir.

Bununla da ölkənin aqrar bölməsində iqtisadiyyatın formalaşması üçün qanunvericilik bazasının əsası qoyulmuşdur. Torpaq üzərində mülkiyyətin bütün formalarının hüquq bərabərliyi əsasında aqrar iqtisadiyyatının yaradılması yolunda ilkin addımlar atılmışdır.

Aqrar münasibətlərin möhkəmlənməsində "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı mühüm rol oynamışdır. Bu Proqram əsasən, Azərbaycan Respublikasında regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə etməklə kənd təsərrüatı məhsulları istehsalının artırmaq, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaq məqsədini güdür.

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı"nda 2004-2008-ci illərdə ayrı-ayrı rayonlarda iqtisadiyyatın inkişafını sürətləndirən amillər, bununla bağlı dövlət siyasətinin və dövlət dəstəyinin əsas istiqamətləri müəyyən edilmişdir. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasının rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaqdır.

2008-ci ilin fevralın 11-də də regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının dördillik yekunlarına həsr olunmuş konfransda "Mən hesab edirəm ki, proqramın başa çatmasından sonra biz bununla kifayətlənməməliyik. Həm hökümətə, həm də yerli icra orqanlarına artıq müvafiq göstərişlər verilibdir ki, növbəti 5 illik proqram hazırlansın və təqdim olunsun. Mən artıq bu barədə bir neçə dəfə demişəm, o proqramda bütün məsələlər öz həllini tapmalıdır, hər bir kəndin məsələsi öz həllini tapmalıdır. Elə etməliyik ki, Azərbaycan xalqını narahat edən bütün məsələlər 2009-2013-cü illərdə öz həllini tapsın" deyən Azərbaycan Prezidenti İlham Əliyev bir daha təsdiq etdi ki, ölkənin aqrar sektor iqtsiadiyyatın ən vacib sahələrindən biridir.

Xüsusilə qeyd etmək lazımdır ki, məhz 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyada əsas yeri insan və vətəndaş hüquq və azadlıqları tutur, məhz bu hüquq və azadlıqlara "azad sahibkarlıq hüququ" da daxildir. Belə ki, Konstitusiyanın 59-cu maddəsinə əsasən "hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilmiş digər itisadi fəaliyyət növü ilə məşğul ola bilər".

Bu hüququ realizə etmək, həyata keçirmək üçün isə sahibkarlıq sahəsində müvafiq qanunlar qəbul edildi. Sahibkarlıq fəaliyyəti sahəsində əsas qanun "Sahibkarlıq fəaliyyəti haqqında" 15 dekabr 1992-ci il tarixli Qanundur. Düzdür, bu qanun Konstitusiyadan əvvəl qəbul olunsa da, ona edilmiş əlavə və dəyişikliklər nəticəsində bu günkü tələblərə cavab verdiyi qənaətinə gəlmək olar. Halbuki 1992-ci ildə Azərbaycanda hökm sürən tənəzzül, sahibkarlıq mühitinin olmaması bu qanunun tətbiq edilməsini məhdudlaşdırırdı. Məhz Konstitusiyanın qəbulundan dərhal sonra adı çəkilən qanuna əlavə və dəyişikliklər edildi, günə qədər edilən əlavə və dəyişikliklərin sayı 16-ya çatmışdır. Müstəqilliyimizin ilkin vaxtlarında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi bir qədər çətin idi. Buna əsas səbəb kimi sovetlər dövrünə məxsus köhnə sterotipləri, bürokratik əngəlləri, süni maneələri, əsassız müdaxilələrin mövcudluğunu göstərəmək olar. Xatırladım ki, sovetlər dönəmində sahibkarlıq fəaliyyətinin yalnız dövlət həyata keçirirdi. Yəni, o vaxt ölkə iqtisadiyyatı inzibati amirlik metodları ilə tənzimənirdi və sahibkarlıq fəaliyyəti sahəsində dövlət yeganə inhisarçı idi, istehsal vasitələri üzərində nəzarəti də o həyata keçirirdi. Belə şəraitdə dövlət sahibkarlıq fəaliyyətinin onun adından həyata keçirilməsini bir tərəfdən müəyyən şəxslərə həvalə edir, digər tərəfdən mühafizə orqanlarına bu şəxslərə verilən səlahiyyətləri məhdudlaşdıran müvafiq səlahiyyətlər verirdi. Müstəqillik qazandıqdan sonra da bəzi dövlət orqanları sovet dönəmindən onlara verilmiş səlahyyətlərdən istifadə edərək sahbkarlığın normal inkişafına suni maneələr yaradır, onların fəaliyyətinə müdaxilələr edirdilər. Məhz belə halların qarşısını almaq, normal sahibkarlığın inkişaf etdirilməsi məqsədilə ulu öndər Heydər Əliyev bir sıra fərman və sərəncamlar imzaladı ki, bununla da sahibkarlığın inkişafına yaradılan süni mənaelər aradan qaldırıldı. Bu sahədə hüquq-mühafizə orqanlarının rəhbərlərinə müvafiq göstərişlər verildi. Belə ki, "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni manelərin aradan qaldırılması haqqında" ölkə Prezidentinin 7 yanvar 1999-cü il tarixli fərmanının 3 bəndinə müvafiq olaraq, hüquq-mühafizə orqanlarının rəhbərlərindən sahibkarlıq sahəsində adamları üçün süni maneələrin yaradılmasına son qoyulması, yerlixarici adamlarının iqtisadi fəaliyyəti ilə bağlı əsassız cinayət işlərinin başlanması hallarına yol verilməməsi tələb edilmişdir.

"Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 28 sentyabr 2002-ci il tarixli fərmanın 1-ci bəndində müvafiq olaraq, DİN-in İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsi ləğv edilmişonun səlahiyyətləri Vergilər Nazirliyinə həvalə olunmuşdur. Halbuki, MDB-yə daxil olan heç bir dövlətdə belə qəti siyasi qərarlara rast gəlinmir Qonşu Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyətinə həm Vergilər Nazirliyi, həm də DİN-in müvafiq qurumları nəzarəti həyata keçirir. Bütün bunlar bir daha onu göstərir ki, sahibkarlığın inkişaf etdirilməsi dövlətin ali məqsədinə xidmət edir. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" deyən ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan iqtisadiyyatının əsas tərkib hissəsi olan sahibkarlığın inkişaf etdirilməsi məqsədilə bürokratik əngəllərin aradan qaldırılması, əsassız yoxlamaların, süni müdaxilələrin qarşısının alınması, o cümlədən respublikamızda kiçikorta sahibkarlığa dövlət dəstəyinin göstərilməsi sahəsində mühüm addımlar atıldı, sahibkarlıq haqqında qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə müvafiq normativ hüquqi aktlar qəbul edildi.

1994-cü il sentyabr ayının 20-də Azərbaycan Respublikası ilə dünyanın ən böyük neft şirkətləri arasında XX əsrin məşhur neft müqaviləsi-"Əsrin müqaviləsi" imzalandı.

"Əsrin müqaviləsi" kimi tarixə düşən məşhur neft müqaviləsinin də müvəffəqiyyətlə bağlanılması xarici investorların ölkədə hökm sürən ictimai-siyasi sabitliyə inamının nəticəsidir. Bu, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən, strateji əhəmiyyət kəsb edən məqsədyönlü siyasətinin bəhrəsi idi. Ulu öndərimiz Heydər Əliyev imzalanmış müqavilənin əhəmiyyəti haqqında danışarkən vurğulamışdır ki, "bu müqavilənin imzalanması Azərbaycanın müstəqil dövlət olaraq sərvətlərinə tam sahib durmasının, Azərbaycan iqtisadiyyatının beynəlxalq iqtisadi duruma inteqrasiyasının hüquqi təsdiqi oldu".

Bu kursu yüksək işgüzarlıqla davam etdirən ölkə başçısı cənab İlham Əliyev "Azərbaycan dövləti, sahibkarlığa hərtərəfli kömək edəcək. Sahibkarlığın və özəl sektorun dəstəklənməsi Azərbaycan dövlətinin iqtisadi siyasətinin aparıcı istiqamətidir" tezisini irəli sürmüşdür. Son illər ölkədə biznes mühiti xeyli sağlamlaşdırılmış, sahibkarlara dövlət tərəfindən maliyyə köməyi artırılmış, bir sıra infrastruktur layihələr həyata keçirilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev nitqlərinin birində bu barədə demişdir: "Dövlət öz üzərinə düşən bütün vəzifələri icra edir, sahibkarlara siyasi dəstək verir, onları müdafiə edir". Azərbaycan rəhbərinin göstərişi ilə hər il sahibkarlara güzəştli şərtlərlə böyük məbləğdə kreditlər ayrılır və bu məbləğ ilbəil artırılır.

Aparılan islahatların nəticəsidir ki, son 5 ildə Azərbaycanın iqtisadiyyatı çox sürətlə inkişaf etmiş, ümumdaxili məhsul istehsalının artımına görə ölkəmiz dünya dövlətləri arasında liderliyini qoruyub saxlamışdır. Büdcə xərcləri 5 il ərzində təqribən 10 dəfə artaraq 15 milyard dollardan artıq olmuşdur. İqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq fəaliyyəti genişlənmiş, ümumi daxili məhsulun həcmi özəl sektorda 85 faiz təşkil etmişdir. Bu rəqəm MDB məkanında ən yüksək göstəricidir.

 

 

Rəşad MƏMMƏDOV,

Daxili İşlər Nazirliyi Polis

Akademiyasının "Mülki hüquq

" kafedrasının baş müəllimi,

mayor

 

Xalq qəzeti.- 2012.- 9 may.- S. 9.