Həyatının mənasını Vətənə xidmətdə görən ümummilli lider

 

Hər bir xalqın milli mənəvi irsini, əxlaqi dəyərlərini, genetik yaddaşını gələcək nəsillərə ötürmək missiyası kimi çətin və məsuliyyətli vəzifənin gerçəkləşməsində fenomenal şəxsiyyətlərin rolu əvəzsizdir. Tarix belə şəxsiyyətləri "millət atası" kimi həmişə uca tutur. Ümumilli lider Heydər Əliyev bu baxımdan xalqımız üçün bənzərsiz və ölməzdir. Xalq bu dahi insanın "Nə qədər ki Azərbaycan var, mən də varam, mən isə Azərbaycanda əbədi olacağam" inamına əbədiyaşar vəkalət vermişdir.

 

Onun həyat tarixçəsini, dövlət başçısı kimi 34 illik fəaliyyət dövrünü vərəqləsək, xalqına misilsiz xidmətin parlaq nümunələri gözlərimiz önündə canlanar. "Hələ orta məktəbdə Əbdülhəq Hamidi, Rəşad Nurini və başqa türk yazıçılarını sevə-sevə oxuyaraq, əsarətdə qalan xalqının taleyini düşünən gənc Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində işləyərkən türk yazıçılarının komitənin anbarında "saxlanılan" əsərlərini gecə otağına çəkilərək səhərə qədər mütaliə edir, xalqının azadlıq dünyası haqqında düşünürdü. Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışarkən rejimin antitürk siyasətinin mahiyyətini daha yaxından müşahidə edən xalqın böyük oğlu Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikanın həyatında ictimai-siyasi və iqtisadi dönüşün, onun müstəqilliyə hesablanan yolunun başlanğıcını qoydu. Təfəkkürü və qətiyyəti, respublikada və beynəlxalq aləmdə cərəyan edən sosial-iqtisadi və siyasi prosesləri analiz etmək bacarığı sayəsində milli inkişafın yeni strategiyasını formalaşdırdı. "Bütöv imperiya" siyasətinə qarşı açıq mövqe nümayiş etdirməyin qeyri-mümkünlüyünü dərk edərək, canından əziz tutduğu millətinin azadlıq hisslərinin oyadılması kimi məxfi arzulardan güc alan siyasət dövrü, məzmunu azərbaycançılıq olan siyasətin ən incə parametrlərinin bünövrəsi məhz həmin dövrdən başlandı.

Qeyri-adi qətiyyətə malik Heydər Əliyev SSRİ-də, eləcə də Azərbaycanda hökm sürən kosmopolit idarəetmə təfəkkürünə etiraz olaraq Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 5 avqust 1969-cu il tarixli plenumunda iqtisadiyyatda, idarəetmədə neqativ halların mövcudluğunu, onların aradan qaldırılması yollarına dair proqramını bəyan etdi. MK-ya 13 illik rəhbərliyi dövründə çox böyük işlər gördü. 250-dən artıq sənaye obyekti istifadəyə verildi. Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesi və s. sahələrdə respublika ittifaqda yüksək yerlər fəth etdi. Dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac edən Azərbaycanda milli gəlirin ümumi həcmi 2.5, sənaye istehsalı 3, kənd təsərüfatı istehsalı 2.6, əmək məhsuldarlığı 2.2 dəfə yüksəldi. Bu illərdə istehsal olunan sənaye məhsulu əvvəlki 50 ildəkinə bərabər idi. İqtisadi yüksəliş sayəsində xalqın sosial rifahının yaxşılaşdırılmasına zəmin yarandı. Yeni tibb, təhsil müəssisələri və s. istifadəyə verildi. Ali məktəblərin sayı 12-dən 17-yə çatdırıldı. SSRİ-nin 50-dən artıq böyük şəhərində 170-dən çox ali təhsil müəssisəsində 80-ə qədər nadir ixtisas üzrə on beş min azərbaycanlı mütəxəssis yetişdirildi. Əldə edilən iqtisadi uğurlar, hazırlanan yüksək ixtisaslı kadrlar respublikanın tərəqqisinin yeni mərhələsi olaraq, milli oyanış, azadlıq uğrunda mübarizə və gələcək müstəqillik dövrü üçün zəmin və yeni nəfəs idi.

Mədəniyyət adamlarının sərbəst düşüncələrinin rejimin tələblərinə uyğunlaşdırılmasının vacibliyi tələb edilməklə yanaşı, ədəbiyyat və incəsənət nümunələrinin sətraltı qatlarında milli-mənəvi səfərbərliyi təmin edən dəyərlər də təlqin edilirdi. Xalqın milli duyğularına təsir gücünü artırmaq məqsədi ilə həyata keçirilən tədbirlər, "İstintaq davam edir", "Babək", "Nəsimi" kimi filmlər, Bəxtiyar Vahabzadə, Xəlil Rza və başqa təəsübkeş yazıçıların əsərləri, repressiya qurbanlarına, Hüseyn Cavidə, Mikayıl Müşviqə və digərlərinə ucaldılan abidələr və s. xalqı soy-kökünə qayıdışa, birliyə və mücadiləyə hazırlayan Heydər Əliyev məktəbi idi. 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Respublika Konstitusiyasında statusunun təsbiti "Mən fəxr edirəm ki, azərbaycanlıyam" söyləyən ulu öndərin hələ o zaman ürəyində bəslədiyi böyük məqsədlərin ifadəsi idi.

Azərbaycanın nəinki bu günü, onun sabahı da Heydər Əliyevin hakimiyyətinin birinci dövründə təməli qoyulan bazaya söykənir. XX əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində milli azadlıq hərəkatını doğuran əzəmətli yol da məhz onun tərəfindən salınmışdı. Milli oyanışın mayasında duran, xalq çağırışına səs verən ziyalı təbəqəsinin, meydan və tribunalarda azadlıq səsini ucaldan, Vətən naminə şəhidlik zirvəsinə yüksələn insanların da əksəriyyəti Heydər Əliyev dövrünün yetişdirmələridir.

"Artıq bütün SSRİ-də sənə ehtiyac duyulur. Azərbaycan daha sənin üçün kiçikdir" söyləyərək onu Moskvaya dəvət edən Sovet rəhbərliyinin təyinatı ilə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkildikdən sonra da bir an belə xalqından ayrı düşməyən Heydər Əliyev yenə də Vətənini düşünürdü.

Sovet iqtisadiyyatının tənəzzülünün gücləndiyi, xammal mənbəyi kimi istifadə olunan Azərbaycanın dərin böhran içərisində olduğu, xaricdəki himayədarlarına arxalanaraq respublikanın ərazi bütövlüyünə əl uzadan Ermənistanın işğalçılıq cəhdlərinin artdığı, Qərbin sosioloji-tədqiqat institutlarının XX əsrin 90-cı illərin sonuna qədər Sovet imperiyasının iflasının qaçılmazlığı barədəki proqnozlarının səsləndiyi bir dövrdə ümummilli lider Vətən qarşısında duran mühüm vəzifələri sərfnəzər edirdi.

SSRİ-də və dünyada baş verən iqtisadi və siyasi keyfiyyət dəyişmələrini, onların perspektivlərini uzaqgörənliklə dəyərləndirən türk dünyasının böyük oğlu, hələ 1986-cı ildə sovet siyasi sisteminin tədricən qürub edəcəyini, imperiyada yaşayan millətlərin, o cümlədən doğma xalqının azadlıga çıxacağı günün çox uzaqda olmadığını sezərək deyirdi: "O zaman hiss edirdim ki, dünyada böyük dəyişikliklər baş verir və bunu alqışlayırdım".

Beynəlxalq siyasi-iqtisadi prosesləri təhlil edən, öz xalqının və türk dünyasının XXI əsrdəki yerini uzaqgörənliklə görən ümummilli lider milli maraqların müdafiəsinə qalxmaqla millətinə sadiqlik, türk dünyasına təəsübkeşlik nümayış etdirirdi. İmperiya rəhbərliyinin hücumlardan çəkinməyərək, hələ 1986-cı ildə M.Qorbaçovun Qazaxstandakı kadr siyasətini mərdliklə tənqid edərək birbaşa onun üzünə deyirdi: "...Bunu etmək olmaz. Qazaxstan böyük bir respublikadır... Bundan əvvəl də bu respublikaya rəhbərlik edənlər qazaxlar olublar. Amma indi Qazaxstana başqa millətdən olan bir adamı rəhbər göndərmək dogru deyil". İdarəçilik bacarığı nəzərə alınaraq ittifaq rəhbərliyinin bəzi üzvləri tərəfindən dövlət başçılığına layiq şəxs kimi dəyərləndirilməsinə qısqanclıqla yanaşan M.S.Qorbaçov onun simasında antiazərbaycan siyasətinə qarşı ciddi "maneə" görürdü. Bu səbəbdən Heydər Əliyevə təzyiqlər başlandı. 1985-ci ildə otuz illik ömür-gün yoldaşı Zərifə xanımın vəfatı ilə aldığı tale zərbəsindən sonra rejimin növbəti zərbələrinə məruz qaldı. 1987-ci ildə tutduğu vəzifələrdən uzaqlaşdırıldı. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmiş, iki xarici dili mükəmməl bilən, İngiltərə üzrə mütəxəssis oğlu İlham Əliyev bu ölkəyə getmək istəyindən məhrum edildi. Respublikada məsul vəzifələrə yüksəldilmiş, milli maraqları düşünmək qeyrətindən məhrum "şər bədxahlar"dan istifadə edərək, "antiəliyevçi" kompaniyaya start verildi. Kütləvi informasiya vasitələrində böhtan dolu çikrin təbliğat təşkil olundu. Azərbaycana rəhbərlik etdiyi dövrün sənədləri SSRİ prokurorluğunun erməni milliyyətli hüquqşünaslarının rəhbərliyi ilə qərəzli məqsədlər üçün təhqiq edilsə də, onu ləkələmək üçün bir fakt belə tapılmadı. Möhkəm əsəbləri və güclü xarakteri sayəsində bütün bu təzyiqlərə dözən Heydər Əliyev xalqı üçün yaşadı. Təzyiqlərin əsas məqsədi M.S.Qorbaçovun antiazərbaycan siyasətinə qarşı sinə gərə biləcək fenomen şəxsiyyəti sıradan çıxarmaq, xalqı "başsız" qoymaq idi. Təsadüfi deyil ki, M.S.Qorboçovun məsləhətçisi Aqanbekyanın Fransanın "Humanite" qəzetinə "Dağlıq Qarabağdakı ermənilərin əzab çəkməsi və vilayətin Ermənistana verilməsi barədə şəxsən M.S.Qorbaçova məlumat verdiyi, Qorbaçovun məsələni ermənilərin xeyrinə həll edəcəyəinə söz verməsi" haqqında məlumat məhz Heydər Əliyevin vəzifədən uzaqlaşdırılmasından sonra ortaya atıldı. XX əsrin 80-ci illərinin ikinci yarısından etibarən "türksüz Ermənistan" və Dağlıq Qarabağin ilhaqı siyasəti leqallaşdı.

Respublika rəhbərliyi isə illüziyalarla yaşayır, hadisələrin səbəbiniH.Əliyevin respublikada XX əsrin 70-ci illərindəki hakimiyyəti zamanı "ideya-siyasi tərbiyə işinin kifayət dərəcədə aparılmaması" ilə əlaqələndirməyə çalışırdı. Azərbaycanın ərazi bütövlüyünə qəsdlər, xalqın ümidgahına təziqlər beynəlxalq aləmdə iqtisadi və siyasi ziddiyyətlərin tüğyan etdiyi bir dövrdə cərəyan etməklə respublikanın vəziyyətini ağırlaşdırırdı. Belə ki, XX əsrin 80-ci illərinin ikinci yarısında beynəlxalq enerji böhranı yeni enerji mənbələri problemini ortaya çıxarmışdı. Bu cəhətdən keçmiş sovet respublikaları, o cümlədən zəngin enerji ehtiyatlarına malik Azərbaycan əlverişli geosiyasi məkan idi. Ona görə də bu respublikalara sərbəst kapital ixracı üçün maneə olan sosialist ictimai mülkiyyətinin, sovet siyasi sisteminin dəyişdirilməsi, bazar iqtisadiyyatının tətbiqi, respublikaların müstəqillik əldə etməsi dünyanın nəhəng dövlətlərinin də iqtisadi və siyasi marağına uyğun idi. Məhz belə bir dövrdə azərbaycanlıları tarixən yaşadıqları ərazilərdən didərgin salmaq, Dağlıq Qarabağın ilhaqına nail olmaq, Şərqi Anadolunu ələ keçirmək, Aralıq dənizi sahilinə koridor açmaq kimi üç tərkib hissədən ibarət olan təcavüzkar erməni siyasəti işə düşmüşdü. Erməni cinayətlərindən və respublika rəhbərliyinin zəif mövqeyindən təngə gəlmiş xalq xilası yolunu Heydər Əliyevin hakimiyyətə gətirilməsində görürdü. Bu mövqe həm Moskva, həm yerli kommunist nomenklaturası, həm də bəzi müxalifət qüvvələri tərəfindən qısqanclıqla qarşılanırdı. Vəzifədən uzaqlaşdırıldıqdan sonra "siyasi fəaliyyətlə məşğul olmayacağını" düşünən, ancaq ürəyi hər an xalqı ilə döyünən Heydər Əliyev isə sağlamlığı üçün təhlükəli bir şəraitdə, xalqının taleyinə biganə qalmır, fikirlərini ölkə rəhbərliyi ilə müzakirə etməyə çalışırdı. M.S.Qorbaçov isə onu qəbul etmək istəmir, Azərbaycana qarşı irtica hazırlayırdı. Məhz, onun göstərişi ilə 1986-cı ildə qazax, 1989-cu ildə gürcü xalqlarına qarşı törədilən azğın siyasət 1990-cı ilin 20 yanvarında Azərbaycanda da tətbiq edildi.

1990-cı il yanvarın 19-da M.S.Qorbaçovla apardığı kəskin telefon danışığından sonra bütün gecəni yata bilməyən Heydər Əliyev xalqı fəlakətə düçar olanda kənarda qala bilməyəcəyini qət etdi. Yanvarın 21-də ümummilli lider siyasi cəhətdən məhdudiyyətlərə məruz qaldığı bir dövrdə respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, burada 6 minə yaxın həmvətəninin iştirakı ilə təşkil olunmuş mitinqdə çıxış etdi. Mitinqə Kommunist Partiyasından çıxmaq niyyəti ilə gələn böyük rəhbər, xalqına bir kömək etmək məqsədi ilə "bu addımı atmağın hələ tez olduğunu düşündü. Mətbuat konfransında çıxış edərək törədilmiş cinayətə münasibətini bildirdi. Xalqının dar ayağında Vətənə qayıtmasına həm Moskvada, həm də Azərbaycanda ciddi maneələr törədildiyi, "Sizin gəlişinizlə qarışıqlıqlar baş verə bilər" söylənildiyi, Bakıya yola düşməmişdən bir qədər əvvəl telefonla danışdığı və hava limanında onu qarşılayacaq tərəfdarlarından biri - Əjdər Xanbabayevin qətlə yetirildiyi təhlükəli zamanda, 20 iyul 1990-cı ildə ümummilli lider Bakıya qayıtdı. İqtidarın və müxalifətin bəzi üzvlərinin Bakı Hava Limanında onun əleyhinə planlaşdırdığı riyakar piket planı "Əliyevsevərlərin" prinsipial, təzyiqlərə məhəl qoymayan tədbirləri sayəsində kölgədə qaldı. İqtidarın Heydər Əliyev tərəfindən "boya-başa çatdırılan" nankor nümayəndələri isə "14 il Bakı şəhərini, Azərbaycanı qurub yaradan adamı Bakıda yaşamağa qoymadılar". Xalqın xilaskarı doğulduğu Naxçıvana, özünün dediyi kimi, "taleyin ümidinə buraxılmış tənha adaya sürgün edildi". 80 mindən artıq Naxçıvanlının, eləcə də respublikanın müxtəlif yerlərindən görüşünə gələn qədirbilən insanların iştirak etdiyi mitinqdə çıxış edən lider müstəqillik uğrunda mübarizədə xalqı ilə axıra qədər bir yerdə olacağını bəyan etdi. Vətənə qayıdış müstəqillik və demokratiya uğrunda ümumxalq mübarizəsinin yeni dövrünün başlanğıcını qoydu.

Azərbaycanı təcavüzkar erməni müdaxiləsindən xilas etmək, müstəqillik uğrunda yüksələn kortəbii xalq hərəkatını təşkilatlandırılmış məcraya yönəltmək, xalqın səsinə söykənmək yolunu tutan liderin Naxçıvan əhalisi tərəfindən Heydər Əliyevin xalq deputatlığına namizədliyinin irəli sürülməsi demokratiya uğrunda mübarizədə bütün Azərbaycan xalqı üçün nümunəyə çevrildi. Azərbaycanın milli dövlət kimi inkişafı naminə birlik və yekdilliyə önəm verən Heydər Əliyev Ali Sovetə deputat seçildikdən sonra çıxışları ilə Moskvanın "Yeni İttifaq layihəsi"nin antimilli mahiyyətini, imperiya ambisiyalarını ifşa etdi. Moskvanın iradəsinə uyğun olaraq SSRİ-nin saxlanmasına "hə" deyən iqtidarın referendum haqqında 9 fevral 1991-ci il tarixli qərarı Heydər Əliyevin qətiyyəti sayəsində Muxtar Respublikanın Ali Məclisinin 14 mart 1991-ci il tarixli iclasında rədd edildi.

26 avqust 1991-ci ildə Muxtar Respublikada kommunist rejimi ləğv edildi. Bir gün sonra isə xalqın tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası çağırıldı. Sessiya 30 avqust 1991-ci il tarixdə Azərbaycanın dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul etdi. Sessiyada çıxış edərək qiyamçıları, ən başlıcası, onların Azərbaycandakı əlaltılarını ittiham edən Heydər Əliyev qəti mövqe nümayiş etdirdi. Axşam qardaşının evində gecələyən xalq xilaskarına qəsd hazırlanması, hətta evə atəş açılması ehtimalı barədə məlumat çatdırıldı. Səhər saat beşdə qardaşı ilə aeroporta yollanan lider Naxçıvana qayıtdı. Naxçıvanda isə mitinqlər kəskin xarakter alırdı. 60 mindən artıq insan Heydər Əliyevi Muxtar Respublika Ali Məclisinin sədri seçilməsini tələb edirdi. Hakimiyyət arzusunda olmadığını israrla bildirsə də erməni təcavüzünün genişləndiyi bir dövrdə xalqın səsinə biganə qala bilmədi. 1991-ci il 3 sentyabrda Ali Məclisin sədri seçildi. Onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilməsi respublikanın bütün əhalisinin siyasi aktivliyinin yüksəlməsinə təkan verdi. Ümummilli liderin Naxçıvan Muxtar Respublikasına rəhbərliyi dövrünldə nümayiş etdirdiyi dövlət quruculuğu təcrübəsi, dünyanın nadir dövlət xadimlərinə xas olan keyfiyyətləri onun nüfuz dairəsini daha da genişləndirdi. Azərbaycanı ən dərin böhran vəziyyətindən xalqa arxalanaraq çıxarmağın, regionda maraqları toqquşan dövlətləri bir araya gətirməyin mümkünlüyünü sübut edən böyük rəhbər beynəlxalq aləmdə "dünya siyasətinin patriarxı" kimi ad qazandı. Təsadüfi deyildi ki, ABŞ-ın sabiq prezident B.Klinton onun əzəmətini ifadə edərək söyləyirdi: "O nəinki Azərbaycanı və Amerikanı, bütün dünyanı idarə edə bilər...".

Müstəqilliyin təhlükə qarşısında olduğu tarixi məqamda ümummilli lider "tənha ada" adlandırdığı Naxçıvan Muxtar Respublikasında milli və beynəlxalq strateji maraqları uzlaşdıran siyasət kursunun təməlini qoymaqla, milli maraqların gələcəyinə hesablanmış xarici siyasət proqramı hazırladı. 1991-ci ildekabrın 27-də ABŞ-ın Moskvadakı səfirliyinin nümayəndələri Ense G.Breyter və Orbi A.Karlsonun, 1992-ci ilin aprelində ABŞ-ın Azərbaycanda ilk səfiri Robert Finin, iyulda yeni səfir Riçard Maylsın son 70 ildə ilk ABŞ diplomatları kimi Naxçıvana, Heydər Əliyevin görüşünə gəlişi Heydər Əliyevin nüfuzuna, ictimai-siyasi sabitliyin yaradılmasına yeganə ümüd bəslənilən şəxsiyyətinə beynəlxalq ehtiramın ifadəsi idi. Həmin dövrdə Heydər Əliyevin atdığı bir çox cəsarətli addımlar Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin nizamlanmasına xidmət edirdi.

Kommunist nomenklaturası hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra da hakimiyyətdaxili çəkişmələr səngimirdi. Vətəndaş müharibəsi həddinə çatdırılan respublikanın nəinki maraqları müdafiə olunur, əksinə, ölkənin ərazi bütövlüyü düşmən tərəfindən pozulmaqda davam edir, torpaqlar işğal olunurdu.

Şəxsiyyətinə qarant kimi baxan xalqın tələbi ilə Heydər Əliyevin respublikada hakimiyyətə qayıdışı Vətənin xilasına yönələn praqmatik daxili və xarici siyasət kursuna meydan açdı. Respublikanın azad rəqabətə əsaslanan iqtisadiyyatının yaradılması sahəsində nailiyyətlərə imza atıldı. Xarici siyasətdə "Aktiv tarazlaşdırma" mərhələsi başlandı. MDB-yə daxil olmaqla ABŞ, İngiltərə, Fransa və regionda enerji maraqları olan digər dövlətlərə ilk diplomatik "təzyiq" addımı atıldı. Avropanın enerji təhlükəsizliyi üçün perspektiv imkanlara malik Azərbaycanın haqlı səsinin beynəlxalq miqyasda eşidilməsi təmin olundu.

12 may 1994-cü il tarixli Ermənistan-Azərbaycan atəşkəs razılığı məhz, yeridilən bu siyasətin bəhrəsi idi. Cəbhədə atəşkəs elan olunması ilə ölkəmiz tənəffüsə nail oldu. Dünya iqtisadiyyatına inteqrasiya, nəhəng beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq üçün vacib şərt olan daxili ictimai-siyasi sabitlik təmin edildi. Neft yataqlarına sərmayə qoymaq niyyətində olan şirkətlər Heydər Əliyev siyasətinin işığına toplanaraq 20 sentyabr 1994-cü il tarixli "Əsrin müqaviləsi"nə imza atdılar. Beləliklə, ABŞ, İngiltərə, Türkiyə, Rusiya və dünyanın digər dövlətlərinin nəhəng neft şirkətləri müqavilədə təmsil olunmaqla, Azərbaycanın enerji mənbələrinə sərmayə qoymağa səfərbər olundular.

Uzaqgörən lider neft strategiyasının Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında həlledici faktor deyil, vacib zəmin yaradacaq amil olduğunu bəyan etdi. Qətiyyəti sayəsində digər marşrut layihələrinə nisbətən baha başa gələn Bakı-Tibilisi-Ceyhan boru xəttinə üstünlük verdi. Çünki praqmatik düşünülən bu marşrut təkcə Azərbaycanda deyil, bütövlükdə ümumqafqaz evində iqtisadi-siyasi stabilliyin təminatı üçün perespektivlər açırdı. Xarici siyasətinin konsepsiya özülü milli müstəqilliyi və ərazi bütövlüyünü qorumaq, qarşılıqlı bərabərlik əsasında qurulan beynəlxalq münasibətləri inkişaf etdirmək, bütün dünya ölkələri ilə dostluq əlaqələri yartmaqdan və s. ibarət olan Azərbaycanın məqsədini ifadə edən Heydər Əliyev təsadüfi demirdi: "...Bizim məqsədimiz yalnız regionda sülhə və təhlükəsizliyə nail olmaq deyil, həmçinin bizim xalqı Qərb demokratiyasının dəyərləri ilə əlaqələndirmək, dünya ölkələri ilə fəal əməkdaşlıq üçün yeni şərait yaratmaqdır."

Sabitliyin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqəsini, bunsuz regionda sabitliyin mümkünsüzlüyünü bilən böyük diplomat müdafiə etdiyi marşrutun siyasi əhəmiyyətini, kəmərin gələcək təhlükəsizliyini NATO - Cənubi Qafqaz münasibətləri ilə vəhdətdə görürdü. Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanı yeni təhlükələrdən qorudu. Eyni zamanda kəmərin təhlükəsizliyi də təmin olundu. Bakı-Novorosiysk kəmərinin istifadəyə verilməsi isə Rusiya ilə münasibətlərə yeni nəfəs verməklə beynəlxalq iqtisadi maraqların tarazlaşdırılması üçün vacib addım kimi təkan verdi.

Bakı-Tbilisi-Ceyhan kəmərinin ərsəyə gəlməsi ilə uzaqgörən siyasət sayəsində Ermənistanın Naxçıvan və Türkiyə ərazisinə iddialarına, Türkiyə vilayətlərini ələ keçirərək Aralıq dənizinə koridor açmaq niyyətinə zərbə vuruldu. Neftdən əldə edilən gəlirlər şəffaf bölüşdürülərək Azərbaycanın iqtisadi və sosial inkişafına, hərbi büdcəsinin artmasına, ordunun qüdrətinin güclənməsinə zəmin yaratdı.

Milli özünüdərkə, milli və beynəlxalq maraqları uzlaşdırmaq siyasətinə əsaslanaraq dövlət idarəçiliyinin fəlsəfəsini formalaşdıran ümummilli liderin siyasət kursu sayəsində ölkəmiz bu gün 1969-1982-ci illərdə proqnozlaşdırılan müstəqillik yollarnda inamla addımlamaqdadır. Heydər Əliyevin vəhdət təşkil edən daxili və xarici siyasət kursu sayəsində Azərbaycan beynəlxalq aləmdə baş verən proseslərə təsir etmək sahəsində böyük təcrübə əldə etmiş, nüfuz sahibi olmuşdur.

Bu siyasət Avrasiya qonşuları, MDB ölkələri daxil olmaqla, həmsərhəd ölkələrlə, ənənəvi Avropa və aparıcı dünya partnyorları ilə, BMT Təhlükəsizlik Şurasının üzvləri ilə, regional təşkilatlarla, islam və türk dünyası ilə və s. istiqamətlərdə dərinləşməkdədir. Artıq dünyanın qırxa yaxın beynəlxalq və regional təşkilatının üzvü olan Azərbaycan beynəlxalq iqtisadi və siyasi proseslərə təsir edir, dünya əhəmiyyətli layihələrin iştirakçısı və ya təşəbbüsçüsüdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən proqmativ xarici siyasət kursu nəticəsində ölkəmiz Avropa və Şərq dövlətləri ilə sıx əlaqələrə nail olmuş, dünya enerji təhlükəsizliyinin əsas ocaqlarından birinə çevrilmişdir. Neft və qaz kəmərləri, dəmir yolu xətti, Böyük İpək Yolu və digər həllini tapan layihələr Qərb ilə Şərqin qovuşuğunda olan Azərbaycanın dünya kommunikasiya sistemində əhəmiyyətli yerini təmin etmişdir. İqtisadi inkişafın ağırlıq mərkəzinin Qərbdən Şərqə keçməyə meyilli olduğu bir zamanda Azərbaycan siyasi cəhətdən yerini dəyişməkdə olan güc mərkəzlərinin də perespektivlərini nəzərə alır. "Gün gələcək ki, Xəzərin nefti Sarı dənizə qədər çatdırılacaqdır" söyləyən Heydər Əliyevin xarici siyasət kursu beynəlxalq aləmdə cərəyan etməkdə olan proseslərin uzaqgörən reallığıdır. ABŞ-Çin, Rusiya-Çin və ABŞ-Rusiya münasibətləri ilə şərtlənən XXI əsrin iqtisadi və siyasi həyatında diplomatik mövqeyini zərgər dəqiqliyi ilə ölçən, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan şübhə doğurmayan böyük tarixi uğurlar ərəfəsindədir.

 

 

Oqtay SULTANOV,

tarix elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2012.- 9 may.- S. 7.