Birincilik əzmi
Bu gün əldə etdiyimiz
böyük uğurların ideya təməli hələ
ötən əsrin 90-cı illərində ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulmuşdur. Nə
yaxşı ki, estafet etibarlı əllərdədir və o
vaxt məqsəd kimi qarşıya qoyulan vəzifələr
bu gün bir-bir gerçəkliyə çevrilməkdədir.
Üstəlik, elə yeni imkanlar açılır ki,
onların da reallaşması ölkəmizin dünyada gedən
proseslərin öncül mövqelərinə
çıxması üçün şərait yaradır. Əsas
məsələ yaxın və uzaq məqsədlərin,
strateji inkişaf xəttinin elmi əsaslarla seçilməsidir.
Əsas məsələ imkanların vaxtında və
düzgün qiymətləndirilməsi, istəklərə
uyğun iradə və əzm nümayiş etdirilməsidir.
Bu sözləri İlham Əliyev hələ Prezident
olmamışdan əvvəl demişdi: "Mən istəyirəm
ki, Azərbaycanın, müstəqil dövlətimizin bayrağı
həmişə qaldırılsın. Mən istəyirəm
ki, bizim dövlət himnimiz həmişə səsləndirilsin.
Əminəm ki, həmişə də belə
olacaqdır!" Elə də oldu; həm də təkcə
idman arenalarında deyil, iqtisadiyyatda, mədəniyyətdə
və siyasətdə də bu istək reallığa
çevrildi.
Bəli,
Azərbaycanın birinciliyi özünü təkcə
yüksək iqtisadi inkişaf tempində yox, həm də beynəlxalq
siyasi arenada qazandığı böyük nüfuzun təcəssümü
kimi BMT-nin Təhlükəsizlik Şurasına üzv
seçilməsində, habelə beynəlxalq mədəni həyatın
ən mühüm hadisələrindən biri olan Avropa
Televiziya Musiqi müsabiqəsində qazandığı qələbədə
göstərdi. Bunlar ölkəmiz üçün gələcəkdə
daha böyük və dayanıqlı liderlik
missiyasının möhkəm təməllərindən xəbər
verir. Bizcə, mayın 1-dən başlayaraq Azərbaycanın
BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməsi
ulu öndər Heydər Əliyevin anadan olmasının
ildönümü münasibəti ilə onun xatirəsini yad
etməyin və ruhunu sevindirməyin ən ğözəl
vasitəsi oldu.
Keçən
il "Evrovision-2011"də əldə etdiyimiz qələbə,
indi isə bütün qabaqcıl Avropa ölkələrinin
qatılacağı tədbirin keçirilməsinə belə
möhtəşəm hazırlıq işlərinin
görülməsi ölkəmizin böyük potensial
imkanlarını bir daha nümayiş etdirir.
Bu
hadisələr ikisi də "lider ölkə"
idealına gedən yolda mühüm məqamlardır. Əvvəla,
BMT-nin üzvü olan bütün dövlətlər içərisində
sayılıb-seçilənlərdən olmaq, məhz siyasət
müstəvisində bir çox böyük dövlətləri
arxada qoyaraq beynəlxalq problemlərin həllində səs və
söz sahibi olmaq Azərbaycanın dünya siyasət
iyerarxiyasında yeni mövqeyindən xəbər verir. Əslində
ikinci hadisə də mədəniyyət və musiqi sahəsində
böyük nailiyyətlərimizin qanunauyğun nəticəsi
olmaqdan əlavə, həm də ölkəmizin yüksək
imicini və beynəlxalq miqyasda nüfuzunun nə dərəcədə
artdığını göstərir; heç kimə gizli
deyil ki, səsvermələr təkcə musiqi ifaçılarına
deyil, həm də dövlətlərə simpatiyanı ifadə
edir.
Bu məqalədə
bizim məqsədimiz diqqəti, ilk baxışda ola bilsin ki, nəzərə
çarpmayan, nisbətən dərin qatda olan fəaliyyət
istiqamətlərinə yönəltməkdir. Və bu zaman
aydın olur ki, Prezident İlham Əliyevin yeritdiyi kursda
iqtisadi inkişaf sadəcə məqsəd olmayıb, həm
də bir vasitədir: dövlət müstəqilliyinin
qorunması, Azərbaycan vətəndaşlarının rifah
halının yaxşılaşdırılması, yüksək
intellektual və mədəni-mənəvi inkişafın təmin
edilməsi, Vətənimizin "lider ölkəyə"
çevrilməsi yolunda vasitə!
Bunun
üçün isə ilk növbədə ölkəmizdə
intellektual fəaliyyətə və elmə münasibət dəyişilməli,
yeni keyfiyyət mərhələsinə qalxmalıdır. Məhz
buna görə də, Prezident İlham Əliyev diqqəti
dönə-dönə bu məsələyə yönəldir:
"Qabaqcıl ölkələrin təcrübəsinə nəzər
salsaq, görərik ki, onların tərəqqisini elm müəyyən
etmişdir. Nə təbii sərvətlər, nə də ki,
coğrafi vəziyyət deyil, məhz intellektual kapital, məhz
elmin səviyyəsi hər bir ölkəni lider ölkəyə
(kursiv bizimdir - S.X.) çevirir". Prezidentin
çıxışlarındakı məntiqi
ardıcıllıq gələcəkdə ölkəmizdə
elmin iki istiqamətdə inkişaf etdirilməsi zərurətini
nəzərdə tutur. Əvvəla, iqtisadi inkişafın ən
müasir texnologiyalara əsaslanması və bunun
üçün ölkəmizdə dəqiq və texniki elmlərin
tətbiqinə xüsusi fikir verilməsi; ikincisi isə, Azərbaycanda
iqtisadi və elmi-texniki prosesləri düzgün yönləndirmək
və siyasətdə olduğu kimi, burada da ilk növbədə
milli maraqlardan çıxış edə bilmək
üçün ictimai elmlərin prioritetliyinin təmin edilməsi.
Bu gün Azərbaycan öz milli dövlətçilik mənini qoruyub-saxlamaqda, seçdiyi siyasi kursu davam etdirməkdə israrlıdır. Heydər Əliyev deyirdi ki, "müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir". İlham Əliyev bu fikri davam etdirərək deyir: "Dünyada müstəqil sayılan ölkələr çoxdur. Ancaq əgər biz bir az dərinə baxsaq, görərik ki, onların heç də hər biri müstəqil siyasət aparmaq iqtidarında deyildir... O ölkələr dünyada özünə layiq yeri tutar ki, o ölkələr öz hesabına yaşaya bilsinlər, başqa ölkələrin yardımına onların ehtiyacı olmasın - nə siyasi, nə iqtisadi cəhətdən, nə də ölkələrin ehtiyaclarının ödənilməsi baxımından. Azərbaycan bu ölkələrdəndir." Burada biz "müstəqillik" anlayışının yeni dövrün tələblərinə uyğun surətdə yeni çalarlarla zənginləşdirildiyini görürük. Həqiqətən də dövlət müstəqilliyinin ənənəvi anlamına görə, hansı isə bir ərazidə müəyyən bir siyasi kursu və hüquq normalarını tətbiq etmək, sosial-iqtisadi həyatı müəyyən qaydalarla tənzimləmək üçün ilk növbədə sərhəd toxunulmazlığı təmin olunmalıdır.
Sərhəddi guya toxunulmaz qalan və formal müstəqilliyi olan elə ölkələr vardır ki, burada hər şey xarici investisiya, transmilli şirkətlərin sifarişi, yabançı mədəniyyətin təsir dairəsinin genişlənməsi ilə müşayiət olunur. Halbuki, əsas məsələ əlaqələrin genişlənməsinə rəğmən, milli maraqların qorunması, ölkədəki qanunlara, hüquq normalarına hamı tərəfindən əməl olunması, mədəni-mənəvi dəyərlərin, maddi və mənəvi milli sərvətlərin toxunulmazlığıdır. "Müstəqillik yalnız dövlət atributları ilə ölçülmür, müstəqillik rəmzləri ilə ölçülmür. Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun" (İlham Əliyev).
Siyasi liderin böyüklüyü də zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək, milli maraqları bu zəminə keçirmək bacarığı ilə ölçülür.
XX əsrin sonlarından başlayaraq, bütün dünyada hadisələrin inkişafı vahid iqtisadi münasibətlərin formalaşması, vahid ümumdünya bazarının yaranması istiqamətində gedir. Azərbaycan rəhbərlıyi bu obyektiv tendensiyaları vaxtında nəzərə aldığından, qlobal və milli maraqlar nəinki toqquşmur, hətta bir-birini qarşılıqlı surətdə tamamlayır. Qloballaşma şəraitində milli özünəməxsusluğun qorunub-saxlanması, habelə, milli mənəvi dəyərlərə sədaqətlə yanaşı, ümumbəşəri dəyərlərin, beynəlxalq hüquq normalarının və s. inkişaf etdirilməsi - bütün bunlar Azərbaycanın siyasi simasını, onun özünəməxsus beynəlxalq imicini formalaşdırmışdır.
Beləliklə, yeni dövrdə müstəqilliyin qorunması beynəlxalq miqyaslı obyektiv proseslərin mənimsənilməsini və milli maraqlar mövqeyindən dəyərləndirilməsini tələb edir. Bunun üçün isə, ilk növbədə bütövlükdə cəmiyyətin intellektual inkişaf səviyyəsi yüksəldilməlidir.
Prezidentimizin son vaxtlardakı çıxışlarında elmə, intellektə, insan resursuna böyük diqqət yetirir. Doğurdan da, hər bir ölkənin tərəqqisi üçün elmin rolu əvəzsizdir. Lakin hansı isə bir ölkənin lider ola bilməsi xeyli dərəcədə onun başında duran şəxsin liderlik keyfiyyətindən də asılıdır. Sükan etibarlı əllərdə olmasa, ölkənin bu və ya digər sahədəki potensialı da yetərincə reallaşdırıla bilməz.
İndiyədək siyasi liderlik də, milli liderlik də hər bir ölkənin öz çərçivəsi daxilində idi. Bəs üçüncü minilliyin ilk onilliyi nə göstərdi? Dünya hansı istiqamətdə dəyişir və yeni dövrün liderindən hansı keyfiyyətlər tələb olunur?
Qloballaşma şəraitində daxili prosesləri daha stabil edə bilmək üçün mütləq xarici proseslər də diqqətlə öyrənilməli, proqnozlaşdırılmalı, nəzərə alınmalıdır. Qloballaşma elə bir həddə gəlib çatmışdır ki, ölkənin idarə olunması təkcə daxili məsələlərin həlli ilə başa çatmır. Mənbəyi daxildən qaynaqlanmayan, qlobal səciyyə daşıyan, bütün bəşəriyyəti narahat edən proseslərin transformasiyası hər bir ölkənin taleyinə təsir göstərir. Bu səbəbdən də müasir dövrdə planetar düşüncəyə malik olan, yerli məsələləri də beynəlxalq miqyaslı dəyişikliklər kontekstində, ümumi tendensiyaları nəzərə almaqla həll edən, lokalla qlobalın, milli ilə ümumbəşərinin vəhdətindən çıxış edən liderlərə ehtiyac yaranmışdır. Söhbət yalnız hansı isə xalqın, millətin deyil, bütövlükdə bəşəriyyətin ehtiyacından gedir. Əlbəttə, bu böyük, məsuliyyətli və şərəfli missiyanı üzərinə götürə biləcək dövlət başçıları çox azdır. Hətta dövlətin böyüklüyü və iqtisadi qüdrəti də burada əsas rol oynamır.
İndi zaman başqa zamandır. Təbii resursların tükənməsi hansı isə konkret ölkələr çərçivəsində deyil, bütövlükdə dünya miqyasında problemə çevrilir. Kimdə isə bir az tez, kimdə isə bir az gec. Əsas olan odur ki, daha etibarlı və daha uzunömürlü ehtiyatların üzə çıxarılması istiqamətində işlər görülsün. Və bu məsələdə gecikmək olmaz. Qloballaşma da sadəcə transmilli şirkətlərin fəaliyyət dairəsinin genişlənməsi, iri maliyyə maqnatlarının və sindikatların asılı ölkələrin iqtisadiyyatına müdaxiləsi, planetar miqyas alan ekoloji problemlərin çözülməsi istiqamətində birgə səylər, mədəniyyətlərin transformasiyası ilə məhdudlaşmayaraq, getdikcə daha çox dərəcədə ideoloji və siyasi çalarlar kəsb edir.
İndi bəşəriyyətin taleyi planetar düşüncəli siyasi liderlərin varlığından və fəaliyyətindən daha çox asılı olmuşdur.
Lakin dünyada gedən proseslərin ümumi qanunauyğunluqlarının aşkar edilməsi, bu proseslərə fəal və məqsədyönlü müdaxilə üçün təməl yaradılması dünyanın dərki prosesindən başlayır. Yəni təkcə öz ölkəsində deyil, bütün dünya miqyasında baş verən keyfiyyət dəyişmələrinin vaxtında nəzərə alınması ancaq sosial-siyasi, ictimai-iqtisadi və mədəni-ideoloji ekstrapolyasiya sayəsində mümkündür. XX əsrdə cəmiyyətin hərəkətverici qüvvəsi elmi-texniki inqilab idisə, müasir mərhələdə fəlsəfə və sosial-siyasi elmlərin proqnozlaşdırma funksiyasının paradiqmanın əvəzlənməsi prosesində (biz bilərəkdən "inqilab" sözünü işlətmirik) iştirak dərəcəsi önəmli rol oynayacaqdır. Bu isə ictimai elmlərin yüksək dərəcədə mobilizasiyasını tələb edir. Ona görə də, yeni dövrdə siyasi liderin də ən mühüm keyfiyyətlərindən biri bütün intellektual yükü öz üzərinə götürməyərək, bütövlükdə cəmiyyətin, xalqın elmi-intellektual potensialının məqsədəuyğun surətdə yönəldilməsinə nail olmaqdır.
Hər bir xalqın bu və ya digər dərəcədə intellektual resursları vardır. Lakin onun realizasiyası elə də sadə bir məsələ deyil. Bu proses, əvvəla, çox böyük kapital qoyuluşu, uzunmüddətli ictimai təşkilatlanma işi tələb edir. Kasıb ölkələrdə maariflənmənin, təhsilin və nəhayət, elmi fəaliyyətin yüksək səviyyədə təşkili mümkün deyil. Belə ölkələrdə ən yaxşı halda beynəlxalq ictimaiyyətin dəstəyi ilə savadsızlığın ləğvi prosesi gedir. Bizim ölkə isə hələ sovet dövründə bu problemi həll etmişdir və hazırda intellektual inkişaf səviyyəsinə görə qabaqcıl ölkələrdən bir o qədər də geridə qalmır. Lakin səviyyə yüksəldikcə, yuxarıya qalxmağın çətinlikləri və məsrəfləri də artır. Ölkəmiz indi kifayət qədər yüksək maliyyə resurslarına malikdir. Gələcəyimiz bu resursların necə yönəldilməsindən asılıdır. Təsadüfi deyil ki, neft ölkələri üçün səciyyəvi olan iki fərqli situasiya: Norveç modeli və Nigeriya aqibəti simvolik məna kəsb etmişdir. Üstəlik, yeni iqtisadi modellə mədəni-mənəvi inkişaf kursunun uyğunlaşdırılması problemi ortaya çıxır.
Prezidentimiz xarici dilləri, Qərbin siyasi texnologiyalarını və Avropa mədəniyyətini yüksək dərəcədə mənimsəmiş bir şəxs olmaqla bərabər, həm də milli ruhun dövlətçilik üçün necə böyük önəm daşıdığını nəzərə alaraq, milli-mədəni dəyərlərin prioritetliyini önə çəkir. Qərblə yarışa girə bilmək, onları heç olmazsa müəyyən məsələlərdə qabaqlamaq üçün yeganə yol özümüzün üstün cəhətlərimizə istinad etməkdir. Yəni söhbət Şərq və Qərb dəyərlərinin inteqrasiyasından gedir.
Azərbaycan həm coğrafi mövqeyinə görə Şərq ilə Qərbin qovşağında yerləşir, həm də inkişaf səviyyəsinə və malik olduğu inteqrativ dəyərlər sisteminə görə bu iki fərqli sivilizasiyanın əlaqələndirilməsi və uzlaşdırılması sahəsində aparıcı rol oynayır.
Ölkəmiz, bir tərəfdən, təbii sərvətlərin, neft və qaz məhsullarının Avropaya daşınmasında tranzit bir ölkə kimi çıxış edir, digər tərəfdən də, ictimai-siyasi dəyərlərin, demokratiya və hüquqi dövlətçilik ənənələrinin, habelə elmi və texnoloji ideyaların, müasir texnika və avadanlıqların Qərbdən Şərqə transformasiyasında mühüm rol oynayır. Bir ara biz bu üstünlüyümüzü yetərincə dəyərləndirmək mövqeyi tuturduq. Yaxın keçmişdə, hələ 2005-ci ildə Hava limanı Yük terminalının açılışında Prezidentimiz belə demişdi: "Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsində fəal rol oynayıb və hesab edirəm ki, gələcəkdə tranzit ölkə kimi bizim bölgədəki və dünyadakı mövqelərimiz daha da güclənəcəkdir." 2006-cı ildə yenə də Azərbaycanın Asiya ilə Avropanı birləşdirən körpü olması fikri vurğulanır. Amma bundan cəmi iki il sonra ölkəmizin yüksək iqtisadi inkişaf tempi eyni hadisəyə bir qədər fərqli mövqedən yanaşmaq imkanı verir. Prezident İlham Əliyevin fikrinə görə, indi biz sadəcə tranzit ölkə statusunda çıxış etmək, əlaqələndirici rolunu oynamaqla kifayətlənə bilmərik. Azərbaycan indi elə bir inkişaf səviyyəsinə qalxmışdır ki, Şərq ilə Qərb arasında körpü funksiyası onu qane etmir. Çünki biz indi öz ölkəmizin timsalında bu iki sivilizasiyanın sintezindən yaranan və daha optimal, rəqabətə daha davamlı, məhz yeni dövrün ruhunu təcəssüm etdirən daha zəngin cəmiyyət quruculuğunun nümunəsini veririk. Məzmununa görə inteqrativ və sintetik olmaqla yanaşı, tolerantlığın bir çox yeni aspektlərdə də bərqərar olması ölkəmizə həm Qərb, həm də Şərq ölkələri ilə müqayisədə bir sıra üstünlüklər verir.
İndi Azərbaycan dini tolerantlıq baxımından da bütün dünya ölkələri üçün bir nümunəyə çevrilmişdir. Bunun bir səbəbi milli mentalitetlə əlaqəlidirsə, digər səbəbi dövlət başçısının qətiyyətli mövqeyi ilə bağlıdır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının II qurultayında bu məsələyə münasibətini belə bildirmişdir ki, Azərbaycanda "müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda nə milli, nə də dini zəmində heç vaxt problem olmamışdır və olmayacaqdır. Bu, bizim strateji xəttimizdir". Bu məsələ beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmiş, müxtəlif ölkələrin böyük din xadimləri ilə yanaşı, tədqiqatçılar və xarici mətbuat da birgəyaşayışın bu yüksək təzahürünə dəfələrlə öz heyranlıqlarını bildirmişlər. Lakin bu fakt əslində, daha böyük miqyaslı bir ideoloji xəttin təzahürlərindən ancaq biridir.
Prezident İlham Əliyevin dövlət başçısı kimi qətiyyətli mövqeyi və işə peşəkar münasibəti xarici siyasət sahəsində də özünü göstərir. İndi ölkəmiz həm regional, həm də qlobal proseslərin fəal subyektlərindən birinə çevrilmişdir. Bir tərəfdən, ABŞ və Avropa ölkələri ilə, digər tərəfdən də, İslam ölkələri ilə sıx əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycanın Şərq ilə Qərb arasında körpü rolunu oynamasını, mərkəzçi mövqeyini daha da möhkəmləndirir, əlaqələndiricilik missiyasını qaçılmaz edir. Azərbaycan eyni zamanda Şimalla Cənub arasında münasibətlərin mərkəzində dayanır. Həm Rusiya ilə, həm də Türkiyə və İranla iqtisadi əlaqələr getdikcə genişlənir. İndi Azərbaycan nəinki bölgənin, hətta bütün Avrasiya məkanının aparıcı dövlətlərindən birinə çevrilmişdir.
Siyasi balans naminə MDB-nin üzvü olaraq qalmaqla yanaşı, bir çox alternativ beynəlxalq qurumların da üzvü olmaq ölkəmizə öz siyasi iradəsini daha rahat ifadə etmək imkanı verir. Ölkəmiz Türk dövlətləri birliyində, İslam Konfransı Təşkilatı çərçivəsində çox fəal bir mövqe tutmaqla bu təşkilatların daha dinamik fəaliyyətinə müsbət təsir göstərir. Bir sıra Qərb ölkələrində islama qarşı formalaşmış neqativ münasibətə, islamı radikal siyasət və terrorla əlaqələndirmək cəhdlərinə baxmayaraq, Azərbaycan kimi mütərəqqi bir ölkənin İslam dünyasına yeni bir qüvvə kimi daxil olması, apardığı məqsədyönlü siyasət və nümayiş etdirdiyi yüksək tolerantlıq islam haqqında yanlış təsəvvürlərin də dəyişilməsində mühüm rol oynayır. Bu sırada Bakının "İslam mədəniyyətinin paytaxtı" qismində göstərdiyi fəallıq bir çox ölkələr üçün gözəl nümunə oldu.
Azərbaycanın beynəlxalq nüfuzunun və iqtisadi qüdrətinin artması Dağlıq Qarabağ probleminin müzakirələrində də sözümüzün daha kəsərli olmasına imkan yaradır. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipini qətiyyətlə müdafiə edir və ölkəmizin hərbi büdcəsini və ordunun maddi-texniki bazasını ildən-ilə daha da möhkəmləndirməklə bu məsələdə güzəştə getmək niyyətimizin olmadığını nümayiş etdirir.
Ruhun sağlamlığı təkcə bilik üzərində qurula bilmir. Burada inam, etiqad da eyni dərəcədə önəmlidir. Bütün bu cəhətlər ilk növbədə məktəblərdə, təhsil strategıyasında nəzərə alınmalıdır. Son dövrlərdə Azərbaycanda məktəblərə diqqətin artması da bu baxımdan qanunauyğun görünür. Hələ ötən əsrin 90-cı illərində İlham Əliyevin rəhbərliyi ilə başlamış Milli Olimpiya Komitəsi tərəfindən bütün bölgələrdə yeni idman komplekslərinin tikilməsi işi indi Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bütün bölgələrdə yeni məktəb binalarının tikilməsi, mədəni-mənəvi dəyərlərimizin qorunub-saxlanması və canlandırılması işi ilə davam etdirilir ki, bu da "sağlam bədən" üçün görülən işlərin "sağlam ruh" üçün görülən işlərlə tamamlanması deməkdir.
"Sağlam bədən" də, "sağlam ruh" da əslində insan potensialının realizasiyasına xidmət edən ilkin amillərdir. Mənəviyyat məsələsinin son vaxtlarda xüsusilə aktuallaşması və milli-mənəvi özünüdərkin, ictimai elmlərin, fəlsəfi təfəkkürün diqqət mərkəzinə çəkilməsi heç də təsadüfi deyildir. AzTV nəzdində ayrıca "Mədəniyyət" kanalının açılması və uğurlu fəaliyyəti də bu məqsədə xidmət edir.
İlham Əliyev BDU-nun yeni korpusunun açılışındakı çıxışında demişdir: "Bizim ən böyük resursumuz insanlarımızın biliyidir, savadıdır. Biz öz imkanlarımızdan səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik". BDU-nun 90 illik yubiley mərasimində İlham Əliyev məhz bu amili önə çəkdi: "Azərbaycan gəncləri milli ruhda tərbiyə olunmalıdır. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq. Ancaq öz milli dəyərlərimizi, ənənələrimizi qoruya bilmişik, saxlaya bilmişik. Öz ana dilimizi saxlaya bilmişik. Nəyin hesabına?! Ona görə ki, Azərbaycan xalqında milli ruh həmişə çox yüksək səviyyədə olmuşdur. Bu gün qloballaşan dünyada, bəlkə də buna daha da çox diqqət verilməlidir". Prezident gəncləri xəbərdar edir və onları xaricdən gələn yabançı dəyərlərin zahiri cazibəsinə uymamağa, milli varlığımızın mühafizə olunması naminə ayıq-sayıqlığa dəvət edir: "Qloballaşma təbii prosesdir və yəqin ki, bu proses müəyyən düzəlişlərlə davam edəcəkdir. Xüsusilə, belə olan halda milli dəyərlərə önəm vermək, gənc nəsli milli dəyərlər əsasında tərbiyə etmək xüsusi əhəmiyyət daşıyır. Mən çox şadam ki, Azərbaycanda milli ənənələr güclənir, möhkəmlənir və bu prosesləri daha da sürətləndirmək üçün kompleks tədbirlər görülməlidir".
Əlamətdar haldır ki, son illərdə elm, təhsil və təsərrüfat sahələrinin kompüterləşməsi, yeni kommunikasiya sistemlərinə keçid, rabitə və informasiya texnologiyalarının modernləşməsi sahəsində böyük uğurlar əldə edilmişdir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı heç də təkcə kənd təsərrüfatı məhsul.larının istehsalı və yüngül sənayenin hesabına deyil, xeyli dərəcədə müasir informasiya texnologiyalarının tətbiqi sayəsində həyata keçirilir. Bütün bunlar Azərbaycanın heç də yalnız öz təbii sərvətlərinə yönəldilmiş passiv iqtisadi siyasət aparmadığını və elm tutumlu sahələrin inkişafına üstünlük verdiyini göstərir.
Azərbaycan hökumətinin strukturundakı dəyişikliklər, xüsusən Rabitə Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə çevrilməsi, Sənaye və Energetika Nazirliyi, Hərbi Sənaye Nazirliyinin yaradılması da müvafiq sahələrdə elmin xüsusi çəkisinin artırılması zərurətindən, bu sahədə uzun müddətli planlardan xəbər verir. Milli Elmlər Akademiyasında aparılması nəzərdə tutulan islahatlar da, Universitetlərdə elmin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tapşırıqlar da, bu yaxınlarda yaradılan və artıq səmərəli fəaliyyəti ilə diqqəti cəlb edən Elmin İnkişaf Fondu da bilavasitə bu məqsədə xidmət edir.
Prezident İlham Əliyevin dönə-dönə elm və təhsil məsələlərinə toxunması və bu sahələrin dövlət siyasətində prioritetliyini vurğulaması təsadüfi deyildir. İqtisadi sahədə keçid mərhələsinin başa vurulması və dünyanın qabaqcıl ölkələri ilə eyni start xəttinə çıxılması həmin ölkələrin qabaqcıl və güclü olmasını təmin edən əsas amillərin də mənimsənilməsini tələb edir. Belə ki, Qərb dünyası nəyə nail olubsa, ilk növbədə elmi-texniki yaradıcılıq sayəsində nail olubdur. Əgər biz onlarla yarışa girmək istəyiriksə, deməli, qarşımızda duran əsas vəzifələrdən biri elm və təhsil sisteminin yeniləşdirilməsi olmalıdır. Lakin söhbət təkcə dövlət qayğısından getmir. Çünki dövlət öz strateji kursunu artıq müəyyən etmiş və bu sahələrin maddi-texniki təchizatı istiqamətində böyük işlər görülməsinə başlamışdır. Prezident İlham Əliyevin öz dediyi kimi, "son altı il ərzində Azərbaycanda 1800 yeni məktəb tikilibdir. Yüzlərlə məktəbdə yeni korpuslar tikilib, təmir aparılıbdır. Bu nəyi göstərir?! Bu onu göstərir ki, bu sahə prioritet sahədir".
Lakin bu, işin ancaq başlanğıcıdır. Yeni binalar tikilməsi və maddi-texniki təchizat dövlət qayğısının ifadəsidir. İnsan kapitalını inkişaf etdirmək istəyən dövlət rəhbərliyi fəlsəfi tədqiqatların və ictimai elmlərin yeni şəraitdə ictimai gerçəkliyin elmi təhlili və proqnozlaşdırılması istiqamətində səfərbər edir. Həm də bu, sadəcə bir istək deyil; ölkəmizin yüksəlmiş olduğu yeni inkişaf mərhələsinin elmi surətdə dəyərləndirilməsi ilə yanaşı, bütün dünyada gedən böyük proseslərin, paradiqmaların əvəzlənməsinin mahiyyətinin açılması lazımdır. Bu gün kim həm özünü, həm də dünyanı daha yaxşı dərk edirsə, gələcək də onundur. Milli fəlsəfi fikir və ictimai elmlər qarşısında duran ən mühüm vəzifə də ideala xidmət etməkdir.
Azərbaycan iqtisadi inkişaf sahəsindəki uğurlarına və dövlət başçısının yeni ictimai paradiqmanı vaxtında mənimsəmək və milli intellektual potensial zəminində ölkəmizi lider ölkələr sırasına çıxarmaq əzminə güvənərək elm və təhsil sahəsindəki quruculuq işlərini də ən yeni dövrün və milli ruhun tələblərinə uyğun surətdə qura bilər. Bizcə, Prezidentin ölkəmizdə və dünyada gedən ictimai proseslərin daha dərindən öyrənilməsi məqsədilə ictimai elmlərin bütün potensialının səfərbər olunması barədə verdiyi tapşırıqlar da məhz bu ehtiyacdan irəli gəlir.
Əlbəttə, "intellektual kapital" ideyası özlüyündə bir yenilik deyil, çünki Qərbdə xeyli vaxtdır ki, hallandırılmaqdadır. Amma burada fərqli bir məqam var. Qərbdə bu ideya alimlər tərəfindən irəli sürülür və onun hər hansı bir dövlətin strateji xəttinə çevrilməsi üçün siyasi iradə də lazımdır. Yəni ideya əvvəlcə cəmiyyətdə formalaşır və realizasiya şansı qazanmaq üçün ictimai-siyasi təbəddülatlarla dolu uzun bir yol keçməli olur. Elmi ideyaların, xalqın istək və arzularının, potensial imkanlarının, fəaliyyət əzminin siyasi liderin fəaliyyət proqramı ilə üst-üstə düşməsi heç də asanlıqla əldə olunmur.
Bu gün bütün dünya iqtisadiyyatı ilə bərabər, dünya ictimai sistemi də sanki bir böhran keçirir. İndi hətta dünyanın sonu haqqında filmlər də çəkilir. Düzdür, Avropada Qərb ruhunun tükənməsi, onun süqutu, tənəzzülü haqqında söhbətlər çoxdandır ki, başlanmışdır. Lakin bunu yazanlar daha böyük miqyaslı proseslərdən çıxış edən filosoflardır. Həmin ölkələrdə yaşayanların heç də hamısı getdikləri yolun haraya aparıb çıxaracağını təsəvvür etmir. Əhali bu təlaşı, qorxu hissini daha çox dərəcədə iqtisadi böhranlar zamanı yaşayır. Həm də bu hadisələr zamanı kimi isə təsirləndirmək də çox çətin olur. Çünki, belə böhranlar adətən qloballaşan dünyanın dərinliklərindən gəlir. Və hamı "palaza bürünüb elnən sürünməli olur." İndi ekoloji böhranlar, kütləvi xəstəliklər, kütləvi qırğın silahlarının qlobal vahiməsi, zəncirvarı müharibə təhlükələri və s. getdikcə artır.
İndi demək olar ki, hər şey qloballaşır. Qloballaşma
KİV və internet vasitəsilə artıq mənəviyyat
sferasına da müdaxilə edir və bu sahədəki
virusların da dərmanını tapmaq asan deyil. Yəni, qloballaşma şəraitində hər bir
ölkənin dərd-səri özünə bəs
deyilmiş kimi, başqalarının da qurbanına
çevrilmək təhlükəsi yaranır. Dərdlər qloballaşır. Deməli,
daha hər kəs təkcə özünü qorumaq, milli
maraqlardan çıxış etməklə məhdudlaşa
bilməz. Jan-Pol Sartr deyirdi ki, hər bir
insan bütün dünyadakı günahlara görə məsuliyyət
hissi keçirməlidir. İndiki dövrdə
isə təkcə mənəvi məsuliyyət və ya
günahkarlıq hissi bəs eləmir. İndi
qlobal təhlükələr insanların həyatını
bilavasitə təhdid edir.
Son onilliklərdə dünyada gedən proseslərin
sürəti o dərəcədə artmışdır ki, indi
ənənəvi normativlər dünyanın tənzimlənməsi
üçün yetərli görünmür. Bəli,
artıq yeni normaların formalaşdırılmasına ehtiyac
yaranır, paradiqmalar dəyişir. Yeni
dövrün ruhunu ifadə edən yeni ideyalar, idarəetmə
sistemləri, milli ilə qlobalın yeni qarşılıqlı
münasibət formulu harada, hansı siyasi lider tərəfindən
irəli sürülürsə və həyata keçirilirsə,
bütün bəşəriyyətin nəzərləri də
təmsil etdiyi dövlətin miqyasından asılı
olmayaraq, belə liderlərə yönəlir. İndi o dövlət rəhbərləri
bütün dünya miqyasında sayılıb-seçilir ki,
onlar ən azı öz xalqlarını böhranlardan və
qlobal təbəddülatlardan xilas edə bilir.
İndi
böyük dövlətlərin başçıları da,
böyük siyasi təcrübəyə malik siyasi liderlər
də yeni iqtisadi münasibətlər sisteminə təzə
qoşulan Azərbaycan dövlətinin inkişaf tempinə və
iqtisadi uğurlarına təəccüblənməyə
bilmir, dünya praktikasında misli olmayan bu uğurları yeni
iqtisadi model və yeni siyasi rəhbərlik metodlarından kənarda
izah etməyə çətinlik çəkirlər.
"Maddi
kapitalın insan kapitalına çevrilməsi" planı
da, şəxsi liderlik keyfiyyətlərinin
bütövlükdə xalqa və ölkəyə transfer
edilməsi və öz ölkəsini "lider ölkəyə"
çevirmək istəyi də şəxsiyyətin
miqyasından və daha böyük quruculuq əzmindən xəbər
verir.
Səlahəddin XƏLİLOV,
YAP Siyasi Şurasının
üzvü,
professor
Xalq qəzeti.-
2012.- 9 may.- S. 6.