Heydər Əliyev
Azərbaycanın sosial-iqtisadi inkişafına misilsiz töhfələr
vermiş böyük dövlət xadimidir
Azərbaycan tarixində görkəmli
dövlət xadimi, ulu öndər Heydər Əliyevin
müstəsna yeri var. Respublikamızın inkişafı,
bütün dünyada tanınması ümummilli liderimizin
adı ilə bağlıdır. Bunun təsdiqi kimi dahi şəxsiyyətin
ömür yoluna, xalqımızın xoşbəxtliyi naminə
gördüyü işlərə qısaca nəzər salaq.
Belə ki, vaxtilə keçmiş SSRİ-nin ucqar əyalətlərindən
sayılan Azərbaycanın müstəqil dövlətə
çevrilməsi ilk növbədə məhz Heydər Əliyevin
uzun illər boyu apardığı gərgin fəaliyyətin
nəticəsidir. Ötən əsrin 70-80-ci illərində
Azərbaycanda 250-dən çox sənaye obyekti tikilib istifadəyə
verilmiş, əsas fondların 85 faizi təzələnərək
həcmi 2-3 dəfə artırılmışdı. Cəmi
15 il ərzində respublikada miqyas etibarilə bütün əvvəlki
tarixi boyu yaradılmış potensialla müqayisə oluna biləcək
güclü sənaye potensialı yaradılmışdı.
Neft-mədən
avadanlığı istehsalı, elektrik mühərrikləri,
elektrik qaynaq avadanlığı, məişət kondisionerləri,
soyuducular, pambıq ipliyi, ipək üçün xammal kimi
mühüm sənaye məhsullarının istehsalına
görə müttəfiq respublikalar arasında Azərbaycan
ön cərgələrdə dururdu. Azərbaycana müasir
texnologiya axını başlamışdı. Ötən əsrin
70-ci illərinin nəhəng sənaye obyektlərindən olan
Bakıdakı Elektrik-Cihazqayırma, Məişət
kondisionerləri, Radio, Elektrik Hesablama, Sumqayıtdakı
Kompressorlar, Gəncədəki Billur zavodları və digər
nəhəng müəssisələr məhz qabaqcıl
texnologiyalar əsasında qurulub yaradılmışdı.
Sürətli
iqtisadi inkişaf nəticəsində 1969-cu illə müqayisədə
1981-ci ildə respublikamızda kənd təsərrüfatı
məhsulları, o cümlədən, pambıq (1 milyon ton),
üzüm (2,1 milyon ton), taxıl (1,15 milyon ton) istehsalı ən
azı 5 dəfə artmışdı. Bu məhsullardan
respublikamıza gələn vəsait hesabına o dövrdə
rayon və kənd yerlərində abadlıq işləri
aparılır, əhali öz şəxsi təsərrüfatını
genişləndirməklə güzəranını
yaxşılaşdırır, yeni yaşayış evləri
tikir, avtomobil və digər zəruri məişət
avadanlıqları almaq imkanı əldə edirdi.
Bakının
iri yaşayış massivlərinin çox hissəsi Heydər
Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə
salınmışdır. Təkcə 10 il ərzində Azərbaycanda
22 milyon kvadratmetr həcmində yaşayış sahəsi
tikilmiş, insanlar kütləvi şəkildə yeni mənzillərlə
təmin olunmuşdu.
Az vaxt içərisində Azərbaycanda 11 yeni elektrik stansiyası istifadəyə verilmişdi. Azərbaycanın qazlaşdırılması prosesi də daim nəzarətdə saxlanılırdı. Bunun nəticəsində ötən əsrin 80-ci illərində 65 şəhər və rayon mərkəzi, 45 qəsəbə, 2 mindən çox kənd, 800 sənaye müəssisəsi, 13 mindən artıq kommunal-məişət və sosial obyektlər təbii qazla təmin olunmuşdu. Bu göstərici əhali təbəqəsinin qazla təmin edilmə miqyasına görə, RSFSR də daxil olmaqla bütün müttəfiq respublikalar arasında ən üstünü idi.
Bu məqamda onu da xatırlatmaq yerinə düşər ki, 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasına baxmayaraq, xalqımız əsl müstəqilliyin bəhrəsini Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gördü. Çünki məhz ümummilli liderin hakimiyyətə gəlişi ilə ölkə xaosdan, vətəndaş müharibəsi, separatizm bəlasından, hakimiyyət böhranından, bir sözlə, dövlətçiliyini tamamilə itirmək təhlükəsindən qurtuldu, cəmiyyətdə stabil həyat ritmi bərqərar oldu.
Tarix üçün çox qısa zaman sayılan 20 ildə müstəqil dövlətimizin keçdiyi yol heç də həmişə hamar olmamışdır. Müstəqilliyin ilk illərində o vaxtkı iqtidarın səriştəsizliyi üzündən ölkə iqtisadiyyatı xeyli geriləmiş, inflyasiyanın səviyyəsi 1800 faizə çatmışdı, xarici ticarət dövriyyəsinin həcmi minimum həddə idi. Müəssisələrin böyük əksəriyyəti işləmirdi, yaxud öz gücünün 15-20 faizi həcmində fəaliyyət göstərirdi. Ölkədə çörək və yanacaq qıtlığını aradan qaldırmaq mümkün olmurdu... İctimai-siyasi vəziyyət daha ağır idi. Hakimiyyəti idarə etməkdə heç bir səriştəsi olmayan naşı adamlar ağlagəlməz addımları ilə cəmiyyəti iflic vəziyyətinə salmışdılar.
Beləliklə, 1993-cü ilin iyununda ulu öndərin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni mərhələ başlandı. Erməni işğalının qarşısının alınması istiqamətində mühüm addımlar atıldı, atəşkəs əldə olundu. Azərbaycanda ordu quruculuğu yönündə ardıcıl tədbirlər həyata keçirildi. Ölkəmizin zəngin karbohidrogen ehtiyatlarının mövcudluğunu nəzərə alan ümummilli lider dahiyanə uzaqgörənliklə yeni neft strategiyasının hazırlanmasını və uğurla həyata keçirilməsini təmin etdi. Dünyanın aparıcı ölkələrinin 11 transmilli neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirməklə, onu enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevirdi. Neft yataqlarının işlənməsindən əldə olunan vəsaitləri səmərəli idarə etmək, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi cəhətdən mühüm əhəmiyyətli layihələrin həyata keçirilməsinə yönəltmək məqsədilə 1999-cu ildə ulu öndər Dövlət Neft Fondunun yaradılması barədə fərman imzaladı.
Aqrar sektorda radikal islahatlara başlanıldı. Kolxoz və sovxozların ləğvi,
onlara məxsus torpağın, mal-qaranın və əmlakın
təmənnasız olaraq kəndlilərə paylanması ilə
ölkənin kənd təsərrüfatı müasir bazar
prinsipləri əsasında yenidən
formalaşdırıldı və aqrar sektorda ciddi struktur dəyişikliklər
baş verdi. Heydər Əliyevin
müəlliflik etdiyi torpaq islahatı Azərbaycan kəndlisinin
çoxəsrlik arzusunu reallaşdırdı və onu
torpağın əsl sahibinə çevirdi. Ən başlıcası, bu islahatlar əhalinin ərzağa
olan tələbatının əsasən öz daxili
imkanları hesabına ödəməsini mümkün etdi.
1993-2003-cü
illər ən yeni Azərbaycan tarixinə bazar
iqtisadiyyatının vacib seqmentlərindən olan dövlət
mülkiyyətinin özəlləşdirilməsi,
infrastrukturun yenilənməsi, tranzit imkanlarından səmərəli
istifadə üçün Şərq, Qərb, Şimal-Cənub
nəqliyyat dəhlizləri üzrə layihələrin həyata
keçirilməsi, sahibkarlığın inkişafı naminə
zəruri tədbirlərin görülməsi, əhalinin
güzəranını yaxşılaşdırmaq məqsədilə
sosial sahədə mövcud problemlərin kompleks həlli,
habelə elm, təhsil, mədəniyyət və səhiyyə
sahələrinin sürətli inkişafı dövrü kimi
daxil olmuşdur.
Burada ulu öndərin sahibkarlığın inkişafına
göstərdiyi diqqət barədə bir qədər ətraflı
bəhs etmək istərdim. O dövrdə özəl sektorun tərəqqisi
istiqamətində atılan mühüm addımlardan biri bu
sahədə hüquqi bazanın dünya təcrübəsinə
uyğun olaraq təkmilləşdirilməsi, ölkənin qəbul
edilmiş yeni Konstitusiyasında bazar münasibətləri əsasında
iqtisadiyyatın inkişafına şəraitin
yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət
mexanizminin formalaşması və inkişafı, həmçinin
rəqabətin qorunması ilə bağlı müddəaların
əksini tapmasıdır. 1994-cü ilin sentyabr
ayında ulu öndərin təşəbbüsü və
bilavasitə iştirakı ilə Bakıda "Sahibkarlıq
strategiyası və iqtisadi yenidənqurma" mövzusunda
keçirilən beynəlxalq konfrans ölkədə
sahibkarlığın inkişafına təkan verən
mühüm məqamlardan biri idi. Sözügedən
sahədə qabaqcıl Qərb təcrübəsinin Azərbaycanda
tətbiqi üçün hər bir şəraitin
yaradılacağını diqqətə çatdıran
ümummilli lider xarici investorları ölkəmizə sərmayə
qoymağa çağırdı. Azərbaycana gələn
və gələcək xarici investorların həm
hüquqlarının, həm də yatırdıqları sərmayələrin
təhlükəsizliyinin qanunvericiliklə qorunduğunu bəyan
edən ümummilli lider Heydər Əliyev
sahibkarlığın inkişafında Qərb təcrübəsindən
istifadə olunacağını konfransda bəyan edərək
dedi: "İqtisadi baxımdan inkişaf etmiş Qərb
ölkələrinin təcrübəsindən bəhrələnməklə,
sözün yaxşı mənasında, sahibkarlıq bizim
üçün ən mühüm amildir, buna görə də
dövlət hər şeyi edəcəkdir ki, biz bu yolla gedə
bilək. Bununla əlaqədar olaraq mən xarici
investisiyalar üçün hüquqi imkanlar yaradan, onların
müdafiə edilməsini nəzərdə tutan qanunu da
xatırlatmaq istərdim. Zənnimcə, bu
qanun əlverişli şərait yaradır ki, bizdə
sahibkarlıq nəinki Azərbaycanın məhdud çərçivəsi
daxilində inkişaf etsin, həm də bazar iqtisadiyyatı
prinsiplərinin bərqərar edilməsi xarici firmalarla birlikdə,
xarici investisiyalardan fəal istifadə olunmaqla həyata
keçirilsin. Xarici investisiyaların Azərbaycanda
tətbiq olunması üçün burada şərait
var".
İqtisadiyyatın yüksəlişində
mühüm rol oynayan sahibkarlığın təşəkkülü
istiqamətində görülən işlər tezliklə
öz nəticələrini göstərməyə
başlamışdır. Burada özəl
bölmənin inkişafına mühüm təsir göstərən
1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən
iki dövlət proqramının əhəmiyyətini
xüsusi vurğulamaq istərdim. Həmin
proqramlar sahibkarlığın inkişafını, dövlət
tərəfindən özəl sektor subyektlərinə hərtərəfli
dəstəyin göstərilməsini özündə ehtiva
etmişdir. Bütün bunlara paralel olaraq
sözügedən sahəyə dövlət nəzarət
sistemi təkmilləşdirilmiş, müvafiq qanunvericilik
bazasında qabaqcıl dünya təcrübəsinə
uyğun dəyişikliklər həyata keçrilmişdir.
1996-cı il iyunun 17-də "İstehsal,
xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin
qaydaya salınması və əsassız yoxlamaların
qadağan edilməsi barədə" ölkə Prezidenti tərəfindən
verilən fərman iqtisadi sahədə bir-birini təkrarlayan,
paralel və lüzumsuz xarakterli yoxlamaların sayının
azaldılmasına gətirib çıxadı.
"Sahibkarlıq fəaliyyəti haqqında", "Müəssisələr
haqqında", "Səhmdar cəmiyyəti
haqqında", "Haqsız rəqabət haqqında",
"Əmtəə birjası haqqında", "Lizinq xidməti
haqqında" qanunlar və bazar iqtisadiyyatının
hüquqi mexanizminin qurulmasını təmin edən digər
qanunlar da ölkəmizdə sahibkarlığın
inkişafı məqsədilə mükəmməl hüquqi
bazanın formalaşmasını təmin etmişdir. Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondu,
Kiçik və Orta Sahibkarlığın inkişafı
Agentliyi, bir sıra şəhər və rayonlarda
sahibkarlığın inkişafı mərkəzlərinin
yaradılması ilə dövlətin sözügedən
iqtisadi subyektlərə dəstəyi yeni keyfiyyət mərhələsinə
qədəm qoymuşdur.
O
dövrdə sözügedən sahəyə dövlət nəzarəti
sisteminin təkmilləşdirilməsi, sahibkarlığın
inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə
əsassız müdaxilələrin qarşısının
alınması, korrupsiya, rüşvətxorluq və vəzifədən
sui-istifadə halları ilə mübarizənin gücləndirilməsi
də ulu öndərin diqqət mərkəzində
olmuşdur. Bu məqsədlə dahi şəxsiyyət 1999-cu
il yanvarın 7-də "Dövlət nəzarəti sisteminin
təkmilləşdirilməsi və sahibkarlığın
inkişafı sahəsində süni maneələrin aradan
qaldırılması haqqında", 2002-ci il sentyabrın
28-də "Sahibkarlığın inkişafına mane olan
müdaxilələrin qarşısının alınması
haqqında" tarixi əhəmiyyətə malik olan sənədlər
bu qəbildəndir. Həmin fərmanlarda
dövlət qurumları ilə sahibkarlıq subyektləri
arasında olan problemlər tam təsvir olunur, onların aradan
qaldırılmasının konkret istiqamətləri müəyyənləşdirilirdi.
Sonuncu fərmana əsasən, Daxili İşlər
Nazirliyinin İqtisadi Cinayətkarlıqla Mübarizə
İdarəsinin ləğv edilməsi və məhkəmənin
qərarı olmadan hüquq-mühafizə orqanlarının
sahibkarlıq fəaliyyətinə müdaxiləsinin
qadağan edilməsi isə sahibkarların müdafiəsi
istiqamətində vacib xarakter daşımışdır.
Heydər Əliyevin 30 aprel 2001-ci il tarixli
fərmanı ilə İqtisadi İnkişaf Nazirliyinin
yaradılması da sahibkarlığın inkişafına
dövlət köməyi və onun dövlət tənzimlənməsi
tədbirlərinin vahid qurumda birləşdirilməsinin və
idarə edilməsinin əsasını qoymuşdur.
Ulu
öndər sahibkarların üzləşdiyi çətinlik
və problemləri bilavasitə onların öz dilindən eşitməyə, iş adamları ilə
mütəmadi görüşlər keçirilməsinə
də hər zaman böyük önəm vermişdir. 2002-ci il aprel ayının 25-də yerli sahibkarlarla, həmin
il mayın 14-də isə xarici sahibkarlarla ümummilli liderin
görüşü, sahibkarların hər birinə şifahi
və ya yazılı surətdə öz problemlərini
söyləmək üçün əlverişli şərait
yaratması özəl sektorun tərəqqisi templərini daha
yüksək səviyyəyə çatdıran şəraitin
formalaşması ilə nəticələnmişdir. Bundan
başqa, ictimai münasibətlər sistemində sahibkarlar
zümrəsinin rolunu nəzərə alan
ulu öndər dövlət-sahibkar münasibətlərini
inkişaf etdirmək üçün institusional qurum olan Azərbaycan
Respublikasının Prezidenti yanında Sahibkarlar
Şurasını yaratmışdır.
Ulu öndərdən sonra bu siyasəti inamla davam etdirən
Prezident İlham Əliyevin rəhbərliyi altında
hazırda Azərbaycanın hərtərəfli
inkişafında yeni mərhələ yaşanır. Dövlət
başçısının həyata keçirdiyi
iştisadi siyasətin əsas xarakterik xüsusiyyətləri
onun sosialyönümlü olması, habelə bütün
problemlərin həllində iqtisadi aspektin mövcudluğunun
ön plana çəkilməsidir. Makroiqtisadi
sabitlik şəraitində iqtisadiyyatın dinamizmə əsaslanan
sürətli tərəqqisi əhalinin sosial rifah
halının davamlı şəkildə
yaxşılaşmasını, həmçinin onun beynəlxalq
standartlara əsaslanan sosial müdafiə modelinin
yaranmasını şərtləndirmişdir. Cənab İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən və ilk növbədə
sosialyönümlü problemlərin kompleks həllinə
geniş imkanlar açan səmərəli islahatlar, imzalanan fərman
və sərəncamlar ölkəmizdə yaşanan iqtisadi
inkişafın sürətləndirilməsini uğurla təmin
edir, tərəqqi prosesində özəl sektorun payı və
rolunu davamlı şəkildə artırır.
İqtisadiyyatın bütün sahələrində
dövlət öz imkanları hesabına müasir
sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan
yaratmışdır, onların öz potensiallarından səmərəli
istifadə etmələri üçün əlverişli
mühit formalaşdırmışdır. Elmin son nailiyyətlərinə,
texnika və texnologiyanın fasiləsiz yeniləşməsinə,
innovasiya menecmentinin və marketinqinin tətbiqinə,
sahibkarların innovasiya və risk qabiliyyətlərinin tam
reallaşdırılmasına, mülkiyyətin dövlətsizləşdirilməsinə,
əsl iqtisadi yarış imkanlarını verən mühitin
formalaşdırılması istiqamətində mühüm
addımlar atılmışdır. İstehsal
sferasında sahibkarlıq strukturlarının
yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi
və stimullaşdırılması vasitəsilə
innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəələrin
və xidmətlərin təklifinin sabit artımına yenə
dövlət tərəfindən müvafiq şərait
yaradılmışdır.
Xatırlatmaq yerinə düşər ki, Prezident
İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində
son 10 ilə yaxın bir müddətdə ictimai-siyasi,
sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində
nailiyyətlər əldə olunmuşdur. 2004-2008-ci və
2009-2013-cü illəri əhatə edən regionların
sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbulu
və müvəffəqiyyətlə icra edilməsi
respublikamızın hərtərəfli tərəqqisinə
və iqtisadi inkişafına güclü təkan
vermişdir. Bu müddət ərzində 40 mindən
artıq yeni müəssisə yaradılmış,
böyük əksəriyyəti daimi olmaqla ümumilikdə
bir milyona yaxın yeni iş yeri açılmış, son 8
ildə yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə,
işsizlik isə 5,3 faizə enmişdir. Son illərdə
büdcə xərcləri 12 dəfə, ümumi daxili məhsul
3 dəfə artmış, 1995-2010-cu illərdə ölkə
iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə cəlb
edilmişdir. Təkcə 2011-ci ildə iqtisadiyyata qoyulmuş
21,7 milyard dollarlıq investisiyanın 15,7 milyard dolları
qeyri-neft sektoruna yatırılmış, dünyanın 149
ölkəsi ilə xarici ticarət dövriyyəsi 36,3 milyard
dollar təşkil etmişdir. Ötən il ölkəmizdə
ümumi daxili məhsulun həcmi 63,4
milyard dollara çatmışdır ki, bu da Cənubi Qafqaz
regionunda ümumi daxili məhsulun 83 faizindən çoxdur.
Hazırda adambaşına düşən illik məhsul
istehsalının həcmi 7 min dolları ötmüş, əvvəlki
illə müqayisədə 2011-ci ildə əhalinin gəlirləri
20 faizə qədər artaraq 36,6 milyard manata
çatmış, adambaşına düşən məbləğ
3 min 400 manat olmuşdur.
Düşünülmüş
düzgün siyasətin nəticəsidir ki, 2008-2009-cu illərin
qlobal maliyyə-iqtisadi böhranı, demək olar ki, Azərbaycandan
yan keçmiş, dünyanın bir çox ölkələrini
sarsıdan bu böhranlı illərdə Azərbaycan iqtisadiyyatı
sürətli inkişaf tempini və
dayanıqlığını qoruyub saxlamış və
ümumilikdə 9 faizdən çox artıma nail olmuşdur.
İndi də davam etməkdə olan qlobal iqtisadi böhran
şəraitində 2011-ci ilin nəticələrinə
görə, ölkəmizin qeyri-neft sektorunda yüksək
göstərici - 9,4 faiz artım əldə
edilmişdir.
Azərbaycanda ardıcıl və dinamik inkişafı,
rəqabətə davamlı iqtisadiyyatı təmin edən
islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri, o
cümlədən beynəlxalq birlik tərəfindən ciddi
təhlil edilir və yüksək qiymətləndirilir. BMT-nin İnsan
İnkişafı Hesabatında son 5 ilin göstəricilərinə
görə, Azərbaycan 169 ölkə arasında 101-ci
mövqedən 68-ci yerə qalxaraq "Yüksək insan
inkişafı" ölkələri kateqoriyasına daxil
olmuşdur. Hazırda Azərbaycan
iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB
məkanında 1-ci, dünya miqyasında isə 51-ci yerdədir.
Bütün bunlar Heydər Əliyev siyasi
kursunun təntənəsi və Azərbaycanda həyata
keçirilən müasir inkişaf strategiyasının təkzibolunmaz
faktlarıdır. Bu nailiyyətlərin təməlində
Prezident İlham Əliyevin qeyd etdiyi kimi,
"düşünülmüş siyasət, ölkəmizdə
mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi
islahatlar dayanır".
Başa
vurmaqda olduğumuz mərhələ sosialyönümlü
büdcə siyasəti, əhalinin sosial müdafiəsinin beynəlxalq
standartlara uyğunlaşdırılması və maddi rifah
halının yaxşılaşması, neft gəlirlərini
qeyri-neft sektoruna yönəltməklə və modern
texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin
yaradılması, iqtisadi və sosial infrastrukturun, yol-nəqliyyat
sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin
hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar
olmuşdur. Bu müddət ərzində ölkə boyu nəhəng
tikinti-quruculuq və abadlıq işləri
aparılmış, çoxsaylı körpülər və
yollar, minlərlə məktəb, idman-sağlamlıq
kompleksləri, xəstəxana-müalicə ocaqları,
sosial-mədəniyyət müəssisələri,
turizm-istirahət mərkəzləri tikilib istifadəyə
verilmiş, təhsil, mədəniyyət, səhiyyə,
idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş
baş vermişdir. Ölkə rəhbərliyi
səviyyəsində qəbul olunan və ictimai-siyasi,
sosial-iqtisadi, humanitar-mədəni həyatın
çoxşaxəli spektrini əhatə edən 60-a yaxın
konseptual-strateji mahiyyətli sənəd və dövlət
proqramları hazırda icra edilməkdədir. On ilə
yaxın bir müddətdə görülən işlər və
nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan
dünyaya özünün uğurlu inkişaf modelini təqdim
edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə,
sözün əsl mənasında, inqilabi yeniləşmə
və tərəqqiyə nail olunmuşdur.
Artıq Azərbaycan Respublikası ikitərəfli və
çoxtərəfli münasibətlərdə etibarlı tərəfdaş,
beynəlxalq təhlükəsizlik və enerji sektorunda
mühüm söz sahibi, dünyada multikulturalizm və
etnik-dini tolerantlıq örnəyi, sivilizasiyalararası və
mədəniyyətlərarası dialoq məkanı kimi
tanınır və qəbul edilir. Ötən ilin sonlarında 155
ölkənin etimadı ilə Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi, bir neçə
ay əvvəl isə Meksikada "Böyük iyirmiliyin"
sammitinə dəvət edilən 10 ölkədən biri və
MDB məkanından yeganə dövlət olması ölkəmizin
böyük siyasi-diplomatik qələbəsi və beynəlxalq
nüfuzunun birmənalı etirafıdır.
Dövlət başçısı İlham Əliyevin
uğurla reallaşdırdığı inkişaf
strategiyası artıq özünün növbəti -
üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə
edəcək bu mərhələdə Azərbaycanın
inkişaf etmiş ölkələr sırasına
çıxarılması və əhalimizin yüksək gəlirli
topluma çevrilməsi, qeyri-neft sektorunun hərtərəfli
inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə
artırılması, dövlət və özəl
qurumların birgə fəaliyyəti üzrə yeni
strategiyanın hazırlanması, ən müasir texnologiyaları
tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi,
elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu,
hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq
və azadlıqlarının tam bərqərar edilməsi -
Prezident İlham Əliyevin qarşıya qoyduğu
başlıca hədəflərdir.
Elşad ABBASOV,
"Embawood" şirkətinin
prezidenti
Xalq qəzeti.- 2012.- 11 may.- S. 11.