Nərimanov rayonunda qələbənin 67-ci ildönümü qeyd olunmuşdur
Alman faşizmi üzərində
qazanılmış tarixi qələbənin 67-ci
ildönümü ölkəmizin hər yerində olduğu
kimi, paytaxtın Nərimanov rayonunda da böyük təntənə,
əsl bayram əhval-ruhiyyəsi ilə qeyd edildi. Rayon ərazisində
İkinci Dünya müharibəsində qəhrəmancasına
həlak olmuş döyüşçülərin nurlu xatirəsinə
ehtiram əlaməti olaraq yaradılmış
"Qardaşlıq məzarlığı"nda keçirilən
bayram tədbirində müharibə və arxa cəbhə
veteranları, MDB ölkələrinin Azərbaycandakı
diplomatik korpuslarının nümayəndələri, millət
vəkilləri, Nərimanov Rayon İcra Hakimiyyəti
Aparatının işçiləri, eləcə də rayon fəalları
və məktəblilər iştirak edirdilər.
Azərbaycan
Respublikasının dövlət himni səsləndirildikdən
sonra meydana müharibənin ağrı-acılarını
yaşamış MDB ölkələrinin dövlət
bayraqları gətirildi. Daha sonra MDB respublikalarının səfirləri,
millət vəkilləri və Nərimanov Rayon İcra Hakimiyyətinin
rəhbərliyi "Qardaşlıq məzarlığı"ndakı
abidənin önünə əklil qoydular. Tədbir iştirakçıları
Böyük Vətən müharibəsində həlak
olanların əziz xatirəsini bir dəqiqəlik sükutla
yad etdilər. Qələbə Günü münasibətilə
veteranları təbrik edən Nərimanov Rayon İcra Hakimiyyətinin
başçısı Abdin Fərzəliyev bildirdi ki,
İkinci Dünya müharibəsi zamanı Sovet
İttifaqının bütün xalqları ilə
yanaşı, Azərbaycan xalqı da faşist qəsbkarlarına
qarşı ölüm-dirim savaşına qalxaraq
döyüşlərdə əsl qəhrəmanlıq,
şücaət göstərmişlər. O qanlı
müharibəyə göndərilmiş 700 min nəfərə
yaxın soydaşımızın yarıdan çoxu qəhrəmancasına
həlak olmuş, bir çoxları
sağlamlıqlarını itirmişlər. Qeyd olundu ki,
müharibədə göstərdikləri misilsiz
döyüş şücaətlərinə görə 123 nəfər
azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülmüş, 400 minədək
soydaşımız orden və müdallarla təltif
olunmuşdur. Torpaqlarımızın 20 faizinin işğal
altında olduğu bir şəraitdə belə tədbirlərin
keçirilməsinin gənclərin hərbi vətənpərvərlik
tərbiyəsində mühüm rol oynadığını
vurğulayan natiq qeyd etdi ki, müharibə
veteranlarımızın keçdiyi şərəfli
ömür yolu, döyüş şücaətləri gənc
nəsil üçün, sözün əsl mənasında,
örnək olmalıdır. Ulu öndər Heydər Əliyevin
veteranlara, veteran hərəkatına göstərdiyi
qayğı və diqqətdən bəhs edən A. Fərzəliyev
ölkə Prezidenti İlham Əliyevin faşizm üzərində
qələbənin 67-ci ildönümü münasibətilə
1941-1945-ci illər müharibəsi
iştirakçılarına, həlak olmuş və ya
sonradan vəfat etmiş döyüşçülərin dul
arvadlarına, arxa cəbhədə fədakar əməyinə
görə orden və medallarla təltif edilmiş şəxslərə
birdəfəlik maddi yardım edilməsi barədə sərəncamını
bunun növbəti təzahürü olduğunu
vurğuladı.
Böyük
Vətən müharibəsi veteranı Məhəmməd
Hüseynov, Rusiya Federasiyasının Həştərxan şəhərindəki
Heydər Əliyev adına 11 nömrəli orta məktəbin
direktor müavini Tatyana Klinkova, Azərbaycan-Rus İcması Nərimanov
rayon şöbəsinin sədri Lidiya Hacıyeva və Azərbaycan
Milli Məclisinin deputatı Adil Əliyev
çıxış edərək 9 May - Qələbə
Günü münasibətilə bütün müharibə
veteranlarını təbrik etdilər, 67 il öncə Hitler
Almaniyası üzərində qazanılmış parlaq qələbədə
dünyanın bir çox xalqları kimi, Azərbaycan
xalqının da müstəsna rol oynadığını
vurğuladılar. Faşizm üzərində tarixi qələbənin
bütün bəşəriyyətin xilası
üçün yol açdığını diqqətə
çatdıran natiqlər müharibə illərində həlak
olmuş döyüşçülərin xatirəsinin əbədiləşdirilməsi
istiqamətində görülən işləri və
veteranlara göstərilən dövlət
qayğısını yüksək dəyərləndirdilər.
MDB
respublikalarının ölkəmizdəki diplomatik
korpuslarının nümayəndələri adından
çıxış edən Rusiya Federasiyasının səfiri
Vladimir Doroxin veteranları bu əlamətdar gün münasibətilə
təbrik etdi. Böyük Vətən müharibəsində
azərbaycanlı döyüşçülərin misilsiz
döyüş şücaətləri göstərdiklərini
vurğulayan səfir Bakı neftinin qələbədə
müstəsna rol oynadığını bildirdi.
Mərasim
abidə kompleksinin önünə tər gül dəstələrinin
qoyulması ilə başa çatdı.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2012.- 12 may.- S. 11.