Eduard
ŞEVARDNADZE: "Heydər Əliyev Gürcüstan - Azərbaycan
dostluğunu uca zirvələrə qaldıran, yenidən qurub
möhkəmləndirən tarixi şəxsiyyətdir"
Müsahibimiz Gürcüstanın
eks-prezidenti Eduard Şevardnadzedir
Prezident
Heydər Əliyevin qəhrəmanlığı, müdrikliyi,
mətanəti və qarşısına qoyduğu məqsədinə
sarsılmaz sədaqəti olmasaydı, Şərq-Qərb
enerji dəhlizi gerçəkləşə bilməzdi.
Gürcüstanda
da müəyyən dəyişikliklərin həyata
keçirilməsinin zəruriliyi haqqında qərar qəbul
edildikdə həlledici söz Heydər Əliyeviç Əliyevin
sözü oldu.
Qafqazın
müstəqilliyi və azadlığı işində Heydər
Əliyev fenomeninin indinin özündə nə qədər
böyük rol oynadığını xalq hələ sonra
biləcəkdir.
Eduard
ŞEVARDNADZE
Tbilisiyə ezamiyyət zamanı ziyarət etdiyimiz ilk məkan bu dəfə də dəyişməmişdi: şəhərin mərkəzində, Kürün sahilində salınmış Heydər Əliyev parkı - ulu öndərin büstünün önü. Gürcüstandakı səfirimiz Azər Hüseynin dəstəyi ilə növbəti görüşümüz Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze ilə olmalı idi.Telefon danışığımızda səfir çox nəzakətlə xatırlatdı ki, gecikmək olmaz və müsahibə üçün sizə 30 dəqiqə vaxt ayrılıb. Şübhəsiz ki, bu "xəbərdarlıqdan" sonra görüş yerimizə də yarım saat tez gəlmişdik. Parkda ilk dəfə görüb- tanış olduğumuz səfirliyin əməkdaşı Riyad Muxtarovla köhnə dostlar kimi görüşdük və eks-prezidentin iqamətgahına yol aldıq.
Köhnə Tiflisin məşhur məhəllələrindən olan "Şeytanbazar"dan bir qədər yuxarı qalxanda Böyuk Britaniya səfirliyi ilə üzbəüz eks-prezidentin iqamətgahı yerləşir. Riyad müəllim saata baxıb, deyəsən, bir az tez gəldiyimizi xatırlatsa da, mühafizə xidməti bizi çox gözlətmədi. Giriş qapısını keçib görüşəcəyimiz otağın önündə 5 dəqiqə də gözləməli olduq. Bu anda içəridən gələn, vaxtı ilə Sovet televiziya və radiolarından eşitdiyimiz çox tanış səsi eşidib görüşünə tələsdiyimiz müsahibimizi doğmalıqla xatırladıq. Bu onun səsi idi - keçmiş SSRİ-nin sonuncu xarici işlər naziri, Gürcüstanın eks-prezidenti Eduard Şevardnadzenin. Bizi ayaqüstə qarşıladı və qonaqpərvərliklə qabaqcadan hazırlanmış süfrə arxasına dəvət etdi. Qısa hal-əhvaldan sonra zəmanəmizin əfsanəvi gürcüsü suallarımızı cavablandırmağa başladı.
- Azərbaycan xalqının ümummilli lideri, eyni zamanda Sizin dostunuz Heydər Əliyevlə münasibətlərinizi necə xatırlayırsınız?
- Heydər Əliyev haqqında xatirələrim çox geniş və əhatəlidir.Bu barədə günlərlə danışsam belə qurtaran deyil. O, Gürcüstan - Azərbaycan dostluğunu, qardaşlığını yeni və çox uca zirvələrə qaldıran, eyni zamanda bu böyük ənənənin təməlini yenidən qurub möhkəmləndirən tarixi şəxsiyyət, böyük dövlət xadimidir.Tale onu bütün sınaqlardan qüdrətli bir şəxsiyyət, böyük siyasətçi kimi çıxardı, tarix və reallıqlar isə bu həqiqəti təsdiqlədi.
- Şəxsi prizmadan baxanda onu necə görürsünüz?
- Dost kimi
də əvəzsiz insan idi. Yaxşı
yadımdadır, mən Azərbaycana rəsmi səfər edən
vaxt hava limanında Azərbaycan xalqının məni necə
böyük bir izdihamla qarşıladığının
şahidi oldum. Məni ən çox təəccubləndirən
isə yol boyu çoxlu qoçların kəsilməsi idi.
O zaman Heydər Əliyevdən xəbər aldım: "Bu nədir?"
O, cavab verdi: "Biz yaxın
dostlarımızı ancaq belə
qarşılayırıq."
Bir dəfə də məni heç gözləmədiyim
bir sürprizlə heyrətləndirdi. Məsələ
ondadır ki, yanvarın 25-i mənim doğum
günümdür. Mən ad
günümü həmişə ancaq ailəmlə və ən
yaxınlarımla keçirmişəm. 70
illik yubileyimdə də belə olmalı idi. Mən rəsmi mərasimlərin keçirilməsini
qadağan etmişdim. Ancaq mənim dostum başqa qərar
qəbul etmişdi: "Dostları dəvətsiz təbrik edərlər!"
1998-ci ilin 24 yanvarında qəfildən dedilər
ki, Heydər Əliyev gəlir. O, cəmisi 3 saatlıq gəlmişdi
və hava limanından birbaşa dövlət dəftərxanasına
yollanmışdı. Jurnalistlər, dövlət
aparatının əməkdaşları toplaşan 12-ci mərtəbədəki
zalda Heydər Əliyev özünəməxsus
emosionallıqla çıxış etdi. Nitq
bir saatdan çox çəksə də, o, bir dəfə də
olsun, heç bir kağıza, qeydə müraciət etmədi.
Bu mənim həyatımda çox gözəl
və yaddaqalan bir gün idi. Həmin günü əziz
dostum gözlənilmədən mənə bəxş
etmişdi!
Bizim dostluğumuz hələ sovetlər zamanında, iki
qonşu respublikanın rəhbəri olduğumuz illərdə
yaranmışdı. Biz, sanki, tale qardaşları idik. Hər ikimiz respublikalarımızın yüksəlişinə,
əmin-amanlığa çalışırdıq.
Bakıda, Tbilisidə, eləcə də Moskvadakı müntəzəm
görüşlərimizdə bir-birimizi daha yaxından
tanıdıq. Sonralar əlaqələrimiz bir az
da möhkəmləndi. Ölkələrimiz
müstəqillik qazanandan sonra bizim bir-birimizə
ehtiyacımız daha çox idi. Hər
ikimizə xalqlarımızın yenidən etimad göstərməsi
bizi daha da səfərbər etmişdi. Demək
olar ki, hər gün zəngləşirdik. Onun son günlərinə kimi belə oldu. Son dəfə Amerikada - xəstəxanada olanda
danışdıq. Nə qədər nikbin
danışmaq istəsə də səsi xeyli dəyişmişdi...
Onun ölum xəbəri məni çox sarsıtdı...
- Sovet
dövründə Heydər Əliyevlə Moskvada - Kremldə,
Siyasi Büroda işləmisiniz. Dünyanın
taleyini həll edən bir dövlətdə qeyri-rus millətindən
olanların, çox yüksək postlara ucalması asan məsələ
deyildi.
- Belə
idi. Biz o vaxtlar hələ hər birimiz öz
doğma ölkəmizdə rəhbər vəzifə tutarkən
bir-birimizi yaxından tanıdıq. Ədalətin
bərpası, asayişin qorunması, dövlət
tapşırıqlarının yerinə yetirilməsi sahəsində
fövqəl işlər həyata keçirə bildik. Bunun üçünsə böyük təcrübə,
gərgin zəhmət lazım idi. Allaha
şükürlər ki, xalqlarımız bizi bu illər ərzində
yaxşı taniya bildi və qəbul etdi. Amma
deyim ki, harada, hansı mötəbər vəzifədə
olub-olmamasından asılı olmayaraq Heydər Əliyev
üçün Azərbaycan və Azərbaycan
xalqının taleyi bir nömrəli məsələ idi.
O, Azərbaycanla nəfəs alır, Azərbaycanla
yaşayırdı.
Hələ
çox sonralar Moskvada - SSRİ Nazirlər Sovetində
çalışan vaxt Heydər Əliyev mənimlə
söhbət zamanı dedi ki, Xəzərdə böyük
neft və qaz yataqları mövcuddur. Mən bu məsələ
ilə ciddi məşğul olacağam. Çox
keçmədi ki, SSRİ rəhbərliyində proseslər
başqa cür cərəyan etdi. Heydər
Əliyev bu siyasətlə barışmadı və istefaya
getdi. Nəhayət, Sovet İttifaqı
dağıldı, respublikalar müstəqillik qazandılar.
Gürcüstanda və Azərbaycanda
naşı siyasətçilər ölkələrimizi
çox böhranlı bir vəziyyətə salanda,
xalqlarımız bizi yenidən hakimiyyətə qaytardı.
Heydər Əliyev bundan sonra ölkəsini xilas
etdi və yarımçıq qalmış işlərini
davam etdirməyə başladı. O, Xəzərin zəngin
neftinin çıxarılması və nəql olunmasında
dünyaya yönəlik bir yol seçdi, Gürcüstanı
da bu prosesə qoşdu. Nəticə artıq
göz önündədir.
O vaxt bu
neft-qaz kəmərlərinin çəkilməsi məsələsi
nəzərdə tutulanda çox söhbətlər getdi ki,
xətlər İran vasitəsi ilə və digər alternativ
xətlərlə Avropaya çıxarılsın. Ancaq mənim dostum Gürcüstandan keçməklə
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
Bakı-Tbilisi-Supsa xətlərinin çəkilməsində
və istismarında çox israrlı idi. Məhz onun dərin zəkası, möhkəm siyasi
iradəsi və çox ağıllı təklifləri sayəsində
əsrin neft-qaz xətləri məhz Gürcüstandan
keçirildi. Bu, dahi şəxsiyyətin
- mənim dostumun gürcü xalqına, burada yaşayan azərbaycanlılara,
eləcə də bizim ölkənin sakinlərinə -
bütün Gürcüstan əhalisinə olan əvəzsiz
töhfəsi idi.
Ölümündən sonra Gürcüstan dövləti
və xalqı da onun işıqlı xatirəsini əbədiləşdirdi. Tbilisi şəhərində
vaxtı ilə azərbaycanlıların məskunlaşdığı
ərazidə onun büstü ucaldıldı və adına park salındı.
- Bu
gün Azərbaycan xalqı və Azərbaycan dövləti də
sizi öz ümummilli lideri Heydər Əliyevin yaxın dostu
kimi yaddan çıxarmayıb. Bizi də məhz ulu öndərin
anadan olmasının 89-cu ildönümü ərəfəsində
Sizə olan bu ehtiram buraya gətirib...
- Mən
bunu çox dəyərləndirirəm, eyni zamanda, sonda demək
istəyirəm ki, mənim böyük dostum olan Heydər Əliyev
özunə layiqli siyasi varis yetişdirə bildi. İlham Əliyev atasına layiq bir övladdır, həm
də onun yolunu çox böyük məharətlə davam
etdirən zəkalı və enerjili bir dövlət
başçısıdır. Hələ
gənclik illərində SSRİ Xarici İşlər
Nazirliyində çalışdığı vaxtlarda onun
potensialına bələd idim və gələcəyinə
böyük ümidlərim var idi. Atası
istefaya gedəndən sonra onu da çox incitdilər, amma bu
İlham Heydəroviçi, məncə, daha da möhkəmləndirdi.
Çox sevinirəm ki, o, həyatda layiqli yerini
tutdu. Çox yaxşı münasibətlərimiz
var.
İlham Əliyev, doğrudan da, atasına layiq bir
övladdır. O, atasının davamçısı olaraq Azərbaycan
- Gürcüstan arasında münasibətləri,
xalqlararası dostluğu daha da möhkəmləndirməyə
və genişləndirməyə çalışır. Böyük inkişaf yolunda olan bir ölkəyə
çox məharətlə rəhbərlik edən İlham Əliyev
Azərbaycanın iqtisadi durumunu daha da möhkəmləndirdi.
Azərbaycan regionda ən qabaqcıl bir ölkə
oldu. Bunların hamısı İlham Əliyevin
heyrətamiz işgüzarlığı, yüksək
intellekti, diplomatik bacarığı sayəsində baş
tutur. Mən ona işində yeni-yeni
uğurlar arzulayıram.
- Bu
gün Azərbaycan və gürcü xalqlarına, eləcə
də Qafqaz xalqlarına nə demək istərdiniz?
- Bizim
vaxtlarımızda Qafqazda əmin-amanlıq idi. Həm
xalqların bir-birinə inamı, həm üç
respublikanın rəhbərlərinin prinsipial və beynəlmiləl
mövqeyi Qafqazda qonşuluq və etimad mühiti
yaratmışdı. Amma bu
mehribanlığa qarşı yönəlmiş gizli meyillər
də yox deyildi. O vaxtlar Moskvada - Kremldə işlədiyimiz
vaxt Siyasi Büronun iclasından əvvəl bizə bir sənəd
payladılar, orada Dağlıq Qarabağın Ermənistana
birləşdirilməsi məsələsi gündəliyə
salınmışdı. Sonradan necə oldusa,
xatırlaya bilmirəm, o sənəd yox oldu. Məsələ isə heç müzakirəyə
də çıxarılmadı. Başa
düşdüm ki, Heydər Əliyev bu məsələnin
müzakirəsinin qarşısını böyük
nüfuzu sayəsində almışdır.
Sonra
Eduard Amvrosiyeviç otaqdakı rəfdə yerləşdirilmiş
bir şəkili göstərərək, izahat verdi:
- Bu şəkil
1982-ci ildə Tbilisidə çəkilib, mənim
üçün böyük dəyəri var. Qafqazın
üç lideri - dostum, Azərbaycanın rəhbəri Heydər
Əliyev, Ermənistan KP MK-nın o vaxtkı 1-ci katibi Karen Dəmirçiyan
və mən. Onları Tbilisi ilə tanış edirəm.
Bunu niyə xatırladım? Dəmirçiyan
ağıllı adam idi. Onun da xalqına böyük sevgisi
var idi. Bu sevgi erməni xalqına xoşbəxtlik gətirə
bilərdi. Amma təəssüf ki, sağlam mövqeyinə
görə öldürüldü. Mən inanıram ki, o,
yaşasa idi Qafqazda əmin-amanlığa, Dağlıq
Qarabağ məsələsində sülhə bir addım da
yaxınlaşmış olardıq. Hər halda Ermənistanda bu
gün onun kimi düşünən adamlar var. Bu adamlar Qafqaza
sülh gətirməlidirlər. Qafqaz bu sülhü
çoxdan gözləyir.
... Biz ondan ayrılmaq istəyəndə artıq
saatlarımız 13.00-dan keçmişdi. Bizə
ayrılan 30 dəqiqəlik limit çoxdan bitsə də hiss
edirdik o, bu görüşdən çox məmnundur. Azərbaycan, ölkəmizdə gedən quruculuq
işləri haqqında dönə-dönə
danışır, inkişaf yolunda olan ölkəyə rəhbərlik
edən İlham Əliyevin Azərbaycan xalqı
qarşısındakı xidmətlərini müdrikcəsinə
dəyərləndirirdi. Bildirdi ki,
pambıq və üzüm Azərbaycana böyük gəlir
gətirdiyinə görə Heydər Əliyev ötən əsrin
70-80-ci illərində bu sahələrin inkişafına nail
olmuşdu. Gürcüstanda yaşayan azərbaycanlılardan,
Borçalı bölgəsindən də söz saldı.
Soydaşlarımızın zəhmətkeş,
dinc insanlar olduğunu söylədi. Bildirdi
ki, onlar Gürcüstanda sayca ikinci böyük xalqdırlar.
Nəhayət, şirniyyat, çərəz və meyvə
düzülmüş süfrəyə əl
uzatmağımızı xahiş etdi. Xalqlarımızın
dostluğu şərəfinə badə qaldırmaqla,
qırmızı gürcü şərabına da qonaq olduq.
Şəkil çəkdirmək təklifimizi də
məmnuniyyətlə qəbul etdi və sonra bizi giriş
qapısına qədər ötürdü. Son olaraq fikirləşdik ki, bir çox tarixi şəxsiyyətləri
qəbul edib- yola salan bu böyük gürcü, təkcə
ölkəsinin və xalqının yaddaşında yox, həm
də böyük bir epoxanın səhifələrində iz
qoymuş dövlət adamıdır. Həm
də bizim üçün xalqımızın böyük
dostlarından biridir.
Namiq QƏDİMOĞLU,
Tahir AYDINOĞLU,
"Xalq qəzeti" Tbilisi -
Bakı
Xalq
qəzeti.- 2012.- 12 may.- S. 9.