HEYDƏR ƏLİYEV
- milli xarakter simvolu
Şəxsiyyətin tarixi dəyişikliklərə
təsiri, bu şəxsiyyətin miqyasını səciyyələndirir.
Tarixin gedişini dəyişdirmək iqtidarında olan siyasətçilərin
taleyinə isə, həmişə olduğu kimi ən
ağır məsuliyyət düşür. Bu məsuliyyəti
necə daşımasından, ölkəsinin tarixi
inkişafı üçün hansı istiqaməti seçməsindən
asılı olaraq, politoloqlar o tarixi şəxsiyyət
fenomenini tarixi liderlərin üç tipindən birinə aid
edirlər-konservator, islahatçı və ya
inqilabçı. Tarixin min ildən bir yetişdirdiyi dahilərdən
olan Heydər Əliyev şübhəsiz islahatçı
lider idi. Adət -ənənəni, milli-mənəvi dəyərləri,
tarixi mədəniyyəti qayğı ilə qoruyan , amma eyni
zamanda ictimai düşüncənin ağrılı
islahatının və dekonstruksiyasının məsuliyyətini
üzərinə götürməkdən zərrə qədər
çəkinməyən lider.
Sovet
İttifaqının dağılması, dünyada
bütün geosiyasi bölgünün yenidən
aparılması, dünya liderliyinin yenidən müəyyənləşməsi,
Cənubi Qafqazda, Orta Asiyada və Avroasiya regionlarında eyni
vaxtda yeni müstəqil dövlətlərin meydana gəlməsi,
dünyanın dolaşıq siyasi təbəddülatlarından
baş açan yeni tip insanların üzə
çıxmasını tələb edirdi. Fenomenal lider keyfiyyətlərinə,
sadəcə bacarıqlı deyil, innovasiyalara genetik adaptasiya
qabiliyyətinə malik insanlara ehtiyac artırdı. Ümummilli
lider Heydər Əliyev yeni müstəqil Azərbaycan
üçün məhz belə bir lider oldu.
Nahaq deyil ki, müasir müstəqil Azərbaycan dövlətinin yaranması da Heydər Əliyevin adı ilə bağlıdır. Çünki o, nəinki bu müstəqilliyin yaranması, eyni zamanda qorunub möhkəmləndirməsi və formalaşması uğrunda qətiyyətlə mübarizə aparan, yorulmadan işləyən dövlət xadimi idi. Heydər Əliyevin mübarizliyi bir çox siyasətçilərdən fərqli olaraq, onun sözündə yox, əməlində idi. Onun tərcümeyi-halı aydın göstərir ki, yüksək ali dəyərləri öyrənib təfəkküründən keçirmiş, dünyanın və zamanın dərkinə səyini heç zaman əsirgəməmiş bu dahi bütün ali keyfiyyətlərini xalqının və Vətəni Azərbaycanın azad və xoşbəxt gələcəyinə xidmət etməyə səfərbər etmişdi.
SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini Heydər Əliyevin köməkçisi olmuş Yuri Soloduxin onun siyasi obrazını belə xarakterizə edir: "Heydər Əliyevin keçmiş Sovetlər birliyinin siyasi və iqtisadi həyatında oynadığı rolu layiqincə qiymətləndirmək çox çətindir." Onun digər bir köməkçisi Eduard Proxorenko isə Heydər Əliyevin bir rəhbər kimi xeyirxah, diqqətli, yüksək dərəcədə alicənab insan olduğundan danışaraq deyir: "Heydər Əliyev səbəb olmadan heç kimi danlamazdı, ancaq danlamaq lazım gələndə bunu son dərəcə nəzakətlə edərdi..."
Heydər Əliyev o nadir şəxsiyyətlərdəndir ki, böyük məsələlərin təmtaraqlı nitqlər və bəyanatlarla həll olunmadığını gözəl bilir, lakin sözü də öz dövlət quruculuğu strategiyasının qüdrətli silahına çevirməyi bacarırdı. Onun yüksək siyasi ustalığı onda idi ki, istənilən səviyyədə və ranqda olan insanı danışıqlar stolu arxasında paritet tərəfdaşa çevrilməyə məcbur edə bilirdi. Ağır çəkili siyasətçi, tarixçi və filosof, son dərəcə gözəl natiq olan Heydər Əliyevin qarşılıqlı münasibətlər qurmaqda fenomenal keyfiyyətləri kraliça II Yelezavetanın diqqətindən belə yayınmamışdı: "Heydər Əliyevin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində və Azərbaycanın inkişafında xidmətləri əvəzsizdir, mən 1998-ci ildə Birləşmiş Krallığa səfəri zamanı onunla görüşümüzü yaxşı xatırlayıram."
1990-cı
il 20 yanvar hadisələrini
xatırlayın. Təcavüzə,
işğala məruz qalan xalq necə məzlum və aciz
görünürdü. Əslində Heydər
Əliyevi hakimiyyətdən uzaqlaşdırmağın
arxasında Azərbaycan xalqını məhz belə
başsız və kimsəsiz qoymaq dururdu. Xalqı təmtəraqlı nitqləri, populist
çıxışları ilə meydanlara
çağıran cahil və naşı siyasətçilərin
heç biri meydanda yoxdur.
Qaçanı
da var, dost- tanışın evində gizlənəni də. Xalq biçarə vəziyyətdə güman yeri,
təsəlli verəsi bir doğma səs axtarır. Sanki hər şey bitib və Azərbaycan bu
yalqızlıq içində intihara hazırlaşır.
Məhz belə bir məqamda təhdid və təqiblərə
baxmayaraq, xilaskarın imperiya cəlladlarını ittiham edən
sərt bəyanatı Moskvada ildırım kimi çaxır. Bu
xalqımızı sanki şokdan oyadır və özünə
gəlməyə çağırır.
Əslində Heydər Əliyev bu bəyanatı ilə
meydanda olduğunu və xalqının dar günündə
faciə və məşəqqətlərinə biganə
qalmayacağını bütün dünyaya bəyan edir. Bu sərt ittiham olmasa kim bilir, Azərbaycanın başına hələ
hansı bəlalar açılacaqdı...
Xalqına
daha yaxın olmaq istəyi və doğma Naxçıvandan
prosesləri daha yaxından izləmək onun fəaliyyətinə
yeni bir keyfiyyət verdi. Muxtar
Respublikanın Ali Məclisinə sədr seçilməyi onun
bütün Azərbaycanda hadisələrə təsir etmək
imkanını daha da artırdı. Əslində onun
varlığı və Azərbaycana qayıdışı ilə
bu proses gedirdi. Çünki onun dahiliyinin və
böyüklüyünün mahiyyəti də onda idi ki, hadisələri
yönəltmək iqtidarında idi...
Gərgin, əzablı, qan-qadalı günlərin
uzanması vətənpərvər qüvvələrdə
müstəqilliyi itirmək xofu yaradanda böyük siyasət
ustasına, xalqın əksər hissəsinin xilaskar kimi
gördüyü millət atasına müraciət
ünvanlandı. Tariximizə "91-lərin müraciəti"
kimi daxil olan bu məktub bəlkə də 91-minlərin,
910-minlərin böyük sərkərdəni əslində
hakimiyyətə çağırışı idi. Heydər Əliyev öz fəhmi ilə bu müraciətin
arxasında 91 nəfər yox, bütöv bir xalqın
durduğunu görürdü. Məhz həmin
ərəfədə böyük öndərin göndərdiyi
cavab məktubu bütün ölkəni silkələdi.Vəziyyətin
elə də qorxulu olmadığını zənn edənlər
yalnız bu məktubdan, Heydər Əliyevin şəraiti dəqiq-dürüst
təhlilindən sonra dərk etdilər ki, belə getsə
xalq nəinki müstəqilliyini, hətta Vətənini,
keçmişini və gələcəyini itirə bilər.
Heydər Əliyev müasir müstəqil Azərbaycanın
milli tarixinin yaradıcısıdır. Çünki
o müstəqil milli dövlətçiliyin təməlini
qoyan, onu pillə-pillə ucaldan bir şəxsiyyətdir.
Bu mənada tam qətiyyətlə demək olar
ki, Heydər Əliyev Azərbaycan müstəqilliyi uğrunda
döyüşən və onun qələbəsini təmin
edən istedadlı sərkərdədir. "Azərbaycan
xalqına, millətinə, torpağına sadiq olmuşam və
bütün ömrüm boyu da sadiq olacağam.Həyatımın
son dəqiqəsinədək xalqıma xidmət edəcəyəm."
Bu sadəcə Prezident andı deyildi. Bu, illərlə bu arzuları, istəkləri qəlbinin
ən dərin guşələrində gəzdirən
böyük dövlət xadiminin əsgər andı idi.
Hər ikisi burada birləşir və
xilaskarlıq missiyasının əsas mərhələsi
başlayırdı.
Özünəinam, qətiyyət, mətinlik, polad iradə,
vəzifəyə sədaqət, emosiyalara ciddi nəzarət
bacarığı, yüksək intizam, əla idarəçilik
məharəti, fenomenal yaddaş və mübarizlik əzmi
onun liderlik keyfiyyətlərini şərtləndirən əsas
xüsusiyyətlərdir. Məhz bu keyfiyyətlər
sayəsində Heydər Əliyev hakimiyyətə
qayıdışının ilk günündən, nə qədər
çətin olsa da, dövlətçilik intizamını bərpa
etməyə başladı və nümayişkəranə
şəkildə hərbi qüvvələrin siyasi hakimiyyətə
tabe olması prinsipini bərpa etdi.
Onun
strateji tərəfdaşlıq məramı ilə həyata
keçirdiyi siyasi və iqtisadi əməkdaşlıq kursu təkcə
MDB müstəvisində deyil, hegemon ölkələrlə də
bu formatda münasibətlər qurmağa imkan verdi.
O türk dünyası ilə münasibətləri nəinki
qorudu, əksinə daha da genişləndirdi, qonşu Rusiya ilə
əlaqələri tənzimlədi, öz ölkəsinin
islam köklərini unutmadı və nəhayət Qərblə
qarşılıqlı etimad çərçivəsində
münasibətləri sürətlə inkişaf etdirməyə
başladı.Fransanın 1995-2007- ci illərdə prezidenti
olmuş Jak Şirak azərbaycanlı həmkarını belə
xatırlayır: "Bu, özünəməxsus unikal ŞƏXSİYYƏT
Azərbaycanı çiçəklənməyə doğru
apardı. Onunla müxtəlif görüşlərimiz
zamanı, xüsusilə Dağlıq Qarabağla bağlı
məsələnin müzakirəsi zamanı, mən onun
münaqişəni sülh yolu ilə həll etmək
üçün göstərdiyi qəhrəmanlığı,
müdrikliyi və qətiyyəti yüksək qiymətləndirdim."
Bu gün müstəqil Azərbaycanın simvoluna
çevrilən Heydər Əliyev, haqlı olaraq dünya
tarixinin də nəhəng siyasətçilərindən biri
sayılır.
Buna görə o ilk növbədə
özünün diplomatik istedadına borcludur. Hakimiyyətə qayıdışından sonra o,
özünün siyasi tərcümeyi-halına bütöv
bir yeni regional diplomatiya strategiyası da əlavə etdi.
O, çox vaxtında nəqliyyat dəhlizi məsələsini
aktuallaşdıraraq, Azərbaycana Şərqi və Qərbi
birləşdirən ölkə statusu qazandırdı və
respublikanı regional geosiyasi oyunçu formatına saldı. Azərbaycan ona özünün unikal siyasi və
geostrateji formatına görə seçilən
Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi - Ərzurum
qaz kəməri, nəhayət Böyük İpək yolunun
yeni interpretasiyası olan Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinə
görə minnətdar olmalıdır. Bəzi dövlətlərin
qısqanclıqla yanaşdıqları, hətta
reallaşacağına şübhə etdikləri
Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi 2006-cı ildə
işə salınanda bp şirkətinin prezidenti Con Braun onun əhəmiyyətindən
danışaraq deyir: "BTC - nin fəaliyyətə
başlaması dünyanın enerji xəritəsini dəyişdi."
Həqiqətdə isə dünyanın enerji xəritəsini
BTC yox, onun yaradıcısı Azərbaycanın dahi oğlu Heydər
Əliyev dəyişdi.
Heydər
Əliyev prezidentlik postunu milli birlik simvolu hesab edir və sovetlər
birliyindən sonra ölkədə meydana gələn
separatizmin qarşısını almaq üçün əhali
arasında hələ də oturuşmayan "azərbaycançılıq
xarakteri"nin formalaşmasına çalışırdı:
"İndi Azərbaycan üçün bir amal, bir məqsəd
var- Azərbaycanı bu ağır vəziyyətdən xilas
etmək, onun ərazi bütövlüyünü, müdafiəsini
təmin etmək. Kimin əlindən nə gəlirsə, bu
amal, bu məqsəd naminə etməlidir...
... Hamımız üçün bir böyük məfhum
var-Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhum ətrafında hamı sıx birləşməlidir."
Heydər Əliyevin xalqı həmrəyliyə
çağırışı həm də onların yeni,
müstəqil dövlət quruculuğundan kənarda
qalmamağa bir çağırış idi. Bu
çağırışlar zamanı o çox ustalıqla
öz şəxsi populyarlığından və
xarizmasından istifadə edirdi. Çünki
xalq ona heç kimə inanmadığı kimi
inanırdı. Xalq qəti əmin idi ki,
Azərbaycanı düşdüyü ağır vəziyyətdən
yalnız Heydər Əliyev xilas edə bilər.
Heydər Əliyev hakimiyyətə ölkəsinə və
xalqına xidmət etmək üçün bir vasitə kimi
baxırdı.
Hakimiyyət və böyük nüfuz heç
zaman onun gözlərini qamaşdırmamışdı.
Bəzən adama elə gəlirdi ki, bu insan
üçün böyük bir politoloji tədqiqat mərkəzi
işləyir. Həqiqətdə isə
bu mərkəz onun özü, onun aydın zəkası və
dərin təfəkkürü idi. Vaxtı ilə
SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini Heydər
Əliyevin katibliyinin rəis müavini olmuş Vladimir Uxov
çox-çox sonralar deyirdi: "Heydər Əliyev şəxsiyyətinin
miqyası çoxdan Azərbaycanın hüdudlarından kənara
adlayıb və geniş beynəlxalq aləmdə
özünün intellektual və insani ölçüləri
ilə xatırlanır... Heydər Əliyev
SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini olanda mənə
də uzun müddət bu böyük şəxsiyyətlə
işləmək nəsib olub və mən həmişə,
həyatının məqsədi və mənası yaratmaq
olan bu parlaq şəxsiyyətin cazibəsində
olmuşam."
Hakimiyyətə qayıdışından və
Prezidentliyə başladığı ilk gündən,
dövlət başçısı kimi xarici ölkələrə
çoxsaylı səfərləri ölkəni müstəqil
dövlət olaraq dünyaya tanıtmaq, Azərbaycan ətrafında
yaradılmış informasiya blokadasını dağıtmaq
və bu müstəqil dövlətin hansı istiqamətdə
inkişaf edəcəyini beynəlxalq ictimaiyyətə bəyan
etmək idi.
O bunu, hətta rəhbərlik etdiyi Yeni Azərbaycan
Partiyasının da əsas vəzifəsi olduğunu
açıqlayaraq deyirdi: "Yeni qurduğumuz partiya
bütün partiyalardan fərqlənməli, demokratik əsaslarla
yaranmalıdır. Azərbaycanın dövlət müstəqilliyini
möhkəmləndirmək, demokratiyanı inkişaf etdirmək,
siyasi plüralizmə tamamilə geniş şərait yaratmaq,
insanların bütün hüquqlarının
qorunmasını təmin etmək, Vətənimizdə yeni
bir cəmiyyət yaratmaq yolu ilə gedən bir partiyanın
yaranması zəruridir..."
Heydər Əliyev hakimiyyət məsuliyyətini üzərinə
götürdüyü ilk gündən yüksək səviyyəli
peşəkarları və intelektualları ətrafına
topladı. Çünki onlar hakimiyyət orqanlarının təkcə
icraçıları deyildilər və yeni formalaşan
müstəqil dövlətin quruculuq prosesinə öz
töhfələrini verməli idilər. Bu
seçimi o rəhbəri olduğu Yeni Azərbaycan
Partiyası qarşısında da əsas prinsip kimi
qoymuşdu. Hakimiyyətinin ilk illərində YAP-ın rəhbər
orqanlarının nümayəndələri ilə
görüşlərin birində deyirdi: "Bizim partiya
yüksək intellektə, biliyə malik olan insanların
partiyası olmalıdır. Biz bunu nəzərə
alaraq istərdik ki, partiyanın təşkilatları, onun əsas
orqanları ziyalılardan, alimlərdən, yüksək biliyə,
mütəxəssis keyfiyyətlərinə malik olan adamlardan
təşkil edilsin." Bu ondan irəli gəlirdi
ki, Heydər Əliyev daim yeni ideyaları və fikirləri
eşitməyə və onları öz təfəkküründən
keçirib qəbul etməyə hazır bir insan idi.
O dövlət
quruculuğu prosesində xalqın ziyalı təbəqəsinin
üzərinə də böyük məsuliyyət və vəzifələr
düşdüyünü deyir və onlardan öz üzərlərinə
düşən vəzifələrə vətəndaşlıq
mövqeyindən yanaşmağı tələb edirdi.
Heydər Əliyev ən ağır günlərdə
belə xalqı müstəqil Azərbaycanın gələcəyinə
inanmağa, öz qüvvələrinə inanmağa
çağırır və onları ruhdan düşməyə
qoymurdu. Əslində bu dahi şəxsiyyətə
baxmağın özü kifayət idi ki, sən daha
böyük enerji ilə işləməyə və
yaşamağa başlayasan. Çünki
Heydər Əliyev Prezident kimi cəmiyyətə ünvanlanan
konservativ respublikaçılıqla fərdin müstəqilliyinə
yönələn müasir iqtisadi ideyaları əlaqələndirə
bilən "praqmatik siyasi xadim" idi.
Görkəmli
fransız filosofu Qustav Lebon yazır: "Siyasətdə həqiqi
böyük insanlar o adamlardır ki, keçmişin
hazırladığı və doğurduğu zərurətləri,
hadisələri öncədən görür və yol
göstərirlər. Onların göstərdikləri
yolla getmək lazımdır. Bəlkə də heç
kim bu yolu görmür, ancaq evolyusiyanın
qaçılmaz şəraiti, bu nəhəng dahilərin
talelərini müvəqqəti idarə etdiyi xalqları
tezliklə bu istiqamətə yönəltməli idi. Onlar da böyük ixtiraçılar kimidirlər,
uzun zəhmətin verdiyi nəticələri sintez edirlər.
İxtiraçılar sivilizasiyanın
inkişafında mühüm rol oynayırlar, ancaq xalqların
siyasi tarixində heç bir xüsusi rolları yoxdur."
Heydər Əliyevin sanki dəqiq
düşünülmüş və qeyri-adi müstəqillik
konsepsiyası mövcud idi və o məqsədyönlü
şəkildə bunu həyatda reallaşdırırdı. Onun prezidentliyinin yüz
günü üçün də, bir ili,
hətta beş ili üçün də konkret yazılıb
nümayiş etdirilən platforması, proqramı yox idi. Amma müşahidələr, siyasi fəaliyyətinin
təhlili insanda elə təsəvvür yaradır ki, sanki bu
dahi hər şeyi konkret bir layihə üzrə həyata
keçirir.
Onun Prezidentlik dövrünü mərhələlərə ayırmaq fikrimizcə qətiyyən doğru olmazdı, çünki onun idarəçiliyində nəyin birinci nəyin ikinci olması düşüncəsi yox idi. Onun üçün ən qiymətli vaxt, zaman idi. O, hər şeydən əvvəl bu zamanın Azərbaycanın xeyrinə işləməsini istəyirdi. Ona görə də o ilk növbədə cəmiyyətin sağlam qüvvələrini birləşdirib müharibəni dayandırmağı, ölkənin daxili sabitliyini bərpa etməyi, Azərbaycan iqtisadiyyatını iflasdan xilas edib yeni inkişaf mərhələsinə çıxarmağı özü üçün prioritet vəzifə seçmişdi. Bunun yolları da onun üçün tam aydın idi.
Klassik filosoflardan biri yazır ki, "Siyasət dünyasında daimi heç nə olmadığı kimi, heç bir universal resept də yoxdur. Yalnız uğur qazanmaq üçün daimi qaydalar var. Siyasətdə başlıcası adekvat metod və vasitələr axtarıb tapmaqdır." Heydər Əliyev bu metod və vasitələri tapmaqda çətinlik çəkmirdi. Onun fitri siyasi istedadı ən çətin məqamda belə ona uğur gətirən qızıl qaydaya çevrilmişdi. Hansı rəhbər vəzifədə çalışmasından asılı olmayaraq, Heydər Əliyevdə bir daxili əzəmət var idi ki, bu da onun məqsədyönlü və enerjili idarəçiliyini təmin edirdi.
Bütün bunlardan sonra biz azərbaycanlılar fəxrlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev təkcə müstəqil Azərbaycanı bir dövlət kimi dünyada tanıtmadı, həm də bizim milli xarakter simvolumuza çevrildi.
Arzuman MURADLI,
iqtisadiyyat üzrə fəlsəfə
doktoru, politoloq
Xalq qəzeti.- 2012.- 12 may.- S. 9.