Ziyalılar pleyadasının salnaməsi

 

Azərbaycan ədəbiyyatşünaslığında bir sıra ilklərə imza atmış filologiya elmləri doktoru, professor, Əsgər Məmməd oğlu Zeynalovun ədəbi ictimaiyyət arasında ən geniş yayılmış əsəri şübhəsiz ki, "İrəvan ziyalıları" kitabıdır. Əsər 1999-cu ildə nəşr olunduqdan sonra müxtəlif peşə adamlarının stolüstü kitabına çevrildi. Respublikamızın bir sıra görkəmli elm adamları, o cümlədən, akademiklər Budaq Budaqov, Fikrət Əliyev, professorlar Teymur Əhmədov, Cəlil Nağıyev, Fəxrəddin Veysəlli və digər tanınmış şəxslər bu kitabı yüksək qiymətləndirirlər.

 

2011-ci ildə tarixi reallıqları dünya ictimaiyyətinə çatdırmaq üçün "İrəvan ziyalıları" kitabı ingilis və rus dillərində işıq üzü gördü.

Müəllifin Rusiyanın Sankt-Peterburq şəhərinin "Branko" nəşriyyatında çap edilmiş "Erivanskaya intelliqentsiya" ("İrəvan ziyalıları") kitabı Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunmuşdur.

XX əsr tarixi üzrə görkəmli rus alimi, tarix elmləri doktoru, professor, Sankt-Peterburq İqtisadiyyat və Maliyyə Universitetinin kafedra müdiri, Rusiyanın əməkdar elm xadimi, Aberdin (Şotlandiya) Universitetinin fəxri tarix doktoru Boris Anatoliyeviç Starkov tarixi həqiqətləri olduğu kimi əks etdirən ön söz yazmışdır. Onu da qeyd etmək lazımdır ki, bu tədqiqatçı alim kitabın redaktorlarından biridir. B.A.Starkovun yazısından bəlli olur ki, o, kitabı çox diqqətlə oxumuş, əsas istiqaməti tutmuş, əsərdə qarşıya qoyulan məqsədi dərindən dərk edərək dolğun fikir söyləyə bilmişdir. Onun təqdim etdiyi ön söz həcmcə böyük olmasa da, demək olar ki, kitabın əsas məzmununu əhatə edir.

"İrəvan ziyalıları" kitabı necə yaranmışdır? B.A.Starkovun ön sözündə bu sualın cavabı tamamilə açılır: "Sovetlər birliyinin dağılmasından sonra 15 müstəqil ölkə yarandı və özünü formalaşdırmağa başladı. Heç təəccüblü deyildir ki, onlar öz keçmişləri haqqında hər şeyi öyrənmək istədilər və araşdırmağa çalışdılar. Şübhəsiz ki, bu mövzuda yazılan işlərin həmin problemə böyük köməkliyi olmuşdur. Belə işlərin arasında Zeynalov Əsgər Məmməd oğlunun "İrəvan ziyalıları" kitabı da var".

Təbii ki, belə kitablar Azərbaycan müstəqilliyinin nəticəsi olaraq ortaya çıxmışdır. Əsərin əvvəlində Ə. Zeynalov yazır ki, təxminən 30 il əvvəl o, professor Mirəli Seyidovdan soruşur: "Nə üçün İrəvan xanlığının tarixindən yazılmır? O, Moskvaya işarə edərək deyir ki, yuxarılar buna icazə verməz".

Rus aliminin dərin məzmunlu fikirlərinin son dərəcə önəmli olduğunu nəzərə alaraq, onun qələmə aldığı yazıya sıx-sıx müraciət etmək istərdik.

B.A.Starkov ön sözdə vurğulayır ki, qoy kitabın adı hörmətli oxucunu çaşdırmasın. Müasir rus oxucusu heçilk baxışdan elə başa düşməsin ki, kitabda Ermənistanın tarixindən bəhs olunur. O, İrəvanın tarixinə və tarixin müəyyən anlarında əhalinin əksəriyyətini təşkil etmiş azərbaycanlılara həsr olunmuşdur. Bundan başqa, müəllif az qala kitabın hər səhifəsində faktiki olaraq qeyd edir ki, İrəvan azərbaycanlıların doğma şəhəridir. O, öz fikrini əsaslandırmaq üçün Ermənistan Sovet Ensiklopediyasının III cildinin 571-ci səhifəsindən sitat gətirir ki, burada XIV əsrin sonlarından XIX əsrin sonlarına, hətta 1920-ci ilə qədər İrəvanın azərbaycanlılar şəhəri olduğu yazılmışdır.

Bəllidir ki, professor Ə.Zeynalov erməni qaynaqlarında tədqiqat aparan sonuncu azərbaycanlılardandır. Erməni dilini gözəl bilən araşdırıcı fikrə aydınlıq gətirmək üçün lazım gəldikdə həmin qaynaqlardan istifadə etmişdir. Bu baxımdan rus aliminin yuxarıdakı fikri təəccüb doğurmur.

B.A.Starkov "İrəvan ziyalıları" kitabından bəhs edərək yazır ki, əsərdə İrəvanın tipik müsəlman şəhəri olduğu 1894-cü ildə çap olunan "Qafqaz təqvimi"ndə sübut edilir. Orada deyilir ki, İrəvanda çoxlu məscid olmuşdur. Göy məscid, Novruzəli məscidi, Günlüklü məscid, Hüseynəli məscidi, Zalxan məscidi, Qala məscidi, Hacıbəyim məscidi.

Rus tədqiqatçısı onu da diqqətə çatdırır ki, Azərbaycanın bir çox görkəmli xadimləri özlərinə İrəvani təxəllüsü götürmüşlər: Mirzə Qədim İrəvani, Fazil İrəvani, Axund Molla Məhəmməd İrəvani, Əbül Qasim İrəvani . Bu fikirlərdən sonra professor B.A.Starkov tarixə ekskurs edir: "Ə.M.Zeynalovun araşdırmaları tarixin 200 illik bir dövrünü əhatə edir. Bu müddətə İrəvan xanlığının inkişafı, Rusiya imperiyasının dağılmasının çətin və qarışıq vaxtı və Sovet dövrü aiddir. Eyni zamanda, o qeyd etmək istəyir ki, İrəvandakı Azərbaycan ziyalıları hər zaman əziyyət çəkmişlər. 1918-20-ci illərdə onların çoxu doğma İrəvanı tərk edib Rusiya, Türkiyə, İran, Naxçıvan və Gəncəyə üz tutmağa məcbur olmuşdur. Bunların bir hissəsi təəssüf ki, o müddətdə regionda yaranan etnik problemlərin qurbanı olmuşdur".

Bu bir tarixi həqiqətdir ki, sonralar Azərbaycan elminin, mədəniyyətinin inkişafında, ictimai-siyasi həyatında mühüm rol oynamış görkəmli şəxslərin nəsillərinin hamısı deportasiya və soyqrıma məruz qalmış, öz doğma yerlərini məcburu surətdə tərk etmişdir. Ə.Zeynalov öz tədqiqtında bunları ətraflı surətdə açıb göstərmişdi.

Rus alimi öz yazısında İrəvandan çıxan və keçmiş İttifaqda tanınan bir sıra görkəmli şəxslərin tutduqları vəzifələri, elmi adları, sənətlərini göstərməklə adlarını çəkməyi də unutmur: Azərbaycan Elmlər Akademiyasının ilk üzvlərindən biri M.Topçubaşov, fizioloq-akademik H.Həsənov, kinorejissor H.Seyidzadə, Azərbaycan Dövlət Universitetinin və Azərbaycan Tibb İnsititunun keçmiş rektoru, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Ə.Əliyev, akademik H.Hüseynov, bəstəkar S.Rüstəmov və başqaları.

Şübhəsiz ki, bu siyahı xeyli uzadıla da bilərdi. Ön sözün sonunda B.A.Starkov azərbaycanlı alimin optimisliyini xüsusi vurğulayır: "Professor Ə.Zeynalovun "İrəvan ziyalıları" kitabıyla tanışlıq müəllifin İrəvana olan sevgisini və İrəvanın bütün mübahisələrə baxmayaraq, öz torpağı olduğunu göstərir. Ona görə də tam əminliklə demək olar ki, müəllif pessimist bir insan deyil və inanır ki, bir gün doğma şəhərinə yenidən dönəcək".

Həqiqətən də Ə.Zeynalov "İrəvan ziyalıları" kitabında həm də oxucuda bu inamı yaradır. "Biz o yerlərə qayıdacağıq!".

Ə.Zeynalov bu kitabında uzun illərin axtarışları nəticəsində İrəvanda yetişmiş iki əsrlik soy-kökə mənsub nəsilləri üzə çıxarmışdır. Kitabın son sözünün müəllifi Sankt-Peterburq Dövlət Universitetinin dosenti Aleksandr Anatoliyeviç Sotniçenko yazmışdır: "Ə.Zeynalovun "İrəvan ziyalıları" kitabı bir daha təsdiq edir ki, İrəvan azərbaycanlıların əski, qədim yaşayış məskənlərindən biridir. Ə.Zeynalovun işi İrəvandan olan ziyalılara bir abidədir".

Erməni lobbisinin respublikmaıza qarşı iftira, böhtanlarla məşğul olduğu bir vaxtda Ə.Zeynalovun "İrəvan ziyalıları" kitabının nə dərəcədə əhəmiyyətli və aktual olduğunu başa düşmək olar. Qeyd olunduğu kimi, tədqiqatçının bu kitabı uzun illərin axtarışlarının nəticəsinin bəhrəsidir.

Ancaq Dövlət Mükafatına təqdim olunan bu yüksək səviyyəli və əhəmiyyətli əsəri dəyərləndirən başqa cəhətlər də mövcuddur. Bunlar təxminən aşağıdakılardan ibarətdir: 1. Tarixi faktlara əsaslanaraq bu həqiqətləri beynəlxalq aləmə çatdırmaq məqsədilə "İrəvan ziyalıları" kitabının rus dilində işıq üzü görməsi. 2. Kitabın Rusiyanın ikinci böyük şəhəri Sankt-Peterburqda nəşr olunması. 3. Kitabın önson sözlərinin rus alimləri tərəfindən yazılması, onların bu dəyərli əsərə verdiyi yüksək qiymət.

Biz filologiya elmləri doktoru, professor Əsgər Zeynalovun "İrəvan ziyalıları" kitabının Dövlət Mükafatına layiq görülməsini arzu edirbu zəhmətkeş alimə, milli qeyrətli vətəndaşa uğurlar arzulayırıq.

 

 

Almaz ÜLVİ,

filologiya elmləri doktoru

 

Xalq qəzeti.- 2012.- 13 may.- S. 7.