BMT Təhlükəsizlik
Şurasına sədrlik Azərbaycan diplomatiyasının tarixi zəfəridir
20 il əvvəl Azərbaycan beynəlxalq
koordinatlar sisteminin subyekti idisə, indi onun fəal aktoruna
çevrilmişdir. Azərbaycan bu gün bölgədə və
dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən
ölkə imicinə malikdir.
Azərbaycan
Respublikasının 2011-ci il oktyabr ayının 24-də BMT Təhlükəsizlik
Şurasına 2012-2013-cü illər üzrə qeyri-daimi
üzv seçilməsi bu həqiqəti bir daha təsdiqləmişdir.
155 ölkənin Azərbaycanın lehinə səs verməsi əslində
dünya ictimaiyyətinin ölkəmizə olan münasibətinin
ifadəsidir, respublikamızın həm regionda, həm də
beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən
beynəlxalq proseslərdə yaxından iştirakının
və eyni zamanda, sülhün və əmin-amanlığın
bərpa edilməsinə verdiyi töhfəsinin bariz nümunəsidir.
Beynəlxalq arenada qazanılan bu möhtəşəm
uğurun əsasında ümummilli lider Heydər Əliyevin
müəyyən etdiyi balanslı və çevik xarici siyasət
strategiyası və onun dünyanın yeni geosiyasi
reallıqları nəzərə alınmaqla Prezident İlham
Əliyev tərəfindən novatorcasına davam etdirilməsi
kursu dayanır. Bu tarixi qələbəyə ən yüksək
qiyməti də elə Prezident İlham Əliyev vermişdir.
Dövlətimizin başçısı Azərbaycanın BMT
Təhlükəsizlik Şurasına qeyri- daimi üzv
seçilməsi münasibətilə verdiyi bəyanatda qeyd
etmişdir ki, "Azərbaycanın həyatında çox əlamətdar
və tarixi hadisə baş verib. BMT Təhlükəsizlik
Şurasına seçkilərdə Azərbaycan bu mötəbər
təşkilatın üzvü seçilib. Bu böyük qələbə
münasiəbtilə bütün Azərbaycan xalqını
ürəkdən təbrik edirəm. Bu, həqiqətən də
böyük qələbədir. BMT Təhlükəsizlik
Şurası dünyanın ən mötəbər qurumudur və
Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun
üzvüdür. 155 ölkə Azərbaycanın namizədliyini
dəstəkləyərək, etimad göstərərək
bizi bu mötəbər təşkilata üzv seçib. Mən
fürsətdən istifadə edərək bizə inanan, bizə
güvənən, bizə böyük hörmət göstərmiş
bütün ölkələrə minnətdarlığımı
bildirmək istəyirəm. Demək istəyirəm ki, Azərbaycan
bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə,
demokratiyaya, ədalətə xidmət edəcək".
Bu tarixi zəfər BMT TŞ çərçivəsində son dərəcə gərgin mübarizə nəticəsində əldə olunmuşdur. Azərbaycan Sloveniya və Macarıstan ilə birgə Avropa ölkələrindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə ayrılmış yeganə yer uğrunda mübarizə aparırdı. Ermənistan mötəbər quruma üzvlük xülyasına düşsə də, miskin vəziyyətini dəyərləndirib, mübarizədən dərhal kənarlaşmışdı. Müqayisə üçün qeyd edək ki, Afrika və Asiya-Sakit okean regionundan beş ölkə təşkilata öz namizədliyini irəli sürmüşdü. Bunlar Qırğızıstan, Mavritaniya, Mərakeş, Pakistan və Toqo idi. Bu dövlətlər 2011-ci il dekabrın 31-də Qabon, Livan və Nigeriyanın tərk edəcəyi yerlər uğrunda mübarizə aparırdılar. Braziliyanın tərk edəcəyi yerə isə yalnız bir ölkə - Qvatemala öz namizədliyini irəli sürmüşdü. Azərbaycan, Qırğızıstan və Qvatemaladan başqa, digər namizəd ölkələr artıq bundan əvvəl BMT TŞ-nin qeyri-daimi üzvü olmuşdular.
Reqlamentə əsasən qeyri-daimi üzvlüyə gizli keçirilən seçkilərdə Azərbaycanın hər iki rəqibi kifayət qədər güclü idi. Hər iki Avropa dövləti həm NATO-nun, həm də Avropa İttifaqının üzvü idi. Macarıstan elə ilk turdan az səs topladığından mübarizəni dayandırmalı oldu. Mübarizənin tərəfləri qismində Azərbaycan və Sloveniya çıxış edirdi. Onu da qeyd edək ki, Sloveniya 1998-1999-cu illərdə BMT TŞ-nin qeyri-daimi üzvü olmuşdur. Səsvermənin 4-cü və 5-ci raundlarında Azərbaycanla Sloveniya arasındakı səs fərqi təxminən bərabər idi: Azərbaycanın xeyrinə 93, Sloveniyanın xeyrinə isə 96 səs verilmişdi. Artıq 6-cı raund səsvermədə Azərbaycan Sloveniyanı 1 səs üstələyə bilmişdir. Növbəti, 7-ci raundda isə Azərbaycan 9 səs fərqi ilə Sloveniyanı geridə qoymuşdur. Səsvermənin 9-cu raundundan sonra isə bu fərq 36-ya çatmışdır. Yalnız gizli səsvermənin 16-cı mərhələsindən sonra Sloveniya nümayəndəsi seçkidə məğlubiyyətin qaçılmaz olduğunun fərqinə vararaq, ölkəsinin namizədliyini geri götürməyə məcbur olmuşdur. Beləliklə, gərgin mübarizədə rəqiblərini yarı yolda qoyan Azərbaycanın möhtəşəm qələbəsi təmin olunmuşdur.
Məlumat üçün qeyd edək ki, keçmiş sovet respublikalarından indiyədək yalnız Ukrayna (2000-2001-ci illərdə) BMT TŞ-nin üzvü olmuşdur. Ümumən, BMT-nin üzvü olan 193 ölkədən indiyədək 110-dan çoxu ayrı-ayrı vaxtlarda sözügedən təşkilatın qeyri-daimi üzvü seçilmişdir.
BMT Nizamnaməsinin 23-cü maddəsinə görə, BMT-nin Baş Məclisi Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvünü seçərkən, ilk növbədə, həmin ölkələrin beynəlxalq sülhün və təhlükəsizliyin qorunması və müdafiəsi işinə verdiyi konkret töhfələrə xüsusi əhəmiyyət verir. Məsələyə bu kontekstdə yanaşdıqda Azərbaycanın BMT TŞ-ya 2 il müddətinə qeyri-daimi üzv seçilməsi tamamilə məntiqi olub, ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrə tam adekvat idi. Fikrimizi əsaslandırmağa çalışaq. Əvvəla, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi hücum taktikasına hesablanan çevik xarici siyasət kursu ölkəmizin beynəlxalq aləmdə müsbət imicini formalaşdırmış, respublikamızı etibarlı tərəfdaşa çevirmiş, dostlarımızın sayını xeyli artırmışdır. Azərbaycan diplomatiyasının seçkiqabağı dövrdə apardığı məqsədyönlü və çoxşaxəli fəaliyyət öz müsbət nəticəsini vermişdir. Bakıda BMT Baş Məclisinin üzvü olan dövlətlərin səfirləri ilə keçirilən görüşlər seçkinin nəticələrinə təsirsiz qalmamışdır. İkincisi, Azərbaycan Kosovoda, Əfqanıstanda və İraqda beynəlxalq sülhyaratma prosesinə və beynəlxalq terrorizmə qarşı qlobal mübarizə işinə əsaslı və ciddi dəstəyi ilə beynəlxalq birliyin etimadını qazana bilmişdir. Üçüncüsü, Azərbaycanın BMT-nin donor ölkələr kateqoriyası çərçivəsində Somalidə aclığın aradan qaldırılması məqsədilə bu ölkəyə 100 min ABŞ dolları civarında göstərdiyi humanitar yardımlar da beynəlxalq birliyin nəzərindən yayınmamışdır. Dördüncüsü, Azərbaycanın dünyanın, xüsusilə də Avropanın enerji təhlükəsizliyində xüsusi mövqeyə malik olması da seçki prosesinin məlum nəticəsinin əldə edilməsində əsaslı rol oynamışdır. Beşincisi, aparılan məqsədyönlü və səmərəli işin nəticəsi olaraq, ölkəmizin 2011-ci il mayın 26-da İndoneziyanın Bali şəhərində Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında hərəkatın üzvü seçilməsi ilə bu kateqoriyadan olan dövlətlərin də seçkilərdə loyal mövqeyini qazana bilmişdir.
Altıncısı, Azərbaycanın ötən il YUNESKO-nun 36-cı sessiyası zamanı təşkilatın bir neçə vəzifə və alt-qurumlarına üzv seçilməyə nail olması, xüsusilə də tədbir çərçivəsində ölkəmizin yekdilliklə Baş Konfransın vitse-prezidentlərindən biri seçilməsi BMT TŞ-ya üzvlüyə səsvermə prosesində qazandığımız uğurun təminatında vacib rol oynamışdır.
Bir sözlə, sadalanan və digər amillərin ümumi məcmusu kontekstində məsələyə qiymət versək, bir daha əmin olmaq mümkündür ki, bu qələbə təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən son dərəcə gərgin və məqsədyönlü fəaliyyətin nəticəsində əldə olunmuşdur.
Artıq may ayının 1-dən etibarən Azərbaycan BMT TŞ-da sədrlik etməyə başlamışdır. Ölkəmiz estafeti aprelin 1-dən TŞ-ya sədrlik edən ABŞ-dan almışdır və bir ay sonra Çinə təhvil verəcəkdir. Hazırda BMT çərçivəsində yeni statusu ilə bağlı Azərbaycan diplomatiyası qarşısında duran ən vacib məsələ ərazi bütövlüyünün bərpa edilməsi, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması ilə bağlıdır. Xatırladaq ki, BMT TŞ hələ 1993-cü ildə Dağlıq Qarabağa dair qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrlə Azərbaycan ərazilərinin işğalı faktını pisləmiş və erməni silahlı qüvvələrini zəbt etdikləri torpaqlardan dərhal, tamailə və qeyd-şərtsiz çıxarmağa çağırmışdır. Təəssüf ki, bu qətnamələr hələ də real işlək mexanizmlərinə malik deyildir. Heç şübhəsiz, Azərbaycan BMT TŞ-yə üzvlük statusundan istifadə edərək ilk növbədə özünün pozulmuş ərazi bütövlüyü, o cümlədən Ermənistan tərəfindən məlum qətnamələrin tələblərinin yerinə yetirilməməsi məsələsini qurumun gündəliyinə çıxarmaq imkanına malikdir. Məlum olduğu kimi, BMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, BMT TŞ-nın qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi icbari xarakter daşıyır. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycan BMT tərəfindən qəbul edilmiş və bu günə kimi icra olunmamış qətnamələrin yerinə yetirilməsi və işğalçı tərəfə qarşı məcburetmə mexanizmlərinin tətbiq edilməsi üçün əlavə imkanlar əldə etmişdir.
Belə imkanların təsdiqi kimi onu da qeyd edək ki, artıq mayın 4-də Nyu-Yorkda Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusuna həsr olunan iclası keçirilmişdir. İclasda BMT Təhlükəsizlik Şurasının fəaliyyətdə olan sədri kimi Azərbaycanın təklif etdiyi bəyanat qəbul edilmişdir.
BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında çıxış edən Prezident İlham Əliyev münaqişələrin münbit şərait yaratdığı beynəlxalq terrorçuluqla mübarizəyə BMT çərçivəsində sistematik və razılaşdırılmış yanaşmanın vacibliyini qeyd etmişdir. Dövlət başçısının sözlərinə görə, ölkələr arasında həll olunmamış münaqişələr, təcavüzkar separatçılıq meylləri terror fəaliyyətinin genişlənməsinə şərait yaradır. Beynəlxalq ictimaiyyət münaqişələrin beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına əsaslanan norma və prinsipləri əsasında həllinə çalışmalı, ölkələrə öz ərazilərində suverenliklərinin bərpasında yardım etməlidir.
Azərbaycan Prezidenti İlham Əliyev BMT kürsüsündə çıxışı zamanı Ermənistanın dövlət terrorizmi siyasətini ifşa etmiş və onun nəticələri haqqında dünya ictimaiyyətini bir daha məlumatlandırmışdır: "Ermənistan Respublikası Azərbaycan Respublikasının mülki əhalisi və infrastrukturuna qarşı onlarla terror aktlarıı törədibdir. Bunun nəticəsində 20 mindən artıq azərbaycanlı öz həyatını itiribdir. Ermənistan öz güc strukturlarının bilavasitə hazırladığı həmin terror aktlarını beynəlxalq terror qruplarından istifadə edərək törədibdir. Dağlıq Qarabağ münaqişəsinin aktiv fazasında Ermənistan etnik təmizləməyə nail olmaq üçün hərbi təcavüzlə yanaşı, mülki əhaliyə qarşı geniş şəkildə terror aktlarından da istifadə edibdir. Bu vəhşilik Xocalı sakinlərinin məhv edilməsi ilə kuliminasiya nöqtəsinə çatdı. Həmin vaxt 613 günahsız insan - qadın, uşaq və qoca insanlar öz həyatlarını itiriblər. 100-dən artıq qadın, 63 uşaq qətlə yetirilibdir".
Beləliklə, Prezident İlham Əliyevin BMT TŞ-da xüsusi iclasa sədrlik etməsi və bu mühüm beynəlxalq kürsüdən Azərbaycan həqiqətlərini dünyaya çatdırması bir daha sübut edir ki, ölkəmiz bu mötəbər qurumun imkanlarından maksimum faydalanmaq üçün bütün qüvvələrini səfərbər etmişdir və belə olan təqdirdə diplomatiyamızın növbəti, daha böyük qələbələrə imza atacağı labüddür.
Elman NƏSİROV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik
Akademiyasının
dosenti, tarix üzrə fəlsəfə
doktoru
Xalq qəzeti.- 2012.- 13 may.- S.4.