Mətbuata
dövlət qayğısı hakimiyyətin qarşıya qoyduğu prioritet vəzifələrdəndir
Bütün kütləvi
informasiya vasitələri bu qayğıdan yetərincə bəhrələnir
"Sərhədsiz reportyorlar"
qeyri - hökumət təşkilatının dünyada mətbuat
azadlığı sahəsində vəziyyəti əks etdirən
illik hesabatı ilə tanış olanda heç də təəccüblənmədim.
Çünki bu təşkilatın ölkəmiz haqqında
yalan və böhtan xarakterli məlumatlar yayması birinci hadisə
deyidi. Ümumiyyətlə, bir sıra beynəlxalq təşkilatlar
sanki ikili mövqe nümayiş etdirmə mərəzinə
tutulublar. Onlardan biri də "Sərhədsiz
reportyorlar"dır. Bu təşkilatın
hazırladığı "hesabat"la tanış olanda
adama elə gəlir ki, onlar sanki dünyada cərəyan edən
proseslərdən, inkişafdan, tərəqqidən tamamilə
uzaqdırlar.
"Hesabat"da
guya 179 ölkədə mətbuat azadlığı sahəsindəki
vəziyyət öz əksini tapıb və Azərbaycan
azadlıq səviyyəsinə görə son yerlərdən
birini - 162-ci yeri tutub. Görünür, bu hesabatı
hazırlayanlar da öz səviyyəsinə görə
dünyadakı bütün qeyri - hökumət təşkilatları
arasında lap axırıncı yeri tutur. Belə olmasaydı,
bilərdilər ki, bu gün Azərbaycanda mənsubiyyətindən
asılı olmayaraq, mətbuata dövlət
qayğısı yüksək səviyyədədir. Bunu həm
müxalifət, həm də müstəqil mətbuatın
nümayəndələri də təsdiqləyə bilərlər.
Onlar da dövlətin qayğısından yertərincə bəhrələnirlər.
Elə "Sərhədsiz reportyorlar" qeyri - hökumət
təşkilatının yalan və böhtanla dolu
"hesabat"ını dərc edən "Azadlıq" qəzeti
də.
Gözləmək
olardı ki, "Azadlıq" qəzeti həmin
"hesabat"ı dərc etdikdən sonra heç olmasa, bir
cümlə ilə də olsa, bu saxtakar quruma öz
etirazını bildirəcək. Axı, nəşriyyata borcu
olan və dövlət hesabına borcu ödənilən
kütləvi informasiya vasitələri arasında
"Azadlıq" qəzeti də var idi. Son illər dövlət
tərəfindən kütləvi informasiya vasitələrinin
maddi - texniki bazasının gücləndirilməsi ilə əlaqədar
həyata keçirilən tədbirlərdən bu qəzet də
bəhrələnib. Fəxri adlar alanlar sırasında
"Azadlıq" qəzetinin də əməkdaşları
var. Niyə bunlar unudulur və görməməzliyə
vurulur? Məgər müxalifət öz xalqının, millətinin,
Vətəninin təəssübünü çəkməməlidirmi?
Adlarını müxalifət qoyanlar azərbaycanlı
olduqlarını da unutmalıdırlarmı? Ölkəmizə
böhtan atan, nüfuzumuza xələl gətirmək istəyən
beynəlxalq təşkilatların yalan və
böhtanlarına siyasi mənsubiyyətindən asılı
olmayaraq, hər birimiz cavab verməliyik. Çünki bizim
hamımızın bir Vətəni var - Azərbaycan!
Ulu
öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə
qayıdışından sonra cəmiyyət həyatının
bütün sahələrində olduğu kimi, kütləvi
informasiya vasitələrinin inkişafı, söz və mətbuat
azadlığının təminatı sahəsində də
yeni imkanlar açılmışdır. Məhz həmin
vaxtdan başlayaraq Azərbaycanda demokratik proseslərin
inkişafına xüsusi önəm verildi. Ölkədə
azad, müstəqil mətbuatın fəaliyyətinə əlverişli
şəraitin yaradılması demokratiyanın əsas
atributlarından biridir. Ümummilli lider Heydər Əliyev
müstəqil mətbuatın sərbəst fəaliyyəti
üçün bütün süni əngəllərin
aradan qaldırılmasına nail oldu. 1995-ci ilin noyabrında
ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş
müstəqil Azərbaycanın ilk Konstitusiyasının 50-ci
maddəsində ölkə vətəndaşlarının
söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə
etmək və digər azadlıqları təsbit
olunmuşdur. Digər qanunvericilik aktlarında da müstəqil
mətbuatın inkişafı üçün əhəmiyyətli
müddəalar əksini tapmışdır. "Kütləvi
informasiya vasitələri haqqında" Qanun qəbul olunsa
da, müasir tələblərə cavab vermirdi. Odur ki, ölkəmiz
inkişaf etdikcə bu qanuna da dövrün tələblrinə
uyğun əlavə və dəyişiklik edilirdi.
İllər
keçdikcə ulu öndər Heydər Əliyevin rəhbərliyi
altında kütləvi informasiya vasitələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi,
söz, məlumat və fikir azadlığının təmin
edilməsi sahəsində mühüm tədbirlər həyata
keçirilmişdir. Bu məqsədlə zəruri
qanunvericilik bazası da yaradılmışdır. Məhz bu əhəmiyyətli
tədbirlərin həyata keçirilməsi respublikamızda
nəşr olunan qəzet və jurnallara, həmçinin
informasiya agentliklərinə, söz azadlığına
öz təsirini göstərir. Ümummilli lider Heydər Əliyevin
6 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasında
söz, fikir və məlumat azadlığının təmin
edilməsi sahəsində tədbirlər haqqında" fərmanı
ilə kütləvi informasiya vasitələri üzərində
senzura ləğv olunmuş, bu sahənin inkişafını
stimullaşdıran bir sıra zəruri tədbirlər həyata
keçirilmişdir. Bununla da ölkəmizdə demokratik proseslərin
inkişafına xüsusi önəm verildiyi bir daha təsdiqləndi.
2001-ci
il dekabrın 18-də ümummilli lider Heydər Əliyev
aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri
ilə görüşəndən sonra milli mətbuatımızın
üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması
ilə əlaqədar fərman və sərəncamlar
imzalamışdır. Bu sənədlər mətbuata güzəştli
kreditlərin verilməsini, onların maddi-texniki
bazasının daha da gücləndirilməsini, çoxlu
sayda qəzetin "Azərbaycan" nəşriyyatına
2005-ci ilədək olan borcunun dondurulmasını təmin
etdi. Elə həmin il "Kütləvi informasiya vasitələri
haqqında" Qanuna edilən əlavə və dəyişikliklərə
əsasən qəzet və jurnal təsis etmək işi xeyli
asanlaşdırıldı. Həmin əlavə və dəyişiklikdən
sonra hər bir Azərbaycan vətəndaşı təhsilindən,
ixtisasından, siyasi mənsubiyyətindən və
mövqeyindən asılı olmayaraq qəzet təsis edə
və onun baş redaktoru ola bilər. Bu diqqət və
qayğının qarşılığı kimi Heydər Əliyev
2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına
layiq görüldü. Ümummilli lider bütün bunlarla yanaşı,
ölkə mətbuatının qüsurlarını, problemlərini
də hər zaman açıq şəkildə bildirir,
jurnalistləri milli-mənəvi, etik dəyərlərə
riayət etməyə çağırırdı. Məhz
Heydər Əliyevin humanistliyinin nəticəsi olaraq ötən
illərdə bir sıra məmurlar məhkəmələrdə
qəzetlərə qarşı qaldırdıqları
haqlı iddiaları geri götürüblər.
Ulu
öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam
etdirən Prezident İlham Əliyev müstəqil mətbuatın
inkişafı, bu sahədə qarşıya çıxan
problemlərin aradan qaldırılması, kütləvi
informasiya vasitələrinin maddi - texniki bazasının daha da
gücləndirilməsi istiqamətində mühüm əhəmiyyətli
tədbirlərin həyata keçirilməsi üçün
bütün imkanlardan istifadə etdi. Jurnalistlərin sosial -
rifah halının yaxşılaşdırılması məqsədilə
sərəncamlar imzaladı. Dövlət başçısının
təşəbbüsü ilə mətbuat orqanlarının
maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin
qiymətləndirilməsi məqsədilə tədbirlərin
miqyası genişləndirildi. Milli mətbuatın 130 illik
yubileyi ilə əlaqədar mətbuat işçilərinin
mükafatlandırılması haqqında Prezident sərəncamları
imzalandı, 140-dan artıq jurnalist Prezident təqaüdünə,
"Tərəqqi" medalına və fəxri adlara layiq
görüldü. 35 redaksiyaya isə birdəfəlik maliyyə
yardımı göstərildi.
Mətbuatın
maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə
2006-cı il fevralın 8-də imzalanmış "Qəzetlərin
"Azərbaycan" nəşriyyatına olan
borclarının ödənilməsi barədə" sərəncama
əsasən redaksiyaların 450 min ABŞ dolları həcmində
borcu dövlət büdcəsindən ödənildi. 2005-ci
ildən bu günə kimi Azərbaycanda 300-ə yaxın
jurnalist dövlət mükafatlarına və fəxri adlara
layiq görülüb. 2008-ci ildə 38 redaksiyaya 5 min manat,
2009-cu ildə isə 39 redaksiyaya 10 min manat məbləğində
yardım ayrılıb.
Milli
mətbuatın 135 illiyində aparıcı kütləvi
informasiya vasitələrinə dövlət tərəfindən
edilən birdəfəlik yardımların məbləği
daha da artırıldı. Dövlət
başçısının imzaladığı "Azərbaycan
milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin
maliyyələşdirilməsi və Azərbaycan
Respublikasının kütləvi informasiya vasitələrinə
birdəfəlik maliyyə yardımının göstərilməsi
haqqında" sərəncama əsasən Prezidentin Ehtiyat
Fondundan bir milyon manat məbləğində vəsait
ayrıldı. 32 qəzet redaksiyasının hər birinə
20 min manat, 8 informasiya agentliyinin hər birinə isə 10 min
manat birdəfəlik yardım göstərildi. Xüsusilə
qeyd etmək lazımdır ki, maddi yardımın göstərilməsində
mətbuat orqanları arasında heç bir
ayrı-seçkiliyə yol verilmədi. Yardımlardan həm
müstəqil, həm də müxalifəti təmsil edən
mətbu orqanlar yararlandılar.
Prezident
İlham Əliyevin "Azərbaycan Respublikasının mətbuat
işçilərinə fəxri adların verilməsi
haqqında" digər sərəncamına əsasən,
milli mətbuatın inkişafındakı xidmətlərinə
görə 38 nəfərə "Əməkdar
jurnalist", 15 nəfərə "Əməkdar mədəniyyət
işçisi" və 1 nəfərə "Əməkdar
mühəndis" fəxri adları verildi. Eyni zamanda, 38 nəfər
"Tərəqqi" medalı ilə təltif edildi.
2010-cu
il iyulun 22-də Prezident İlham Əliyev mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsi
tədbirlərini nəzərdə tutan digər bir sərəncam
da imzaladı. Sərəncama əsasən mətbuat
işçilərinin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması və onlar
üçün yaşayış evlərinin tikilməsi məqsədilə
Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon
manat vəsait ayrıldı. Dövlət
başçısının bu sərəncamı ilə
jurnalistlərin əsas problemlərinin birinin də həlli
istiqamətində qətiyyətli addım atıldı.
Dünyanın heç bir ölkəsində jurnalistlər
dövlət hesabına mənzillə təmin olunmurlar. Azərbaycanda
isə jurnalistlər üçün dövlət vəsaiti
hesabına mənzillər tikilir. 2013- cü ildə artıq
bu mənzillər pulsuz olaraq öz sahiblərinə veriləcək.
Azərbaycan
Prezidentinin qətiyyəti və siyasi iradəsinin nəticəsidir
ki, bu gün kütləvi informasiya vasitələri istənilən
məsələ ilə bağlı mövqeyini açıq
ifadə edə bilir, xüsusən də müstəqil fəaliyyət
göstərən qəzetlərin bu sahədə
qarşılaşdığı ciddi problem olmur. Ölkəmizdə
azad fikrə, tənqidi mövqeyə dözümlü
münasibət mövcuddur. Jurnalistlər istənilən
dövlət orqanını, yüksək vəzifəli məmuru
tənqid edə bilirlər. Son 10 ildə "Kütləvi
informasiya vasitələri haqqında", "İnformasiya
azadlığı haqqında" və digər qanunlar qəbul
edilmiş, bu zaman Avropa Şurasının, habelə digər
nüfuzlu beynəlxalq təşkilatların, mütərəqqi
rəy və təklifləri, inkişaf etmiş dövlətlərin
qabaqcıl iş təcrübəsi nəzərə
alınmışdır. Ümumiyyətlə, Azərbaycan
Prezidenti İlham Əliyevin mətbuata qayğısı
sistemli xarakter daşıyır. 2008-ci ildə ölkə rəhbəri
tərəfindən "KİV-in inkişafına dövlət
dəstəyi konsepsiyası" təsdiqlənib.
Konsepsiyanın hazırlanmasında əsas məqsəd mətbuatın
digər sahələrdə gedən sürətli inkişaf
tempindən geri qalmaması, eyni zamanda, əldə edilən gəlirlərdən
bəhrələnməsini təmin etməkdir.
Dövlət
başçısının sərəncamı ilə
yaradılmış Prezident yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondu ildə
azı iki dəfə ölkənin aparıcı qəzet və
jurnallarının, jurnalist təşkilatlarının təqdim
etdikləri layihələrin maliyyələşdirilməsinə
vəsait ayırır. Belə yardımlar həm
yazılı mətbuatın inkişafına yol açır,
həm də yeni-yeni təkliflərin gündəmə gəlməsinə
əsas yaradır.
Azərbaycan
Prezidentinin birbaşa himayəsi ilə Mətbuat
Şurasının yeni binası istifadəyə verilib.
Binanın açılış mərasimində Prezident
şəxsən iştirak etdi və şuranın idarə
heyətinin üzvləri ilə görüşdü. Həmin
görüşdə Prezident İlham Əliyev mətbuatımızın
bu günü, gələcəyi və həllini gözləyən
problemlərlə bağlı proqram xarakterli
çıxış etdi: "...Mən bundan sonra da
çalışacağam ki, Azərbaycanda bu sahədə
daha da böyük addımlar atılsın. Azərbaycan
dövləti öz dəstəyini göstərsin. Ölkədə
müasir jurnalistikanın formalaşması işində Azərbaycan
dövləti və Prezident kimi mən səylərimi əsirgəməyəcəyəm".
Bütün bunlardan sonra Prezident İlham Əliyev
"Jurnalistlərin dostu" mükafatına layiq
görüldü.
Hazırda
Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki
mövcud vəziyyət inkişaf etmiş demokratik dövlətlərlə
müqayisə edilə bilər. Bu gün ölkəmizdə
mətbu nəşrlərin sərbəst fəaliyyətinə,
jurnalistlərin öz fikirlərini azad ifadə etmələrinə
bütün imkanlar yaradılmışdır.
Azərbaycanda
aparılan islahatlar, həyata keçirilən tədbirlər
bir daha təsdiqləyir ki, hakimiyyət ölkədə
söz və mətbuat azadlığının başlıca
təminatçısıdır və bu sahədə həyata
keçirilən islahatları demokratikləşmə
prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir.
Azərbaycanda azad mətbuatın inkişafı
üçün dövlət tərəfindən hər
cür şərait yaradılıb. Ona görə də
"Sərhədsiz reportyorlar" kimi qeyri - ciddi təşkilatlar
yalan və böhtanla dolu "hesabatları" ilə beynəlxalq
ictimaiyyəti çaşdıra bilməyəcək.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2012.-15 may.- S. 8.