Naxçıvan: dinamik inkişafın əsas hədəfləri

 

Müasir tariximizin 30 ildən artıq bir mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev xalqın təkidi və xahişi ilə ikinci dəfə Azərbaycana hakimiyyətə gəldikdən sonra ölkə iqtisadiyyatının böhrandan çıxması yollarını axtarmağa başladı. Böyük siyasətçi və dövlət xadimi Heydər Əliyev ölkənin inkişafını islahatların aparılmasında görürdü. Çünki dərin iqtisadi böhrana düçar olmuş respublikamızı bu böhrandan çıxarmaq və yeni inkişaf yoluna salmaq yalnız islahatlar yolu ilə mümkün ola bilərdi. Ona görə də ümummilli lider Heydər Əliyev bəyan etdi ki, "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması və bazar iqtisadiyyatı, sahibkarlıq yoludur".

 

Beləliklə, ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının ötən dövrdə ardıcıl şəkildə həyata keçirilməsi ölkəmizin inkişafı prosesində dinamizmi və iqtisadi inkişafın davamlılığını təmin etmiş, qarşıda duran vəzifələrin həlli üçün real imkanlar açmışdır. Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri ondan ibarət oldu ki, müstəqil Azərbaycan dövlətinin əsasını qoyarkən dünyada mövcud olan iqtisadi inkişaf modellərini dəfələrlə götür-qoy etdi, iqtisadçı alimlərlə görüşdü, müzakirələr apardı və nəhayət, gərgin axtarışlardan sonra bu modellər işərsində sosial yönümlü bazar iqtisadiyyatı modelini seçdi. Əlbəttə ki, modellərin seçilməsi zamanı inkaf etmiş ölkələrin bu modeldən istifadə xüsusiyyətlərinin öyrədilməsi böyük əhəmiyyət kəsb etmişdir. Ulu öndər ölkənin inkişafını tarixi şəraitini, təbii resuslarının mövcudluğunu, əhalinin adət və ənənələrini, məhsuldar qüvvələrin inkişaf səviyyəsini, milli xüsusiyyətləri, təbii şəraiti və s. nəzərə alaraq iqtisadi inkişafın yeni bir modelini - Azərbaycan modelini yaratdı.

Ötən 20 ilə yaxın müddətdə Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf modeli Azərbaycana böyük uğurlar gətirmişdir. Ulu öndərin müdrik siyasətinin nəticəsidir ki, çox qısa müddət ərzində ölkəmiz uğurlu inkişaf yolu keçmiş dünyada lider ölkələr sırasına daxil olmuş və Azərbaycan iqtisadi inkişaf tempinə görə bu gün də öz liderlik mövqeyini qoruyub saxlamaqdadır.

Ölkə prezidentinin yeritdiyi uğurlu iqtisadi siyasətin nəticəsidir ki, 2008-ci ildən başlayan və bu gün də davam edən qlobal maliyyə böhranına baxmayaraq, iqtisadi inkişaf yenə də davam etdirilmiş və yüksək nəticələr əldə olunmuşdur. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqində demişdir: "2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla icra edilibdir. Elə bir vəzifə yoxdur ki, icra olunmamış qalsın. Yəni, nəzərdə tutduğumuz bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam etmişdir. Bütövlükdə iqtisadi artım 0,1 faiz təşkil etmişdir».

Ümumiyyətlə, 2011-ci ilin iqtisadi göstəricilərinə nəzər saldıqda məlum olur ki, əvvəlki illdərdə olduğu kimi, hesabat dövrü də ölkənin iqtisadi həyatında çox uğurlu il kimi yadda qalmışdır. Belə ki, 2011-ci ildə ölkədə qeyri-neft sənayesinin istehsalı 11,1 faiz artmışdır. Hesabat dövründə ölkə iqtisadiyyatına 20 milyard dollar investisiya qoyulmuşdur ki, bu da 2010-cu ilə nisbətən 2,4 milyard dollar çoxdur. Bütövlükdə iqtisadiyyata qoyulan investisiyaların 13 milyard dollarını daxili investisiyalar təşkil etmişdir. Ölkə iqtisadiyyatının sürətli inkişafı valyuta ehtiyatlarının artmasına gətirib çıxarmışdır. İndi Azərbaycanın valyuta ehtiyatları 40 milyard dolları ötüb keçmişdir.

Beləliklə, ölkə Prezidenti İlham Əliyevin xüsusi fərmanları ilə qəbul edilən Dövlət proqramları regionlarının tarazlı inkişafını təmin etməyə yönəldilmişdir.

İftixar hissi ilə demək olar ki, bu gün ölkənin bütün regionları kimi Naxçıvan Muxtar Respublikası da yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikanın iqtisadiyyatı daha da möhkəmlənmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət almışdır. Dövlət başçısı regionlara səfərləri zamanı burada görülən işlərdən razı qaldığını bildirərək demişdir: "Biz bütün bu işləri planlı şəkildə aparırıq. Həm ölkənin iqtisadi inkişafına göstərilən diqqət, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılan tədbirlər, sosial proqramlar, maaşlar, pensiyalar, sənaye müəssisələrinin, turizm mərkəzlərinin tikintisi - bütün bunların bir məqsədi var ki, Azərbaycan vətəndaşları yaxşı, firavan yaşasınlar, dünyada mövcud olan ən yüksək standartlar Azərbaycanda istənilən sahədə tətbiq olunsun və beləliklə, ölkəmiz həqiqətən inkişaf etsin. Regionlar inkişaf edir, paytaxt şəhərimiz inkişaf edir, rayon mərkəzləri gözəlləşir, abadlaşır - bax inkişaf budur».

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf modeli hazırda Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Regional inkişaf isə prioritet məsələ kimi qarşıda durur. Ölkə Prezidenti yaxşı başa düşür ki, regionların tarazlı inkişafı təmin edilmədən bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafından belə söhbət gedə bilməz.

Naxçıvan Muxtar Respublikasının 2010-cu ildəki sosial-iqtisadi inkişafında müşahidə olunan dinamik artım tempi 2011-ci ildə də davam etdirilmişdir. Bunu 2011-ci il üçün tərtib olunmuş əsas makroiqtisadi göstəricilər daha aydın xarakterizə edir.

2011-ci ildə muxtar respublikada ümumi daxili məhsulun həcmi 2010-cu illə müqayisədə 49,5 faiz artmışdır. Muxtar Respublika tarixində ilk dəfə olaraq iqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 2 milyard ABŞ dollarını ötüb keçmişdir. Bu dövr ərzində adambaşına düşən ÜDM-nin həcmi 52 faiz artmışdır. Özəl sektorun inkişafı özünü ümumi daxili məhsulun həcmində qabarıq şəkildə göstərmişdir. Belə ki, ÜDM-in 86,5 faizi məhz qeyri-dövlət bölməsində yaradılmışdır.

Muxtar respublikada elmi cəhətdən əsaslandırılan və həyata keçirilən iqtisadi islahatlar burada sənayeni dinamik edən sahələrdən birinə çevirmişdir. Əvvəlki illərdə olduğu kimi 2011-ci ildə də sənaye özünün dinamik inkişafı ilə fərqlənmişdir. Burada sənaye müəssisələrinin işinin bərpası və yeni müəssisələrin tikilib istifadəyə verilməsi, istehsal olunan məhsulun həcminin və çeşidinin artırılması istiqamətində aparılan tədbirlər son nəticədə sənaye məhsullarının ümumi həcminin 2,1 dəfə artmasına gətirib çıxarmışdır.

Muxtar respublikada 2011-ci ildə 680921,2 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bunun da 56, 1 milyon manatı və ya 8,2 faizi dövlət sektorunun, 624,8 milyon manatı və ya 91,8 faizi isə özəl sektorun payına düşmüşdür. Bu görülən işlər sənaye sektorunda sahibkarlığin inkişafına qeyri-dövlət sektorunun davamlı yüksəlişinə yönəldilmiş dövlət qayğısının əyani sübutudur.

Muxtar Respublika əhalisini yüksək keyfiyyətli sənaye malları ilə təmin etmək bütün dövürlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin diqqət mərkəzində durmuşbu gündə durmaqdadır.

2011-ci ildə muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 815,6 milyon manat həcmində investisiya yönəldilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 62,8 faiz çoxdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədrinin birbaşa rəhbərliyi nəticəsində 2011-ci ildə muxtar respublikada tikintiya əsaslı təmirdən sonra ümumilikdə 539 müxtəlif təyinatlı obyekt istifadəyə verilmiş, 92 obyektin isə tikintisiya təmiri davam etdirilməkdədir.

Ulu öndər Heydər Əliyevin iqtisadi-inkişaf modeli aqrar sektorda da özünü göstərməkdədir. Aparılan təhlillər göstərir ki, əvvəlki dövrlərdə aqrar sektor iqtisadiyyatının digər sahələrinə nisbətən geri qalırdı. Ona görə də müstəqilliyimizin ilk illərindən yollar axtaran ulu öndər MDB ölkələri içərisində ilk dəfə olaraq çıxış yolları müəyyənləşdirərək demişdir: "İqtisadiyyatda dövlət siyasətini artıq müəyyən etmişəm. Bu islahatlar yoludur».

Böyük rəhbərin ölkədə ilk dəfə olaraq aqrar islahatlara məhz Naxçıvan Muxtar Respublikasından başlaması artıq öz bəhrəsini vermişdir. Ötən 2011-ci ilin yekunları göstərdi ki, iqtisadiyyatın digər sahələri kimi aqrar sektor da dinamik inkişaf edən sahələr sırasındadır. Bu dinamik artım keçən ilözünü biruzə vermişdir. Belə ki, 2011-ci ildə muxtar respublikada kənd təsərrüfatının ümumi məhsulu 2010-cu illə müqayisədə 13 faiz artmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aqrar sektorun inkişafına xüsusi diqqət yetirməsi təsadüfi deyildir. Onlar yaxşı başa düşürlər ki, muxtar respublika əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunması aqrar sektordan çox asılıdır. Elə bu baxımdan da ərzaq məhsulları istehsalını artırmaq, əhalini keyfiyyətli və təhlükəsiz ərzaqla təmin etmək, sahibkarlıq mühitini yaxşılaşdırmaq məqsədilə 2008-ci il sentyabrın 17-də qəbul olunmuş "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı» muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılması sahəsində yeni istiqamətlərin müəyyənləşdirilməsi təsadüfi deyildir. İndi muxtar respublikada taxıl, kartofbir çox digər məhsullar üzrə əhalinin ərzaq təhlükəsizliyi artıq təmin olunmuşdur.

Kənd təsərrüfatında yeni maşın və mexanizmlərin tətbiqi, aqrolizinq xidmətinin təkmilləşdirilməsi muxtar respublikada əkinçilik və heyvandarlıq məhsullarının daha da artmasına gətirib çıxarmışdır. Soyuducu anbarların tikilməsi prosesinin sürətləndirilməsi də gələcəkdə xarici ölkələrdən idxalın azalmasına və qış dövründə əhalinin müntəzəm olaraq təzə meyvə-tərəvəzlə təmin olunmasına səbəb olacaqdır.

2011-ci ildə muxtar respublikada yük daşınması 2010-cu illə müqayisədə 14 faiz, sərnişin daşıması isə 20,8 faiz artmışdır. 2011-ci ildə yük və sərnişin daşımasından bütövlükdə 39,3 milyon manat gəlir əldə olunmuşdur ki, bu da 2010-cu illə müqayisədə 14,5 faiz çoxdur.

Həyata keçirilən iqtisadi islahatlar sahibkarlığın inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında və iqtisadiyyatın inkişafında onun rolunu artırmışdır. Əgər nəzərə alsaq ki, bu gün muxtar respublikada istehsal olunan ümumi daxili məhsulda özəl sektorun payı 86,5 faizdən çoxdur, onda sahibkarlığın inkişafına dövlətin nə üçün böyük diqqət yetirdiyi bəlli olar. Sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlətin gördüyü stimullaşdırıcı tədbirlər, o cümlədən güzəştli kreditlərin verilməsi məhsul bolluğunun yaranmasına gətirib çıxarmışdır.

Təkcə 2011-ci ildə muxtar respublikanın sahibkarlarına 47,2 milyon manatlıq güzəştli kreditlər verilmişdir ki, bu da 2010-cu illə müqayisədə 31,5 faiz çoxdur.

Sahibkarlıq fəaliyyətinin inkişafı muxtar respublika əhalisinin gəlirlərinin artmasına və məşğulluq probleminin həllinə öz təsirini göstərmişdir. Muxtar respublikada 2011-ci ildə əhali gəlirləri 43,5 faiz artmış və 3669 yeni yeri açılmışdır. Muxtar respublikada işsizliyin aradan qaldırılması və məşğulluq probleminin həlli üçün 2003-cü il oktyabr ayının 1-dən 2012-cu il yanvar ayının 1-nədək 49 min nəfərlik yeni yeri açılmışdır.

Əgər belə demək olarsa, xarici ticarət hər bir dövlətin iqtisadi inkişafının güzgüsü sayılmalıdır. Əgər bunu nəzərə alsaq, bu gün Azərbaycanda və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ticarət sahəsində görülən işlər diqqətəlayiq hesab edilməlidir. Naxçıvan Muxtar Respublikası blokada şəraitində olmasına baxmayaraq, artıq dünyanın 32 dövləti ilə iqtisadi əlaqələrə girmişdir. İqtisadi əlaqələrin genişlənməsi ticarət dövriyyəsinin artmasına gətirib çıxarmışdır. Xarici ölkələrdən alınıb gətirilən yeni texnologiyalar, bu əsasda yaradılan yeni müəssisələr, rəqabət qabiliyyətli məhsullar istehsalı muxtar respublikanın ixrac potensialını daha da artırmışdır.

2011-ci ildə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 2010-cu illə müqayisədə 55,4 faiz artaraq 500 milyon ABŞ dollarına çatmışdır. Xarici ticarət dövriyyəsinin 322,6 milyon ABŞ dollarını ixrac, 78,3 milyon ABŞ dollarını isə idxal təşkil etmişdir. Son bir ildə ixracın həcmi 52,4 faiz artmışdır. Ümumiyyətlə, yeni müəssisələrin işə salınması və istehsalın artması muxtar respublikada dinamik inkişafı təmin etmişdir. Bütün bunlar isə ümummilli lider Heydər Əliyevin iqtisadi inkişaf modelinin uğurlu nəticəsidir.

 

 

Nazim ƏHMƏDOV,

iqtisad elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2012.- 15 may.- S. 5.