Ümummilli liderimiz dəmir yolunun inkişafını daim diqqət mərkəzində saxlayırdı

 

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin müdrik siyasəti sayəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.

 

Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda istifadəyə verilən mühüm obyektlərin böyük əksəriyyəti məhz onun təşəbbüsü və ciddi nəzarəti sayəsində istismara verilmişdir. Böyük öndərin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir. O, istər bilavasitə respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu 1983-87-ci illər ərzində bu sahəyə xüsusi diqqət ayrılmış dəmir yolu müasir xarici texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilmişdir. Həmin illərdə Azərbaycan polad magistralının yüzlərlə ən yaxşı dəmiryolçusu SSRİ-nin orden və medalları ilə təltif olunmuşdur ki, bu da ümummilli lider tərəfindən dəmir yoluna və dəmiryolçulara göstərilən böyük qayğı və diqqətin parlaq təzahürüdür. Bütün sahələrdə olduğu kimi, dəmir yolunda da rəhbər vəzifələrdə çalışan mütəxəssislərin böyük əksəriyyəti məhz böyük siyasət adamı Heydər Əliyevin qayğısı ilə 1970-1987-ci illərdə ölkədən xaricdə təhsil almışlar. Bunlar, sadəcə, qısa xronologiya deyil, böyük bir sistemin inkişaf strategiyasını müəyyən edən şərtlərdir. Tarix göstərdi ki, ümummilli liderin zamanında atdığı hər bir addım gələcəyə hesablanmış strategiyanın reallaşmasını şərtləndirən əsas amillərdir.

Ümummilli liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır. Ölkəmiz beynəlxalq və regional layihələrin, o cümlədən "Bakı-Tbilisi-Qars" və "Şimal-Cənub" nəqliyyat layihələrinin reallaşması prosesində fəal iştirak edir.

Azərbaycanda son illər dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması məqsədilə bir sıra mühüm qərarlar qəbul edilmişdir. Prezident İlham Əliyev 20 iyul 2009-cu il tarixdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalamışdır. Bununla da dəmir yolunun tarixində yeni dövr başlanmışdır. Ölkə başçısı 6 iyul 2010-cu ildə Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların həcminin artırılmasını, dəmir yolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Bu tarixi bir sənəddir. Çünki həmin sənəddə Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən bütün məqamlar öz əksini tapıb. Vaqonlokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün Tədbirlər Planında öz əksini tapmışdır. Artıq bu istiqamətdə bir sıra layihələr həyata keçirilməkdədir.

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"da Azərbaycan polad magitstralının sürətli inkişafını təmin edən bütün məqamlar nəzərə alınıb. Vaqonlokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və sair təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr Dövlət Proqramının icrası üçün tədbirlər planında öz əksini tapıb.

Sənəddə göstərildiyi kimi, Dövlət Proqramının əsas məqsədi əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının təmin olunması, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakını təmin etməkdir.

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın ölkə başçısı tərəfindən imzalanması dəmir yolunda aparılan islahatların sürətlə başa çatdırılması üçün çox böyük imkanlar açır. Proqramda nəqliyyat sisteminin əsas sahələrindən olan dəmir yolunun bütün təsərrüfatlarının inkişaf etdirilməsi, modernləşdirilməsi nəzərə alınıb.

Göründüyü kimi, Dövlət Proqramında dəmir yolunun bütün təsərrüfatlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Bütün bu görüləcək işlər nəticəsində qatarların hərəkətnin təhlükəsizliyi təmin ediləcək və hərəkət sürətinin yüksəldilməsi təmin olunacaqdır. Dövlət Proqramının preambulasında bu, çox dəqiq ifadə olunub: "Ölkədə dəmir yolu nəqliyyat xidmətlərinə olan tələbatın tam ödənilməsi və ölkənin dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası üçün daha müasir nəqliyyat infrastrukturunun yaradılması, daşımalarda yük vahidinə nəqliyyat xərclərinin azalması, çevik tarif siyasətinin müəyyən edilməsi, Azərbaycanın tranzit potensialının artırılması, institusional islahatların aparılması, dəmir yolu nəqliyyatının fəaliyyətinə dair təkmil qanunvericilik bazasının formalaşdırılması, dəmir yolu sahəsi üçün yüksək ixtisaslı kadrların hazırlanması və onların sosial müdafiəsi təmin olunacaqdır".

Dəmiryolçular əldə olunan nailiyyətləri bundan sonra daha da artıracaq, dövlətimizin və hökumətimizin qarşımızda irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün potensial imkanlardan səmərəli istifadə edəcək, onlara göstərilən etimadı əməli işlərlə doğruldacaqlar. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır. "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" qeyd olunanları reallaşdırmağa geniş imkanlar açır.

Sonda onu da qeyd etmək istərdim ki, kollektivimiz bu günədək qarşısına qoyulan bütün vəzifələri layiqincə yerinə yetirib. Dövlət başçısının dəmiryolçulara xüsusi qayğısı, eyni zamanda, nəqliyyat naziri Ziya Məmmədovun, "Azərbaycan Dəmir Yolları" QSC rəhbərliyinin işimizə gündəlik nəzarəti bizi daha məsuliyyətlə çalışmağa, üzərimizə düşən vəzifələri vaxtında və yüksək keyfiyyətlə həyata keçirməyə sövq edir.

 

 

Xeyrulla HÜMBƏTOV,

YAP ilk təşkilatının sədri,

Fəxri dəmiryolçu

 

Xalq qəzeti.- 2012.- 15 may.- S. 4.