Əbədiyyət
onun alın yazısı idi
"...Qəhrəmanların
ölümü Günəşin qürub etməsinə bənzəyir."
Bu fikrin kimə məxsus
olduğunu unutmuşam. Əslində 20 ildən artıq
jurnalist kimi çalışmağıma baxmayaraq, mənim
üçün qəhrəmanlardan yazmaq qədər çətin
mövzu olmadığı üçün bu fikrə üz
tutdum. Amma 40 gün əvvəl müstəqil Azərbaycanın
rəşadət salnaməsinə adını yazan, heç
40 yaşı tamam olmamış MTN-in zabiti, polkovnik-leytenant
Elşad Quliyevin həyat tarixçəsinin epiqrafı
üçün, məncə, bundan sərrast ifadə tapmaq
çox çətin olardı...
Qəhrəmanımız
Elşadın əxlaqının və tərbiyəsinin
bünövrəsini qoyan öz valideynləri, eldə, obada səmimiyyətləri,
xeyirxahlıqları, həkim peşəsinə sədaqətləri
ilə ad qoymuş Vəli doktorla Kəsirə doktor
olmuşdu. Yaşlarına şahid olanlar danışırlar
ki, bu iki insan ucqar Zəngilan rayonuna gələn gündən
sözün əsl mənasında, elin dar gününün
dayağı olublar. Həmin günləri
yaşayırmış kimi Kəsirə xanım oğul
itkisinin acısına bir xoş xatirə şirinliyi qataraq
deyir:
- Bəzən
elə olurdu ki, dünyaya körpə gətirən anaya təcili
yardım göstərmək üçün axşamdan ucqar
bir kəndə yola düşürdük. Vəli cərrah
olsa da özümlə köməyə aparırdım. O
zaman ucqarlarda ginekoloq həkimlər çox az idi. Gecə
yarı, bəzən səhərə yaxın evə gəlirdik.
Elşad da qardaşı Elnur və bacısı Afətlə
evdə qonşuların ümidinə qalırdılar. Amma bir
dəfə də olsun pis bir hərəkətlərini nə
gördük, nə də eşitdik. Biz vəzifə,
insanlıq borcumuzu yerinə yetirirdik, onlar da bunu zəruri
insani xarakter kimi özlərinə təlqin edirdilər. Yəni
bizim davranışımız, cəmiyyətdə, ucqar bir
rayonda insanlara münasibətimiz öz-özlüyündə
onların tərbiyəsinə çevrilirdi.
Elşad
Quliyevin tərbiyəsinə yoldaşları yaxşı mənada
qibtə edirdilər. Deyirlər ki, elə ilk görüşdən
Elşadla yoldaşlıq adamda xoş hisslər
oyadırdı. Çünki son dərəcə tərbiyəli
idi deyə, ətrafdakılara çox diqqət yetirərdi.
...Ümumiyyətlə, hər bir şəxsiyyətin iki tərbiyəsi olur. Bunlardan biri onun valideynlərindən, müəllimlərindən, el ağsaqqallarından aldığı tərbiyədir, digəri isə onun özünün-özünə verdiyi tərbiyədir. Elşad valideyn tərbiyəsi ilə yanaşı, ali təhsilli, ziyalı bir insan kimi də özü-özünü tərbiyə etmişdi. Heç ola bilməzdi ki, İslam dininin dəyərlərini dərindən öyrənən, ərəb dilini mükəmməl bildiyi üçün müqəddəs Qurani-Kərimi orijinaldan oxuyub dərk edən, ədəbiyyatı sevə-sevə oxuyan, gözəl musiqi duyumu olan bir insan kamilliyin sirlərini bilməmiş olsun...
Qəhrəmanımızın çalışdığı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyindən bizə təqdim edilmiş xidmət tarixçəsində yazılır: Polkovnik-leytenant Elşad Vəli oğlu Quliyev 1972-ci il dekabrın 19-da Zəngilan şəhərində anadan olmuşdur. 1989-cu ildə Zəngilan şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. 1992-ci ilin fevralından sentyabr ayına qədər Zəngilan özünümüdafiə batalyonunun tərkibində Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1990-cı ildə Azərbaycan Texniki Universitetinə daxil olmuş və 1995-ci ildə həmin universitetin energetika fakültəsini bitirmişdir. İdmanın ağır atletika və kikboks növləri ilə məşğul olmuşdur.
1995-ci ildə Elşad Quliyev Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi Əməliyyat İdarəsinə həqiqi hərbi xidmətə qəbul edilmiş, 1998-2012-ci illər ərzində baş zabit, bölmə və şöbə rəisi vəzifələrinə yüksəlmişdir. E.Quliyev milli təhlükəsizlik orqanlarında xidmət etdiyi müddətdə özünü bacarıqlı və intizamlı hərbçi kimi göstərmiş, işə məsuliyyətli münasibəti, təvazökarlığı, sadəliyi və səmimiliyi ilə kollektivin hörmətini qazanmışdır. Tapşırıqların yerinə yetirilməsi üçün hər zaman yüksək təşəbbüskarlıq və fədakarlıq göstərmişdir...
Məxfi bir qurumda çalışan təhlükəsizlik orqanının zabiti haqqında bundan artıq məlumat çətin ki, verilsin. Müdriklərdən biri demişdir ki, "insanın ilk borcu öz şərəf və ləyaqətinə olan borcudur". Biz onu ləkəsiz saxlamağa məsuliyyət daşıyırıq. Elşadın borcu onun həyatı ilə eyni vaxtda başlamışdı. Kəsirə xanım deyir ki, uşaqlıqda bir işi düz görməyəndə deyirdim "səndən yaxşı əsgər olmaz". Ananın hər bir yumşaq "qınağı" Elşadı öz əsgər qəhrəmanlığına doğru addım-addım yaxınlaşdırırdı.
Elşad düşünürdü
ki, hər bir insan öz Vətəninin
əsgəri olmalıdır. Gənc yaşlarından, Qarabağda savaş başlayandan, doğma Zəngilan
düşmən hücumlarına məruz qalandan
onun da yuxusu
ərşə çəkilmişdi. Bakıda Texniki Universitetdə təhsil alsa da, əsgər
borcunu bir an belə unutmurdu.
Özünü sanki yağı
düşmənlə döyüşlərə
hazırlayırmış kimi,
fiziki hazırlığını
mübarizə ruhunun səviyyəsinə qaldırmağa
çalışırdı. İmkan tapan kimi Zəngilana
yollanır, səngərlərdə
düşmənlə üz-üzə
dayanan dostlarının,
tanışlarının köməyinə,
Vətənin müdafiəsinə
tələsirdi.
Özünü bütün varlığı
ilə Vətəninə
məxsus hesab edən bu insan
istənilən məqamda
bütün keyfiyyətlərini
borcuna qurban verib, şərəfini uca tutmağı bacarırdı. Bu təkcə
ailədən gələn
keyfiyyət deyildi.
Zabit yoldaşları deyirlər
ki, Elşad ulu öndərimiz Heydər Əliyevin vurğunu idi. Onun həyat və fəaliyyətini, xüsusilə
DTK-dakı xidmətlərini,
iştirak etdiyi əks-kəşfiyyat əməliyyatlarını
əzbər bilirdi.
Xidmət
tarixçəsindən: Elşad
Quliyev MTN tərəfindən
həyata keçirilən
bir sıra əməliyyat tədbirlərində
fəal iştirak etdiyi üçün Azərbaycan Respublikası
Prezidentinin sərəncamları
ilə "Vətən
uğrunda" və
"İgidliyə görə"
medalları ilə, milli təhlükəsizlik
nazirinin əmrləri
ilə "Azərbaycan
Respublikası Milli Təhlükəsizlik orqanlarının
90 illiyi (1919-2009)" və
"Qüsursuz xidmətə
görə" 3-cü dərəcəli
medalları ilə təltif edilmişdir.
Əlbəttə, Milli Təhlükəsizlik
Nazirliyinin Xüsusi Əməliyyat İdarəsində
adi əməliyyatlar olmur. Axı, milli təhlükəsizlik-millətin
vəziyyətinin göstəricisidir.
Elə bir göstərici ki, daxili və
xarici zərərli amillər onun həyatının keyfiyyətini
aşağı sala bilməsin və onun varlığı üçün təhlükə
yaratmasın. Elşad
məhz dövlətin
bu siyasətinə xidmət göstərirdi və 2005-ci ildə növbəti antiterror əməliyyatında fərqləndiyi
üçün Azərbaycan
Prezidenti İlham Əliyev şəxsən
özü "İgidliyə
görə" medalını
onun döşünə
taxanda ömründə
ilk dəfə cəsarətin
və mərdliyin gətirdiyi böyük qürurun dadını bilmişdi...
Elşad həyatda öz təyinatını bilən
insanlardan idi. O, təkcə
özü, ailəsi haqqında düşünsəydi,
qəhrəman ola bilməzdi. Mərdin, şərəfini
və Vətənə
borcunu uca tutanın təyinatı nə ola
bilərdi ki? Sadəcə
yaşamaq yox, yaşadığı ömürdə
özgələrini, insanlığı,
millətini yaşatmaq.Elşad
gözlə qaş arasında olan ölümü görə-görə
borcun və şərəfin çağırışına
getdi. Və sonda bunun qəhrəmanı
oldu...
Elşadı yaşadığı və
işlədiyi cəmiyyətdən
bir boy yüksəyə
qaldıran məhz bu müqəddəs borca sədaqəti idi. Ölüm o zirvəyə qalxmağa
acizdir. Ölüm olsa-olsa o zirvəyə,
ucalığa həsədin,
paxıllığın amansız
qəniminə çevrilir
və bununla kiçilir.
...Vəli doktorun oğul kədərinin ağır yükünə
tab gətirməyən qaməti
əyilmişdi. İçində çəkdiyinin təsəllisini
bircə Elşadın
bütün ömründən
öz qəlbinə topladığı şirin
xatirələr idi.
Aram- aram danışır və sanki bununla oğlunun
ömrünü uzadırdı.
"Cəsarət Elşadın qəlbinin, xarakterinin bənzərsiz keyfiyyəti idi,"- deyir Vəli doktor. Əslində,
cəsarətsiz heç
bir xeyirxah əməl, gözəl fikir, müstəqil xarakter ola
bilməzdi axı, ay Vəli doktor. Elşad cəsarəti ilə şücaət göstərib
qəhrəmanlıq zirvəsini
fəth etmişdi.
Son əməliyyatında da belə oldu.
O, təhlükə haqqında
düşünmədi, bu
təhlükənin miqyasının
böyüməsinin qarşısını
aldı...
Rəsmi
məlumat: "...Gəncə
şəhərində ictimai-siyasi
sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə təxribat-pozuculuq və
terror aktları planlaşdıran
silahlı qrup Azərbaycan Respublikası
Milli Təhlükəsizlik
Nazirliyinin "Qartal"
xüsusi təyinatlı
dəstəsi tərəfindən
yüksək peşəkarlıqla
həyata keçirilmiş
əməliyyat nəticəsində
zərərsizləşdirilmişdir..."
Bu, Elşadın iştirak
etdiyi və şücaət göstərdiyi
son əməliyyat oldu. "Vətən
sağ olsun" deyib, dövlətinin və millətinin təhlükəsizliyi naminə
doğmalarına, iki məsum körpəsinə-oğlanları
Əmmara və Naimə, ailə səadətinin ən şirin çağlarını
yaşayan həyat yoldaşı Sevincə
"qıydı", ölümü
ilə onların göz yaşını axıtdı. Elşadsızlığın kədəri dostlarını
üzdü. Amma
kim bilir
nahaqdan qanı axacaq nə qədər insanı terrorun amansız ölüm caynağından
qurtardı Elşad...
Xidmət
tarixçəsindən: Elşad
Quliyev 2012-ci ilin aprelində xüsusilə
təhlükəli silahlı
birləşmənin üzvlərinin
tərkisilah olunması
və tutulması üçün MTN-in həyata
keçirdiyi antiterror
əməliyyatı zamanı
həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
ölümündən sonra
"Azərbaycan Bayrağı"
ordeni ilə təltif edilmişdir.
-Yəni doğrudanmı hər şey bitdi, -deyə Kəsirə ana Elşadın qayıtmayacağına
hələ də inanmaq istəmir. Gözlərini 2005-ci ildə növbəti
antiterror əməliyyatı
zamanı fərqləndiyi
üçün "İgidliyə
görə" medalı
ilə təltif olunarkən Elşadın Azərbaycan Prezidenti İlham Əliyevlə çəkdirdiyi şəklə
zilləyir. Üzgün
baxışlarından, yaralı
qəlbindən nələr
keçdiyini görə
bilməsəm də,
bir istəyinin olduğunu duydum...
Belə məqamlarda təsəlli
verməyə aciz idim. Bir də jurnalistin təsəllisi yazısından başqa nə ola
bilərdi ki?
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2012.- 15 may.- S. 6.