Müstəqil Azərbaycan yeni quruculuq mərhələsində

 

Azərbaycan bu gün dünyanın davamlı olaraq ən sürətlə inkişaf edən ölkəsidir. Müstəqillik qazanmasından cəmi 20 il keçməsinə baxmayaraq Azərbaycan Respublikası Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir. Həyata keçirilən müdrik və uzaqgörən islahatlar nəticəsində ölkəmizin iqtisadi inkişafında keçid dövrü başa çatmışdır. Dünyəvi, demokratik və hüquqi dövlət quruculuğunun bütün sahələrində böyük uğurlara imza atan Azərbaycan Respublikası dünyanın 155 dövlətinin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına üzv qəbul olunmuşdur. Azərbaycan xalqının güzəranı gün-gündən yaxşılaşmaqda, yoxsul vətəndaşların sayı sürətlə azalmaqdadır. Paytaxt Bakı ilə yanaşı ölkənin bütün regionlarında böyük quruculuq və abadlıq işləri gedir. Azərbaycan inkişafın bütün sahələrində böyük intibah dövrünə qədəm qoymuşdur. Tarixi baxımdan çox qısa bir zaman kəsiyində əldə edilən bu böyük nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dirçəliş və inkişaf strategiyasının yaradıcılıqla və uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu strategiyanın gerçəkliyə çevrilməsində Yeni dövrün - Qloballaşan dünyanın böyük dövlət xadimi olan Prezident İlham Əliyevin müdrik, qətiyyətli və cəsarətli siyasəti, ölkə başçısı ilə xalq arasında yaranmış sarsılmaz birlik həlledici rol oynayır.

 

Azərbaycan xalqına başçılıq edən Prezident İlham Əliyev yaşadığımız sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlayır, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoruyur. Ölkə başçımız müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlayır, öz Vətənini həyatın bütün sahələrində qələbədən-qələbəyə qovuşdurur. Dünya bu gün iqtisadi inkişafın Azərbaycan modeli ilə maraqlanır. Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin - Qurucu Prezidentin inkişafın bütün sahələrini əhatə edən zəfər yürüşü uğurla davam edir!..

...İlham Əliyevin prezident sükanı arxasına keçməsindən tarixən o qədər də çox vaxt keçməyib. 2003-cü ilin oktyabr günləri tarixin yaddaşında bizim üçün lap dünənki gün qədər yaxındır. O zaman müdrik xalqımız ayağa qalxıb, 1993-cü ildə olduğu kimi, ölkəni anarxiya və hərcmərclik dövrünə qaytarmaq istəyənlərə yekdilliklə və qətiyyətlə "YOX!" dedi. Və ölkənin ali rəhbərliyini, həm də öz taleyini İlham Əliyevə etibar etdi. Bununla, xalqımız həm özünə yeni Prezident seçdi, həm də müstəqillik tariximizdə, hakimiyyəti zorakılıq yolu ilə ələ keçirmək düşüncəsinə qəti şəkildə və birdəfəlik son qoydu. Demokratik yolla hakimiyyətə gəlmək ənənəsi möhkəmləndi, bir-birini inkar etmək, əvvəlki hakimiyyətdən nə qalıbsa qırıb-dağıtmaq, necə deyərlər, keçmişi daş-qalaq etmək "təcrübəsi" aradan qalxdı.

Azərbaycan xalqı o zaman əmin idi ki, prezident seçilmək üçün irəli sürülən namizədlər içərisində məhz İlham Əliyev ulu öndər Heydər Əliyevin qoyduğu yolla gedəcək, onun müqəddəs işini uğurla davam etdirəcək, Azərbaycanı tutduğu yolla daha da irəli aparacaq...

... Xalqımız yanılmadı. 2003-cü il seçkilərindən keçən zaman kəsiyi ərzində Azərbaycan Prezidenti nəinki öz ölkəsini sürətlə və iri addımlarla irəli apardı, eyni zamanda onun özü də bu mürəkkəb, keşməkeşli dünyanın ən seçilib-sayılan, sözü keçən görkəmli dövlət xadimi kimi böyük nüfuz qazandı. Bu gün Azərbaycan xalqı haqlı qürur hissi keçirir ki, onun prezidenti dünyanın hər yerində öz ölkəsinə, doğma xalqına böyük hörmət və nüfuz qazandırır, Vətənimiz uğur dalınca uğura qovuşur, ölkə başçısı doğma xalqının, el-obasının qayğıları ilə yaşayır. Qurucu Prezident gecə-gündüz xalq içərisindədir. Yurdun bütün bölgələrində quruculuq-abadlıq işlərinə şəxsən özü rəhbərlik edir.

 

Prezident İlham Əliyev böyük dövlət xadimi və peşəkar siyasətçidir

 

2003-cü ildə dünyanın ən gənc prezidentlərindən biri kimi fəaliyyətə başlayan İlham Əliyev Azərbaycan kimi çox mühüm geosiyasi mövqeyə və əhəmiyyətə malik olan, qlobal maraqların və ziddiyyətlərin kəsişdiyi məkanda yerləşən bir ölkəyə başçılıq edir. Etiraf edək ki, bu olduqca çətin tarixi missiyadır. Lakin buna baxmayaraq ölkə başçımız çox qısa bir zaman kəsiyində bütün dünyada böyük hörmət və nüfuz qazandı. Bu, dövlətçilik tariximizin çox mühüm faktıdır. Haradan və nələrdən qaynaqlanır ölkə başçımızın xalqımıza şərəf gətirən bu uğurları?!

Prezident İlham Əliyev, hər şeydən əvvəl, çoxlarına nəsib olmayan nadir bir siyasi məktəbin - dahi Heydər Əliyev dövlət idarəçiliyi məktəbinin yetirməsidir. Bu məktəbdə o dahi siyasətçidən məğlubedilməzlik dərsi almış, onun siyasət dünyasının bütün incəliklərinə yiyələnmiş, eyni zamanda, atasına qarşı baş vermiş haqsızlıqlar, təqiblər və xəyanətlərin də şahidi olmuşdur. Təkcə şahidi olmaqla qalmayıb çox gənc yaşlarından dahi rəhbərin üzləşdiyi haqsızlıqlara, xəyanətlərə qarşı mübarizəyə qalxmış, doğma xalqına xidmət etmək üçün atası ilə birlikdə çiyin-çiyinə addımlamış, şərəfli mübarizə yolu keçmişdir.

Prezident İlham Əliyev ulu öndərin yolu ilə gedərək mükəmməl siyasi təhsil almışdır. Onların hər ikisi, həm ata, həm də oğul doğma Vətənin və dünyanın tarixini öyrənməyə xüsusi maraq göstərmiş, dərin və hərtərəfli tarixi biliklərə yiyələnmiş, ali tarix təhsili almışlar: ata - Heydər Əliyev Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmiş, oğul - İlham Əliyev isə dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almış, elmi tədqiqat işləri aparmış, dissertasiya müdafiə etmişdir. Beləcə, Azərbaycan xalqına başçılıq edən və dünyanın görkəmli dövlət xadimi olan Prezident İlham Əliyev dərin nəzəri biliklərə və Heydər Əliyevin dövlət idarəçiliyi praktikasına yiyələnmiş peşəkar siyasətçidir...

Prezident kürsüsünə əyləşərkən İlham Əliyev, artıq dünyada tanınmış və qəbul olunmuş təcrübəli, sayılıb-seçilən dövlət xadimi idi. O, yeni və müstəqil Azərbaycan uğrunda ən ağır mübarizələrdə dahi rəhbərin ən yaxın silahdaşı olmuş, həyata keçirilən bütün islahatlarda fəal iştirak etmiş, sərbəst iqtisadiyyatın qanunauyğunluqlarına mükəmməl surətdə yiyələnmiş, Heydər Əliyev neft strategiyası və gənclər siyasətinin hazırlanması və həyata keçirilməsində öncül rol oynamış, Milli Olimpiya Komitəsinə başçılıq etmiş, Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini kimi çox məsul vəzifələrdə çalışmış, ölkənin Baş naziri vəzifəsinədək yüksəlmişdi. Üstəlik, İlham Əliyev Prezident seçilərkən, yuxarıda deyildiyi kimi, çoxlarından fərqli olaraq, həm təhsilinə, həm də konkret ictimai-siyasi fəaliyyət təcrübəsinə görə peşəkar siyasətçi idi.

Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.

İlham Əliyev müəllifi Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi, siyasi və mədəni əlaqələrinin daha da genişlənməsində, xüsusilə neft-qaz yataqlarının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə danışıqlar aparılmasında, bu sahədə tarixi müqavilələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında böyük xidmətləri vardır. İlham Əliyevin böyük əməyi olan neft strategiyasının həyata keçirilməsi, beynəlxalq şirkətlərlə neft müqavilələrinin imzalanması nəticəsində, 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişlər. Azərbaycanın neft sektorunda 30 mindən artıq iş yeri açılmışdı.

Prezident seçilməzdən əvvəlki dövrdə də Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, artıq həm də görkəmli partiya xadimi idi. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasında (YAP) böyük nüfuz sahibi idi. İlham Əliyev YAP-ın I qurultayında (1999-cu il) partiya sədrinin müavini, II qurultayında (2001-ci il) isə birinci müavini seçildi. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərirdi. 2000-ci parlament seçkilərində YAP-ın seçki kampaniyasına məhz İlham Əliyev başçılıq etdi. Məhz onun rəhbərliyi ilə YAP həmin seçkilərdə parlaq qələbə çaldı və Milli Məclisdə böyük əksəriyyəti qazandı.

İlham Əliyev Milli Məclisin deputatı olduğu dövrdə geniş və çoxşaxəli fəaliyyət göstərmişdir. O, daim doğma xalqın içərisində olmuş, onun problemlərini öyrənmiş, əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələrinə müntəzəm qayğı göstərmişdir. Həmin dövrdə İlham Əliyevin əhalinin müxtəlif təbəqələrinin nümayəndələrinə, qaçqınlara, məcburi köçkünlərə və Qarabağ müharibəsinin əlillərinə qayğısı, Qaradağ rayonunda və ölkənin digər bölgələrində apardığı böyük quruculuq işləri doğma xalqa göstərilən bu qayğının parlaq təzahürləridir.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuş İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti doğma xalqa qətiyyətlə və cəsarətli çıxışları Azərbaycanın Avropa məkanında nüfuzunun daha da artmasına çox güclü təsir göstərmişdir. Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olumuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma "Dağlıq Qarabağ problemi" barədə Qərb dünyasında oybektiv rəy formalaşmasında dönüş yaranmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır. Avropa Şurasında Ermənistanın təcavüzkar, işğalçı dövlət kimi tanınmasında, erməni terrorçuluğunun beynəlxalq terrorizmin tərkib hissəsi olmasının sübuta yetirilməsində, nəzarətdən kənarda qalan Dağlıq Qarabağın narkotiklərin ötürücü məntəqəsinə və terror yuvasına çevrilməsinin Avropa və dünya ictimaiyyətinə çatdırılmasında İlham Əliyevin böyük xidmətləri olmuşdur. Avropa Şurasındakı fəaliyyəti, AŞPA-dakı obyektiv və konstruktiv çıxışları İlham Əliyevə qərb siyasətçiləri arasında böyük hörmət və nüfuz qazandırdı. Bunun nəticəsində o, AŞPA-nın vitse-spikeri və Büro üzvü seçildi (2003-cü il yanvar).

İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir (və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir!). 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu sübut etdi. Onun yorulmaz və gərgin əməyi sayəsində qısa müddət ərzində Azərbaycan idmanı ayağa qaldırıldı, dünya şöhrəti qazandı. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir.

İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda ölkənin bütün regionlarında da olimpiya idman - sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik və uzaqgörən siyasətin parlaq təzahürləridir.

Hazırda Azərbaycanın beynəlxalq yarışlarda idmanın müxtəlif sahələrində ön mövqelərə çıxması, Bakının dünya üzrə mühüm beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilməsi Azərbaycanın şöhrətini daha da artırır, onun beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Bu İlham Əliyevin gənclər siyasətinin ən böyük uğurlarından biridir.

İlham Əliyev 2003-cü ilin prezident seçkilərinə qədər də beynəlxalq münasibətlər tarixi sahəsində dərin biliyə malik olan peşəkar siyasətçi kimi dünya miqyasında böyük hörmət və nüfuz qazanmışdı. O, bu dünyanın bir çox ölkələrində rəsmi səfərlərdə, o cümlədən dövlət səfərlərində olmuş, çoxsaylı beynəlxalq konfrans və konqreslərdə məruzələrlə çıxış etmiş, ölkəmizin iqtisadi və siyasi maraqlarını qətiyyətlə müdafiə etmişdir.

İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı olmuş, AŞPA-da Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı və AŞPA-nın vitse-spikeri və Büro üzvü vəzifələrində səmərəli fəaliyyət göstərmişdir. Artıq qeyd olunduğu kimi, Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdu...

Bununla belə, inkarolunmaz həqiqətdir ki, o zaman - 2003-cü ildə yeni Prezidentin qarşısında çox böyük çətinliklər dururdu. Azərbaycan kimi hər tərəfdən - bütün coğrafi istiqamətlərdən ağır təzyiqlərə məruz qalan, zəngin sərvətlərinə hamının göz dikdiyi strateji bir məkanın dövlət başçısı olmaq asan məsələ deyildi. Digər tərəfdən, İlham Əliyevin prezidentliyə başlamasından cəmi 2 ay sonra ümumdünya tarixinin dahi şəxsiyyəti, bütün dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. Planetimizin siyasət aləmində, diplomatiya dünyasında böyük bir boşluq yarandı.

Son dərəcə ağır itki bütün xalqımızı, bütün Azərbaycanımızı silkələdi. Heydər Əliyevdən sonra hakimiyyət sükanını onun kimi əldə möhkəm saxlamaq, sərrast siyasi gedişlər etmək, müstəqilliyimizi, milli mənafeyimizi onun kimi qorumaq (özü də belə sürətlə dəyişən dünyada!), çətin sınaq məqamlarında onun kimi əlverişli çıxış yolları tapmaq, əlbəttə, asan məsələ deyildi! Beləliklə, yeni Prezidenti irəlidə çox çətin və çox ağır sınaqlar gözləyirdi. Bir sözlə, İlham Əliyev çox güclü tarixi şəxsiyyət olan Heydər Əliyevdən sonra hakimiyyətə başlayırdı...

...Dövlət başçımız İlham Əliyevin prezidentliyə başlamasından keçən zaman kəsiyi tarix baxımından, əlbəttə, yeni rəhbərin bütün sahələrdə özünü təsdiqləməsi üçün o qədər də böyük vaxt deyil! Lakin ötən müddət Prezident İlham Əliyevə kifayət etdi ki, o hələ Baş nazir təyin olunarkən bəyan etdiyi kimi, Heydər Əliyev yolu ilə getdiyini, ulu rəhbərin bütün vəsiyyətlərinə sadiq olduğunu konkret fəaliyyəti ilə, gördüyü böyük quruculuq-abadlıq işlərilə sübuta yetirsin!

Biz bütün ötən illər ərzində Prezident İlham Əliyevin başçılığı altında əzmlə, sarsılmadan, səndələmədən, necə deyərlər, düşmənləri sevindirmədən Heydər Əliyevin qoyduğu yolla getdik və uğurdan-uğura qovuşduq. Bir sözlə, Heydər Əliyevsiz yaşadığımız ötən illər ərzində Heydər Əliyev siyasətinin yeni-yeni qələbələrinin şahidi olduq, ağır sınaqlardan üzüağ çıxdıq! Dünya gördü ki, Azərbaycanda Heydər Əliyev zamanında olduğu kimi, yenə qüvvətli siyasi rəhbərlik var, ölkədə yenə sabitlikdir, əmin-amanlıqdır, bu ölkə ilə əməkdaşlığı davam etdirmək olar!

Bu gün dünya öz inkişaf sürətinə görə hamıdan irəlidə olan Azərbaycanla əməkdaşlığa can atır. Dünya ölkələri, o cümlədən böyük dövlətlər Azərbaycana etibarlı, sabit və götürdüyü bütün öhdəliklərə sadıq tərəfdaş kimi böyük hörmətlə yanaşır. Bunun nəticəsidir ki, 2011-ci ildə Azərbaycan dünyanın 155 dövlətinin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Bu qısa zaman kəsiyində - vur-tut 8 il ərzində qazanılmış çox böyük nailiyyətdir. Əslində nailiyyət yox, sıçrayışdır. Bu sıçrayış ölkə başçısının çox böyük qələbəsidir!

İlham Əliyevin xarici siyasəti müdriklik, qətiyyət, cəsarət və milli maraqlara sədaqət nümunəsidir

Ötən illər ərzində Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət potensialı çox çətin sınaqlardan çıxdı. Ölkəmizin başçısı dahi dövlət xadimi Heydər Əliyevin dərindən-dərinə ölçüb-biçərək uzun müddət üçün hazırladığı və heç bir alternativi olmayan xarici siyasət strategiyasını zərgər dəqiqliyi ilə həyata keçirdi. Ağır çətinliklərlə qarşılaşdı, lakin yolundan dönmədi və qələbə çaldı. Bəzi dövlətlər Heydər Əliyevdən sonra Azərbaycanı asılı vəziyyətə salmaq üçün yeni-yeni cəhdlər göstərsələr də, İlham Əliyevin qətiyyətli, prinsipial və cəsarətli gedişləri nəticəsində geri çəkilməyə məcbur oldular. Azərbaycanı tutduğu yoldan döndərə bilmədilər. Müstəqil Azərbaycan Respublikası heç bir dövlətin forpostuna çevrilmədi!

Azərbaycan dövlətinin başçısı qarşısına çıxan bütün problemlərin həllində müdriklik, qətiyyət, cəsarət və milli maraqlara sədaqət nümayiş etdirdi. Xalqımız və Azərbaycanımız üçün lazım olan da elə bu idi!

Ölkə başçısı İlham Əliyevin xarici siyasət sahəsindəki uğurlarının əsas səbəbi budur ki, o, müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri qabaqcadan görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün hazırlaya bilir. Fikrimizcə, Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, onun Prezidenti bugünkü sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində uğurla saxlaya bilir, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə etməyi bacarır. Bununla İlham Əliyev ona "özü qədər inanan" ulu rəhbərin siyasi vəsiyyətini şərəflə doğruldur!

Prezident İlham Əliyev "Dağlıq Qarabağ münaqişəsi" ilə bağlı olaraq özünün prinsipial mövqeyini hələ Avropa Şurasının Parlament Assambleyasındakı fəaliyyəti zamanı nümayiş etdirmişdir. Azərbaycanın bu məsələdə haqlı və ədalətli tərəf olduğunu, ölkəmizin təcavüzə məruz qaldığını, 20 faizdən çox torpaqlarımızın işğal olunduğunu, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün öz Vətənində doğma yurd-yuvasından didərgin salındığını Avropa cəmiyyətinə, bütün dünyaya çatdırmaqda İlham Əliyev misilsiz rol oynamışdır. Azərbaycan Prezidentinin mövqeyi Azərbaycan xalqının mövqeyidir: Biz torpaqlarımızın düşmən tapdağı altında qalmasına yol verməyəcəyik! Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz prinsipial və ardıcıl mövqeyini apardığı bütün danışıqlarda, keçirdiyi görüşlərdə, iştirak etdiyi müxtəlif səviyyəli beynəlxalq məclislərdə, müxtəlif kütləvi informasiya agentliklərinin nümayəndələri ilə müsahibələrində bütün kəskinliyi ilə vurğulayır: Dağlıq Qarabağ heç zaman müstəqillik əldə etməyəcəkdir. Biz ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı heç zaman, heç bir kompromisə getməyəcəyik və beynəlxalq birlik Dağlıq Qarabağdakı hərbi rejimi heç zaman özünün bir hissəsi kimi tanımayacaqdır. Biz torpaqlarımızın işğal olunması faktı ilə heç zaman razılaşa bilmərik və bizim səbrimizin də həddi vardır...

Yeri gəlmişkən, Azərbaycanın dövlət başçısı xalqın iradəsini ifadə edərək özünün bu haqlı və prinsipial mövqeyini keçirdiyi bütün yüksək səviyyəli görüşlərdə, iştirak və çıxış etdiyi bütün beynəlxalq məclislərdə dönmədən bütün kəskinliyi ilə bəyan edir, dünyada gedən ikili standart oyunlarını cəsarətlə tənqid edir.

Tarixçi Prezident bütün dünyaya bəyan edir ki, ermənilər Cənubi Qafqaza XIX əsrin əvvəllərindən başlayaraq köçürülüb gətirilmişlər. Bu gün Ermənistan Respublikası adlanan dövlətin yerləşdiyi ərazi də tarixi Azərbaycan torpaqlarıdır, keçmiş İrəvan xanlığının ərazisidir, bizim ərazimizdir. Biz ermənilərə öz torpaqlarımızda ikinci erməni dövləti yaratmağa imkan verməyəcəyik.

Ölkə başçısı bu tarixi həqiqəti 2007-ci il martın 9-da onun öz təşəbbüsü ilə keçirilən Dünya ölkələrindəki Azərbaycan və türk diasporları rəhbərlərinin Bakı forumunda bütün kəskinliyi ilə bir daha bəyan etdi.

Xalqımızın milli mənafeyini qətiyyətlə müdafiə edən Azərbaycan Prezidentinin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərdiyi cəsarətli təpkilər sayəsində dünyanın böyük güc mərkəzləri də öz ermənipərəst mövqelərindən çəkilməyə məcbur oldu.

Bütün xalqımız "Dağlıq Qarabağ problemi" ilə bağlı dönməz və ardıcıl siyasi iradə nümayiş etdirən Prezident İlham Əliyevin bu qətiyyətli və cəsarətli mövqeyini böyük razılıqla alqışlayır...

Erməni təcavüzkarlarının işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması və 1 milyondan çox qaçqınlarımızın doğma torpaqlarına qaytarılması Prezident İlham Əliyevin xarici siyasətində başlıca qayğısıdır. Ölkə başçısı öz müdrik, qətiyyətli və casərətli siyasəti ilə doğma xalqını bu sahədə də tarixi qələbəyə yaxınlaşdırır.

Prezident İlham Əliyev bu gün təkcə Azərbaycanın deyil, bütün türk-islam dünyasının öndə gedən böyük siyasətçisidir, Yeni dövrün Yeni Lideridir.

Yeri gəlmişkən, ölkə başçımızın "Dağlıq Qarabağ münaqişəsi" ilə bağlı ardıcıl və cəsarətli mövqeyini onun Azərbaycan və türk diasporlarının fəaliyyətlərini əlaqələndirmək təşəbbüsü ilə çıxış etməsi və 2007-ci ilin 9 martında Bakı forumunun keçirilməsinə nail olması da parlaq nümayiş etdirir. Onun bu sahədəki fəaliyyəti bütün türk dünyasının daha parlaq gələcəyinə etibarlı təminat verir.

Prezident İlham Əliyevin yorulmaz və məqsədyönlü fəaliyyəti aydın sübut edir ki, böyük öndərimiz Heydər Əliyev kimi, o da bu sahəni - xarici siyasəti daim diqqət mərkəzində saxlayır, Azərbaycanın beynəlxalq əlaqələrini məharətlə tənzimləyir, ölkəmizdə uğurlu - milli maraqlarımıza cavab verən xarici siyasət yeridilməsinə üstünlük verir. Başqa sözlə, yaşadığımız dünyada müstəqilliyimizin və milli mənafeyimizin qorunub saxlanılmasında xarici siyasət aparıcı rol oynayır. Bu, artıq qeyd etdiyimiz kimi, Azərbaycanın bütün tarixi boyunca təkrar-təkrar sübut olunmuş, dəfələrlə sınaqlardan çıxmış tarixi həqiqətdir. İnkarolunmaz həqiqətdir. Əbəs yerə deyil ki, Prezident İlham Əliyev həmişə xüsusi olaraq vurğulayır: Azərbaycan öz milli maraqlarına uyğun və maraqlarının qorunmasına yönəlmiş xarici siyasət həyata keçirir. Bu cür praqmatizm Azərbaycanımıza hava-su kimi gərəkdir!

Azərbaycan dövlətinin başçısı müasir beynəlxalq münasibətlərin reallığı olan və Dağlıq Qarabağ münaqişəsinin həllində qabarıq biruzə verən ikili standartlar siyasətini davamlı olaraq kəskin tənqid edir, Ali Baş Komandan kimi ordu quruculuğuna xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, bu gün ölkəmizin silahlı qüvvələri Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilmişdir və istənilən anda Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Beləliklə,əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin gündəlik qayğısı sayəsində yaradılan və getdikcə güclənməkdə olan Milli Ordumuz Dağlıq Qarabağ ərazisi də daxil olmaqla erməni təcavüzkarları tərəfindən ələ keçirilmiş Azərbaycan torpaqlarının işğalçılardan təmizlənməsini yaxınlaşdıran ən mühüm amildir.

 

İlham Əliyev yaradıcı, yenilikçi və QURUCU PREZİDENTDİR

 

Azərbaycanın dövlət başçısı yaradıcı prezidentdir. Ölkə başçısının bütün fəaliyyəti aydın sübut edir ki, ehkamçılıq ona yaddır. Bizim prezidentimiz dünyada sürətlə gedən dəyişikləri diqqətlə izləyir, dövlət idarəçiliyini zamanın tələblərinə uyğun olaraq daim təkmilləşdirir, keçmiş irsi yaradıcılıqla inkişaf etdirir.

Azərbaycanın dövlət başçısı yenilikçi tarixi şəxsiyyətdir. Prezident İlham Əliyev dünyada və ölkənin daxilində gedən dəyişiklikləri daim izləyir, idarəçilik fəaliyyətində nəzərə alır, Vətəninin və doğma xalqının daha da inkşaf etməsi naminə daim yeni yollar axtarır.

İlham Əliyevin xarici və daxili siyasəti, həyata keçirdiyi bütün islahatlar, gördüyü böyük quruculuq və abadlıq işləri onun yaradıcı, yenilikçi və qurucu Prezident olmasının parlaq təzahürləridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yurdumuzun bütün vətəndaşlarının, bütün bölgələrinin, bütün regionlarının prezidentidir. Qurucu Prezidentin bugünkü qaynar fəaliyyəti sübut edir ki, ölkənin hər bir vətəndaşı, hər bir bölgəsi, hər bir regionu onun üçün eyni dərəcədə əzizdir, doğmadır. İlham Əliyevə olan ümumxalq sevgisinin sirri də məhz bundadır. Məhz buna görə ölkə başçısı Azərbaycanın hər yerində eyni dərəcədə böyük hörmət və ehtiramla sevilir...

Prezident İlham Əliyev Azərbaycanın tarixi inkişafında yeni və olduqca gərəkli bir proqramın yerinə yetirilməsini qarşıya əsas məqsəd qoyub: təbii-tarixi xüsusiyyətlərinə və ənənələrinə uyğun olaraq Azərbaycanın bütün regionlarının iqtisadi cəhətdən inkişaf etdirilməsinə nail olmaq! Bu siyasəti bütün xalqımız alqışlayır! Müəllifi İlham Əliyev olan belə dövlət proqramlarının yerinə yetirilməsi nəticəsində bölgələrimiz inkişaf etməklə yanaşı, ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunacaq, sərhədboyu torpaqlarımızın boşalmasının qarşısı alınacaq, bölgələrdə yeni-yeni iş yerləri açılacaq, xalqın bütövlükdə vəziyyəti yaxşılaşacaq, əhalimizin sayı artacaq, ağır demoqrafik duruma düşmüş Bakıya axın azalacaq, bir sözlə, yurdumuzda demoqrafik tənzimlənmə gedəcək, ölkənin sağlam işçi qüvvəsi - gənclərimiz xaricə axışmayacaq, Azərbaycan başdan-başa ahəngdar inkişaf etmiş firavan və gözəl bir ölkəyə çevriləcək. Bu müdrik siyasətin ilk bəhrələri göz önündədir. Artıq əhalimiz sürətlə artır. Lap yaxın gələcəkdə Azərbaycan əhalisinin sayı 10 milyonu aşacaq. Artıq Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxu bizim ölkəmizdə cəmlənmişdir.

Prezident İlham Əliyev ardıcıl surətdə vətəndaş həmrəyliyini möhkəmləndirmək siyasəti yeridir. O, cəmiyyətdə qarşıdurmanın, gərginliyin, soyuq münasibətlərin qəti əleyhdarıdır, Azərbaycanın parlaq gələcəyi naminə bütün xalqımızı daha sıx birləşdirməyə çalışır.

Aydın məsələdir ki, yaxın keçmişdə yurdumuzda daxili vəziyyət bugünkündən tamamilə fərqli idi. Sabitlik yaratmaq lazım idi. İşğalçı ermənilərin və onların havadarlarının ölkəmizə qarşı təcavüzünə duruş gətirmək, Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək, vətəndaş müharibəsinin qarşısını almaq üçün, bir sözlə, yurdumuzu "olum ya ölüm!" çarpışmasından zəfərlə çıxarmaqdan ötrü, zərurət yarandıqda, qəti və sərt addımlar atmaq, keçid dövrünün qanunlarına uyğun siyasət yeritmək lazım idi. Ulu öndərimiz Heydər Əliyev məhz belə də etdi. Azərbaycan məhv olmaqdan xilas edildi. Xalqımız Qurtuluş savaşında qalib gəldi!

İndi isə zaman əsaslı surətdə dəyişib. Dövlətimiz möhkəmlənib. Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə - lider dövlətə çevrilib. Bu isə ölkə daxilində qarşıdurma əhval-ruhiyyəsinin tamamilə aradan qaldırılması və vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsi üçün yeni imkanlar açır. Azərbaycan Prezidenti bu istiqamətdə də müdrik və cəsarətli addımlar atır.

Ötən illər ərzində dövlət başçısının dəfələrlə verdiyi əfv fərmanları nəticəsində çoxsaylı vətəndaşlarımızın cəzaçəkmə müəssisələrindən azadlığa buraxılması buna parlaq sübutdur. Xalqımız ölkə başçısının bu humanist addımlarını böyük razılıq və sevinclə qarşılayır. Prezident İlham Əliyevin əfv fərmanları, eyni zamanda, sadəcə humanizm və mərhəmət aktları olaraq qalmayıb, cəmiyyətimizin mənəvi-siyasi iqliminə də çox ciddi təsir göstərmiş, vətəndaş həmrəyliyinin daha da güclənməsinə, ölkədə ümumi bir insani istiləşməyə səbəb olmuşdur. Ən başlıcası isə budur ki, xalqımızın öz dövlətinə məhəbbəti, ölkə başçısına inamı daha da artmışdır.

Ölkə Prezidenti ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub-saxlanılması və daha da inkişaf etdirilməsi kursunu da uğurla həyata keçirir. Onun "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamları (2004, 12 yanvar), Milli Ensiklopediyanın nəşrinə rəhbərliyi şəxsən öz üzərinə götürməsi və bununla bağlı imzaladığı sərəncamlar, alimlərə elmi dərəcələrə görə verilən əlavə əmək haqqını, tələbələr, magistrlər və aspirantların təqaüdlərini dəfələrlə artırması, sənət adamlarına, elm və mədəniyyət xadimlərinə qayğı göstərilməsini, muzeylərin, tarixi abidələrin bərpasını şəxsi nəzarəti altında saxlaması milli-mənəvi və ümumbəşəri dəyərlərə dövlət qayğısının parlaq təzahürləridir.

İlham Əliyev Azərbaycan xalqının tarixi keçmişinə xüsusi qayğı və diqqət göstərir. O, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki roluna yüksək qiymət vermişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizdə çox əlamətdar və önəmli hadisə idi. İlk dəfə müsəlman aləmində demokratik respublika yaranırdı, Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Ölkəmiz dünya birliyinə üzv olurdu. Bu, çox əlamətdar hadisə idi".

Fərəhli haldır ki, Azərbaycan Prezidentinin müdrik və uzaqgörən siyasətinin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva fəal iştirak edir. Ölkənin Birinci xanımı özünün çoxşaxəli və xeyirxah əməli fəaliyyətinə görə xalq arasında və beynəlxalq aləmdə dərin hörmət və nüfuz qazanmışdır.

Prezident İlham Əliyevin dərindən ölçüb-biçərək həyata keçirdiyi çoxsaylı islahatlar, ölkəmizdə gün-gündən genişlənən böyük quruculuq və abadlıq işləri, əhalinin müxtəlif təbəqələrinin güzəranını yaxşılaşdırmaq üçün görülən təsirli tədbirlər ona xalq arasında böyük şöhrət qazandırmışdır. Xalqımız əmindir ki, ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycanımızı daha parlaq gələcəyə qovuşduracaqdır.

Yeni dövrün yeni lideri olan Prezident İlham Əliyev artıq Azərbaycan tarixinə qurucu Prezident kimi daxil olmuşdur. Qurucu Prezident bu gün həyata keçirdiyi müdrik islahatlar proqramı ilə Azərbaycanın gələcək tarix salnaməsinin ən şanlı səhifələrini - QURUCU İLHAM DÖVRÜ adlanacaq səhifələrini yazır...

 

 

Yaqub MAHMUDOV,

Milli Məclisin deputatı,

AMEA-nın Tarix İnstitutunun

direktoru

 

Xalq qəzeti.- 2012.- 9 may.- S. 3.