Vətənini tərəqqi
və xoşbəxtlik yoluna
çıxarmış lider
Müstəqil Azərbaycanın
memarı və qurucusu Heydər Əliyevin həyatı və
siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik
tariximizdə mühüm yer tutur. Bütün həyatını
Azərbaycan xalqının və dövlətçiliyimizin
taleyi ilə bağlayan, mahir siyasi xadim Heydər Əliyev bənzərsiz
və müqayisəedilməz şəxsiyyət idi. Ulu
öndər xalqımızın taleyində, mənəvi,
siyasi və ictimai həyatında misilsiz rol oynayıb. Dahi rəhbərin
hakimiyyətdə olduğu otuz ildən artıq bir dövr ərzində
qazandığımız bütün nailiyyətlərin
fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrəti
və dühası, onun uzaqgörənliklə
yürütdüyü müdrik siyasi kurs
dayanmışdır.
XX əsrin
70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı
və bütünlükdə cəmiyyətimiz Heydər Əliyevin
titanik səyləri sayəsində yeni impuls, inkişaf
parametrləri kəsb edərək özünün yeni
yüksəliş mərhələsinə qədəm
qoymuşdur. O zamandan başlayaraq böyük tarixi mərhələdə
Heydər Əliyev ideyaları həyatımızın
başlıca gerçəkliyi, inkişafımızın təməl
daşı olaraq qalmaqdadır. 2003-cü və 2008-ci illərdəki
prezident seçkilərinin nəticələri, Heydər Əliyevin
siyasi varisi Prezident İlham Əliyevin inamlı qələbəsi,
seçkidən sonra həyata keçirilən siyasətin
xalq tərəfindən qətiyyətlə dəstəklənməsi
onu göstərir ki, tariximizin Heydər Əliyev mərhələsi
davam edir və uzunmüddətli resurslara malikdir.
Tam qətiyyətlə
demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövr tariximizin mühüm, intensiv inkişaf mərhələsini
təşkil edir. Bu mənada həmin dövrü tariximizin nəinki
sürətli və hərtərəfli yüksəliş illəri,
həm də ən yeni tarix adlandırmaq olar. Məhz bu zaman kəsiyində
Azərbaycan böyük intellektual və mənəvi
potensialı, təbii resursları - bir sözlə, milli
gücü cəmləyib ölkənin tərəqqisinin
qüdrətli amilinə çevirmək imkanı qazanmış
və bununla da öz tarixinin keyfiyyətcə yeni bir
dövrünə qədəm qoymuşdur. Bu, tam haqlı
olaraq qədim və zəngin tariximizdə müasir Azərbaycan
cəmiyyətinin yaradılış mərhələsi kimi
öz dəyərini alıb.
Ulu öndərimizin Vətəni və xalqı qarşısında xidmətləri saysız- hesabsızdır. Lakin əminliklə demək olar ki, bəşəriyyətin nadir şəxsiyyətlərindən olan Heydər Əliyevin ən böyük xidməti XX yüzilin sonunda xalqımızı və Vətənimizi düşdüyü fəlakətdən qurtarmasıdır. 1991-ci il oktyabrın 18-də "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı qəbul edilərkən keçirdiyimiz qürur və iftixar hissləri hələ də yaddan çıxmayıb. Onu da unutmamışıq ki, ilk vaxtlar müstəqilliyimiz yalnız kağız üzərində mövcud idi. Ölkənin o vaxtkı iqtidarlarının istər daxili, istərsə də xarici siyasət sahəsində uğursuz idarəçilik metodları və tam bacarıqsızlığı daxili qarşıdurmanı son həddə çatdırmış və separatçı meyillərin güclənməsi üçün zəmin yaratmışdı. Bu uğursuz siyasət nəticəsində dövlət qurumları və ictimai təsisatlar tamamilə tənəzzülə uğramışdı. Demokratik dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi kimi taleyüklü vəzifələrin həyata keçirilməsi istiqamətində nəinki konkret addımlar atılmır, əksinə, o vaxtkı iqtidarların düşünülməmiş, milli mənafelərə zidd siyasəti Azərbaycanı fəlakətə, uçuruma sürükləyirdi.
1993-cü ilin hərcmərciik, xaos, anarxiya dolu o taleyüklü günlərində Heydər Əliyev xalqın təkidli xahişi ilə onun harayına gəldi. Həmin il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və bununla da ölkədə hakimiyyət sükanı etibarlı ələ keçdi. Ulu öndər qısa vaxt içərisində ölkədə sabitliyi və əmin-amanlığı bərpa etdi. Həmin gün haqlı olaraq Azərbaycanın müasir tarixinə Milli Qurtuluş günü kimi əbədi daxil oldu. Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi ilə ölkəmizdə yeni dövrün - demokratiya və inkişaf mərhələsinin başlanğıcı qoyuldu. Bu gün müstəqilliyimizin dayanıqlı, dövlətçiliyimizin daimi olacağına hər birimizin böyük əminliyi vardır və bu inam üçün ilk növbədə ulu öndərə borcluyuq.
Azərbaycan məhz Heydər Əliyevin sayəsində qısa bir vaxtda bir çox ölkələrin onilliklərlə keçdiyi yolu geridəqoydu. Bu gün Azərbaycan dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. İndi planetimizin çox yerindən nəzərlər dünyada ən böyük enerji layihələrinin gerçəkləşdiyi Azərbaycana yönəlib. Təkcə biz yox, bütün dünya bilir ki, "Əsrin müqaviləsi"nin və digər neft kontraktlarının, iqtisadi və strateji baxımdan misilsiz əhəmiyyətə malik neft kəmərinin reallaşması Heydər Əliyevin xidmətidir. 1994-cü ildə çoxlarına qeyri-mümkün görünən layihələri yalnız ulu öndərimizin şəxsi nüfuzu, qətiyyəti, uzaqgörənliyi sayəsində reallaşdırmaq mümkün olub.
Ümummilli liderimizin gərgin əməyi sayəsində 1995-ci ilədək davam edən iqtisadi tənəzzülə son qoyuldu. Makroiqtisadi göstəricilər ilbəil yüksəldi. Dinamik inkişaf dövrü başlandı. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun istifadə olunmasında ümummilli liderimiz Heydər Əliyevin uğurlu neft strategiyası olduqca böyük əhəmiyyət kəsb edir. "Əsrin müqaviləsi" çərçivəsində Bakı-Tbilisi-Ceyhan neft, Bakı- Tbilisi-Ərzurum qaz ixrac boru kəmərlərinin reallaşması Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynadı.
Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiya Azərbaycan Respublikasının hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının qorunmasını öz siyasətinin prioriteti kimi qəbul etdi. Demokratiya, dövlət suverenliyi, insan və vətəndaş hüquqları kimi hamılıqla qəbul edilmiş dəyərlər Əsas Qanunun təməl prinsiplərini təşkil edir. Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə böyük yol açmış, insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmaqla, həyatımızın bütün sahələrinin inkişafına təkan vermişdir. Bu tarixi hadisə xalqımızın ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan və eyni zamanda, ölkəmizdə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində mühüm addım olmuşdur.
Heydər Əliyev Azərbaycanın güclü dövlətçilik xəttini, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqın milli intibah və inkişafının təməl sütunu olan ideyanın - azərbaycançılıq məfkurəsinin banisi oldu. Çünki o, vətənpərvər lider olmaqla bərabər, eyni zamanda böyük azərbaycanlı idi. Heydər Əliyev Azərbaycanın türk dünyasında özünəlayiq yerini tutmasında, türk dövlət və toplumları arasında inteqrasiyanın güclənməsində böyük xidmətlər göstərmişdir. Heydər Əliyevin azərbaycançılığı milli ideya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi və dünya azərbaycanlılarının həmrəyliyi naminə göstərdiyi tarixi xidmətdir.
Məhz bu ideologiya Azərbaycan dövlətinə qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin qarşısında güclü ideoloji sipər oldu. Bu məfkurə Heydər Əliyevin böyük vətəndaş hünərinin göstəricisidir və dünya azərbaycanlılarının tarixi Vətən - Azərbaycan ətrafında birləşməsinə müstəsna töhfədir. "Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - böyük öndərin dünya azərbaycanlılarının qurultayında söylədiyi bu tarixi sözlər bu gün dillər əzbəridir.
Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri də əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün fond yaradıldı.
Ulu öndər Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahə ilə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni arenaların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, ölkəmizdə beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi.
Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivil xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".
Azərbaycan gənclərinin lideri İlham Əliyevin MOK prezidenti seçilməsindən sonra ölkəmiz beynəlxalq olimpiya hərəkatına daha fəal qoşularaq öz idman potensialını nümayiş etdirdi. Buna 2000-ci il Sidney Olimpiya Oyunlarını misal göstərmək olar. İki qızıl və bir bürünc medalla ölkəmiz 199 ölkə arasında 34-cü yeri tutdu. Azərbaycan Milli Olimpiya Komitəsi həm də respublikada beynəlxalq yarışların əsas təşkilatçılarından biri oldu. MOK prezidentinin müraciəti ilə 1999-cu ildə boks üzrə yeniyetmələr arasında Avropa çempionatı ilk dəfə Azərbaycanda keçirildi. Bu çempionatın yüksək səviyyədə təşkil olunması və keçirilməsi Beynəlxalq Həvəskar Boks Assosiasiyasının diqqətini cəlb etdi. Yeniyetmələr arasında boks üzrə ilk dünya çempionatının 2001-ci ildə Bakıda keçirilməsi barədə qərar qəbul olundu. İdman sahəsində uğurlarımız ildən-ilə artmaqdadır. Növbəti Olimpiya oyunlarında idmançılarımız daha möhtəşəm qələbələrə imza atdılar, müstəqil Azərbaycanın şərəfini layiqincə qorudular. Bu gün Azərbaycan idman ölkəsi kimi dünyanın ən mötəbər yarışlarına ev sahibliyi edir. Ölkəmizin paytaxtında və bölgələrimizdə yeni, ən müasir Olimpiya kompleksləri, mərkəzləri inşa olunur. Bütün bunlar deməyə əsas verir ki, ölkəmiz daha yüksək nəticələr qazanmaq əzmindədir.
Hər bir dövlətin gələcəyi, hərtərəfli tərəqqisi onun malik olduğu elmi-intellektual və mənəvi potensialdan, hər bir gəncin taleyi onun biliyindən və savadından asılıdır. Dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətdə təhsilin inkişafı mühüm yer tutur. Milli təhsilimiz hazırda daha sürətli yüksəliş mərhələsini yaşayır. Nəticədə, təhsilin keyfiyyətinin yüksəlməsi, onun dünyanın ən mütərəqqi təhsil sistemlərinə inteqrasiyası istiqamətində köklü irəliləyişlər baş verir.
Son illər təhsil sahəsində 20-dək dövlət proqramı təsdiq olunub və uğurla həyata keçirilməkdədir. Azərbaycan İdman Akademiyası da ölkədə yüksək ixtisaslı idman mütəxəssislərinin hazırlanması işinə böyük töhfə verir ki, bu ölkəmizin bugünü və gələcəyi baxımından olduqca vacibdir.
Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci il Azərbaycanda "İdman ili" elan olunmuşdur. Bu, qarşımızda çox böyük məsuliyyət qoyur. Əminəm ki, Azərbaycan bu il və gələcəkdə idman sahəsində daha yüksək nəticələr əldə edəcəkdir. Azərbaycanın üçrəngli bayrağı dünyanın ən mötəbər yarışlarında əzəmətlə dalğalanacaqdır.
Ağacan ABİYEV,
Bədən Tərbiyəsi və
İdman
Akademiyasının rektoru,
Milli Olimpiya Komitəsinin
baş katibi
Xalq qəzeti.- 2012.- 2 may.- S. 3.