Görkəmli bəstəkarın yaradıcılıq gecəsi

 

Mayın 17- də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında respublikanın xalq artisti "Şöhrət" ordenli bəstəkar Şəfiqə Axundovanın yaradıcılıq gecəsi keçirildi.

 

Azərbaycan Bəstəkarlar İttifaqı və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının təşkilatı dəstəyi ilə keçirilən bu möhtəşəm gecəyə dəvətli qonaqlar siyahısında respublikanın tanınmış elm, sənət adamları, Şəfiqə Axundova bəstələrinin pərəstişkarları, eləcə də yaxınları iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə Şəfiqə xanımın çoxşaxəli yaradıcılıq yolundan, milli musiqimizin, incəsənətimizin təbliği sahəsində qazandığı uğurlardan söz açdı. O, 600-dən çox mahnının, bir operanın, eləcə də 60-a yaxın dram əsərinin musiqi bəstəkarı Şəfiqə xanım Axundovanın mahnılarının bu gün dünya arenasında da özünə layiqli yer tutduğunu xüsusi qeyd etdi.

Xalq şairi Nəriman Həsənzadə Üzeyir bəyin yadigarı olan Şəfiqə xanımla bağlı xoş xatirələrini yada saldı. Çıxışının sonunda xalq şairi "Bu səsə bu qədər müştəri düşməz" oxudu. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmiraz qızı isə öz çıxışında onun mahnıları olmasaydı belə, Şəfiqə xanımın təkcə bir "Gəlin qayası" operası ilə tarixdə qala biləcəyini qeyd etdi.

Şəfiqə Axundovanın mahnılarından ibarət konsert proqramı o gecə hamının zövqünü oxşadı. Respublikanın əməkdar artisti Tariyel Abbasovun rəhbərlik etdiyi Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansanblının müşayiətilə respublikanın əməkdar artistləri Gülyanaq Məmmədovanın- Mikayıl Müşviqin sözlərinə "Maralım", Bəxtiyar Vahabzadənin "Həsrətindən", Gülüstan Əliyevanın şair İsgəndər Coşqunun sözlərinə "Ayrılıq nəğməsi," Nuriyyə Hüseynovanın "Natavan" pyesindən "Neçin gəlməz", Gülyaz Məmmədovanın Süleyman Rüstəmin sözlərinə "Lay-lay,"və digər mahnıları tamaşaçılar tərəfindən hərarətlə qarşılandı.

 

 

 Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2012.- 20 may.- S. 7.