Gəncə: yeniləşmə bütün sahələrə hakim kəsilir

 

Azərbaycanın ikinci böyük şəhərinin tibb ocaqlarında son illər yaradılmış şərait xəstələrin başqa yerlərə getməsinin qarşısını alıb

 

Gənəcədə səhiyyənin son 5-6 il ərzində necə sürətlə inkişaf etdiyini görmək üçün statistik rəqəmlərə, təqdim olunan arayışlara nəzər salmaq yox, tibb ocaqlarının özünə getmək, palatalara baş çəkmək, xəstələri dinləmək, həkimlərlə söhbət etmək, tibbin ən son nailiyyətləri olan avadanlıqlara baxmaq lazımdır.

 

... Onların əksəriyyətini tanıyıram. Həmin həkimlər, feldşerlər, tibb bacılarıdır. Sadəcə daha inamlı, cəsarətli olublar. Bilirsiniz niyə? Çünki işlədikləri tibb müəssisəsi başdan-ayağa dəyişib. Hara baxırsan təmizliklə, gül-çiçəklə, yaşıllıqla qarşılaşırsan. Həkimin əlinin altında tibbin son nailiyyətləri hesab olunan ən müasir avadanlıq var. Onun özünün də dünyagörüşü, xəstəyə münasibəti başqalaşıb, dəqiq desək, doğmalaşıb.

Şəhər səhiyyə idarəsinin rəisi, respublikanın əməkdar həkimi Mehman Rzayevlə birlikdə bir neçə tibb ocağına baş çəkərkən qeyd etdiyim cəhətlər açıq-aşkar hiss olunurdu. Əlbəttə, olduqca sevindirici bir haldır. Əvvəllər vəziyyət tamam başqa cür idi. Çürümüş taxta döşəmələr, nimdaş həkim, xəstə geyimləri, inqilabdan əvvəl buraxılmış, heç nəyə yaramayan avadanlıqlar, üfunətli sanitariya qovşaqları... Bax, bu idi Gəncənin əksər tibb ocaqlarının ümumi mənzərəsi.

... Regional Perinatal Mərkəzin binasındayıq. Ən müasir avadanlıqlarla təchiz olunmuş mərkəz yenidən tikilib istifadəyə verilib. Həyət-bacası əsl istirahət parkını xatırladır. İdarənin rəisi Mehman Rzayev az qala hər gülün-çiçəyin yerini bilir, müxtəlif fiqurların kiçik miniatürlərinin necə quraşdırılmasından həvəslə danışır. Hiss olunur ki, səhiyyə ocağının, o cümlədən perinatal mərkəzin bütün abadlıq, quruculuq, yenidənqurma işlərindən geniş məlumatı var, əksinə onların gedişinə özü bilavasitə nəzarət edib, gününün çox hissəsini bu obyektlərdə keçirib.

Mərkəzin baş həkimi Təranə Həsənova da idarə rəisinin onların bugünkü işi üçün normal şərait yaratmasına işarə edərək "başımızı hamilə qadınların, xəstələrin yanında uca ediblər, sağ olsunlar"- , dedi.

Maraqlıdır ki, Gəncə kimi böyük bir şəhərdə doğum evlərində çox vacib olan elementar küveyz aparatları yox idi. Belə olan şəraitdə hansı xidmətdən söhbət gedə bilərdi.

İndi mərkəz ən müasir aparat və avadanlıqlarla, o cümlədən küveyzlərlə təchiz olunmuş, otaqlarda hamilə qadın və yeni doğulmuşlar üçün hərtərəfli şərait yaradılmışdır.

Təcili tibbi yardım xəstəxanasında da bu gün aparılan işlər ürəkaçandır. Xəstəxananın terapiya, travmotologiya, reanimasiya şöbələrinə baş çəkdik. Doğrusu, burada gördüklərimiz, yaradılmış şərait bizi heyran etdi. Təmir işlərinin ən yüksək səviyyədə, zövqlə aparılması, müasir avadanlıqların, çarpayıların quraşdırılması, sanitariya qovşaqlarının bütün tələblərə cavab verməsi və digər işlər onu göstərir ki, bu səhiyyə ocağında xəstələrə xidmətdə heç bir problem yoxdur. Xəstəxananın baş həkimi Azad Quliyev deyir ki, Səhiyyə Nazirliyinin, şəhər səhiyyə idarəsinin lazımi dəstəyi, köməyi olmadan biz bu işləri həyata keçirə bilməzdik. İndi xəstəxananın heç nəyə ehtiyacı yoxdur. Hətta müasir təcili tibbi yardım maşınları ixtiyarımızdadır. Yeri gəlmişkən, qeyd edək ki, təcili tibbi yardım maşınları qarajının uzun illər təmirsiz qalması vacib sahənin işində əngəllər yaradırdı. Amma indi təmir və yeni maşınların alınması vəziyyəti tamamilə dəyişmişdir.

Gəncə səhiyyəsinin bugünkü uğurlarından bəhs edərkən onkoloji dispanserin işindən söz açmamaq mümkün deyil. Biz bu tibb ocağında da olduq. Hara baxırsan gül-çiçək kolları, dekorativ ağaclar, yaşıl çəmənliklər, bulaqlar, şəlalələr diqqəti cəlb edir. Bura gələn xəstələrə də elə ilk inamı, gücü bu mənzərə verir. Ən müasir şüa aparatı quraşdırılıb. Keçən il müasir tələblərə cavab verəcək şəkildə inşa olunmuş şüa korpusunda Çexiya Respublikasının istehsalı olan "Teravalt" aparat kompleksi quraşdırılıb istifadəyə verilib. Artıq şüa müalicəsi üçün xəstələrin Bakıya göndərilməsinə qətiyyən ehtiyac yoxdur.

Gəncədə səhiyyə ocaqları bir-birinin ardınca ən yüksək səviyyədə təmir olunur, yeni korpuslar tikilir, müasir tibb avadanlıqları gətirilir. Artıq şəhərin ən böyük tibb müəssisələrindən sayılan Abbas Səhhət adına xəstəxana, 6 saylı poliklinika əsaslı təmir olunmağa başlayıb. Bu səhiyyə ocaqları tamamilə yenidən qurulur. Biz A.Səhhət adına xəstəxananın həyətində olarkən qızğın getdiyinin şahidi olduq.

Şəhərdə Regional Tibb Diaqnostika Mərkəzinin fəaliyyətə başlamasını da Gəncənin həyatında mühüm hadisə kimi qiymətləndirmək olar. Mərkəzdə Almaniya, Yaponiya, Türkiyə, Hollandiya istehsalı olan ən müasir tibb avadanlıqları quraşdırılıb, müalicə və dializlər üçün hər cür şərait yaradılıb.

Qəbul, hemodializ, funksional diaqnostikakompyuter tomoqrafiya, 20 çarpayılıq cərrahiyyə, 6 çarpayılıq reanimasiya, rentgen şöbələrində ən müxtəlif kabinetlər fəaliyyət göstərir.

Görülən işlərin siyahısında immun çatışmazlığı virusuna yoluxmuş xəstələr üçün rayonlararası Antiretrovirus Terapiya Mərkəzi yaradılmasını, laboratoriya avadanlıqları ilə təmin edilməsini qeyd etmək olar. Mərkəz Gəncədə, eləcə də regionda ən qorxulu bəlalardan olan QİÇS-in vaxtında aşkar edilməsini və erkən müalicəsinin aparılmasında çox mühüm rol oynayır.

Gəncənin tibb müəssisələri şəbəkəsində aparılan islahatlar da tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına mühüm təkan verib. Onlar hansılardır? Əvvəla, bir-birlərini təkrarlayan və ya sərbəst şəkildə fəaliyyəti qənaətbəxş olmayan strukturlar birləşdirilib. Məsələn, dəri-zöhrəvi xəstəlikləri dispanseri ləğv edilərək A.Səhhət adına xəstəxananın strukturuna daxil edilmişdir. Tələbə poliklinikası da ləğv edilmişonun ştat vahidləri hesabına ərazi poliklinikalarında tələbələrə xidmət göstərən həkim məntəqələri təşkil edilmişdir.

Bəzi tibb ocaqlarının səlahiyyətləri genişləndirilmişdir. Burada dəyişən təkcə adlar deyil, həm də xidmət təkmilləşdirilmişdir. Artıq 1 saylı tibbi-sanatoriya hissəsi, 2 saylı şəhər xəstəxanası, ağciyər xəstəlikləri dispanseri, vərəm əleyhinə xəstəxana, rayonlararası kardioloji dispanser-kardioloji xəstəxana, onkoloji dispanser-onkoloji xəstəxana, 1 saylı uşaq xəstəxanası 1 saylı birləşmiş uşaq xəstəxanası, 2 saylı uşaq xəstəxanası 2 saylı birləşmiş uşaq xəstəxanası adlandırılmışdır.

Təbii ki, bütün bunlar yalnız işin xeyrinə olmuşdur və şəhərdə səhiyyə xidmətinin kökündən yaxşılaşdırılması açıq-aydın görünür.

Tibbi personalın özü ilə çox ciddi aparılır. Səhiyyə idarəsinə rəhbərlik etdiyi ilk vaxtlarda M.Rzayev bu sahəyə xüsusi fikir verməyə başlayıb. Elə idarədə təşkil olunmuş treninq zalı da bu məqsədlə yaradılıb. Artıq necə illərdir ki, bu zalda ən müxtəlif tədbirlər - dərslər, təlimlər, kurslar, hətta beynəlxalq tədbirlər keçirilir. Zalda ən müasir texnikadan, kompyuter vasitələrindən, digər texniki təlimlərdən bacarıqla istifadə olunur.

Maraqlıdır ki, indiyədək Səhiyyə Nazirliyi tərəfindən keçirilən həkim və tibb bacılarının sertifikasiyası imtahanlarında iştirak edən 96 tibb işçisindən yalnız 4 nəfəri qeyri-müvəffəq qiymət almışdır. Bu, onu göstərir ki, Gəncənin özündə tibbi personalla çox ciddi məşğul olunur.

Səhiyyə ocaqlarında ciddi nizam-intizam yardılıb. Dərman preparatlarının paylanmasından tutmuş həkimlərin davranışına kimi hər bir nəzarət altındadır. Təbii ki, bütün bunlar idarənin rəisi Mehman Rzayevin tələbkarlığının və birki peşəkarlığının, təşkilatçılığının nəticəsidir.

M.Rzayevlə bu barədə söhbət edərkən dedi:

- Gəncə səhiyyəsində hələ görüləsi işlərimiz çoxdur. Amma biz yaxın gələcəyə nikbin baxırıq. Ölkə Prezidenti cənab İlham Əliyevin səhiyyənin inkişafına xüsusi diqqət və qayğı göstərməsi bizi hədsiz fərəhləndirir.

Gəncə səhiyyəsindəki uğur hamımızın uğurudur. Səhiyyə nazirimiz Oqtay Şirəliyev bizə çox köməklik göstərir. Bizə bəzən elə tibbi avadanlıq almağımıza kömək edib ki, onu illər uzunu arzulamış və onlar bizim üçün bəlkə də əlçatmaz olub. Amma bu gün bu avadanlıqların köməyi ilə Gəncədə və ətraf rayonlardan gələn neçə-neçə xəstə şəfa tapır.

Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev təmir, tikinti, abadlıqdan tutmuş səhiyyə xidmətinə kimi hər bir işimizlə maraqlanır, başlıcası isə kömək edir, yol göstərir.

Gəncə səhiyyəsinin son illərdəki uğurları barədə daha geniş danışmaq olar. Lakin buna ehtiyac yoxdur. Çünki idarə rəisinin dediyi kimi, "adamlara yüksək tibb xidməti göstərmək bizim borcumuzdur, onu çox da təbliğ etməyə dəyməz".

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2012.- 18 may.- S. 10.