Milli Qurtuluş Savaşı türk xalqının qəhrəmanlıq tarixinin şanlı səhifəsidir

 

19 May - Türkiyənin şanlı mücadilə tarixinin başlanğıc günü

 

Hər il bu gün qardaş Türkiyə Cümhuriyyətində Atatürkü Anma, Gənclik və İdman Bayramı təntənəli tədbirlərlə qeyd olunur. Coşğu ilə keçirilən həmin tədbirlərdə yüz minlərlə insan iştirak edir, protokola uyğun olaraq paytaxt Ankarada dövlət və hökumət başçısı ilə yanaşı ölkənin bütün siyasi və hərbi rəhbərliyi ulu öndər Mustafa Kamal Atatürkün möhtəşəm məqbərəsini - Anıtkabir abidəsini ziyarət edərək Türkiyənin, bütövlükdə türk dünyasının böyük şəxsiyyətini bir daha yad edirlər. Keçirilən mərasimlərin əsasında isə dünya imperiyalarının qüdrətli ordularını diz çökdürən bir xalqın böyük zəfərlə yekunlaşan mücadilə tarixi dayanır. Belə ki, 1919-cu ildə məhz bu gün beynəlxalq aləm tərəfindən təəccüb və həyəcanla izlənilən Türk Milli Qurtuluş Savaşı başlanmışdır. Həmin savaşın zəfərlə yekunlaşmasında Azərbaycanın da qardaşlıq dəstəyi əhəmiyyətli rol oynamışdır.

 

Birinci Dünya müharibəsində məğlubiyyətə uğrayan Osmanlı imperiyası 1918-ci il oktyabrın 30-da qalib Antanta dövlətləri ilə Mudros müqaviləsini imzalayaraq, Türkiyəni qeyd-şərtsiz həmin ölkələrin ordularına təslim etmişdi. Yaranmış münbit şəraitdən istifadə etməyə çalışan ermənilər və yunanlar isə xarici ölkələrin təşviqi və köməyi ilə Osmanlı imperiyasının torpaqları hesabına dövlət qurmaq xülyasına düşmüşdülər. Yunan ordusu Anadolunun qərb bölgələrini işğal edirdi. Erməni hərbi birləşmələri isə Türkiyənin şərq əyalətlərində dünyada analoqu olmayan qətliamlar törədirdilər. Antanta dövlətləri də hərəsi bir istiqamətdən Anadoluya qoşun yeridirdi. Artıq ölkə ərazisinin əksəriyyətində xarici dövlətlərin bayraqları dalğalanırdı. Belə bir vəziyyətdə türk xalqının iradəsini əks etdirən, hər bir türkü ətrafında birləşdirə bilən, onu mücadiləyə, savaşa ruhlandıran liderə ehtiyac var idi. Bu lider böyük öndər və sərkərdə Mustafa Kamal Atatürk oldu.

Mustafa Kamal paşa torpaqları düşmən işğalından xilas etmək üçün 1919-cu il mayın 19-da Samsuna gələrək, Anadoluda türk millətini səfərbər etməyə başladı. Həmin il iyunun 22-də Mustafa Kamal imzası ilə Amasiyadan bütün Anadoluya yayılan müraciətdə deyilirdi: "Vətənin bütövlüyü, millətin istiqlalı təhlükədədir. Millətin istiqlalını yenə millətin əzmi və qərarı xilas edəcəkdir..." Bu çağırış artıq vüsət almağa başlayan milli azadlıq hərəkatını daha da alovlandırdı. 1919-cu il iyulun 23-də Atatürkün təşkilatçılığı ilə Türk Milli Qurtuluş Savaşının ilk təməl daşı sayılan Ərzurum konqresi öz işinə başladı. Burada milli mücadilənin ilkin prinsipləri təyin olundu. 1920-ci il aprelin 23-də isə Ankarada Anadolunun hər tərəfindən gələn təmsilçilərdən ibarət Türkiyə Böyük Millət Məclisi (TBMM) öz işinə başladı. Mustafa Kamal milli iradəni təmsil edən bu məclisə və onun etimad etdiyi hökumətə başqan seçilərək, türk millətinin siyasi və hərbi liderinə çevrildi. Və Türk Milli Qurtuluş Savaşı başlandı.

Savaşın qələbə ilə nəticələnməsində I və II İnönü savaşları, Sakarya meydan müharibəsi ilə yanaşı "Türk ordusunun böyük hərbi hücumu" adı ilə tarixə düşmüş hərbi əməliyyatın da böyük rolu olmuşdur. Hücum planlaşdırıldığı kimi 1922-ci il avqustun 26-da başlandı. Yunanıstan və Türkiyə hökumətləri isə müharibənin başlanması ilə əlaqədar ilk rəsmi açıqlamalarını avqustun 28-də yaydılar. Türkiyə mətbuatı cəbhə barədə xəbərləri elə həmin gün dərc etmişdi. Türk ordusu döyüşlərdə misilsiz şücaətlər göstərərək avqustun 30-da düşməni tam məğlubiyyətə uğratdı. Bundan sonra böyük öndər Atatürk döyüşdən qələbə ilə çıxan hərbi birliklərə "Ordular, hədəfiniz Aralıq dənizidir, irəli!" əmrini verdi. Türk ordusu bu əmri qəhrəmanlıqla yerinə yetirdi. Düşmən diz çökdürüldü, yunan ordusunun tərkibində "gizlənən" dünya imperiyalarının qüdrətli orduları ölkədən qovuldu. 1923-cü il iyulun 24-də Lozanna sülh müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən, Türkiyə dövləti bütün dünya dövlətləri tərəfindən tanındı. Həmin il oktyabrın 29-da Anayasanın 1-ci maddəsinə dəyişiklik edilərək "Türkiyə dövlətinin hökumət formasının cümhuriyyət" olduğu bütün dünyaya bəyan edildi. Beləliklə, indiki Türkiyə Cümhuriyyətinin təməli qoyuldu.

Qeyd etdiyimiz kimi, türkiyəli qan qardaşlarımızın qazandığı tarixi zəfərdə Azərbaycan da yaxından iştirak etmişdir. 1919-cu ildə qardaş ölkədə milli mücadilə hərəkatının genişləndiyi xəbərini alan Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi dərhal türk xalqına dəstək planını həyata keçirməyə başladı. AXC-nin baş naziri Nəsib bəy Yusifbəyli 1,5 milyon fransız frankı məbləğində pul yardımı çekini və neft qəbzlərini Türkiyəyə göndərmişdi. Bundan başqa, Anadoluda milli mücadilənin başlandığını eşidən analarımız, bacılarımız qulaqlarındakı sırğaları, əllərindəki üzükləri çıxararaq ayrı-ayrı şəxslər vasitəsiylə Türkiyəyə göndərmişlər. Kazım Qarabəkir paşa "İstiqlal hərbimiz" adlı əsərində yazır ki, Nəsib bəy Yusifbəyli Anadoluya vurduğu teleqramda Rauf bəy Orbayın Türkiyədən Azərbaycana gəlməsini və nə qədər tələb olunursa silah, cəbhəxana verməyə hazır olduqlarını bildirmişdi.

AXC süquta uğradıqdan sonra isə sayı tam məlum olmayan silahlı birləşmələrimiz polkovnik Səməd Sayqının komandanlığında Cənubi Azərbaycanın ərazisindən keçərək Ərzuruma gəlmiş, Anadoluda müharibədə iştirak etmişlər. Tarixi mənbələrdən belə məlum olur ki, bir piyada və süvari alayından ibarət olan birlik dərhal Şərq cəbhəsinə göndərilir. 15-ci süvari alayına qoşulan bu birlik 1920-ci ilin payızından başlayaraq 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən azad olunması uğrunda gedən döyüşlərə qoşulub. Azərbaycan əsgərləri Sarıqamışın, Qarsın, Gümrünün düşməndən azad olunmasında böyük xidmətlər göstəriblər.

1921-ci ildə baş verən I və II İnönü savaşlarında qazanılan zəfərlərdən sonra Azərbaycan bu sevincə şərik olduğunu bildirmək məqsədi ilə Bakıdan təmannasız olaraq hər dəfə 32 vaqon mazut və benzin, 8 vaqon isə maye qaz göndərmişdir. Bu xəbər həmin illərdə dərc olunan qəzetlərdə də yayılmışdır. Türkiyənin "İkdam" qəzeti II İnönü savaşından dərhal sonrakı sayında yazırdı: "Azərbaycan hökuməti Qarsa 40 vaqon neft göndərdi". Həmin illərdə Azərbaycandan Ankara hökumətinə göndərilən məktubda deyilirdi ki, Milli Qurtuluş Savaşı qələbəylə sona çatanadək hər ay Bakıdan 62 vaqon neft və benzin, 3 vaqon maye qaz göndəriləcəkdir. Bununla yanaşı, 1922-ci ildə savaşın taleyini həll edən böyük hərbi hücumdan sonra Azərbaycan Batumi yolu ilə Anadoluya 350 ton neft və 9 min tondan artıq maye qaz göndərmişdir.

Bütün bunlar Azərbaycanın və azərbaycanlıların dostluğa, qardaşlığa sədaqətli olduğunun və qardaş Türkiyəyə böyük sevgi bəslədiyinin təzahürü idi. Bu gün də Azərbaycan ilə Türkiyəni tarixin sınaqlardan mətanətlə çıxmış qardaşlıq, dostluq bağları sıx birləşdirir. Bu gün də türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" və ulu öndərimiz Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" müdrik kəlamları yolumuza nur saçır. Fəxrlə deyə bilərik ki, müasir dövrdə Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından eləcə də, geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də Avropa ölkələrinin enerji təhlükəsizliyi üçün böyük təminat verir. Bu gün iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilmişdir.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 19 may.- S. 6.