Turizm sektoru: Azərbaycanda
dayanıqlı inkişafın prioritet
istiqamətlərindən biri
Qeyri-neft sektorunun inkişafı
artıq uzun müddətdir ki, iqtisadi inkişafın əsas
prirotet istiqamətlərindən hesab edilir. Ölkə
Prezidenti cənab İlham Əliyev bəyan etmişdir ki, Azərbaycanın
gələcəyi şaxələndirilmiş iqtisadiyyat ilə
bağlıdır: "Biz gələcəyimizi
dayanıqlı iqtisadiyyatda görürük. Təbii
resurslarımız bizim üçün sadəcə olaraq bir
vasitədir ki, ölkəmizi hərtərəfli şəkildə
inkişaf etdirək və güclü qeyri-neft iqtisadiyyatı
yaradaq". Bu ilin birinci rübünün yekunlarına əsasən
qeyri-neft sektorunda 7,7 faizlik iqtisadi artımın qeydə
alınması da məhz dayanıqlı iqtisadi
inkişafın formalaşdırılması baxımından
olduqca əhəmiyyətli fakt kimi qiymətləndirilməlidir.
Azərbaycan
Respublikasında turizmin inkişafı ölkə
iqtisadiyyatının prioritet sahələrindən hesab edilir.
Turizm sektoru ölkəmiz üçün bir neçə cəhətdən
- iqtisadiyyatın güclənməsi, bölgələrin
inkişafı və Azərbaycanın bütün dünyada
tanınması baxımından səciyyəvidir. Prezident
İlham Əliyev məhz bu məsələyə xüsusi
toxunaraq demişdir: "Turizm sahəsi həm regionların
inkişafı, həm də ki, ölkənin iqtisadi
potensialının möhkəmlənməsi
üçün, Azərbaycanın imici, dünyaya
inteqrasiyası üçün çox mühüm bir vasitədir.
Bizim çox gözəl təbiətimiz var. Bəlkə
nadir ölkələrdən biriyik ki, burada istənilən təbii
şərait, istənilən iqlim var".
Göründüyü kimi, ölkəmizdə turizmin
inkişafı olduqca əhəmiyyətlidir və bu həm
iqtisadi, həm də sosial təsirlərə malikdir. Turizmin
inkişafı isə regionlarda yerləşən
mehmanxaların investisiya imkanlarının genişləndirilməsindən
və eləcə də onların müasir tələblərə
uyğun daha çox turist qəbul etmək
bacarıqlarının artırılmasından aslıdır.
Ölkə Prezidentinin bəyan etdiyi prioritet sahələrə
uyğun olaraq qeyri-neft sektorunun inkişafında turizm sektorunun
dəstəklənməsi və sözügedən sahədə
davamlı inkişafın formalaşdırılması vacib məsələlərdən
hesab edilir. 2011-ci ilin "Turizm ili" elan edilməsi və
ötən il bu sektorun inkişafı ilə bağlı bir
sıra əhəmiyyətli islahatların aparılması da
məhz bu sektora dövlət qayğısından xəbər
verir. Bununla yanaşı, bu sektorda islahatların davam etdirilməsi
və elektron hökumətin elementlərinin tətbiqinin
sürətləndirilməsi prioritet məsələlərdəndir.
Ölkə Prezidenti cənab İlham Əliyev bu sektorun
inkişafını qeyd edərək bildirimişdir ki, Azərbaycanda
turizm sektorunun inkişafına böyük diqqət göstərilir:
"Hesab edirəm ki, növbəti illərdə turizm sektoru
Azərbaycanın iqtisadi potensialında mühüm yer tutacaq.
İnkişaf etmiş, xüsusən də zəngin təbiətə
malik olan ölkələrin iqtisadiyyatında turizm
mühüm yer tutur. Azərbaycan zəngin ölkədir,
turizmin inkişafı üçün gözəl yerlər
vardır və biz bu imkanlardan istifadə etməliyik".
Bu baxımdan, turizm sektorunun ölkə Prezidenti tərəfindən prioritet elan edilməsi bu sahənin qeyri-neft sektorunda payının daha da artırılmasını aktuallaşdırır. Ümumiyyətlə, perspektivinə görə turizm sektoru qeyri-neft sahələri arasında aparıcı mövqedə dayanır. Dünya ölkələri üzrə ümumi milli məhsulun 10 faizi, ixracın isə 8 faizi beynəlxalq turizmin payına düşür. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm sektorunda və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur. Son 3 ildə maliyyə böhranına baxmayaraq, Ümumdünya Turizm Təşkilatının turizmlə bağlı göstəricilərinə əsasən, dünyada turizmin gətirdiyi gəlir getdikcə artır. Belə ki, turizm üzrə dünyada 2005-ci ildə 805 milyard, 2008-ci ildə 924 milyard, 2009-cu ildə isə 852 milyard dollarlıq gəlir əldə edildiyi halda, 2011-ci ildə bu rəqəm 1 trilyon dolları keçib.
Azərbaycan unikal coğrafi, geosiyasi və iqlim xüsusiyyətlərinə malik bölgədir. Hazırda respublikanın ərazisi cəmisi 86, 6 min kvadratkilometr olsa da, burada 11 əsas iqlim qurşağından 9-u yerləşir. Azərbaycanda çoxlu müalicəvi, mineral və termik bulaqlar, müalicəvi palçıq və neft var. Bunlar Quba, Şamaxı-İsmayıllı, Masallı-Lənkəran, Balakən-Zaqatala, Şəki-Qəbələ, Naxçıvan, Gəncəbasar bölgələrindədir. Azərbaycanda 12 qoruq, 17 yasaqlıq və 6 milli park var. Həm də bunlar respublika ərazisinin 2,4 faizini təşkil edir və Azərbaycanın bütün əsas iqlim qurşaqlarına aiddir. Paleontologiya obyektli təbiət abidələrinə isə Azıx mağarası (burada Paleolit dövrünə aid ibtidai insan düşərgəsi aşkar edilmişdir) kimi 6 mağara daxildir. Binəqədi qır gölü (təqribən 260 növ relikt flora və fauna qalıqlarından ibarət çox zəngin düşərgə), həmçinin Təngə mərmər dərəsi, Vəlvələ çay üstündəki Afurca şəlaləsi, palçıq vulkanları və s. kimi unikal geoloji əmələgəlmələr mövcuddur. Bütün bu əlverişli təbii şəraiti nəzərə alsaq, Azərbaycanda ümumi daxili məhsulun formalaşmasında turizm sektoru əhəmiyyətli yer tutmalıdır. Ümumilikdə, Azərbaycanın turizm sənayesinin rəqabət apardığı coğrafiyada əsas yeri Rusiyanın Qara dəniz və Şimali Qafqazdakı turizm müəssisələri, Türkiyənin Aralıq dənizi sahilindəki turizm mərkəzləri və Gürcüstanın Qara dəniz sahilləri tutur. Digər alternativlər də mövcuddur. Bura Qazaxıstan, Birləşmiş Ərəb Əmirliyi və İranı aid etmək olar. Belə rəqabət mənzərəsində uğurlu nəticələrin əldə olunması üçün uzunmüddətli və dayanıqlı turizm siyasətinə ehtiyac var.
Ölkəyə gələn turistlərlə gedənlər arasında 2005-ci ilə qədər mənfi saldo olub. 2006-cı ildən isə bu sahədə tamamilə fərqli tendensiya müşahidə edilməkdədir. Son rəqəmlərə əsaslansaq, Azərbaycana gələn xarici turistlərin sayı ildə orta hesabla 10-11 faiz artır. Əgər 2002-ci ildə Azərbaycana 428 min xarici turist səfər edibsə, artıq 2007-ci və 2008-ci illərdə bu göstərici 1 milyonu üstələyib. 2011-ci ildə isə ölkəmizə 2 milyondan artıq turist gəlib. Turizmin təşkili işi istirahət və əyləncənin ən fəal formalarından olmaqla yanaşı, həm də bir çox sosial-iqtisadi, mədəni-siyasi və kulturoloji funksiyaların həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan, biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir. Dünyanın hər yerində turizmin inkişafına maraq göstərilir. Aparılan sosioloji tədqiqatlardan məlum olub ki, hələ ötən yüzilliyin sonlarında turizm sahəsində dünyada əldə olunan gəlirin həcmi 450 milyard dolları keçib. Hesablamalara görə, 2020-ci ilə qədər turizm özünün ən yüksək inkişaf həddinə çatacaq. Həmin ildə dünya üzrə turistlərin sayının 1,5 milyard nəfərdən çox olacağı proqnozlaşdırılır. Bu da indiki dövrlə müqayisədə iki dəfə çoxdur. Azərbaycanda turizmin inkişafı üçün siyasi stabillik, iqtisadi, pisxoloji , kültür , tarixi, təbii-coğrafi potensial var. Təkcə 11 iqlim qurşağından 9-nun Azərbaycanda olması ölkənin turizm üçün əlverişli məkan olması haqqında aydın təsəvvür yaradır. Həmçinin, bu fakt Azərbaycanın beynəlxalq turizm marşurutuna daxil olmasına kifayət edir. Dünya İqtisadi Forumunun "Səyahət və turizm: rəqabətqabiliyyətlilik - 2011" adlı məruzəsinə görə isə Azərbaycan turizmin inkişafı üçün cazibədar mühiti olan ölkələr arasında 83-cü yerdədir. Qeyd edək ki, həmin siyahıda üzdəniraq qonşumuz Ermənistan 90-cı yerdə qərarlaşıb. Digər tərəfdən turizmin inkişafı sosial-iqtisadi və texnoloji əhəmiyyət kəsb edir. Belə ki, turizmin təşkili əsasında yeni iş yerləri açılır və müəssisələr yaranır. Həmçinin, yerli əhalinin əlavə gəlir və qazanc əldə etmək imkanları meydana gəlir.
Yerli mallara daha çox istehsal tələbatı yaranır, yeni bazar açılır. Ölkədə turizmin inkişafının yeni strukturu formalaşır. Həmçinin, bütün xidmət obyektləri, kommunal sahələr modernləşdirilir. Turizmin inkişafı ilə əlaqədar yeni ixtisaslar, texnologiyalar meydana gəlir. Ətraf mühitin qorunmasının əhəmiyyəti daha düzgün dərk olunur və bu istiqamətdə cəmiyyət tərəfindən əsaslı işlər görülür. Dövlət səviyyəsində səhiyyə xidməti də yeni keyfiyyət zəminində inkişaf etdirilir, dünya standartlarına uyğunlaşdırılır və inkişaf etdirilir. Beləliklə, cəmiyyətin həyatında əsaslı inkişaf baş verir. Ölkədə ilin bütün fəsillərinə cavab verən turizm infrastrukturunun qurulmasına ehtiyac var. Həm dövlətin dəstəyi, həm də sahibkarların köməyi ilə ilin bütün fəsillərinə uyğun turizm infrastrukturu yaradılmalıdır. İlk növbədə qış turizminin yaradılması istiqamətində işlər sürətləndirilməlidir.
Beləliklə, Azərbaycanda turizm sahəsinin qeyri-neft sektorunda payının daha da artırılması üçün bu istiqamətdə aparılan islahatların davam etdirilməsi olduqca vacibdir. Ölkə başçısı Nazirlər Kabinetinin fəaliyyətinə həsr edilən müşavirədə bütün sektorlarda süni qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsinin əhəmiyyətini bəyan edərək ədalətli qiymət siyasətinin yürüdülməsi ilə bağlı tapşırıqlar verib. Ölkə Prezidenti bəyan etmişdir ki, bütün aidiyyəti qurumlar vicdanla işləyərək süni qiymət artımına yol verməməlidirlər. Bu baxımdan, turizm sektorunun daha da inkişaf etdirilməsi üçün otellərin qiymət siyasətinə nəzarətin gücləndirilməsi vacibdir. Qlobal maliyyə böhranından sonra qiymət siyasəti turistləri cəlb etməyin əsas meyarlarından hesab edilir. Qardaş Türkiyədə otellərin daha ucuz xidmətlər təklif etdiyini və eləcə də son illər qonşu Gürcüstanın bu ölkədə turizm sektorunun inkişaf ilə bağlı həyata keçirdiyi tədbirləri nəzərə alsaq ölkəmizdə də istirahət güşələrinin daha ucuz xidmət təklif etməsi olduqca vacibdir. Turizm obyektlərində elektron hökumətin elementlərindən istifadənin gücləndirilməsinə ciddi ehtiyac var. Bura öncə sifariş sistemi və müxtəlif digər xidmətlərin internet vasitəsi ilə həyata keçirilməsi daxil olmalıdır. Son illər, xüsusən də 2011-ci ildə bu istiqamətdə ciddi addımların atıldığını nəzərə alsaq bu işlərin genişləndirilməsi imkanları olduqca böyükdür. Xüsusən də böğələrdə yerləşən turizm obyektlərinin elektronlaşdırılmasına ciddi ehtiyac vardır. Ölkəmizdə az saylı ulduza malik otellərin, hostellərin yaradılmasına dair biznes layihələrin inkişaf etdirilməsinə ehtiyac vardır. Ölkəmizdə otel, hotel və motellərin ümumi sayı 499 ədəd təşkil edib. Bununla belə, həmin otellərin az bir qismi 1 və 2 ulduzlu otellərin payına düşüb. 1 və 2 ulduzlu otellərin sayının az olması daxili turizmə də mənfi təsir göstərir. Azərbaycanda isə ən ucuz otellərdə qiymət 50 manatdan başlayır.
Moskva, London, Nyu-York, İstanbul, Dubay kimi iri meqapolislərlə müqayisədə Bakıda otel qiymətləri ucuz olsa da, 1 və 2 ulduzlu otellərin sayının çoxluğu həmin şəhərlərdə gecəsi 20 və hətta 10 ABŞ dollarına otel tapmağa imkan verir. Bu baxımdan ölkəmizdə də azsaylı ulduza malik otellərin sayının artırılması yolu ilə xaricilərə aşağı qiymətə xidmətlər təklif etmək mümkündür. Eyni zamanda, ayrı-ayrı bölgələrin fiziki və iqtisadi coğrafiyası öyrənilməli, bölgələrdə turizmin təşkilinin təcrübü və elmi əsasları işlənib hazlırlanmasına ehtiyac vardır. Doğrudur, bu istiqamətdə artıq işlərin görülməsinə başlanılmışdır. Regionlarda təbiətin zənginliyi və rəngarəngliyi turizmin müxtəlif növlərinin inkişafına geniş imkanlar yaradır. Məhz regional inkişafa dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən 30-u turizmə həsr olunub. "2008-2017-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" artıq Nazirlər Kabinetinə təqdim edilmişdir. Turizm sektorunun inkişafının sürətləndirilməsi üçün beynəlxaql turizm şirkətlərinin fəaliyyəti yerli əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına istiqamətləndirilməli, tarixi abidələr abadlaşdırılmalı, istirahətin təşkili müasir tələbata uyğun formalaşdırılmalı, nəqliyyat vasitələri xidmət tələblərinə uyğunlaşdırılmalı və bu vasitələrdən istifadə edərkən texniki təhlükəsizliyə əməl edilməli, yerli baza infrastrukturları turistlərin tələbatına uyğunlaşdırılmalı, su, qaz, elektrik təchizatı, kanalizasiya, telekommunikasiya sistemi lazımi səviyyədə olmalı, turizm marşurutuna daxil olan rayonların iqtisadi mədəni səviyyəsi turizmin təşkilinin müasir tələblərinə uyğunlaşdırılmalı, görməli yerlər haqqında informasiya xidməti təşkil edilməli, ölkəmizdə turizm işi peşəkarlıqla təşkil edilməlidir. Bunların nəticəsi olaraq, beynəlxalq bazarda mövcud olan güclü rəqabətə davam gətirə bilən turizm sektoru yaradılmasına ciddi ehtiyac vardır. Beləliklə, ölkəmizdə turizm sektorunun inkişafı ilə bağlı son illər atılan addımlar öz pozitiv bəhrələrini verməlidir. Bununla yanaşı, ölkə Prezidentinin prioritet elan etdiyi bu sahənin daha da inkişaf etdirilməsi və Ümumu Daxili Məhsulda payının artırılması istiqamətində imkanlar yetərincədir.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial
İnkişaf
Mərkəzinin sədri
Xalq qəzeti.- 2012.- 19 may.- S. 6.