Abbasəli Novruzov - 75 . Sərhəd onun taleyidir

 

Sərhəd Qoşunlarının əsas vəzifəsi dövlətin siyasi, hərbi, iqtisadi mənafelərini qorumaq, quru və dəniz sərhədlərini müdafiə etməkdir. Silahlı qüvvələrin tərkib hissəsi olmasına baxmayaraq, öz strukturuna görə digərlərindən fərqlənir. Sərhədçilər ilboyu Vətənin hüdudlarını qorumaqla yanaşı, həm də xarici təcavüzü ilk olaraq üzərinə götürən qoşun növüdür, dövlət təhlükəsizliyimizin qarantlarından biridir. General-mayor Abbasəli Novruzov da 75 illik ömrünün 57 ilini sərhədlərimizin müdafiəsinə bağlayan sərkərdələrimizdəndir.

 

Hər şey əsgərlik illərindən başlayıb. Çağırışçı kimi Sərhəd Qoşunlarına düşüb. Və taleyini əbədi olaraq sərhədə bağlayıb. Əvvəlcə SSRİ DTK Sərhəd məktəbinin hüquq bölməsini, sonra isə Dövlət Təhlükəsizlik Akademiyasını bitirmişdir. SSRİ dövründə sıravi əsgərdən polkovnik rütbəsinə qədər yüksəlib. Hüquqşünas, hərbi tərcüməçi, kəşfiyyatçı Abbasəli Novruzov zastava rəisinin müavini vəzifəsindən Zaqafqaziya Sərhəd Dairəsinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə qədər şərəfli bir yol keçmişdir. Əfqanıstanda Sərhəd Qoşunları üzrə baş müşavir vəzifəsində göstərilən etimadı ləyaqətlə doğrultmuşdur. Səhhətiylə bağlı ehtiyata buraxıldıqdan sonra Azərbaycan Ədliyyə Nazirliyində idarə rəisinin müavini və rəis vəzifələrində çalışmışdır. 1979-cu ildə Lənkəran Sərhəd Dəstəsinin kəşfiyyat rəisi işləyərkən o vaxt Mərkəzi Komitənin 1-ci katibi olan Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın "Əməkdar hüquqşünas"ı fəxri adına və "SSRİ DTK-nın fəxri əməkdaşı" adına layiq görülmüşdür. Abbasəli Novruzov iki dəfə sərhədçi həyatı yaşayıb desək, yanılmarıq. 1984-cü ildə SSRİ Sərhəd Qoşunlarından ehtiyata buraxıldıqdan sonra Azərbaycanda Ədliyyə Nazirliyində məsul vəzifələrdə çalışmışdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi orduda, o cümlədən sərhəddə də quruculuq işlərinə başlanıldı. 1994-cü il aprelin 8-də Prezident Heydər Əliyev təcrübəsinə yaxşı bələd olduğu Abbasəli Novruzovu yenidən sərhədə qaytardı. Komandan timsalında - müstəqil Azərbaycanın milli təhlükəsizlik nazirinin müavini, Sərhəd Qoşunlarının komandanı kimi.Ümummilli liderin tapşırığı isə qəti və konkret idi: "Dövlətin sərhədində son dərəcə ciddi qayda-qanun olmalıdır". O illərdə sərhəddə vəziyyət gərgin idi. Sovet ordusu Azərbaycanı tərk edərkən texniki qurğuları dağıtmışdılar. Keçmiş hakimiyyətin zəifliyindən istifadə edərək şəxsi mövqelərini dövlət mövqeyindən üstün tutan adamlar Sərhəd Qoşunlarına işə düzəlmişdilər. Yerli əhalidə, eləcə də sərhədyanı dövlətlərin sakinlərində belə bir fikir formalaşmışdı ki, sərhədi nə vaxt istəsələr, harada istəsələr poza bilərlər. Sərhədi nəinki piyada, hətta yük maşınları ilə pozurdular, sərvətlərimiz aramsız olaraq xaricə daşınırdı. Məhz belə bir vaxtda müdrik dövlət başçısının seçimi dəqiq idi. Az sonra A.Novruzov general-mayor hərbi rütbəsinə layiq görüldü, "Azərbaycan bayrağı" ordeni ilə təltif olundu. Qısa müddət ərzində çox işlər görüldü. İranla yanaşı, Rusiya və Gürcüstanla olan sərhədlər də mühafizəyə götürüldü. İqtisadi çətinliklərə baxmayaraq, Xudat, Şəmkir, Zaqatala sərhəd dəstələri yaradıldı. Maddi-texniki bazanın möhkəmləndirilməsinə, sərhəd texniki qurğularının bərpasına diqqət artırıldı. Şəxsi heyətdə attestasiya aparılaraq, təsadüfi adamlar xidmətdən uzaqlaşdırıldı. Ali təhsilli gənclər arasından xidmətə yeni kadrlar cəlb olundu.

Sərhəd Qoşunları ilə ictimaiyyətin əlaqələri genişləndirildi, yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanları və ictimai təşkilatlarla qarşılıqlı münasibətlər möhkəmləndirildi və dövlət sərhədlərimizin ümumxalq mühafizəsinə həsr olunmuş birgə müşavirələr, toplantılar keçirildi.

Sərhəd dəstələrinin fəaliyyətinin gücləndirilməsi sayəsində sərhəd pozucularının sayı minimum həddə endirildi.

Azərbaycan MDB ölkələrinin xarici sərhədlərinin birgə qorunması barədə müqaviləyə qoşulmasa da, bütün birlik ölkələrinin mənafeyini nəzərə alan ikitərəfli saziş əsasında əməkdaşlığa üstünlük verildi, Rusiya Federasiyası və Gürcüstanla sərhəd məsələlərini tənzimləyən sazişlər imzalandı.

Sərhəd Qoşunları nəinki sərhədi qoruyur, həm də respublikada daxili vəziyyəti gərginləşdirənlərə qarşı mübarizə aparır, Prezidentə, konstitusiyaya sadiq olduqlarını sübut edirdilər. Hətta bu yolda şəhid olurdular, ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülürdülər.

Xarici təzyiqlərə baxmayaraq Ali Baş Komandan Heydər Əliyevin başçılığı ilə sərhədçilərimiz onu da sübut etdilər ki, Azərbaycan müstəqil dövlətdir, öz sərhədlərini özü qorumağa qadirdir. Halbuki digər postsovet dövlətlərində indi də Rusiya Federasiyasının Sərhəd Əməliyyat şöbələri fəaliyyətini davam etdirir. MDB-yə daxil olan ölkələrdən biri Azərbaycana təcavüz edirsə, onun ərazisinin 20 faizdən çoxu işğala məruz qalırsa, sərhədlərin birgə qorunmasına dair müqavilələrə təbii ki, imza atıla bilməzdi. General-mayor Abbasəli Novruzov bu məsuliyyəti başa düşür və Azərbaycan dövlətinin mövqeyini MDB üzvləri olan ölkələrin yığıncağında qürur və iftixar hissi ilə bildirirdi: "Azərbaycan müstəqil dövlətdir, öz sərhədlərini özü qorumalıdır".

Abbasəli Novruzovun sərhəd qoşunlarının maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində xarici dövlətlərə etdiyi səfərlər də bəhrəsini verirdi. Alınan yeni texnikalar, katerlər, rabitə qurğuları sərhədlərimizin etibarlı qorunmasında böyük rol oynayırdı.

Bu gün general-mayor Abbasəli Novruzovun 75 yaşı tamam olur. Kiçik bir məqalədə bu böyük həyat yolunu əhatə etmək mümkün deyil. Sərhəd sirli, qapalı bir aləm olduğu kimi, sərhədçi generalın da xidməti fəaliyyətində hələ açılmamış səhifələr çoxdur. Bu, böyük bir memuarın materialıdır. Səhhəti ilə əlaqədar istefaya çıxmasına baxmayaraq, general-mayor Abbasəli Novruzov bu gün də sərhədçi olaraq fəaliyyətini davam etdirir. Sərhəd Qoşunları komandanının baş müşaviridir. O özünü bir gün də sərhədsiz təsəvvür edə bilmir. Bunu isə bir cümləylə ifadə edir: "Sərhəd mənim taleyimdir".

 

 

Mahir QABİLOĞLU

 

Xalq qəzeti.- 2012.- 25 may.- S. 6.