Azərbaycan Xalq
Cümhuriyyəti - Şərqdə ilk demokratik respublika
Azərbaycan
Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində
yaranmış gərgin və mürəkkəb ictimai-siyasi
şəraitdə fəaliyyət göstərmişdir. Bu
dövlətin qısa müddətdə həyata
keçirdiyi tədbirlər xalqımızın tarixində
böyük iz buraxmışdır. Milliyyətindən, siyasi
və dini mənsubiyyətindən, cinsindən asılı
olmayaraq, bütün vətəndaşlara bərabər
hüquqlar verilməsi, dövlət sərhədlərinin
müəyyən olunması, Azərbaycan dövlətçiliyi
atributlarının qəbul edilməsi, ana dilinin dövlət
dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi
üçün möhkəm zəmin yaratmışdır.
Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət,
təhsil, hərbi quruculuq sahələrində
atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin
23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Ümummilli
liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasını, fəaliyyətini həmişə yüksək
qiymətləndirirdi. Həmçinin həmin dövr
tariximizi çox gözəl bilən böyük dövlət
xadimi deyirdi ki, müstəqilliyi qoruyub saxlamaq, onu əldə
etməkdən qat-qat çətindir. Bunu ADR-in tarixi taleyi də
dönə-dönə sübut edir. Çünki ötən
əsrin sonunda, demək olar ki, eyni proseslərlə üzləşdik
və daha təhlükəli vəziyyətlə
qarşılaşdıq.
Əgər ümummilli liderimiz Heydər Əliyev
1993-cü ilin iyununda xalqın təkidli xahişləri ilə
hakimiyyətə qayıtmasaydı, yəqin ki, dövlətçiliyimizi
itirəcəkdik, ölkəmiz bir neçə dövlət
arasında bölünəcəkdi. Nəticədə Azərbaycanın
bir dövlət kimi mövcudluğu xəyal olaraq
qalacaqdı. Ulu öndər Heydər Əliyev,
sözün həqiqi mənasında, müasir Azərbaycanı
qurdu, inkişaf etdirdi, böyük dövlətlərin cərgəsinə
çıxardı. Həmçinin Azərbaycan
Xalq Cümhuriyyətinin ənənələrini bərpa etdi,
yaşatdı, inkişaf etdirdi, sivil bir dövlət qurdu.
Bu gün həmin dövlət regionda söz
sahibidir, böyük və güclü dövlətlərin
sırasında layiqli yerini tutur.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər
salanda, ilk növbədə, onun yarandığı şərait
qiymətləndirilməlidir. Rusiyada 1917-ci il
oktyabr çevrilişindən sonra noyabrın 15-də Tiflisdə
Zaqafqaziya (Cənubi Qafqaz) Komissarlığı
yaradıldı. Cənubi Qafqazın hər
üç xalqı burada təmsil olunurdu. Lakin xarici gərginlik, daxildə ciddi fikir
ayrılıqları komissarlığın fəaliyyətini
çətinləşdirirdi. 1918-ci ilin
fevralında komissarlıq fəaliyyətini dayandırdı və
həmin ayın 10-da Zaqafqaziya Seymi yaradıldı. Seymdə menşevik, müsavat və daşnak
fraksiyaları təmsil olunurdu. Çoxluq
müsəlman partiyaları blokuna məxsus idi. İstər komissarlıqda, istərsə də seymdə
xüsusən erməni fraksiyası azərbaycanlılara
qarşı təxribat xarakterli iddialarla çıxış
edirdilər. Cənubi Qafqazı tərk edən
rus orduları da silahlarını onlara təhvil verib gedirdilər.
Zaqafqaziya Seymi öz fəaliyyətinə Osmanlı
dövləti ilə sülh danışıqlarının
müzakirəsi ilə başladı. Martın 3-də Sovet
Rusiyasının Almaniya ilə Brest-Litovsk sülh müqaviləsi
imzalanması ermənilərin "Türkiyə Ermənistanı"
planlarını puça çıxardı. Bu müqavilə ilə Qars, Ərdəvan və
Batum Osmanlı imperiyasına verilməli, rus qoşunları isə
Osmanlı və sərhəd ərazilərində yerləşən
erməni silahlı birləşmələrini tərksilah etməliydi.
Məhz bu səbəbdən martın 14-də keçirilən
Trabzon konfransında Cənubi Qafqaz nümayəndə heyəti
müqavilənin Cənubi Qafqaza aid olan hissəsinə etiraz
etdi. Azərbaycan fraksiyasının bütün cəhdlərinə
baxmayaraq, erməni və gürcü nümayəndələri
seymin 23 mart tarixli iclasında Osmanlı dövlətinə
qarşı müharibə etmək barədə qərarın
qəbul edilıməsinə nail oldular. Azərbaycan
tərəfi bu müharibədə iştirak etməyəcəyini
bildirdi.
Həmin tarixi şəraitlə bağlı maraq
doğuran ciddi bir məsələ var. Bakı Cənubi
Qafqazda Zaqafqaziya Komissarlığının bundan sonra seymin səlahiyyətlərindən
kənar olan yeganə şəhər idi. Buna əsas səbəb
Rusiyada oktyabr çevrilişindən sonra Bakının
bolşevik-daşnak qüvvələrinin əlində
olması idi. Məsələn, 1917-ci il
noyabrın 2-də bolşeviklər Bakıda Sovet hakimiyyətini
elan etdilər. S. Şaumyan Bakı Soveti
İcraiyyə Komitəsinin sədri oldu. Dekabr
ayında isə bu qatı daşnak Lenin tərəfindən Cənubi
Qafqazın fövqaladə komissarı təyin edildi.
Bolşevik-daşnak qüvvələri Bakını Cənubi
Qafqazda "inqilabla əks-inqilab arasında mübarizə"
meydanı elan etmişdilər. Bu zaman Bakıda S.
Şaumyanın ixtiyarında böyük əksəriyyəti
ermənilər olan 20 minlik qoşun var idi. O, min bəhanə
ilə qırğın törətmək, azərbaycanlıları
məhv etmək üçün işlər aparırdı. Amma Azərbaycanın siyasi xadimləri və
ziyalıları bunların qarşısını
alırdı. Bakıda müsəlmanları
müdafiə edəcək qüvvə yox idi. Şaumyan isə "qızıl ordu əsgəri"
adı altında qatı daşnaklardan ibarət ordunun
gücünü artırırdı. Nəhayət,
Şaumyan martın 15-də Bakı Sovetinin iclasında
göstəriş verdi: "Bakı Soveti
Cənubi Qafqazda vətəndaş müharibəsinin
başlıca istehkamına çevrilməlidir". Bununla da, müsəlman əhalinin
qırğınına start verilmiş oldu. Martın 30-da isə qırğına rəhbərlik
etmək, onu mütəşəkkil və qısa müddətdə
həyata keçirmək üçün Bakı Soveti
yanında İnqilabi Müdafiə Komitəsi yaradıldı.
Qırğın ərəfəsində yalandan öz
bitərəfliyini elan etmiş "daşnaksütyun" və
erməni milli şurası Bakı Sovetinin qərarını müdafiə
etdilər. Martın 31-də başlanan qırğın aprelin
2-si gecədən xeyli keçənədək davam etdi.
Daşnak və bolşevik ordusu uşağa,
qadına, qocaya fərq qoymadan ağlagəlməz vəhşiliklər
törətdilər. Mart
soyqırımından sonra bolşevik və erməni siyasi
partiyalarının mətbuat orqanlarından başqa
bütün qəzet və jurnallar bağlandı. Erməni milli şurası istisna olmaqla bütün
milli şuraların fəaliyyəti qadağan edildi. F. X. Xoyskinin rəhbərlik etdiyi Bakı Şəhər
Duması buraxıldı. 1918-ci il
aprelin 25-də S. Şaumyanın sədrliyi ilə Bakı Xalq
Komissarları Soveti (BXKS) yaradıldı. Erməni
lideri Xatisov bu komissarlığı "erməni sovet
hökuməti"adlandırdı.
Ermənilər böyük iddia ilə
yaşayırdılar. Onlar Azərbaycanda böyük dövlət
qurmaq istəyirdilər. Hətta Azərbaycana
muxtariyyət vermək məsələsini də yaxın
qoymaq istəmirdilər. Araşdırmalar
göstərir ki, S. Şaumyanın Zaqafqaziya Seymindəki erməni
fraksiyası ilə, Androniklə, Leninlə, xarici erməni təşkilatları
ilə əlaqəsi çox sıx olub. Bu
birlik yalnız Azərbaycana qarşı yönəlmişdi.
Bax, belə ağır şəraitdə, Bakıdan uzaqlarda,
respublika sərhədlərindən kənarda Azərbaycan Xalq
Cümhuriyyətinin yaradıldığı elan edildi: 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi buraxıldı. Bir gün sonra Azərbaycan fraksiyası M. Ə .Rəsulzadənin
sədrliyi ilə Müvəqqəti Milli Şura yaratdı.
Mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi
elan olundu, Milli Şura çox mühüm tarixi hüquqi sənəd
olan "İstiqlal Bəyannaməsi"ni
qəbul etdi.
Müvəqqəti hökumətin ilk
başçısı Fətəli xan Xoyski mayın 3-də
radioteleqrafla xarici dövlət başçılarına Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılması məlumatını
çatdırdı. Cümhuriyyətin xarici siyasətdə
ilk uğuru iyunun 4-də Batumda Osmanlı dövləti ilə
sülh və dostluq müqaviləsi imzalaması oldu. Daşnak ordusunun Azərbaycanda törətdiyi vəhşiliklərin
qarşısını almaq üçün bundan sonra həmin
müqavilənin 4-cü bəndinin tələblərinə
uyğun olaraq Milli Şura və Xarici İşlər Nazirliyi
Osmanlı dövlətindən hərbi kömək istədi.
Bu köməyin qarşısını almaq
üçün Şaumyan Gəncə üzərinə
hücuma hazırlaşdı. Eyni zamanda, Leninin
göstərişi ilə Gürcüstan hökumətinə
məktubla müraciətində göstərdi ki, Osmanlı
qoşunlarını öz ərazisindən Azərbaycana
buraxmasa, Sovet Rusiyası Gürcüstanın muxtariyyətini
tanıyacaq. Ancaq Gürcüstan Osmanlı
qoşunlarının qarşısını ala bilmədi.
Əvəzində Gürcüstan hökuməti
Milli Şuraya Gürcüstan ərazisində fəaliyyətini
qadağan etdi. İyunun 16-da Milli Şura Gəncəyə
köçürüldü. Ancaq Gəncəyə
gələn Nuru Paşa Milli Şuraya etimadsızlıq
göstərdi. Odur ki, hökumət böhranı
qaçılmaz oldu, Milli Şura fəaliyyətini dayandırdı
və səlahiyyətlərini F. X. Xoyskinin rəhbərlik
etdiyi Müvəqqəti Hökumətə verdi
ki, Azərbaycanın dövlət müstəqilliyi qorunub
saxlanılsın. İki gün sonra Azərbaycan hökuməti
hərbi vəziyyət elan etdi: "Yaranmış fövqaladə
vəziyyətlə əlaqədar olaraq bütün Azərbaycanda
hərbi vəziyyət elan edilsin. Qafqaz İslam
ordusunun komandanı ilə razılıq əsasında bu fərmana
uyğun tədbirlərin hazırlanması daxili işlər
nazirinə həvalə edilsin".
Bakı isə hələ də Şaumyanın əlində
idi. Azərbaycan-Osmanlı hərbi qüvvələri
bolşevik-daşnak ordularının hücumunun
qarşısını alıb, onları qovmağa
başladılar. Artıq iyulun 20-də
Bakının azad olunması üçün bu istiqamətdə
hücum gücləndirildi. Şaumyan
Moskvaya və İrandakı rus-kazak dəstələrinə
ümid bəsləyirdi. Ancaq onlar da
heç nə edə bilmədilər. Həmin
dövrdə Lenin Almaniya ilə danışıqlara getdi.
O, Bakı neftinin bir hissəsini onlara verməklə,
Osmanlı ordusunun Bakıdan çıxarılmasına
çalışırdı. Şaumyana isə
belə bir tapşırıq vermişdi ki, Bakı əldən
çıxarsa, iri neft müəssisələrini məhv etsin.
Amma heç nə Bakı Kommunasının
süqutunun qarşısını ala bilmədi.
1918-ci il sentyabrın 15-də Azərbaycan və Nuru
paşanın başçılığı ilə
Osmanlı qoşunları Bakıya daxil oldular. İki
gün sonra, sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin
Milli Hökuməti Gəncədən Bakıya
köçürüldü. Azərbaycanın
bütün ərazilərində öz fəaliyyətini bərpa
etmək üçün təsirli tədbirlər görməyə
başladı. Yaranmasından 4 aya yaxın
vaxt keçməsinə baxmayaraq, əslində Xalq
Cümhuriyyəti fəaliyyətini yalnız bundan sonra qura
bildi. Belə ki, Nazirlər Şurasının 1918-ci il 27 iyun tarixli fərmanı ilə Azərbaycan
dili dövlət dili elan edildi. İyunun 24-də üzərində
ağ aypara və ağ səkkizguşəli
ulduz əks edilmiş qırmızı parçadan
hazırlanmış dövlət bayrağı qəbul
edildi. Noyabrın 9-da bayraq göy, qırmızı və
yaşıl rənglərdən ibarət, üzərində ağ aypara və ağ səkkizguşəli
ulduz əksi olan üçrəngli bayraqla əvəz edildi.
İyunun 26-da Milli Ordunun yaradılması haqqında fərman
verildi. Hərbi nazirlik noyabrın 1-də yaradıldı.
1919-cu ilin yayında Xəzər Donanması təsis
edildi. Avqustun 23-də Azərbaycan vətəndaşlığı
haqqında fərman oldu. Milli Şuranın fəaliyyəti
isə 1918-ci il noyabrın 16-da bərpa
edildi. Noyabrın 20-də keçirilən iclasda "Azərbaycan
parlamentinin yaradılması haqqında "
Qanun qəbul etdi. Həmin qanunda hər iki cinsin
seçki hüququ təsbit edildi. Bununla
da, Azərbaycan demokratik dəyərlərin
reallaşmasında Şərqdə birinci oldu.
Azərbaycan
parlamenti 1918-ci il dekabr ayının 7-də
fəaliyyətə başladı. 17 ay ərzində
çox səmərəli fəaliyyət göstərdi.
Bu müddətdə 130 iclas keçirdi. Parlamentin müzakirəsinə 270-dən çox
qanun layihəsi təqdim olundu. Onlardan 230-a
yaxını müzakirə olunub, qəbul edildi. Xalqın maarifləndirilməsinə də xüsusi
diqqət verilirdi. Məhz buna görə də
ilk hökumətin tərkibində Xalq Maarif Nazirliyi
yaradılmışdı. Daha sonra məktəblər
milliləşdirildi.Təhsilin Azərbaycan dilində
aparılması məcburi sayıldı. Bu
illərdə mədəniyyət, ədəbiyyat və incəsənət
sahələrində də böyük inkişaf oldu.
O
dövrdə ən ciddi problem isə erməni təcavüzləri
idi. Himayədarlarına arxalanan erməni quldur dəstələri
azərbaycanlılar yaşayan kəndlərə soxulur,
qırğınlar törədirdilər. Azərbaycan
Xalq Cümhuriyyətinin yaranması elan olunandan bir gün
sonra-mayın 29-da Milli Şura erməni nümayəndələrinin
müraciətini müzakirəyə çıxardı və
onların xeyrinə qərar qəbul etdi. Milli
Şura İrəvan şəhərini ermənilərə
güzəştə getdi ki, yaradacaqları dövlətə
paytaxt etsinlər. Şərt belə idi
ki, bundan sonra ermənilər Qarabağın dağlıq hissəsinə
iddialarından əl çəkəcəklər. Ancaq gözlənildiyinin tam əksi oldu.
Ermənilər
Zəngəzura, Naxçıvana, Dağlıq Qarabağa
iddialarını daha da kəskin qoyurdulıar. Güclərini
səfərbər edib hücumlar təşkil edirdilər.
Bu işdə ən böyük ümidləri
Andronikin ordusuna idi. 1918-ci ilin yayında
Andronikin quldur dəstəsi Zəngəzura hücuma
keçdi. Onlar görünməmiş vəhşiliklər
edir, insanları diri-diri yandırır, kəndləri külə
çevirirdilər. Həmin ilin sonuna kimi daşnaklar Zəngəzurda
115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında
21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini
yandırıb məhv etdi, insanları qılıncdan
keçirdi, süngülərlə öldürdülər.
Azərbaycan höküməti təcili Qarabağ
general-qubernatorluğunu yaratdı. Xosrov Paşa Sultanov
general-qubernator təyin edildi. O, 1919-cu ilin fevralında
Şuşaya gəldi. Qardaşı Sultan bəylə
təcili təsirli tədbirlər gördü. Nəticədə Andronikin Şuşaya üç
hücumu dəf edildi. Yayda erməni Milli Şurası
Şuşada silahlı toqquşmaya nail oldu. Sultanov
qardaşları erməni şura üzvlərini Azərbaycandan
çıxardılar. Andronik qoşununun
tör-töküntüləri ilə qaçmalı oldu.
Azərbaycan Xalq Cümhuriyyəti belə ağır
şəraitdə fəaliyyət göstərməsinə
baxmayaraq, getdikcə dirçəlir, dövlətçiliyini
möhkəmləndirirdi. Amma bolşevik
istilası hər şeyə son qoydu. Bu
istila o zaman oldu ki, artıq Azərbaycan dünya birliyinin
üzvünə çevrilmişdi. 1920-ci
ilin aprelində Bakıda 20-dən çox dövlətin
nümayəndəliyi var idi.
Aprelin 22-də Leninin razılığı ilə
daşnak qoşunları Xankəndi, Qazax və Gəncə
istiqamətində hücuma keçdilər. Ayın 27-də
isə Volqa-Xəzər donanması Yalama
yaxınlığına yetişdi, əməliyyat
üçün əmr aldı. Bu zaman
artıq XI ordu Azərbaycan sərhədlərini keçib,
sürətlə Bakıya doğru irəliləyirdi. Yalama stansiyasında iki saatlıq döyüş Azərbaycan
ordusunun məğlubiyyəti ilə nəticələndi.
Azərbaycan hökümətini aldadırdılar. Deyirdilər ki,
guya XI ordu Azərbaycandan keçib Anadoluya gedir, Türkyəyə
kömək edəcək. Hökumət üzvləri bu
güc qarşısında tab gətirməyərək yalana
inandı.
XI ordu ilə Bakıya daxil oldu, Sovet Rusiyası Azərbaycan
Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoydu. Azərbaycan
yenidən işğal edildi.
1991-ci ildə müstəqilliyimizi qazananda yenə eyni
tarixi şəraiti yaşayırdıq. 1993-cü ilin
yayı yenidən parçalanma və işğal ərəfəsindəydik.
Ümummilli liderimiz Heydər Əliyev xilaskar
kimi gəldi, hadisələrin axarını dəyişdi,
dövlətçiliyi qorudu, qüdrətli Azərbaycan
dövlətini yaratdı.
Əfqan ƏLİYEV,
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi Məhkəmə
Ekspertizası Mərkəzinin
aparıcı eksperti
Xalq qəzeti.- 2012.- 26 may.- S. 8.