Ana dili ən böyük milli sərvətdir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı
haqqında" 23 may 2012- ci il tarixli sərəncamı
dövlətimizin Azərbaycan dilinin taleyini həmişə
diqqət mərkəzində saxlamasının daha bir əyani
sübutudur.
Sənəddə göstərildiyi kimi,
"xalqımızın böyük oğlu Heydər Əliyev
ölkəmizə rəhbərlik etməyə
başladığı ilk vaxtlardan Azəpbaycan ədəbi
dilinə ayrıca diqqət yetirmiş, ana dilimizi Azərbaycan
SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə
göstərilməsinə nail olmuşdu". Ölkəmiz
müstəqillik qazandıqdan sonra isə ana dilimizlə
bağlı aparılan bu siyasət daha ardıcıl və məqsədyönlü
xarakter almışdır.
"Ana dili" dedikdə, ilk növbədə, Ana Vətən
yada düşür. Çünki Ana dili xalqımızın
varlığı və əbədiləşmiş
ünvanıdır. Bu ünvan
hamımız üçün sevimli və müqəddəsdir...Ana
dilimiz xalqımızın tarixi rəmzi, ənənəvi
simvoludur. Bu mənada biz hamımız milli
sərvətimiz olan Ana dilimizin daim keşiyində durmalı,
onun qorunması sahəsində hər bir vətəndaş
öz imkanları çərçivəsində əlindən
gələni etməlidir.
Xalqımızın
iradəsini ifadə edən Azərbaycan dövləti ölkəmizin
siyasi, iqtisadi və mədəni həyatının
bütün sahələrində olduğu kimi, Ana dilimizin
hüquqi baxımdan qorunması məqsədilə "Azərbaycan
Respublikasının Konstitusiyası"nın "Dövlət
dili" adlanan 21-ci maddəsində belə bir təminat verir:
"Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan
dilidir. Azərbaycan Respublikası Azərbaycan
dilinin inkişafını təmin edir". "Azərbaycan
Respublikasında Dövlət dili haqqında Azərbaycan
Respublikasının Qanunu"nunda isə göstərilir:
"Dövlət dilini bilmək Azərbaycan
Respublikasının hər bir vətəndaşının
borcudur". Azərbaycan Respublikasının "Təhsil
haqqında Qanunu" nun "Tədris dili" adlanan maddəsinin
7.1 bəndində deyilir: "Azərbaycan Respublikasının
Təhsil müəssisələrində tədris dili dövlət
dili-Azərbaycan dilidir".
Bunlardan
başqa, Azərbaycan dilinin inkişafı və tətbiqi
problemləri ilə əlaqədar olaraq Azərbaycan
Respublikasının Prezidenti də bir sıra fərman və
sərəncamlar vermişdir:
- "Azərbaycan
Əlifbası və Azərbaycan dili Günü"nün təsis
edilməsi haqqında (9 avqust 2001-ci il) və
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" (18 iyun 2001 -ci il).
Yuxarıda qeyd olunanlardan göründüyü kimi,
müstəqil dövlətimizdə ana dilimizin Dövlət
dili statusu hüquqi baxımdan tamamilə qanuniləşdirilmişdir...Azərbaycan
dilinin geniş miqyasda tətbiq edilməsi və sərbəst
inkişafı üçün hüquqi təməl
yaradılmışdır. Bizə isə, ancaq
yuxarıda qeyd olunan qanunlara riayət etmək qalır.
Deməli,
ölkəmizdə fəaliyyət göstərən
bütün mətbuat orqanları və teleradio kanalları Azərbaycan
dilinin hüquqi statusu haqqında qanunvericilik normalarına tam
riayət etməlidirlər...Lakin müxtəlif mətbuat
orqanlarının səhifələrində və teleradio
kanallarının verilişlərində gedən nöqsanlar
belə qənaətə gəlməyə əsas verir ki,
jurnalistlərin müəyyən hissəsi öz vəzifə
borclarına biganə yanaşırlar... Əlbəttə, bu
barədə düşünməyə dəyər...
Cənab Prezident İlham Əliyevin yeni
imzaladığı Sərəncam isə, bu istiqamətdə
aparılan işlərə yeni təkan verməklə bərabər,
bu sahəyə dair Dövlət Proqramı statuslu ilk sənəd
kimi yüksək dəyərə malikdir. Nəticədə
isə, istər efir məkanında səslənən
materiallarda, istərsə də mətbuat orqanlarının səhifələrində
linqvistik baxımdan (yəni orfoqrafik, orfoepik, üslubi, elmi və
məntiqi) külli miqdarda nöqsanlara və qüsurlara
qarşı daha ardıcıl mübarizə aparmaq lazım gələcəkdir.
Birdəfəlik
bilmək lazımdır ki, teleradio verilişlərinin və mətbuat
orqanlarının vəzifəsi yalnız ölkədə və
ya dünyada baş verən hadisələr haqqında xalqa xəbər
çatdırmaq və ya mənəvi istirahətlərini təmin
etmək deyil... Teleradio verilişləri də,
mətbuat orqanları da məktəbdir, həyat məktəbidir.
Gəncliyimiz həmin məktəbdən elmi, xəbərləri,
mənəviyyatımızı, adət-ənənələrimizi,
etikamızı, estetikamızı öyrənə-öyrənə
yetkinləşirlər, müasir tələblərə cavab
verə bilən əsl vətəndaş kimi
formalaşırlar... Deməli, bu sahədə teleradio məkanının
da, mətbuat orqanlarının da məsuliyyəti gündən-günə
artmalıdır...
Çünki məktəb şagirdlərinin əksəriyyəti
müəllimin dediyinə yox, kitabdan və qəzetlərdən
oxuduqlarına, teleradio verilişlərindən eşitdiklərinə
inanırlar.
Bəzən isə, şagirdlər kitablardan və qəzetlərdən
oxuduqları nöqsanlı və qüsurlu dil nümunələrini
gətirib müəllimə göstərirlər... Beləcə
də, müəllim çıxılmaz vəziyyətə
düşür...
Qeyd olunan vəziyyətdən və Prezidentin sərəncamında
göstərilən hallardan jurnalistlərimizin nəticə
çıxarmaları həm onların, həm də
oxucuların və dinləyicilərin, ümumilikdə isə,
ana dilimizin gələcək inkişafı və təkmilləşməsinin
xeyrinə olardı. Təəssüf ki, istər mətbuat
orqanlarının səhifələrində, istərsə də
teleradio kanallarının verilişlərində
müşahidə olunan nöqsanlar barədə əlaqədar
təşkilatlar təsirli tədbirlər görmürlər.
Bu da, şübhəsiz ki, jurnalistlərin
öz vəzifə borclarına soyuq yanaşmasına imkan
verir.
XX əsrin sonuncu onilliyində xalqımız
özünün tarixi dövlətçiliyini bərpa
etmiş, müstəqil, azad və suveren dövlətini
qurmuşdur. İndi xalqımız bütün siyasi, ideoloji,
iqtisadi və mədəni problemləri özünün iradəsi
ilə həll etdiyi kimi, ana dilimizin inkişaf etdirilməsi və
tətbiqi sahəsinin həyata keçirilməsi
üçün də hər cür şərait yaratmışdır.
Bir sözlə, indi ana dilimiz öz təbii və daxili
inkişaf qanunları əsasında get-gedə daha da sabitləşir,
büllurlaşır, elmi-texniki tərəqqinin tələblərinə
tam cavab verir.
Lakin bütün bunlara baxmayaraq, hələ də
istər mətbuat səhifələrində, istərsə də
teleradio verilişlərində çoxsaylı dil
qüsurlarına yol verilir. Bu qüsurlar əsas
etibarı ilə, dilimizin orfoepik (düzgün tələffüz
qaydaları), orfoqrafik (düzgün yazı qaydaları) və
üslubi qaydaları ilə bağlıdır, bəzən isə,
elmi və məntiqi nöqsanlara da yol verilir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bu
yazıda ölkəmizin radio və televiziya
aparıcılarının nitqində yol verilən dil
qüsurları ilə bağlı bəzi məsələlərdən
bəhs edəcəyik. Məsələn,
hündür-alçaq, qalın, dərin-dayaz sözlərinin
ədəbi dilimizdə işlənmə məqamlarına nəzər
salaq.
İlk baxışda bu sözlərin
yazılışı (orfoqrafiyası) və şifahi nitqdə
işlədilməsi (orfoepiyası) sadə görünsə
də, onların ifadə tərzində semantik mənalar
teleradio verilişlərində düzgün işlədilmir. Həmin
sözlər ifadə və cümlələrin tərkibində
üslubi, elmi və məntiqi baxımdan düzgün
seçilmir, bu da həmin sözlərin ifadə etdiyi mənanın
təhrif edilməsinə səbəb olur.
"Hündür"
sözü dilimizdə "uca", "qəlbi" və
"yüksək" sözlərinin sinonimi kimi işlədilir:
hündür dağlar, uca dağlar, yüksək dağlar,
hündür ağac, hündür divar, hündür ev və
s. Dilimizdə həmin sözlərlə leksik şəkilçilərin
artırılmasından hündür+lük, qalın+lıq,
dərin+lik kimi yeni sözlər düzəldilir...
Hündür və hündürlük sözləri yer səthindən
hündür olan obyektləri və ya dağlıqları, təpəlikləri
bildirir...
Başqa sözlə desək, hündür və ya
hündürlük anlayışları yer səthinə nisbətən
şaquli, perpendikulyar və maili vəziyyətdə olan
hündürlükləri bildirir. Teleradio verilişlərində
isə "hündür" sözü semantik məna
baxımından düzgün işlədilmir. Hətta hündür və ya hündürlük
sözləri mayelərə də tətbiq edilir. Məsələn, ölkəmizdə leysan
yağışı yağan zaman yağıntının
çoxluğunu nəzərə çatdırmaq
üçün "suyun hündürlüyü 50-60 sm
olub" ifadəsi efirdə səsləndirilib. Göründüyü kimi, bu cümlə istər
leksik, istər üslubi, istər elmi, istərsə də məntiqi
baxımdan tamamilə qüsurludur. Çünki
lap qədim dövrlərdən xalqımız
özünün doğma ana dilində suyun bolluğunu və
ya çoxluğunu bildirmək üçün "dərin"
və ya azlığını bildirmək üçün
"dayaz" sözlərindən istifadə edib. Bu sözlər indi də dilimizdə eyni mənada fəal
şəkildə işlədilməkdədir.
Bəs, "dərin" və "dayaz" sözlərinin
ifadə etdiyi semantik mənalar necə olmalıdır? "Dərin"
sözü dilimizdə mayenin, o cümlədən, suyun səviyyəsini
müəyyən etmək üçün işlədilən
termin səciyyəli sözdür. "Dərin"
("dayaz") sözü hər hansı bir su hövzəsinin
-dənizin, gölün, çayın və s. üst səthi
ilə alt səthi və ya dibi arasında olan
ölçünü bildirir. Təbii ki, su yerin səthindən
hündür ola bilməz. Bu mənada , "suyun
hündürlüyü"ndən yox, suyun "dərinliyindən"
söhbət etmək olar.
Dilimizdə "dərin" ("dayaz") sözlərinə
leksik şəkilçilərin birləşdirilməsi nəticəsində
isə "dərinlik" ("dayazlıq") sözləri
də düzəlmiş və lap qədim dövrlərdən
dilimizdə ümumişlək sözlər kimi işlənməkdədir.
"Qalın" sözü də ölkəmizin
teleradio verilişlərində tez-tez düzgün işlədilməyən
sözlərdəndir. Dilimizdə "qalın" sözü
"nazik" sözünün antonimi kimi işlənir.
Dilimizin lüğət tərkibində
"qalın" sözünün leksik şəkilçi
ilə birləşməsində "qalınlıq" kimi
ümumişlək söz də düzəlib. Lakin
ölkəmizin teleradio verilişlərində
"qalın" və "qalınlıq" sözləri
özünün leksik-semantik mənasında yox, səhvən
"hündürlük" mənası bildirən məqamlarda
işlədilir. Məsələn, ölkəmizin
dağlıq bölgələrində qar yağıb.
Qarın hündürlüyü 5 sm,10
sm,15 sm, 20 sm, 50 sm, 60 sm və s.-dir. Ölkəmizin .....bölgələrində güclü leysan
yağışı yağıb. Suyun
hündürlüyü 80 sm, 90 sm, 120 sm... olub.
Deməli, yuxarıda qeyd olunan birinci cümlədə
"qarın hündürlüyü" yox, "qarın
qalınlığı" ; ikinci cümlədə isə
"suyun hündürlüyü" yox, "suyun dərinliyi"
olmalı idi...
İndi də
teleradio verilişlərində səslənən bəzi ifadələrə
və cümlələrə nəzər salaq: Teleradio
verilişlərində-reklamlarda tez-tez səslənən
"Çünki o Bekodu, o ağıllıdır" və
"Vaniş"daha inadkardır ifadələri də məna
və məzmunca istər dilçilik, istərsə də məntiqi
baxımdan çox qüsurludur.
Birincisi, dilimizdə ümumişlək və vətəndaşlıq
hüququ qazanmış "ağıl"ərəb mənşəli
"əql"sözündən yaranmışdır. "Ağıl"
sözü "insanda düşünmə və dərketmə
qabiliyyəti; zəka, şüur və idrak"; Hafizə,
zehin, xatir (xatırlamaq), yad, yaddaş, fikir" mənalarında
geniş şəkildə işlənmiş, işlənir və
gələcəkdə də işlənəcəkdir. "Ağıl" sözünə və onun məna
çalarlarına nəzər saldıqda aydın olur ki, bu
söz yalnız insana xas olan səciyyəvi keyfiyyəti ifadə
edir. Odur ki, geniş mənaya və məzmuna
malik olan "ağıl" sözünü cansız əşyalara
aid etmək savadsızlıqdan və dili bilməməkdən
başqa bir şey deyil.
İkincisi, dilimizdə işlədilən və öz mənası və məzmununa görə , insan keyfiyyəti ilə bağlı olan ümumişlək xarakterli sözlərdən biri də "inadkar" sözüdür. Bu söz quruluş etibarı ilə "inad" və "kar" sözlərinin birləşməsindən düzəlib. Azərbaycan dilində "inad, inadcıl, tərs, dediyindən dönməyən" mənalarını bildirir. Dilimizdə geniş şəkildə işlənən "inadkar" sözündən "inadkarlıq, inadkarcasına, inadlı, inadlılıq, inadçı, inadçılıq, inadcıl, inadcıllıq" kimi insani keyfiyyətlər bildirən sözlər də düzəldilmiş və həmin sözlərin hamısı daşıdığı məna və məzmunlarına görə yalnız insana xas olan səciyyəvi keyfiyyətləri ehtiva edir. Bir sözlə, "inadkar" sözü və onun törəmələri də insan xarakterini bildirir.
Odur ki, tarixən dilimizdə geniş mənada işlənən və insanın xarakterik keyfiyyətlərini bildirən "daha inadkar" ifadəsinin "vaniş" (paltaryuyan toza) aid edilməsi həm "gülünclük" doğurur, həm də savadsızlıqdan irəli gəlir...
Yuxarıda qeyd olunanları nəzərə alaraq, müasir ana dilimizin xalqımızın milli sərvəti olan ədəbi dilimizin gələcək inkişaf perspektivlərini, onun Konstitusiya statusunun hüquqi baxımdan qorunması və keşiyində durmaq məqsədilə Azərbaycan dili Qurumunun yaradılması həyatın tələbidir. Əminəm ki, cənab Prezidentin sərəncamı ana dilimizin qorunması, tətbiqinin yaxşılaşdırılması, tədqiqinin müasir tələblər baxımından daha da təkmilləşdirilməsi işinə yeni təkan verəcəkdir.
Mədət ÇOBANOV,
filologiya elmləri doktoru,
professor
Xalq qəzeti.- 2012.- 27 may.- S. 9.