Masallı - nağıl misallı

 

Məlum olduğu kimi, bu il Masallı "Azərbaycanın folklor paytaxtı" elan edilib. Layihə çərçivəsində rayonda silsilə tədbirlər həyata keçirilir. Bu yerlərin qədim tarixi və etnoqrafiyası, sirli qala, abidə və sarayları, hamam və bulaqları, zəngin xalq yaradıcılığı örnəkləri, indi də yaşadılan el sənəti nümunələri rayonda nəzərdə tutulan tədbirlərin daha məzmunlu və baxımlı olmasını təmin edir.

 

Onu da deyək ki, Azərbaycanımızın ulu mədəniyyət və folklorunun bütün çalarları ilə əks etdirilməsi turizmin inkişafı üçün də əlavə imkanlar açır. Masallıda 15 mədəniyyət sarayı və evi, 114 mədəniyyət abidəsi, 28 klub, 79 kitabxana, 2 muzey, 1 rəsm qalereyası, 1 uşaq incəsənət məktəbi, 28 turizm obyekti var. Bir neçə gün öncə rayonda olarkən Lənkəranla həmsərhəd Mahmudavar kəndində binalardan birinin pəncərələrindən qədim xalq mahnısının sədalarını eşidib ayaq saxladıq.

Ay lo-lo, qızıl üzük laxladı, Ay lo-lo, verdim anam saxladı...

Mahmudavarın ziyalı oğlu, əməkdar müəllim, dostumuz Musarza Mahmudov çöhrəsində aydın duyulan iftixarla bildirdi ki, çox güman, məşhur "Halay" folklor xalq kollektivinin üzvlərindən biri məşq edir. Bu, yalnız bir səsdir. Gör, səs səsə qoşulanda, qədim el havalarına köklənəndə aləm olur!

Doğrudan da, cənub bölgəsinin hər tərəfində qədim xalq yaradıcılığının mayası qədirbilənliklə qorunur. Elə bir qədər əvvəl yanından ötdüyümüz Lənkəran rayonunun Separadi kəndində uzun illərdən bəri fəaliyyət göstərən "Nənələr" folklor qrupunu kim tanımır ki... Onlar meydan açıb şur ilə oxudularmı, dünya heyran qalır. Bu yaxınlarda Bakıda keçirilən "Eurovision-2012" yarışmasında 2-ci yeri tutan Rusiyanın "Buranovskiye babuşki" kollektivi belə bizim nənələrin yanında yəqin ki, çox solğun görünər. "Halay" da ki, Azərbaycanı dünyaya tanıdanlardandır desək, şişirtmə olmaz. Mahmudavarda yarım əsr bundan öncə Ümbülbanu Cəbiyeva "Halay"ın ilk fidanı yaradıcısı olub. İlbəil ansambl genişlənib, dünyanı gəzib, tanınıb. "Qızıl buta", "Qızıl balta" beynəlxalq mükafatlarını alıb. "Halay"ın məşhur "Masallı toyu" kompozisiyasını seyrçilər, yəqin ki, yaxşı xatırlayarlar. İndi 86 yaşı olan Tehran Əbilova, 66 yaşlı Zemfira Şahverdiyeva vaxtilə doğma kollektivin üzvləri kimi folkloru təbliğ etmələrindən qürur duyurlar. Rayon mədəniyyət turizm şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Lətifə Mövsümovanın "Halay"ın üzərindəki zəhməti danılmazdır. O, "Halay"ı yaşatmaq üçün əlindən gələni edib, qızları dünyanın bir çox ölkələrinə festivallara aparıb. Təkcə Türkiyənin 15 şəhərində çıxışları olub.

Yadıma ötən əsrin əvvəllərində Qori seminariyasını yenicə bitirən, sonralar tanınmış bəstəkar olan Müslüm Maqomayevin Lənkəranda dərs dediyi vaxtlara dair bir əhvalat barədə oxuduqlarım düşdü. Şagirdlərinə bayatı nəğmələr topladan, xor oxumağı öyrədən bəstəkara dostlarından biri sual edir:

-Müslüm müəllim, neçə ildir çəltik zəmilərində oxuyan qızlardan nəğmələr toplayırsan. Bəs, bu nəğmələr yığılıb qurtarmadımı?

Müslüm Maqomayev cavab verir:

- dəryada balıq qurtarar, Talışda nəğmə...

Tarixdən daha bir fakt: hələ 1930-cu ildə ilk dəfə Üzeyir Hacıbəyli Cənub zonasının xalq mahnılarını toplayaraq onların dördünün əsasında gözəl bir xor əsəri yaratmışdır.

Mahmudavarda "Baba bulağı" Təbiət evinə yollandıq. Bura əsl turizm məkanıdır. Kom- pleksdə motel, restoran, yalnız balıq ovu üçün yaradılmış göl, qədim bulaq, meşə zolağı, idman meydançaları, el sənəti nümunələri - əntiq əşyalar, yerli faunaya aid heykəllər var. Gölün üstündəki kölgəliklərdə bulaq suyundan pürrəngi samovar çayı içə-içə sularda üzən qazlara baxmaq, tilovla balıq tutanların həyəcanlarını izləmək, bülbüllərin cəh-cəhini dinləmək adama xüsusi zövq verir. "Baba bulağı"nda bu gözəlliyi yaradan Mahmudavar bələdiyyəsinin sədri Əfqan Babayev bizimlə səmimi görüşüb bir neçə saatdan sonra rayonda təşkil olunacaq turizm sərgisinə hazırlaşdıqlarını söylədi. Biz həmin tədbirə qatılmaq istədik.

Yolüstü Masallının Boradigah qəsəbəsində rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun sakinlərlə görüşünün şahidi olduq. Bu qəsəbə ərazi vahidi Boradigah, Mollaoba Babaser yaşayış məntəqələrini əhatə edir. Ərazidə 12 mindən çox əhali yaşayır. Dörd orta məktəb, xəstəxana, mədəniyyət evi, iki şadlıq sarayı var. Sosial sahə inkişaf etdirilib. Təkcə ticarət obyektlərinin sayı 180-i ötüb, 15 fermer təsərrüfatı yaradılıb. Abadlıq tədbirləri sürətlənib. Burada Bələdiyyə sarayı, güləş üzrə idman klubu da istifadəyə verilib.

Görüşdə ağsaqqallardan Cavanşir Əsədov, Əvəz Məmmədov, əmək veteranı Məmməd Qurbanov, ziyalılar Nurməmməd Ağayev, Azər Mirzəyev və başqaları ürək sözlərini söylədilər, rayonun yeni rəhbərliyinə uğurlar diləyib ən xoş arzularını bildirdilər. Regional inkişafın artıq kənd ərazilərini geniş əhatə etməsindən razı qalan sakinlər Ərkivan-Rudəkənar yolunun çəkilişinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıq duyğularını dilə gətirdilər. Sonra qəsəbə sakinləri xəstəxananın əsaslı təmir olunmasına, elektrik təchizatının SİP kabelləşməyə keçirilməsinə, BVM və Şəhidlər abidələrinin yenidən qurulmasına və park salınmasına, qəsəbədə yeni uşaq bağçası tikilməsinə köməklik göstərilməsini xahiş etdilər. Rayon icra hakimiyyətinin başçısı görüşü yekunlaşdıraraq verilən təkliflərin 2012-2013-cü illər üçün hazırlanan sosial-iqtisadi inkişaf poqramında nəzərə alınacağını bildirdi...

Daha sonra turizm sərgisinin təşkil edildiyi "Cənnət bağı" istirahət mərkəzinə yollandıq. Buralar rayonun ən dilbər guşələri sayılır. Elə Bakıdan 232 kilometr cənubda yerləşən Masallı bütünlüklə relyefinə və təbiətinə görə füsunkar bir diyardır. Dağlar, meşələr, Xəzər dənizi, müalicəvi isti sular rayonun qədir-qiymətini daha da artırır. Bütün bunlar Masallıda turizmin inkişafına gözəl zəmin yaradır. Ümumilikdə rayonda 28 turizm obyekti fəaliyyət göstərir. Onlardan 26-sı müvafiq nazirlikdən lisenziya alıb. Obyektlərin eyni vaxtda qonaq qəbul etmək imkanı 1100 nəfər-gündür. Mövcud olan otel nömrələrindən on faizə qədəri lyuks, yarıdan çoxu birinci dərəcəlidir. Turistlərə üç marşrut üzrə turlar təklif olunur. Onlar üçün rayonun görməli yerlərinə, tarixi abidələrinə, ziyarətgahlarına, muzeylərə səyahətlər təşkil edilir.

Sərginin açılışında iştirak edən icra hakimiyyətinin başçısı R.Hüseynov ölkəmizdə sahibkarlığın və turizmin inkişafına göstərilən dövlət qayğısının aspektlərini diqqətə çatdırdı. Masallının turizm potensialından səmərəli istifadənin, obyektlərdə xidmətin səviyyəsini yüksəltməyin zəruriliyini söylədi. Sahibkarlar turizm mövsümü ərəfəsində bu sərginin təşkilini yüksək qiymətləndirdilər, fəaliyyətləri üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mahir Qəhrəmanov da çıxış etdi.

Rayonun turizm obyektləri öz xidmətlərini və bölgə mətbəxinin ən ləziz təamlarını nümayiş etdirdilər. Eyni zamanda, tədbirdə Masallının el sənətkarlarının əl işləri, müxtəlif eksponatlar sərgiləndi. Əsl heyranlıq doğuran bu nümunələr bölgənin turizm imkanlarının nə qədər hüdudsuz olduğunu bir daha göstərdi.

Daha sonra bayram konserti təqdim olundu. Rayon mədəniyyət evinin özfəaliyyət qrupları, "Halay" folklor xalq kollektivi rəngarəng mahnı rəqs nömrələri ilə çıxış etdilər. Şən sədalar dağlarda əks-səda verirdi:

Ay ləli, hər düyməsi bir mərcan...

Beləcə, Masallıdan zəngin təəssüratla ayrıldıq. Bir daha əmin olduq ki, bu rayona turist axınının ilbəil artması təsadüfi deyil (təkcə ötən il ərzində Masallıya 16642 turist gəlib ki, onların da üçdə-biri əcnəbilər olub). İnanmaq istərdik ki, imkanların genişləndirilməsi xidmətin standartlara uyğunlaşdırılması sayəsində bu il rayona dincəlməyə gələnlərin sayı daha da çox olacaq.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 30 may.- S. 13.