Azərbaycan - Gürcüstan: qədim
qonşular, çağdaş arxadaşlar
Tale
qardaşları
Gürcüstan tarix boyu təkcə
yurdumuzun qərbində qonşu ölkə olmayıb, həm
də ayrı-ayrı dövrlərdə vətəndaş
ortaqlığı daşıdığımız dövlətlərin
bir əyaləti sayılıb. Bu birgəlik, ortaqlıq hər
iki məmləkəti zaman-zaman bir-birinə ayrılmaz tellərlə
bağlayıb, dərindən
qaynadıb-qarışdırıb. Hər iki məmləkətin
ortasından axıb keçən Kür çayı, Qərbdən
Şərqə gedən əsas quru marşrut - İpək
yolu tarixi bağlar kimi min illərdir ki, bu iki Qafqaz ölkəsini
eyni məcrada qərarlaşdırıb.
Qafqaz Albaniyası dövründə isə
xristianlıq bu qonşu ölkələrin xalqlarını
din qardaşları kimi yaxınlaşdırıb. Dədə
Qorqud dastanında "yeddi tümən Gürcüstan"
kimi tez-tez xatırlanan bu diyar dinc qonşu kimi təqdim olunub.
Səfəvilər, Osmanlılar, Qacarlar zamanında Rusiya
işğalı və sovet epoxasında Azərbaycan və
Gürcüstan xalqları vahid coğrafi-siyasi məkanda
yaşamış, eyni taleləri paylaşmış,
faydalı qonşuluğu davam etdirmişlər. Orta əsrlərdən
başlayaraq, Tiflisdə türk-müsəlmanların
ayrıca məhəlləsi olmuş, soydaşlarımız
şəhərin siyasi-mədəni həyatında fəal
rol oynamışlar. XIX əsrdə və XX əsrin əvvəllərində
isə Qafqazın inzibati mərəkəzinə
çevrilmiş Tiflisdə soydaşlarımızın
sayı və mövqeyi daha da artmış, burada
çağdaş mədəniyyətimizin zəngin
qaynaqlarından biri formalaşmışdır.
1846-cı ildə Rusiya imperiyası
işğal etdiyi Qafqazda yeni inzibati-ərazi
bölgüsünə keçəndə yaradılan Tiflis
quberniyasına tarixi Azərbaycan torpağı olan
Borçalı mahalı və ölkəmizin şimal-qərbindəki
bəzi ərazilər də daxil edilmişdi. Çar
Rusiyasının süqutundan sonra Xüsusi Zaqafqaziya Komitəsinin
(9 mart 1917-ci il) və Zaqafqaziya Komissarlığının (15
noyabr 1917-ci il) idarəsi altında qalan bu torpaqlar 1918-ci ilin 26
mayında - Gürcüstanın dövlət müstəqilliyi
elan olunanda və eləcə də 1921-ci ildə bu ölkə
sovetləşdiriləndə vaxtilə Tiflis quberniyasına
daxil edilmiş və iki qonşu respublika arasında mübahisəli
torpaqlar kimi Gürcüstanın idarəçiliyində
qalmışdı. 1991-ci ildə hər iki xalq dövlət
müstəqilliyini bərpa edəndən sonra Azərbaycan və
Gürcüstan separatçı-etnik münaqişələrə
cəlb edilmiş olsalar da Birləşmiş Millətlər
Təşkilatına sovet dövründəki ərazilərlə
daxil olmuşlar.
Təəssüf ki, 1991 - 1993-cü illərdə
Gürcüstanda və Azərbaycanda üzdəniraq
naşı siyasi qüvvələrin hakimiyyəti qəsb etməsi
nəticəsində dövlət müstəqilliyini bərpa
etmiş qonşu respublikalar arasında normal münasibətlərin
qurulması əsassız olaraq ləngidilmişdi. Hətta
Gürcüstanda tarixi torpaqlarında yaşayan azərbaycanlılara
"gəlmə" damğası vurularaq onlara əsassız
basqılar da olmuşdu. Bu yağmaçı prosesdə xeyli
sayda soydaşımız doğma yurdunu itirib Azərbaycana pənah
gətirmişdi. 1992-ci ildə Gürcüstandakı
sağlam siyasi qüvvələr görkəmli siyasətçi
və dövlət xadimi Eduard Şevardnadzeni hakimiyyətə
qaytarandan sonra ölkədə tüğyan edən
dağıdıcı millətçilik dalğaları
cilovlanmışdı.
Az sonra 1993-cü ildə Azərbaycan
xalqı da dünya miqyaslı siyasətçi, böyük
dövlət xadimi, ümummilli lider Heydər Əliyevi hakimiyyətə
gətirməklə dağıdıcı proseslərin
qarşısının alınmasına yol
açmışdı. Təxminən 10 il əvvələdək
öz respublikalarını məharətlə idarə
etmiş, Azərbaycanla Gürcüstanın tarixi
qonşuluğunu dostluq səviyyəsində möhkəmləndirmiş,
bu zəmində yaranmış şəxsi
dostluqularını Moskvada sovet dövlətinin rəhbərliyində
təmsil olunarkən də davam etdirmiş, xalqlarının
maraq- larını uca tutmuş Heydər Əliyevin və
Eduard Şevardnadzenin siyasi hakimiyyətə
qayıdışı hər iki xalqın başı
üstündən qara buludları sovuşdurmuşdu.
Müstəqil dövlətlərinə
rəhbərlik etməyə başlamış iki görkəmli
liderin müstəsna səyləri ilə o illərdə Azərbaycanda
və Gürcüstanda siyasi sabitlik yaradıldı, əsaslı
islalahatlar başlandı. Hər iki dövlətin beynəlxalq
aləmdə mövqeyi müəyyənləşməklə,
öz aralarında də yeni münasibətlər sahmana
salındı. Gürcüstanda sayca ikinci yerli xalq olan azərbaycanlıların,
ölkəmizdə yaşayan etnik gürcülərin sivil
hüquqları tanındı. Gürcüstanda yaşayan
yarım milyonadək soydaşımıza "Azərbaycan
diasporu" kimi baxılmasına son qoyuldu. Onların
"aborigenliyi" etiraf olundu. Ümummilli lider Heydər Əliyevin
dediyi kimi, "Gürcüstan və Azərbaycan
xalqlarının dostluğu dünyada bir nümunəyə
çevrilmişdir". Çeparatçı-şovinist və
işğalçı Ermənistandan fərqli olaraq, bir-birinə
torpaq iddiaları sürməyən, bir-birinin ərazi
bütövlüyünü dəstəkləyən, beynəlxalq
aləmdə bir sıra məsələlərə ortaq
mövqedən yanaşan Azərbaycan və
Gürcüstanın hərtərəfli əməkdaşlığı
Qafqaz regionunda bu iki ölkənin rolunu və nüfuzunu
möhkəmləndirmişdir. Azərbaycanın regionun lider
dövlətinə çevrilməsi qonşu
Gürcüstanda qısqanclıqla qarşılanmır, əksinə,
ona əlavə dividendlər qazandırır.
Azərbaycanda və Gürcüstanda
müstəqil dövlət siyasətinin varisləri -
prezidentlər İlham Əliyevin və Mixeil Saakaşvilinin
qonşuluq və dostluq münasibətlərini yeni səviyyəyə
qaldırmaları iki xalqın tarixində əldə
olunmuş ən yaxşı dəyərləri qoruyub
saxlamağa və zənginləşdirməyə real təminatlar
yaratmışdır. Yeni tipli, modern düşüncəli bu
iki liderin yeritdikləri siyasətin
doğru-düzgünlüyü onların bu il martın 6-da
Bakıda keçirilən rəsmi dostluq
görüşündə bir daha təsdiq olundu: "Bu
gün apardığımız danışıqlar bir daha onu
göstərir ki, Gürcüstan - Azərbaycan əlaqələri
yüksək səviyyədədir" (İlham Əliyev);
"Azərbaycanın müstəqilliyi həm də
Gürcüstanın müstəqilliyidir. Biz belə hesab
edirik ki, qarşımızda duran məsələlərin,
bütün problemlərin həllinə nail olmuşuq və
gözəçarpan nəticələr əldə
etmişik" (Mixeil Saakaşvili).
Gürcüstan - Azərbaycan qonşuluq
münasibətləri, dost ölkədə yaşayan
soydaşlarımızın taleyi, güzəranı,
onların irili-xırdalı problemləri dövlət siyasətimizin
prioriteti, ictimai rəyin daimi mövzusu kimi medianın da
gündəmindədır. Gürcüstana bir həftəlik
yaradıcılıq ezamiyyətimizin də hədəfi
günümüzün bu marağını cavablandırmaq
idi. Beləliklə, səfərimiz qədim qonşumuz,
çağdaş arxadaşımız olan Gürcüstanadır.
Azərbaycan -
Gürcüstan sadəcə, qonşular deyil...
Gürcüstanda "Qızıl
gül" inqilabından sonra baş verən proseslər
dünyanın diqqətini bu ölkəyə yönəltdi və
hətta bu reallıq Qafqazın və gürcü
xalqının taleyində böyük bir tarixi şans kimi dəyərləndirildi
. Tibilisi hakimiyyətinin son 10 ildə yaratdığı
demokratiya ölkənin bəzi dairələrində xoş
qarşılanmasa da, qonşu ölkələrdə bu gün
də diqqəti çəkməkdədir. Qərb dövlətləri
artıq bu ölkəni "Saakaşvili
demokratiyası"nın bərqərər olduğu demokratik
bir cəmiyyət kimi təqdim etməkdədir. Qonşumuzda nələrin
baş verdiyini görmək, təbii ki, bizim üçün
də olduqca maraqlı idi.
Azərbaycan - Gürcüstan münasibətləri,
sadəcə, qonşuluq və dostluq münasibətləri
deyil, bu, ən yüksək səviyyədə strateji müttəfiqlikdir.
Bu tərəfdaşlığı bizim üçün zəruri
edən amillərdən biri də bu dövlətin ərazisində
500 min nəfərədək soydaşımızın
yaşamasıdır. Onlar bu ölkə ərazisində etnik
azlıq hesab edilsələr də, əslində, bu
mahalın tarixi sakinidirlər və bölgəyə real
sahibliyi bu gün də burada yaşamaları ilə sübut
edirlər. Gürcüstan həm də beynəlxalq təşkilatlarda
Azərbaycanı birmənalı şəkildə dəstəkləyən
müttəfiqdir. Çünki hər iki dövlət məlum
dairələrin dəstəklədiyi separatizmdən əziyyət
çəkir. Üstəlik, işğalçı Ermənistan
hər iki ölkəyə ərazi iddialarından əl
çəkmir. Azərbaycanın Qarabağ problemi olduğu
kimi, Gürcüstanda da Abxaziya və Cənubi Osetiya
münaqişələri var.
"Sınıq körpü"nü
çox rahatlıqla keçdik. Əvvəlki
nizamsızlıqdan, səliqə-səhmansızlıqdan əsər-əlamət
belə yox idi. Əksinə, buradakı qayda-qanun, insanlar
üçün yaradılan şərait olduqca xoş bir təəssürat
yaradırdı. Amma Gürcüstan tərəfdə əvvəlcədən
təyin olunmuş tədbirlərə gecikməmək
üçün bu barədə
tanışlığımızı qayıdanbaşa
saxlamalı olduq. Gürcüstanın gömrük
qapısında da çox xoş qarşılandıq.
Onların azərbaycanca, amma çətinliklə və
qırıq-qırıq dedikləri "xoş gəldiniz"
sözləri bizdə təbii bir təbəssüm
yaratdı, həm də yad yox, doğma bir məmləkətə
gəldiyimizi müjdələdi.
Tbilisidə Kür sahilindəki Heydər
Əliyev parkını və ulu öndərin büstünü
ziyarət etdikdən sonra doğma ünvan bilib
döydüyümüz ilk qapı Azərbaycan
Respublikasının Gürcüstandakı səfirliyi oldu.
Fövqəladə və səlahiyyətli səfirimiz Azər
Hüseynlə həmin gün görüşə bilməsək
də, bu vaxt qazancı bizim "heykəllər və
körpülər şəhəri" Tbilisi ilə sərbəst
tanışlığımıza bir şans verdi. İlk
görüşümüzdə Azər Hüseyn olduqca
işgüzar, buradakı problemlərə həssaslıqla
yanaşan, eyni zamanda, təmkinli və təcrübəli bir
diplomat təəssüratı bağışladı.
Gürcüstanı gəzib-dolaşdıqca, bu təəssürat
dəfələrlə təsdiqini tapdı. Hələ fəaliyyətinin
bir ili də tamam olmayan Azər müəllimin təqdim etdiyi
həftə ərzindəki iş planı da bizi xeyli təəccübləndirdi:
nəinki 8 saatlıq iş günündə, 24 saatlıq
sutkada da bu işləri yekunlaşdırmaq mümkün olana
"oxşamırdı": Kvemo-Kartli (Borçalı)
bölgəsinin rəhbərliyi ilə görüşmək,
ayrı-ayrı rəhbər işçilərin fikrlərini
bilmək, Heydər Əliyev Fondunun təhsil-səhiyyə sahəsində
gördüyü işlərlə, ARDNŞ-in və
"Akkord"un layihələri ilə tanışlıq,
Tbilisidəki doğma ünvanlara baş çəkmək, bu
ölkədə yaşayan soydaşlarımızın
uğurlarını və problemlərini öz dillərindən
eşitmək...
Bunlar səfirin bizə təqdim etdiyi
planın az bir hissəsə idi. Vaxt azlığını
dilimizə gətirməsək də siyahıya bir məsələni
də əlavə etməyi xahiş etdik:
Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze ilə
görüşmək.
Təqribən 20 dəqiqəlik
görüzümüzdə öyrəndik ki, Azər müəllim
bundan əvvəl də müxtəlif xarici ölkə səfirliklərində
çalışıb. Gürcüstana təyinatdan əvvəl
Yaponiyada fövqəladə və səlahiyyətli səfir
olub. Bu qısa tanışlıq fonunda Azər müəllim
qürurla bildirdi:
- Azərbaycan həm ərazisinə, həm
əhalisinin sayına, həm iqtisadiyyatına, həm də
bölgədəki təbii-coğrafi və geosiyasi
üstünlüklərinə görə Cənubi
Qafqazın ən böyük dövlətidir. Cənubi
Qafqazda ildə orta hesabla 60 milyard dollara yaxın ümumi daxili
məhsul istehsal edən yeganə ölkə Azərbaycandır.
Əhalinin gəlirinə görə də Azərbaycan
regionun ən öndə gedən ölkəsidir. Qafqazın
ümumi iqtisadi resurslarının təxminən 70 faizi Azərbaycana
məxsusdur. Bütün enerji qaynaqları üzrə ən zəngin
ölkə də bizik. Azərbaycanın 30-50 ilə
çatacaq neft , 120 ilə çatacaq təbii qaz ehtiyatı
var.
Ölkəmizin yalnız neft və qazdan
olan gəlirlərinin ildə 30-35 milyard dollar olduğunu nəzərə
alsaq, 100 il ərzində böyük vəsait edir ki, bu da təkcə
xalqımızın deyil, Qafqaz əhalisinin olduqca yüksək
səviyyədə yaşamasına bəs edəcək sərvətdir.
Azərbaycan öz təbii resurslarının istifadə edilməsi
taktikasını müəyyən edərkən təkcə
xalqımızın maraqlarını düşünməyib,
bu sərvətlərdən dost və qonşuların da sivil
istifadəsinə qapılarını açıb. Azərbaycan
və Gürcüstan münasibətlərinə gəldikdə
isə bütün dar məqamlarda bu iki xalq bir-birilərinə
əl tutub. Bizim dövlətlərimiz ərazisinə və əhalisinin
sayına görə kiçik hesab olunsa da, geostrateji cəhətdən
olduqca əhəmiyyətlidir. Bu gün Gürcüstan
iqtisadiyyatının xeyli dərəcədə Azərbaycandan
asılı olması heç kimə sirr deyil. Azərbaycan -
Türkiyə təbii müttəfiqliyinin Gürcüstana
böyük fayda verməsi də faktdır. Azərbaycanla
Gürcüstan Avropanı Asiya ilə birləşdirən
körpünün qoşa dirəyidir.
Səfir Azərbaycan - Gürcüstan
münasibətləri barədə qənaətlərini belə
yekunlaşdırdı:
-Digər tərəfdən bu gün
Gürcüstan müstəqil olmasa, bizim də problemlərimiz
artar, suverenliyimizə təhlükə meydana çıxar.
Gürcüstanın müstəqil Azərbacana verə biləcəyi
geosiyasi dəstəyi dəyərləndirməyə
çalışsaq, bu ölkənin Azərbaycanın təbii
ehtiyatlarının - neftinin, qazının və digər məhsullarının
Avropa bazarlarına çıxarılmasını, Şərqlə
Qərbi birləşdirən iri layihələrinin həyata
keçirilməsini təmin edən məkan olduğunu
görərik. Eyni zamanda, iki ölkənin ticarət
dövriyyəsində Azərbaycanın payının
çoxluğu onu göstərir ki, Gürcüstan bazarı
Azərbaycan üçün perspektivli satış
bazarlarından, investisiya məkanlarından biridir.
Borçalı
ellərində
Səhəri gün səfirliyin əməkdaşı
İlqar müəllimlə səfərə
çıxdıq, Kvemo-Kartli bölgəsinin Rustavi şəhərində
yerləşən mərkəzi binasında qubernator
müavini Hüseyn Yusifovla görüşürük. Azərbaycan-gürcü
əlaqələrindən danışmaqla söhbətə
körpu salan qubernator müavini bildirdi:
- XX əsrin əvvəllərində
sovet qoşunları Azərbaycanı işğal etdikdən və
Azərbaycan müstəqilliyini itirdikdən az sonra
Gürcüstan da müstəqilliyini itirmişdi. SSRİ
dağıldıqdan sonra Bakıda baş verən hadisələr
sonradan Gürcüstanda da təkrarlanmışdı. Bu hadisələr
göstərir ki, hər iki ölkə bir-birinə nə dərəcədə
bağlıdır. Bizim tarixlərimiz, demək olar ki, bir-birinə
hopub. Biz yaxşı bilirik ki, Azərbaycan
Respublikasının dövlət rəsmiləri, vətəndaşları
öz xalqının inkişafı barədə
düşündüyü kimi, bu reallıqlara sadiq qalaraq
Gürcüstanın taleyini də unutmurlar. Azərbaycan
Gürcüstanda yaşayan azərbaycanlıların,
ümumilikdə Gürcüstan vətəndaşlarının
firavan həyatının təmin olunmasında
maraqlıdır.
Azərbaycan və Gürcüstanın
dostluğunu dünyaya nümunə ola biləcək dostluq
kimi dəyərləndirmiş Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev bu münasibətlərin
perspektivlərini də aydın görürdü və bu
istiqamətdə ciddi addımlar atırdı. Hazırda Azərbaycan
Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil
Saakaşvili bu siyasəti uğurla davam etdirirlər. Bu dostluq
sayəsində biz inkişafımızın yeni yüksək
mərhələsinə nail olacağıq. Buradakı
soydaşlarımızın öz milli kimliyini yaşatması
üçün bir sıra layihələr həyata
keçirilir. Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin sərəncamı
ilə Novruz bayramı Gürcüstanda da dövlət
bayramı elan edilib. Prezident, demək olar ki, bütün Novruz
şənliklərinə qatılır. Eyni zamanda, ana dilli məktəblərimizdə
azərbaycanlı şagirdlərin milli ruhda tərbiyəsi
üçün onlarla tez-tez görüşlər
keçiririk, müxtəlif tədbirlər təşkil
edirik. Tariximizin qanlı səhifələri, şərəfli
keçmişimiz, Xocalı faciəsi, 20 Yanvar, 28 May və digər
günlərlə bağlı tədbirlərimizdə həmişə
gürcü ictimaiyyətinin iştirakı təmin edilir.
Bundan başqa, gürcü rəsmiləri
də toplantılarımıza yüksək səviyyədə
qatılırlar. Bu işlərin son 1 ildə çox
böyük uğurla davam etdirilməsi Azərbaycan
Respublikasının Gürcüstandakı səfirliyinin, o
cümlədən səfir Azər Hüseynin
işgüzarlığı və diqqəti ilə də
bağlıdır. Heydər Əliyev Fondunun, Azərbaycan -
Gürcüstan parlamentlərarası dostluq qrupunun bölgədə
apardığı işlər ilbəil artmaqda və daha
geniş miqyas almaqdadır. Qrupun rəhbəri, millət vəkili
Qənirə Paşayevanın bir ayağı daim bölgəmizdədir.
Gürcüstan tranzit dövlət
olmaqla yanaşı, 500 min soydaşımızın da
yaşadığı məmləkətdir. Onlar həmişə
öz vətəndaşlıq borclarını şərəflə
yerinə yetiriblər. Gürcüstanın ən çətin
günlərində etnik azlıqlardan yalnız azərbaycanlılar
dövlətçiliyi dəstəkləyiblər. Bu ölkənin
tarixində dramatik və şərəfli səhifələr
çoxdur. Ermənilər Azərbaycan kimi Gürcüstana da
daim xəyanət ediblər. 1918-ci ildə gürcü-erməni
müharibəsində soydaşlarımız erməniləri
geri oturdublar. Nəhayət, son tariximiz göz önündədir.
Abxaziya və Şimali Osetiya müharibəsində də
soydaşlarımız gürcü dövlətçiliyini dəstəklədi
və gürcü qardaşlarımızla bir yerdə
vuruşdular.
Hüseyn müəllim çox vacib bir
mövzudan - din məsələsindən danışarkən
qeyd etdi ki, Gürcüstan müsəlmanlarının problemlərinin
həll olunması üçün ayrıca bir idarənin
yaradılması vacib idi. İndiyə qədər buradakı
müsəlmanların hansısa dini problemi ortaya
çıxanda müxtəlif fikirlər yaranırdı. Bəziləri
Azərbaycana, İrana, yaxud Türkiyəyə müraciət
etməyin vacibliyini deyirdi. Nəticədə isə heç
bir problem həll olunmurdu. Ona görə də Gürcüstan
azərbaycanlıları öz dini idarəmizi yaratmaq və
problemlərə yiyə duracaq bir şəxsi dini rəhbər
seçmək qərarına gəldilər. Marneulidən
deputat Azər Süleymanov, Gürcüstan ombudsmanının
Kvemo-Kartli bölgəsi üzrə nümayəndəsi, kənd
təsərrüfatı nazirinin müşaviri Emil Ocaqquliyev və
mən bu idarənin təsisçiləri olduq.
Gürcüstanda müsəlmanlar təkcə
azərbaycanlılardan ibarət deyil. Burada islam dininə etiqad
edən acarlar, çeçenlər, ləzgilər də
yaşayırlar. Müxtəlif millətlərdən ibarət
müsəlmanların Gürcüstan Dini Şurasının
yaradılmasına qərar verildi. Həmin şurada məscidlərin
axundları və imamları toplaşdı, yerli müsəlmanların
öz şeyxinin olması qərara alındı. Bu həm də
vətəndaşı olduğumuz Gürcüstan dövlətinin
qanunlarına hörmətimizin təzahürü oldu.
Bu gün Gürcüstanda təhsilin
inkişafına da önəm verilir. Təhsil sahəsində
əvvəlki problemimiz hamıya məlumdur, bunu heç kim
inkar etmir. Ən böyük problem isə
soydaşlarımızın orta məktəbi bitirəndən
sonra təhsillərini davam etdirə bilməmələri idi.
Faktiki olaraq onların ali məktəblərə qəbul
olmalarının qarşısı alınmışdı.
Çünki Gürcüstanın təhsil qanununda göstərilirdi
ki, bütün imtahanlar gürcü dilində verilməlidir.
Müxtəlif səbəblərdən soydaşlarımız
kəndlərdə gürcü dilini öyrənə bilmirdilər.
Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin təşəbbüsü
ilə "Ali təhsil haqqında" qanuna dəyişiklik
edildi. İndi ali məktəbə qəbul
soydaşlarımız üçün Azərbaycan dilində
keçirilir. Universitetlərdə onlara kvotalar ayrılıb.
Soydaşlarımız bir il gürcü dili kursu keçir,
daha sonra isə bakalavr dərəcəsi üzrə təhsillərini
davam etdirirlər. Bu, olduqca lazımi düzəliş idi.
Hesab edirəm ki, məzunlarımız bu şansdan
faydalanmalıdır. Qanundakı bu dəyişiklik 10 il
müddətində müəyyənləşdirilib. Bundan
istifadə edib buradakı kadr boşluğunu doldurmaq
lazımdır.
Təhsil sahəsində əsas problemlərdən
biri də məktəblərin təmiri ilə
bağlıdır. Bu sahədə Azərbaycan dövləti əlindən
gələni əsirgəmir. Məktəblərin bədii ədəbiyyatla
təminatı da bu sıraya daxildir. Heydər Əliyev Fondunun
bu istiqamətdə fəaliyyətini xüsusilə qeyd etmək
lazımdır. Fond bu vaxtadək xeyli sayda bədii ədəbiyyat
göndərib. Tiflisdəki 73 nömrəli Mirzə Fətəli
Axundov adına Azərbaycan məktəbini Heydər Əliyev
Fondu təmir etdirib. Dmanisi, Marneuli, Qardabani və digər
rayonlarda da məktəblərin təmirinə
başlanılıb. Gürcüstanda 77 azərbaycandilli məktəbin
direktoru Jvaniya adına Dövlət İdarəçilik Məktəbində
gürcü dili kurslarını yüksək nəticələrlə
bitirmişlər.
Qardaş
köməyi
Hüseyn Yusifovdan öyrəndik ki,
Gürcüstanda 45-ə qədər Azərbaycan şirkəti
fəaliyyət göstərir. İqtisadi sahədə
ARDNŞ-nin Gürcüstandakı Nümayəndəliyinin və
"SOCAR Energy Georgia" MMC-nin fəaliyyət sferası
olduqca genişdir. Bircə fakta diqqət yetirmək bəs edər
ki, bu şirkət Gürcüstanda ən böyuk vergi ödəyicisidir.
Bir az əvvəl ARDNŞ-nin Gürcüstanda həyata
keçirdiyi investisiya proqramının davamı olaraq
"SOCAR" brendi ilə fəaliyyət göstərən
yeni yanacaqdoldurma məntəqələrinin
açılışı olub."SOCAR Georgia Petroleum" MMC
tərəfindən inşa edilmiş yeni YDM-lər Mestia,
Kaxetiya, Dedopliçkaro rayonlarında, Qomi, Çalengixa rayonunun
Cvari məntəqələrində, Poti şəhərində
və Acar Muxtar Respublikasının Keda rayonunda istifadəyə
verilib. Bununla da Gürcüstan ərazisində "SOCAR"
yanacaqdoldurma məntəqələrinin sayı 88-ə
çatıb. Şirkətdə 660-dan çox işçi
var ki, onun da 150 nəfərə qədəri azərbaycanlılardır.
Azərbaycanın "Akkord Sənaye
Tikinti İnvestisiya Korporasiyası"nın son 3 il ərzində
Gürcüstanda əhəmiyyətli layihələr icra edən
törəmə müəssisəsi "Akkord Georgia" da
böyük layihələrə imza atmaqdadır. Şirkət
bu ilin əvvəlində Kutaisi şəhəri
yaxınlığında daha bir infrastruktur layihəsinin
icrasına start verib. Beynəlxalq Şərq-Qərb yolu layihəsi
çərçivəsində 17,3 kilometrlik beton
örtüklü Kutaisi dolama yolunun tikintisi Yaponiyanın JICA
bankı tərəfindən maliyyələşdirilir.
"Padeco Co. LTD" şirkəti tərəfindən
hazırlanan layihənin icrasında "Akkord Georgia"
subpodratçı kimi iştirak edir.Tender dəyəri 55
milyon avrodan artıq olan I kateqoriya yol Böyük İpək
Yolu layihəsi üzrə Türkiyə - Gürcüstan - Azərbaycan
və əksinə istiqamətdə yük avtomobillərinin
Kutaisi şəhərinə daxil olmadan hərəkətini təmin
edəcəkdir.
Bu il fevralın 17-də Gürcüstan
Prezidenti Mixeil Saakaşviliinin iştirakı ilə yolun
tikintisinə start verilib. Təməlqoyma mərasimində
çıxış edən Gürcüstan Prezidenti Mixeil
Saakaşvili "İpək yolu" layihəsi üzrə
tikintisinə başlanmış yolun xüsusi əhəmiyyət
kəsb etdiyini vurğulayıb. Sonra M.Saakaşvili "Akkord
Georgia" şirkətinin tikintiyə cəlb etdiyi yeni
texnikanı, yolun birinci kilometrində torpaq işlərinin
gedişini nəzərdən keçirib.
(ardı var)
Namiq QƏDİMOĞLU,
Tahir
AYDINOĞLU,
Tbilisi – Bakı
Xalq qəzeti.-
2012.- 30 may.- S. 12.