Gəncliyimiz-gələcəyimiz.
"Diplomatiyada da bu günün gənc kadrı sabahın
peşəkarıdır"
Son illər Azərbaycanda
dövlət tərəfindən gənclərə göstərilən
diqqət və qayğı açıq-aşkar hiss
olunmaqdadır. Prezident İlham Əliyevin bu sahənin
inkişafına yönəlmiş addımları ölkəmizdə
gənclər siyasətinin uğurla həyata keçirildiyini
nümayiş etdirir. Şübhəsiz ki, gənclər
sektoru inkişaf edirsə, deməli, Vətəninə,
xalqına və milli dəyərlərinə sadiq, ümumbəşəri
dəyərlərə hörmətlə yanaşan gələcəyimiz
yetişməkdədir. Bu sektorun inkişaf etdirilməsinin əsas
hədəflərindən biri də dövlət və
hökumət strukturlarında gənclərin
iştirakını təmin etməkdir. Gənc dövlət
xadimlərinin, diplomatların yetişdirilməsi, dövlətçiliyimizin
keşiyində duran insanlarımızın sayını
artırmaq bu siyasətin tərkib hissəsidir. Bütün
dövlət qurumlarında gənclərə rast gəlmək
mümkündür. Ən məsuliyyətli və çətin
sahələrdən biri olan Xarici İşlər Nazirliyi
strukturlarında da layiqli gənclərimiz
çalışmaqdadır. Belə gənclərimizdən
biri - Azərbaycanın Rusiyadakı səfirliyinin məsul əməkdaşı
Gültəkin Cəlilova ilə həmsöhbət olduq.
Gültəkin Sahib qızı Cəlilova 1 avqust 1980-ci ildə Zəngilanda anadan olub. 1997-ci ildə Bakı şəhəri 46 saylı orta məktəbi bitirib. 1999-2004-cü illərdə "Təfəkkür" Universitetinin filologiya (ingilis dili) fakültəsində təhsil alıb. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində əmək fəaliyyətinə başlayıb.
2005-ci ilin avqust ayında öz diplomatik xidmətini Azərbaycanın Moldova Respublikasındakı səfirliyində davam etdirib.
2006-2009-cu illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetinin iqtisadiyyat fakültəsində ikinci qiyabi təhsilini alıb. Eyni zamanda, Moldova Dövlət Universitetinin Beynəlxalq əlaqələr və siyasi administrasiya fakültəsinin məzunu kimi magistr dərəcəsini alıb.
2010-cu ildən etibarən Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin humanitar şöbəsində diplomatik fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində işlədiyi müddət ərzində Misir Ərəb Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyasında təşkil olunan diplomatiya kurslarında iştirak edib. Həmçinin, Azərbaycan Diplomatik Akademiyasının Maltanın "Diplo.Foundation" Təhsil Mərkəzi ilə birgə "İkitərəfli diplomatiya" mövzusunda təşkil etdiyi onlayn(online) kurslarını bitirib.
2011-ci ildə
Rusiya Federasiyasının Diplomatik Akademiyasının
aspiranturasına qəbul olunub. Ailəlidir, bir oğlu var.
- Gültəkin
xanım, Vətəndən kənarda diplomatiya sahəsində
çalışan bir şəxs kimi, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması məsələsi fəaliyyətinizdə
nə kimi yer tutur?
- Özlərini
diplomatiya peşəsinə həsr edənlər həyatlarının
böyük hissəsini xarici ezamiyyətlərdə
keçirir və birbaşa Vətən maraqlarının
müdafiəsinə həsr edirlər. Bu nəzər nöqtəsindən
Azərbaycandan kanarda olduğumuz müddətdə zəngin
tariximiz və mədəniyyətimiz, ölkə
iqtisadiyyatı, düşünülmüş xarici və
daxili siyasət, çoxşaxəli inkişaf barədə məlumatların
dünya ictimaiyyətinə çatdırılması bizim
işimizin tərkib hissəsidir. Düşünürəm
ki, Azərbaycan barədə həqiqətlərin
çatdırılması istiqamətindəki fəaliyyətimizlə
ölkə barədə düzgün rəyin
formalaşmasına müsbət təsir göstərmək nəinki
diplomatların, hər bir azərbaycanlının borcudur. Xidməti
vəzifəmizin tələbləri baxımından biz,
şübhəsiz ki,bu məsuliyyəti daha çox hiss edir və
bu yolda Vətənimiz üçün nə lazımsa edirik.
- Siz
Moldovada konsulluq məsələləri ilə məşğul
olmusunuz. Azərbaycanla Moldovanı hansı tellər
bağlayır?
- Azərbaycan
və Moldova uzun müddət SSRİ-nin tərkibində
olduğuna görə, xalqlarımız tarix və mədəniyyətlərimiz
barədə qarşılıqlı məlumatlara malikdirlər.
Müstəqillik əldə etdikdən sonra, dövlətlərimiz
arasında ikitərəfli əməkdaşlığın
yeni mərhələsi başlandı. Hal-hazırda
iqtisadiyyat, mədəniyyət, təhsil kimi sahələrdə
mövcud olan sıx əməkdaşlıq əlaqələri
inkişaf etməkdədir. Bildiyimiz kimi, müstəqillik
yolunda hər iki dövlət bənzər problemlərlə
qarşılaşıb. Həm Azərbaycanın, həm də
Moldovanın ərazi bütövlüyü pozulub,
torpaqları işğal olunub. Artıq 20 ildir ki ölkəmiz
Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin
sülh yolu ilə həlli üçün beynəlxalq aləmdə
öz haqlı mövqeyini müdafiə edir. Moldova da
Dnestryanı münaqişənin həlli istiqamətindəki
fəaliyyətinə davam edir. MDB məkanında və GUAM
çərçivəsində əməkdaşlıq edən
Azərbaycan və Moldova bu münaqişələrin məhz
ölkələrimizin ərazi bütövlüyü çərçivəsində
həlli prinsipini rəsmi surətdə dəstəkləyirlər.
- Rusiyada
Azərbaycan mədəniyyətinin təbliği istiqamətində
səfirliyimizin dəstəyi ilə hansı işlər
görülür?
- Səfirliyin
mədəniyyət sahəsindəki fəaliyyəti mədəni
əməkdaşlıq çərçivəsində
müəyyənləşdirilmiş dövlət siyasətinin
lazımı səviyyədə həyata keçirilməsinə
istəqamətləndirilib. Konkret olaraq, Səfirliyin təşkilatı
dəstəyi və incəsənət xadimlərimizin
iştirakı ilə Moskva şəhərində və digər
bölgələrdə konsert proqramları, sərgilər və
s. kimi genişmiqyaslı tədbirlər mütəmadi şəkildə
təşkil olunur. Bu tədbirlər yerli ictimaiyyət tərəfindən
maraqla qarşılanır. Bunlardan son iki ildə həyata
keçirilmiş layihələri qeyd etmək istərdim:
Ötən ilin fevral ayında Rusiya Akademik "Bolşoy
Teatr"ın səhnəsində Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının artistlərinin
ifasında dünya şöhrətli bəstəkarımız
Qara Qarayevin "Yeddi gözəl" baleti yeni quruluşda səhnəyə
qoyulmuşdur. Daha bir geniş miqyaslı tədbir Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyevanın
iştirakı ilə mayın 17-də Moskvada Dövlət
Kreml Sarayında baş tutmuşdur. Heydər Əliyev Fondunun
təşkilatçılığı və Azərbaycan səfirliyinin
dəstəyi ilə keçirilmiş bu tədbir
respublikamızın müstəqilliyinin bərpa edilməsinin
20-ci ildönümünə həsr edilmişdir. Ümumiyyətlə,
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun təşkilati
dəstəyi ilə xarici ölkələrdə keçirilən
yüksək səviyyəli layihələr ölkə mədəniyyətimizin
təbliğatına əvəzsiz töhfələr verir.
Bu il də
Azərbaycanın Rusiyadakı səfirliyinin təşəbbüsü,
ölkələrimizin mədəniyyət nazirliklərinin dəstəyi
ilə aprel ayında Moskvanın Beynəlxalq Musiqi Evinin Teatr
zalında Azərbaycan cazının üç nəslini təmsil
edən ifaçıların iştirakı ilə
"JAZZ.AZ" konserti keçirilmişdir.
- Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və ölkəmizin təbliğatı sahəsində səfirliklərimiz və Azərbaycan diasporaları arasındakı əməkdaşlıq hansı səviyyədədir?
- Əvvəldə qeyd etdiyim kimi, ölkə və millət barədə müsbət rəyin formalaşması üçün nəinki diplomatlar, xaricdə yaşayan bütün həmvətənlərimiz var güclərini səfərbər etməlidirlər. Sözsüz ki, Azərbaycanın bütün diplomatik nümayəndəlikləri və xalq diplomatiyasının nümayəndələri sayılan diaspor təşkilatları Vətənimizin layiqli şəkildə təmsil olunması istiqamətindəki fəaliyyətlərini əlaqələndirməlidirlər. İşlədiyim ölkələrdəki diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız arasındakı davamlı əməkdaşlıq və həyata keçirilən birgə layihələr bunun bariz nümunəsi olmuşdur.
- Azərbaycan diplomatiyasında gənclərimizin təmsil olunmasının hansı müsbət tərəflərini qeyd edə bilərsiniz?
- Gənclik gələcək və yeni baxış prizması deməkdir. Gənclər özlərinə məxsus dünyagörüşü ilə, hər sahədə olduğu kimi, diplomatiya aləminə də müsbət yeniliklər gətirə bilərlər. Gələcəkdə səmərəli fəaliyyət göstərmək üçün gənclər diplomatiya sahəsindəki biliklərini artırmalı, öz üzərlərində daim işləməlidirlər. Bu məqsədlə, Azərbaycan diplomatiyasına peşəkar kadrların yetişdirilməsi üçün dünya təcrübəsinə əsaslanaraq gənc əməkdaşlar müxtəlif ölkələrdə təşkil olunan diplomatik kurslara göndərilir. Azərbaycan Diplomatik Akademiyasının aparıcı xarici təhsil mərkəzlərindən cəlb etdiyi professor və tələbə heyətinin iştirakı ilə həyata keçirilən tədris layihələri gənc diplomatların ixtisaslaşdırılmasında vacib yer tutur. Hər sahədə olduğu kimi, diplomatiyada da bu günün gənc kadrı sabahın peşəkarıdır. Azərbaycan diplomatiyasında gənclərimizin müsbət rolu ondan ibarətdir ki, dövlətimizin düşünülmüş xarici siyasəti və haqlı mövqeyi gələcəkdə də dərin biliklərə, müasir dünyagörüşünə və daxili mədəniyyətə sahib diplomatlar tərəfindən təmsil olunacaq.
Müsahibəni
apardı: Anar TURAN
Xalq qəzeti.- 2012.- 18 may.- S. 8.