Laçın yenə
laçınlıların olacaq
Laçının
işğalından 20 il ötür
Laçın rayonu 1930-cu ildə
yaradılmışdır. Ərazisi 1835 kvadratkilometrdir, 1
şəhər, 1 qəsəbə və 125 kəndi
vardır. 18 may 1992-ci il tarixdə ermənilər tərəfindən
işğal olunmuşdur. Əhalisi hazırda 71,5 min nəfərdir.
Bakı şəhərində 23,9 min, Sumqayıt şəhərində
5,4 min, Ağcabədi rayonunda 15,7 min (Taxtakörpü ərazisində
12,6 min nəfər),Abşeron rayonunda 4,7 min, Bərdə
rayonunda 6,9 min, Tərtər rayonunda 1,9 min, Şəki şəhərində
1,8 min, İsmayıllı rayonunda 1,1 min və respublikanın
digər 39 şəhər və rayonunda 10,1 min nəfər
laçınlı məcburi köçkün kimi müvəqqəti
məskunlaşmışdır.
Dağlar
qoynunda yerləşən, laçınlar, igidlər məskəni
tanınan füsünkar təbiəti, strateji əhəmiyyəti
olan Laçın rayonunun erməni silahlı qüvvələri
tərəfindən işğalından 20 il ötür. Doğma
yurd həsrəti ilə yaşayan hər bir
laçınlı üçün may ayının bu
günləri ağrı-acılarla, yurd sevgisi ilə,
doğma yerlərə qayıtmaq ümidi ilə əlamətdar
olur.
20 il
əvvəl Azərbaycan daha bir fəlakətlə üzləşmişdir.
1992-ci ilin 18 mayında Ermənistan silahlı qüvvələri
Laçın rayonunun bir şəhərini, bir qəsəbəsini,
125 kəndini, 1835 kvadratkilometrlik ərazisini vəhşiliklə
işğal etmişdir. Bu qəsbkarlıq nəticəsində
rayon ərazisindəki 54 dünya və 200-dən çox yerli
əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələrimiz
erməni vandalizminə məruz qalmışdır. 13745
yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı,
217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462
ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat
müəssisəsi və digər obyektlər bütün əmlakı
ilə birlikdə talan və məhv olunmuşdur.
72
min hektarlıq yaylaq sahəsi, 34 min hektar nadir və zəngin
meşə zolağı olan Laçın rayonunda ictimai və
şəxsi təsərrüfatlardakı 25 min baş iri və
200 min başdan artıq davarlar, minlərlə arı ailəsi,
əhalinin bütün varidatı işğal zonasında
qalaraq qarət edilmişdir. Müxtəlif rəngli mərmər,
kobalt, bazalt, civə, qızıl, dəmir, uran, qranit
yataqları, mineral bulaqlar və yeraltı və yerüstü
sərvətlərimiz bu gün də dünya ictimaiyyətinin
gözü qarşısında talan edilir. Bütövlükdə,
o dövrkü qiymətlərlə rayonumuza dəymiş
ziyanın miqdarı 7 milyard ABŞ dollarından
artıqdır.
Bu
itkilərimiz içərisində ən ağırı və
əvəzolunmazı işğal zamanı rayon sakinlərindən
238 nəfərin ermənilər tərəfindən
ağır işgəncələrə və insanlığa
yaraşmayan üsüllarla öldürülməsi, 66 nəfərin
itkin düşməsi, 120 nəfərin əlil və şikəst
olması, yüzlərlə uşağın bir valideynini, o
cümlədən 31 nəfər uşağın isə hər
iki valideynini itirməsidir. Ən ağrılısı isə
hadisələrdən 20 il ötməsinə baxmayaraq itkin
düşmüş və girov götürülmüş 66
nəfərin taleyinin bu gün də məlum
olmamasıdır.
İşğal nəticəsində 58 mindən çox rayon sakini respublikanın 59 rayon və şəhərində 800-dən çox yaşayış məntəqəsinə səpələndi. Ev-eşiklərini itirmiş məcburi köçkünlər yeraltı qazma, daxal, çadır və vaqonlarda, yararsız binalarda ağır vəziyyətdə yaşamağa düçar oldular. Lakin hər bir laçınlı ötən bu illər ərzində məskunlaşdığı ərazidən, yaşayış səviyyəsindən asılı olmayaraq bir an belə ata-baba yurdunu unutmamışdır.
Çox təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, eləcə də Qarabağ müharibəsi ilə bağlı Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərarlar hələ də Ermənistan Respublikası tərəfindən məhəl qoyulmadan yerinə yetirilmir. BMT və digər beynəlxalq təşkilatların son zamanlar İraq, Liviya ilə bağlı qəbul etdikləri qətnamələr dərhal icra edildiyi halda, təcavüzkar Ermənistanla bağlı 19-20 il əvvəl qəbul edilmiş qətnamələrin yerinə yetirilməməsi haqlı təəssüf və narazılıq doğurur.
Dünya dövlətlərinin gözü qarşısında dəfələrlə terror və soyqırım hadisələri törədən Ermənistan bu gün də ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesini süni şəkildə uzadır, Laçında və digər işğal olunmuş ərazilərimizdə yaşayış məntəqələrimizin adını dəyişdirir, Ermənistandan və digər xarici ölkələrdən gətirilmiş erməniləri torpaqlarımızda məskunlaşdırır. Dünyanın bütün namuslu insanları, səlahiyyətli beynəlxalq qurumlar xalqımıza qarşı aparılan bu mənfur siyasətin tezliklə aradan qaldırılması, sülh danışıqlarının sürətləndirilməsi, tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və sakinlərimizin pozulmuş hüquqlarının bərpası üçün ölkəmizə əməli dəstək göstərməlidirlər.
1992-ci ilin o ağır günlərini yada salmaq nə qədər çətin olsa belə, biz o günləri dönə-dönə xatırlamalı oluruq. Biz yaxşı bilirik ki, ümummilli lider Heydər Əliyev əgər həmin illərdə hakimiyyətdə olsaydı, Laçın, Şuşa, işğala məruz qalmış digər rayonlarımız erməni əsarətinə düşməzdi. O da həqiqətdir ki, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev xalqımızın çağırışına cavab olaraq yenidən rəhbərliyə gəlməsəydi, Azərbaycan adlı dövlət dünya xəritəsindən silinərdi. Böyük rəhbərin xilaskarlıq missiyası olmasaydı, bu gün Azərbaycanın dövlət müstəqilliyindən danışmaq mümkün olmazdı.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ölkəmizin inkişaf strategiyasını bu gün Prezident İlham Əliyev uğurla və qətiyyətlə davam etdirir. Artıq Azərbaycanı dünyanın aparıcı dövlətləri sabit, inkişaf yolunda olan layiqli tərəfdaş kimi qəbul edir. Ötən 20 ildə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi bir sıra tədbirlər laçınlıların problemlərinin həllinə təminat yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda və ölkə Prezidentinin 31 oktyabr 2007-ci il və 21 fevral 2011-ci il tarixli sərəncamları ilə proqrama edilmiş əlavələrdə nəzərdə tutulmuş tədbirlər ötən müddətdə ardıcıllıqla yerinə yetirilməkdədir.
Bərdə və Ağcabədi rayonları ərazisində çadır düşərgələrində məskunlaşmış Laçın rayon məcburi köçkünləri üçün 37 ailə, Saatlı və Sabirabad rayonlarındakı çadır düşərgələrində və vaqonlarda məskunlaşmış 21 ailə, Ağcabədi rayonu ərazisindəki istismar müddəti başa çatmış "Taxtakörpü", "Alman" və "Yastıyol" fin tipli qəsəbələrində məskunlaşmış 552 ailə üçün Taxtakörpü ərazisində bütün infrastruktura malik üç qəsəbə salınmış və ötən ilin sonunda istifadəyə verilmişdir. Eyni zamanda, 2012-ci ilin mart ayında dövlət proqramına uyğun olaraq, Naftalan şəhərində sanatoriya binalarında məskunlaşmış 49 laçınlı məcburi köçkün ailəsi Goranboy rayonunda inşa olunmuş çoxmərtəbəli yaşayış binasında yeni mənzillərlə təmin edilmişdir.
Hazırda Şəki rayonunun Çələbixan qəsəbəsində fin tipli evlərdə məskunlaşmış məcburi köçkünlər üçün Şəki rayonu ərazisində 423 ailəlik yeni qəsəbənin tikintisində işlər sürətlə davam etdirilir və qısa zamanda həmin qəsəbədə məskunlaşmış 152 laçınlı ailəsi yeni evlərlə təmin ediləcəkdir. Taxtakörpü qəsəbəsində "Kapital bank" ASC-nin rayon filialının fəaliyyəti bərpa edilmiş, 2 ədəd bankomat quraşdırılmış, sürətli internet xətti çəkilmişdir. Rayonun müstəqil Elektrik Şəbəkəsi Müəssisəsi yaradılmışdır.
Son illərdə Laçın Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı, Əhalinin Sosial Müdafiəsi və Məşğulluq mərkəzləri, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi üçün yeni inzibati binalar, 250 yerlik rayon mədəniyyət evi, 25 çarpayılıq xəstəxana, 3 ümumtəhsil məktəbi, 2 uşaq bağçası tikilərək istifadəyə verilmişdir. Yaxın günlərdə isə rayon Təhsil Şöbəsi üçün Taxtakörpü qəsəbəsində yeni inzibati binanın tikintisinə başlanılacaqdır.
Taxtakörpü ərazisində ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkı salınmış, bu il 6 min ədəd ağac, 2 mindən çox çiçək və gül kolları əkilmişdir. Taxtakörpü ərazisinə təbii qaz xətti də çəkilmişdir. Cağazur, Kamallı obalarında artezian quyuları qazılmışdır, Alxaslı və Qarakeçdi obalarında modul tipli sutəmizləyici qurğu quraşdırılmışdır. Taxtakörpü qəsəbəsindən obalara gedən mərkəzi yolun 3,5 kilometrlik hissəsinə asfalt örtük salınmışdır.
Növbəti illərdə Ağcabədi rayonunun Taxtakörpü ərazisində yeraltı qazma və daxallarda xüsusilə ağır şəraitdə yaşayan 6300 nəfərdən ibarət 1500 məcburi köçkün ailəsinin müvəqqəti yerləşdirilməsi üçün ayrılmış torpaq sahələrində evlərin tikilməsi və ya qəsəbələrin salınması nəzərdə tutulmuşdur. Rayon üzrə 2003-cü ildən bəri 664-ü daimi olmaqla, 2770 yeni iş yeri açılmış, 18 kəndli fermer təsərrüfatı yaradılmışdır.
2009-cu ildə Laçın şəhərinin 85 illik, 2010-cu ildə Minkənd kənd orta məktəbinin 120 illik, 24 aprel 2012-ci il tarixdə isə xalq qəhrəmanı Sultan bəyin 140 illik yubileyləri yüksək səviyyədə qeyd olunmuşdur.
Ölkə Prezidenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin, bacarıqlı diplomatiya qabiliyyətinin nəticəsi olaraq Azərbaycanın dünyanın 155 ölkəsi tərəfindən dəstəklənərək, BMT kimi nüfuzlu bir beynəlxaq təşkilatın Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və hazırda ölkəmizin bu təşkilata sədrlik etməsi böyük tarixi uğurdur. Artıq Azərbaycanın haqq səsi belə nüfuzlu bir təşkilatın ən ali tribunasından gəlir. Hər bir laçınlı məcburi köçkün möhkəm əmindir ki, ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkə başçısının apardığı ardıcıl və müdrik siyasət mütləq öz bəhrəsini verəcəkdir.
Möhtərəm İlham Əliyevin bütün məcburi köçkünlər kimi, laçınlılara da göstərdiyi yüksək diqqət və qayğı, xüsusilə cənab Prezidentin 24 dekabr 2011-ci il tarixdə özünün 50 illik yubileyi günündə laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdıqları ərazilərdən birinə - Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsinə səfərini, laçınlılar üçün inşa olunmuş bütün infrastruktura malik 552 ailəlik qəsəbənin açılışında şəxsən iştirakını bu gün qədirbilənliklə yad edirik.
Həmin görüş zamanı ölkə rəhbərinin "Laçının işğalı təkcə laçınlıların deyil, hər birimizin faciəsidir", "Laçınlıların evlərində indi düşmənlər yaşayır. Bu da bir dərddir. Evin sökülməsi dərddir, amma evdə düşmənin yaşaması ondan da böyük dərddir" deməklə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı prinsipial mövqeyini bir daha açıqlaması hər birimizdə qəti əminlik yaradır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə, hansı yolla olursa-olsun, bütün torpaqlarımız erməni işğalçılarından azad ediləcək. Bununla da ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, bütün məcburi köçkünlər kimi laçınlılar da ata-baba yurdlarına qayıdacaqlar.
Bu gün laçınlılar yaxşı bilir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici və daxili siyasət xətti ölkəmizin xoş gələcəyinə hesablanıb.Biz bilirik ki, müstəqil siyasətimizi, ölkəmizin inkişafını və ictimai-siyasi sabitliyi qəbul etməyən qüvvələr də vardır. Bütün laçınlılar ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti ürəkdən bəyənir, dəstəkləyir və bu siyasətin həyata keçirilməsi üçün hər zaman cənab Prezidentlə birlikdədirlər.
Sonda torpaqlarımızın müdafiəsi yolunda şəhid olmuş bütün soydaşlarımızın ailələrinə və yaxınlarına başsağlığı verir, onların ruhu qarşısında baş əyir, hər birinə Allahdan rəhmət diləyirik. Biz onların narahat ruhunu doğma yurd yerlərinə qayıdıb yıxılan evlərimizi dikəltməklə, sönən ocaqlarımızı yandırmaqla sevindirəcəyik.
Ramiz CƏBRAYILOV,
Laçın Rayon İcra Hakimiyyətinin
başçısı
Xalq qəzeti.- 2012.- 18 may.- S. 6.