Qloballaşma
prosesi milli təhsil sistemləri qarşısında tamamilə
yeni vəzifələr qoyur
Azərbaycan təhsilinin
önündə gedənlər həmin istiqamətlərin ən
məqbulunu seçməyin nümunəsini yaradırlar
Biz bütün dünyada gedən prosesləri
bilirik, izləyirik və ölkəmiz üçün ən
məqbul variantı seçməklə təhsilimizin səviyyəsini
artırmağa çalışırıq və bu səviyyəni
artırırıq.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Son zamanlar dünyanın, xüsusən,
Qərbin kütləvi informasiya vasitələrində təhsil
problemləri ilə bağlı gedən polemikalarda ciddi bir
çoxistiqamətlilik müşahidə olunur. "Təhsil
prosesi siyasiləşdirilməməlidir"-deyənlər
öz opponentlərindən "Təhsil cəmiyyətin ən
vacib fəaliyyət sahələrindən biri olduğuna
görə o, siyasətlə və iqtisadiyyatla birlikdə
addımlamalı və inkişaf etdirilməlidir"
cavabını alırlar. Təhsil mühitinin bu sahəyə
aidiyyəti olmayan hər kəs üçün qapalı
olmasını tələb edənlər də az deyil.Onlara
qarşı səsləndirilən arqumentlər isə daha
maraqlıdır." Həmin tezis müəllimin və məktəbin
cəmiyyətdən təcrid olunmasına gətirib
çıxarar ki, bu da bütün hallarda geriləmə kimi
ağır fəsadlar törədər." Ancaq cəmiyyət
həyatının bütün sahələrində olduğu
kimi təhsil prosesində də ən doğru sözün məhz
zaman tərəfindən söyləniləcəyi qənaətində
olanlar daha çoxdur. Onların da özünəməxsus
arqumentləri var.
Bəs
ölkənin, xüsusən, paytaxt Bakının təhsil
ictimaiyyətinə rəhbərlik edənlərin bu məsələlərə
münasibəti necədir? Bu suallara cavab almaq
üçün Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri, əməkdar müəllim Nailə
RZAQULİYEVAYA müraciət etdik:
-
Nailə xanım, təhsil prosesində nəyisə
zamanın ümidinə buraxmaq mümkündürmü? Yoxsa
biz zamanı qabaqlamalıyıq?
- Mən
bilmirəm avropalılar zamanın hansı doğru
sözünü gözləməyi tövsiyə edirlər.
Ancaq onu bilirəm ki, bizdə zaman öz doğru
sözünü hələ iyirmi il əvvəl, bir az da dəqiq
söyləsək, 1993-cü ilin iyun ayında söyləyib.
Məhz həmin doğru söz, həmin həqiqət gənc
müstəqil Azərbaycan dövlətinə dünyanın ən
iti sürətlə inkişaf edən ölkələri ilə
yanaşı dayanmaq imkanı verib. Məhz həmin həqiqət
nəticəsində bu gün bizim respublikamız Avrasiya məkanının
bütün dövlətləri üçün maraqlı və
cəzbedici olan bir ünvana çevrilib. O ki, qaldı zaman
haqqında fəlsəfi və ya ədəbi mənada
söylənilənlərə, deyə bilərəm ki, biz həmin
hikmətlərin hamısına ehtiramla yanaşır və
gündəlik fəaliyyətimizdə nəzərə
alırıq. Çünki, "Zaman ən böyük
müəllimdir", "Hər bir məsələnin
doğruluğunu zaman sübut edəcək", "Bu
problemin həlli üçün zamana ehtiyac var" və bu
kimi digər ifadələr təsadüfən yaranmayıb. Bu
ifadələrin hər biri bir aqilin təfəkkürünün
məhsuludur. Elə aqilin ki, onun dediklərinin sübuta
ehtiyacı olmayıb, elə zamanın özü həmin qənaətlərin
həqiqət olduğunu sübut edib.
Bir
faktı yada salım. Ötən əsrin 70-ci illərində
Amerika Birləşmiş Ştatlarında təhsil problemləri
ilə məşğul olan alimlər qrupunun rəhbəri
olmuş, fəlsəfə doktoru Donald Hovardın
yaratdığı "Sabahın məktəbi"adlı (
bəzi mənbələrdə " İyirmibirinci əsrin məktəbi"
kimi qeyd olunur) modeli var idi. Əvvəllər bu model qəbul
edilməsə də , bir neçə onillikdən sonra zaman həmin
nümunənin bütün dünya üçün qəbuledilən
olduğunu sübut etdi. Nə üçün? Çünki
"Sabahın məktəbi"ndə göstərilirdi ki, təlim
prosesində şagirdin fəaliyyət sərbəstliyi təmin
olunmalı, o, öz zehni və fiziki imkanı daxilində -yəni
artıq yüklənilmədən işləmək hüququ
əldə etməli, müəllim isə ona vəziyyətdən
düzgün çıxış yolu tapmaqda kömək
göstərməlidir. Şagirdin nailiyyəti öz
yaşıdlarına nümunə kimi göstərilməli,
bu nailiyyətlər nəzarətdə saxlanılmalı, təlim
müəyyən bir hədd çərçivəsində
aparılmalı və qiymətləndirilməli, eyni zamanda
şagird mükafatlandırılmalıdır. Beləliklə
hər bir şagird möhkəm bilik üzərində irəliləmiş
olacaq. Çox maraqlıdır. Həmin prinsiplərin
hamısı bugünkü dünya və Azərbaycan təhsilinin
reallıqlarıdır. Fikrimcə, zamanıın
bütün məsələlərə ədalətli qərar
verəcəyi barədə söylənilənlər bu faktda
öz əksini tapıb.
- Həmin
reallıqlar Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin fəaliyyətində özünü necə
göstərir?
-
Bilirsinizmi, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi ölkə ərazisində ayrıca, müstəqil
fəaliyyət göstərən bir qurum deyil. Biz Azərbaycan
təhsil sektorunun mühüm tərkib hissələrindən
biri kimi, Təhsil Nazirliyinin tabeçiliyində fəaliyyət
göstəririk. Ona görə də, hansısa
reallıqların bilavasitə bizim qurumdakı təzahürü
məsələsi bir qədər absurd kimi görünə
bilər. Müasir dünya təhsilindəki müsbət
tendensiyaların, mütərəqqi ideyaların və Azərbaycan
məkanı üçün məqbul sayılan təhsil
texnologiyalarının Respublika təhsilində öz əksini
tapması isə həqiqətən günün
reallıqlarıdır.Azərbaycan dövləti Bakı Şəhəri
üzrə Təhsil İdarəsini yaradanda da qarşıya məhz
həmin sadaladığım məqamların
reallaşdırılması vəzifəsini qoymuşdu. Yəni
bizim sahə bilavasitə ölkənin ümumi inkişaf səviyyəsinə
uyğun olaraq dəyişdirilir və müasirləşdirilir.
Azərbaycan
təhsilinin indiki mərhələsində təhsilin
inkişafı məsələsi kifayət qədər fərqli
məzmun kəsb edir. Bu məsələ indi ölkənin gələcək
inkişaf modelini formalaşdıracaq bir amil kimi ortaya qoyulur. Həmin
məram artıq ümumtəhsil hərəkatı müstəvisinə
keçib. Prezident İlham Əliyevin gündəlik
qayğısı sayəsində təhsilin ayrı-ayrı
sahələri müasir dövrün tələbləri səviyyəsində
yenidən qurulur. Demokratik idarəetmənin təkmilləşdirilməsi,
şagird nailiyyətlərinin daha mükəmməl
üsullar əsasında qiymətləndirilməsinin təşkili,
şagird- müəllim, məktəb- valideyin münasibətlərinin
qloballaşan dünya təcrübəsinə əsasən,
tamamilə yeni prinsiplər çərçivəsində
formalaşdırılması və bu kimi bir çox məqamlar
indiki məktəbin fəaliyyət reallıqlarıdır. Mən
qətiyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan
təhsilinin əldə etdiyi bütün nailiyyətlər məhz
həmin yeniləşmələrin nəticəsidir. Bu barədə
bizim idarənin əməkdaşlarının ötən ilin
sonlarında ərsəyə gətirdikləri "BAKI TƏHSİLİ-2006-2011-ci
illərdə" adlı kitabda əhatəli şəkildə
söz açılır. Orada idarəmizin fəaliyyətinin
prioritet istiqamətləri - idarəetmənin təkmillləşdirilməsi,
kadrların səmərəli yerləşdirilməsi, təhsil
pillələri üzrə qazanılmış nailiyyətlərin
illər üzrə müqayisəli təhlilləri
verilmişdir.
-
Yeri gəlmişkən, qloballaşma prosesi istənilən sahənin
beynəlxalq aləmə inteqrasiyaını sürətləndirir
və bu zaman təhsilin də qarşısında yeni vəzifələr
qoyulur, yeni istiqamətlər açılır.
- Əlbəttə, bu tamamilə təbii bir prosesdir. Ancaq həmin
vəzifələrin birmənalı olaraq yerinə yetirilməsi
və ya kor-koranə olaraq yeni açılan istiqamətlərlə
getmək qətiyyən mümkün deyil. Məhz ona görə də, Prezident İlham Əliyevin
təşəbbüsü ilə elmi şəkildə əsaslandırılmış
Dövlət Proqramları hazırlanır və icra olunur.
Azərbaycan təhsilinin qloballaşma
dövründəki inkişafını təmin edəcək
belə proqramların müsbət nəticələrini
ölkəmizdə də hamı yaxşı görür,
beynəlxalq aləmdə də. Ölkə
təhsilində aparılan davamlı islahatlar zamanı
qloballaşmanın ortaya çıxardığı məsələlər
sırf milli maraqlarımıza uyğun şəkildə
öz həllini tapır. Xatırladım ki,
bu məsələlərin hamısı cənab Prezidentin
ötən ilin iyulunda imzaladığı "2011-2021-ci illərdə
Azərbaycan təhsilinin inkişafı üzrə Milli
Strategiya"da öz əksini tapıb. Bir faktı da
yada salım ki, bu gün dünyanın müxtəlif ölkələrində
təhsil alan Azərbaycanlı gənclərin sayı 10 minə , ölkəmizdə təhsil alan əcnəbi
gənclərin sayı isə 7 minə çatıb. Bu isə sizin dediyiniz inteqrasiyanın bariz göstəricisidir.
-
Avropanın bir çox mütəxəssislərinin arzu
etdiyi, ayrı-ayrı təhsil ekspertlərinin hətta, vacib
saydığı, fəqət bəzilərinin hədsiz dərəcədə
ehtiyatlandığı "təhsil prosesinin siyasətlə əlaqələndirilməsi"
məsələsinə sizin münasibətiniz necədir?
- Bu qeyri-ənənəvi
suala cavab verməzdən əvvəl onu bildirim ki, Azərbaycanda
təhsil dövlət siyasətinin prioritet sahələrindən
biridir.Yəni dövlətin təhsil siyasəti varsa, təhsilin
siyasiləşdirilməsi kimi absurd məsələ haradan
ortaya çıxır? Əlavə edim ki, belə
məzmunlu söz-söhbətlərə biz də rast gəlirik.
Biri təhsil qurumlarını ölkədə
gedən ictimai-siyasi proseslərdən kənarda qalmaqda
qınayır, digəri isə bizi ittiham edir ki, orta məktəb
nə üçün hansısa siyasi məzmunlu məsələyə
münasibət bildirərək tədrisə
ayrılmış vaxtın bir hissəsini şagirdin əlindən
alır? Belə adamlar unudurlar ki, "hansısa siyasi məzmunlu
məsələ " adlandırdıqları
məqamlar bizim əzəli və əbədi
yaralarımızdır. Xocalı soyqırımını, 20
Yanvar faciəsini, torpaqlarımızın 20 faizinin
işğal altında qalmasını, 20 mindən artıq
şəhid ruhunu, əsir və itgin düşmüş
soydaşlarımızın taleyini, cəbhədən əlil
qayıtmış insanların dərd-sərini yada salmaq məgər
hansısa siyasi məzmunlu söhbətlə şagirdə
ayrılmış vaxtın onun əlindən
alınmasıdırmı? Bizim hansısa müəllim-bəli,
burada hansısa sözü yerinə düşür - istər
tarix və ictimaiyyət müəllimi olsun, istər riyaziyyat
və ya informatika müəllimi öz dərsində vaxt
tapıb, yaxud dərsdənkənar saatlarda 20 Yanvar faciəsinin
mahiyyətindən, Xocalı soyqırımının
ağrı-acılarından söz açmırsa, deməli
o, bizim ümumi məqsədimizə xidmət edə bilmir. Bu
gün Azərbaycan məktəbinin və müəlliminin əsas
məqsədi müstəqil Azərbaycan dövləti
üçün həqiqi vətəndaş yetişdirməkdir
. Biz bunu ümumi məqsəd
adlandırırıq. Bunu təhsil
sistemində hamı bilir və istənilən fənnin tədrisi
prosesində qeyd etdiyim məqamların unudulmaması müəllimin
vətəndaşlıq borcudur.
O ki, qaldı
təhsilin siyasətlə hansısa formada əlaqələndirilməsinə,
deməliyəm ki, təhsilin öz qayda-qanunları var,
normativləri var, Təhsil Nazirliyinin və müvafiq
qurumların öz əsasnamələri var , ölkə
parlamentinin uzunmüddətli müzakirələrdən sonra qəbul
etdiyi Təhsil Haqqında Qanun var, cənab dövlət
başçısı İlham Əliyevin bizim sahənin
inkişafını təmin etmək üçün
imzaladığı Dövlət Proqramları var və bu sənədlərin
hamısı bizim fəaliyyətimizin əsas istiqamətlərini
müəyyən edir.Elə isə biz nə üçün
bu qaydalardan kənarda olacaq bir addım atmalıyıq? Belə addımın atılması mümkün
deyil.
Amma, burada başqa bir məqam da var. Azərbaycan təhsili
70 ildən artıq bir müddətdə milli mənafeyimizə
yad olan stereotiplər əsasında təşkil olunmuşdur. Ondan əvvəl
də başqa bir imperiyanın tərkibində idik. Ona görə də ötən əsrin 90-cı illərinin
əvvəllərində öz dövlət müstəqilliyini
bərpa etmiş Azərbaycan Respublikasında təhsilin
istiqamətini müəyyən etmək məqsədiylə
atılan addımlarda bir çox siyasi məqamlar var idi.
Ulu öndər Heydər Əliyevin böyük
uzaqgörənliklə reallaşdırdığı təhsil
islahatlarının əsas istiqamətlərindən biri də
məhz yeni dərslik siyasətinin
formalaşdırılması idi. Böyük
dövlət xadimi ciddi-cəhdlə tələb edirdi ki, Azərbaycanın
dövlət müstəqilliyini əbədiləşdirmək
üçün biz ölkə gəncliyinin yüsək
intellektual səviyyədə yetişdirilməsinə nail
olmalıyıq. Bunun üçün isə
ilk növbədə sırf milli maraqlara cavab verən dərslik
siyasəti həyata keçirilməlidir. Ulu
öndər həmin tezisləri müəyyən etdi və o
istiqamətdə möhtəşəm, misilsiz nailiyyətlərə
imza atdı. Bu gün ölkənin təhsil sistemində
və ya cəmiyyət həyatının hansısa sahəsində
nöqsan axtarmağa çalışanlar 50-60 il
hakimiyyətdə olsaydılar belə Heydər Əliyevin
qısa bir müddətdə milli maraqların təmin
olunması baxımından əldə etdiyi nailiyyətlərə
imza ata bilməzdilər. Bunu özləri də
yaxşı bilirlər.
- Geridə
qalan illər sübut etdi ki, Prezident İlham Əliyev ulu
öndərin siyasi kursunun bütün sahələri kimi təhsilin
inkişafı məsələsini də daim diqqət mərkəzində
saxlayır və milli təhsilimizin tərəqqisinə
xüsusi töhfələr verir.
- Mən
cənab İlham Əliyevin bir ifadəsini yada salmaq istəyirəm.
Yadımdadır, Dövlət Neft
Akademiyasının 90 illik yubileyi münasibətiylə
keçirilən tədbirdə dövlət
başçımız qeyd etdi ki, əgər Azərbaycan
müharibə vəziyyətində olmasaydı, bizim dövlət
büdcəmizdə təhsil xərcləri birinci yerdə
olacaqdı. Yəqin hörmətli
oxucuların yadındadır. Bizim dövlət
büdcəmizdən ən çox vəsait ayrılan iki sahə
var. Birincisi ordu quruculuğudur, ikincisi isə təhsil sektoru.
Cənab İlham Əliyevin ölkəyə rəhbərlik
etdiyi dövrdə Respublikanın təhsil sektorunun inkişaf
etdirilməsi məqsədiylə 16 Dövlət Proqramı
imzalanıb və uğurla icra olunur. Ulu
öndər Heydər Əliyevin 1969-1982-ci illərdə
ölkə təhsilinin inkişafı üçün həyata
keçirdiyi tədbirləri, bu sahəyə göstərdiyi
qayğını cənab İlham Əliyev çox
böyük yaradıcılıqla davam etdirir. Son illər
ərzində respublikada 2 mindən artıq məktəb
binası tikilib və əsaslı təmir olunub,
avadanlıqla, kompyuterlərlə təchiz edilib: "Biz elə
etməliyik ki, uşaqlarımız, yeniyetmələrimiz gənc
yaşlarından ən mütərəqqi təcrübə
ilə tanış olsunlar və ardıcıllıqla öz təhsil
səviyyələrini artırsınlar. Biz
çalışacağıq ki, dünyada mövcud olan ən
qabaqcıl təcrübəni Azərbaycanda tətbiq edək.
Elə etməliyik ki, təhsil sahəsində
bütün problemlər öz həllini tapsın"-deyən
Prezident ölkədə təhsil sektoruna ayrılan vəsaitin
ildən-ilə artırılmasına nail olur. Bu isə o deməkdir ki, Azərbaycan dövləti
qloballaşma adlı möhtəşəm bir prosesin ortaya
qoyduğu vəzifələri yerinə yetirməklə
yanaşı, cəmiyyətin və xüsusən, təhsil
sektorunun öz milli maraqlarımıza uyğun məcrada
inkişafını təmin etmək iqtidarındadır.
- Siz
paytaxtın ən mühüm qurumlarından birinə -
yeniyetmələrimizə orta ümumi təhsil verən, həm
də gənclərimizin həqiqi vətəndaş kimi
yetişdirilməsi üçün məsul olan bir idarəyə
rəhbərlik etməklə yanaşı, regionun ən
böyük siyasi təşkilatı olan Yeni Azərbaycan
Partiyasının rayon təşkilatında da siyasi fəaliyyətlə
məşğulsunuz.
- Bəli,
mən Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının
İdarə Heyətinin üzvüyəm. Əslində
paytaxt təhsilini istiqamətləndirən bir qurumun
müdirinin adı çəkilən partiyada təmsil
olunmasının özü də ölkənin pedaqoji
ictimaiyyəti üçün nümunədir.Çünki
ötən əsrin 90-cı illərinin əvvəllərində
gənc müstəqil Azərbaycan dövlətinin üzləşdiyi
çoxsaylı problemlərdən çıxış
yollarını bizə məhz bu partiya və xüsusən,
partiyanın sədri, ulu öndərimiz Heydər Əliyev
göstərmişdi. Xalqın Yeni Azərbaycan Partiyasına
olan inamını və bu siyasi təşkilatın əsil
xalq partiyası olduğunu göstərən bir çox məqamlar
vardır . Məsələn,
bir təşkilatın ki, sədri Heydər Əliyev idi, deməli,
o partiya ümumxalq partiyası idi. Bir təşkilat ki,
yaradılmasından heç bir il
keçməmiş iqtidara gəldi, deməli, xalqın o təşkilata
inamı, etimadı möhtəşəm idi, tükənməz
idi. Bir partiyanın ki, üzvlərinin sayı cəmi
20 ildə yarım milyonu geridə qoydu, deməli, o təşkilat
xalqın arzu və istəklərini ifadə edən təşkilatdır.
Yeri gəlmişkən, qısa müddətdən sonra
biz Yeni Azərbaycan Partiyasının yaradılmasının
20 illiyini qeyd edəcəyik. Bu münasibətlə
təkcə siyasi həmfikirlərimizi deyil, bütün
soydaşlarımızı təbrik etmək istəyirəm.
Əminəm ki, qarşıdan gələn illərdə də
Heydər Əliyev siyasəti , cənab Prezident İlham Əliyevin
beynəlxalq aləmdə gündən-günə artan
nüfuzu, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın milli təhsilimizin
inkişafına ayırdığı diqqət nəticəsində
Azərbaycan təhsili daha böyük nailiyyətlərə
imza atacaq. Biz bu qənaəti cənab nazir Misir
Mərdanovun çıxışı və nitqlərində
də tez-tez eşidirik. Hörmətli
nazirimiz əmindir ki, milli təhsilimizin gələcək
uğurlarında Bakı təhsinin yeri həmişə
olduğu kimi bundan sonra da daha böyük, daha məsuliyyətli
olacaq. Paytaxtın təhsil ictimaiyyəti
buna qadirdir.
Söhbəti qələmə
aldı: İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2012.- 1 noyabr.- S. 4.