"Azərbaycanfilm" kinostudiyasının rekonstruksiyası Jerar Depardyenin "STM" kino şirkəti tərəfindən həyata keçiriləcək

 

Kinostudiyanın yenidən qurulması məşhur fransız aktyoru Jerar Depardyenin "STM" kino şirkəti tərəfindən həyata keçiriləcək. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Jerar Depardye və "STM" şirkətinin baş direktoru Arno Frille tərəfindən protokol imzalanmışdır.

Nazir Əbülfəs Qarayev bildirib ki, razılaşmaya əsasən, "STM" şirkəti 8 ay müddətində müvafiq layihələr hazırlayacaq: "Əminəm ki, bu razılaşmanın həyata keçirilməsi Azərbaycanın kinematoqrafiya sahəsinə yeni nəfəs gətirəcək. Kinostudiya müasir standartlarla təmin olunacaq". Jerar Depardye sənədin imzalanmasından məmnunluğunu ifadə edərək daima hər bir layihədə Azərbaycana yardım etməyə hazır olduğunu vurğulayıb: "İnanıram ki, yenidən qurulduqdan sonra "Azərbaycanfilm" kinostudiyasında müasir və dünya bazarına çıxarılacaq filmlər istehsal olunacaq. Bu sahədə istehsal və keyfiyyət daha da artacaq".

Jerar Depardye bu cür layihələrin Azərbaycan və Fransa arasında əlaqələrin möhkəmlənməsində önəmli rolu olduğunu bildirib.

Aktyor ölkəmizdə çəkilən, məşhur fransız yazıçısı Aleksandr Dümanın 1858-ci ildə Qafqaza və Azərbaycana səfərindən bəhs edən "Aleksandr Düma Qafqazda" sənədli filmində Aleksandr Düma rolunu canlandırır.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 2 noyabr.- S. 7.