İzmir -tarixlərin
və ilahi gözəlliklərin baş-başa durduğu
diyar
Mən bütün İzmiri və izmirliləri
sevirəm. Gözəl İzmirin təmiz qəlbli
insanlarının da məni sevdiklərinə əminəm.
Türkiyə Cümhuriyyətinin
banisi Mustafa Kamal Atatürk
Kamalpaşadan enib Egey dənizinə
doğru baxanda gözlərimiz önündə
açılan mənzərənin ilahi bir görüntü,
ya da nə olduğunu söyləmək bəlkə də
çox çətindir. Böyük Atatürk də hələ
1922-ci ilin 9 sentyabrında bu ilahi görüntüyə, Egey
sahilindəki təlatümlü İzmir şəhərinə
elə buradaca əllərini gözlərinin üstünə
qoyub baxdı və baxışları ilə də İzmiri
fəth etdi. Maraqlıdır ki, bu tarixi an indi də
böyük bir sənət nümunəsi kimi heykələ
dönüb "yaşayır" və əzəməti ilə
diqqəti cəlb edir. Elə o vaxt-1922-ci ilin sentyabrında
türklər böyük bir mətinliklə istiqlal
savaşının qalibi oldular. Səhəri gün İzmir
Böyük Atatürkü qucağına aldı, mərkəzdə-Hökumət
Konağında (Evində) millət yunanlar üzərindəki
böyük qələbəni və İzmirin işğaldan
azad olunmasını təntənə ilə qeyd etdi.
Düz
90 il sonra azərbaycanlı jurnalistlər də Türkiyənin
Bakıdakı səfirliyinin dəstəyi ilə İzmiri
"fəth" etməyə gəldilər. Suları göz
yaşı kimi təmiz və pırıl-pırıl olan
Egey dənizinin İzmir körfəzi sahili boyunca uzanan, 4
milyona qədər əhalisi olan İzmir həm çox qədim
tarixi, həm də müasirliyi ilə bizi valeh edir. İzmir
Türkiyənin üçüncü böyük şəhəri
sayılır.
Girintili
və çıxıntılı, göz işlədikcə
uzanan sahil saysız gözəllikdə yaşayış yerləri
və çimərliklərin "məskənidir".
Gümüldür, Özder, Foça, Karaburun, Çeşmə
sahil və çimərlikləri İzmir üçün
böyük bir turistik əhəmiyyət kəsb edir. Bu
xüsusiyyətləriylə İzmir təbii bir turizm və
liman şəhəridir. Qeyd edilir ki, 8500 il öncə bu
şəhərin əsası qoyulub. O da ehtimal edilir ki, bu
gün də davam edən arxeoloji qazıntılar bu tarixin daha
qədim olduğunu üzə çıxara bilər. Beləliklə,
dünyanın ən əski şəhərlərindən
birində olduğumuzu çox rahatlıqla qəbul edirik. Qədim
iyonlardan tutmuş lidiyalılara, farslardan romalılara,
bizanslardan Səlcuqlara və Osmanlılara qədər
çox uzun zaman keçsə də, İzmirdə bu izlərin
hər biri yaşayır. Daha doğrusu, insanlar tarixi olduğu
kimi yaşadır, zamanın dönəmlərində
qırılıb, itib batanları da bu gün elə təqdim
edirlər ki, ilkində olduğu qədər gözəl və
cazibədar görünür. Tarixin harasından desən, hansı
dönəmindən desən burada bir parça var.
Səfər
proqramımız olduqca sıx və ağır idi. Bizi
müşayiət edən Kultur və Tanıtma Nazirliyinin
İzmir bölgəsinin şöbə müdiri Güzfənd
xanım və qrupun rəhbəri Dərya xanımla yüz
ilin dostları kimi göruşdük. Amma "ağır
proqramdan can qurtarmaq" cəhdlərimizə isə nə bu
yüz ilin dostluğu, nə də "bir millət, iki
dövlət" konsepsiyası kömək etmədi. Beləliklə,
hər gün saat 8.30-dan çıxıb, ən tezi 23.00 radələrində
geriyə dönmək şərti ilə gündə ən
azı 200 km-dən çox bir məsafəni gedib-gəlməli
olduq.
Səfərlər,
səfərlər...
"Kaya
İzmir" otelində yerləşdikdən sonra Egey bölgəsinə
səfərlərimiz başladı. Seferihisara gedən yolumuz
ilk addım sayıla bilər. Bu balaca sakit şəhərdə
insan özünü düşündüyündən də
bəxtəvər hiss edir. Hava isti olduğundandır, ya nədəndir,
balıqçılar təknələrini sakit sahillərə
"tapşırıb" dincəlməyə getmişlər,
sanki bunu görən mavi dəniz də sakitcə
uyumaqdadır. Bu gördüklərin barədə
bütün ömrü boyu danışa bilərsən, amma
bircə dəfə görməyin yerini verə bilməz bu
danışılanlar. Bu sakit dünyaya baxa-baxa Teos Antik kəndinə
yol alırıq. Trakyalılar burada yaşayıblar. 8500 il əvvəl
tikilmiş çoxsütunlu sarayların, teatrların qopub
tökülmüş daşlarının, hətta mandarin və
zeytun ağaclarının görkəmindən qocalıq
"yağır". Hər yan sükut içərisindədir,
xanım rəhbərlərimiz buralar haqqında elə maraqla
danışır ki, gördüklərimizə heyrətimizi
daha da artırır.
Urlada
şərab "dequstatoru" olmağımız bizi
başqa həqiqətlərlə üz-üzə qoyur. Urla
miladdan çox-çox əvvəlin yadigarıdır.
Yunanıstandan qaçan qədim ionlar İzmir ətrafında
özlərinə həyat qurublar. Əski texnologiya ilə
qurduqları şərab emalı və zeytun yağxanası
maraq doğurur. Gördüklərimizin bir qisminə
Kuşadasında da şahidlik etdik.
Səfərimiz
müddətində Kamalpaşa tərəfdəki Nazarköy
adlı dağətəyi kənddə də olduq. 350 nəfərlik
əhalisi olan bu kəndin sakinləri müxtəlif
çeşidli gözmuncuqları düzəldib satmaqla məşğuldurlar.
Bizdə olduğu kimi, Türkiyədə də göy rəngli
gözmuncuqları bədnəzərdən qorunmaq
üçün istifadə edilir. Turistlər
üçün Nazarköy, o cümlədən gözmuncuğunun
hazırlanması olduqca maraqlıdır. Səlcuq
yaxınlığında yerləşən Şirincə kəndi
müxtəlif növ meyvələrdən çəkilmiş
şərabları, sabun istehsalı və digər xırda
istehsal məhsulları ilə yadda qalır. Bu balaca kənddə
çox nizam-intizamlı, eləcə də ticarət
üçün çox gözəl bir bazar da var...
Füsünkar
gözəlliyi və gözəl dəniz çimərlikləri
ilə adamı valeh edən Çeşmə Türkiyənin
və Egey bölgəsinin ən məşhur turist məkanlarından
biridir. Bura gözəl təbii şəraiti və göstərilən
yüksək xidmətləri ilə diqqəti cəlb edir. Çeşmə
çimərliklərində Egey dənizinin çox şəffaf
və təmiz suyu nə bizim çimərliklərlə, nə
də Qara dəniz çimərlikləri ilə müqayisə
edilə bilməz. Dənizin suyu burada o qədər təmizdir
ki, hətta çox dərin və boy çatmayan yerlərdə
belə dənizin dibi tamamilə görünür. Ona görə
də dənizdə batmaqdan qorxmursan, şəffaf bir şəkildə
göründüyü üçün elə bilirsən ki,
çox dayaz bir yerdəsən. Amma biləndə ki, bu dərinlik
10-12 metrə çatır, söylənilənləri yoxlamaq
fikrindən tezcə daşınırsan. Ümumiyyətlə,
Çeşmə bölgənin bahalı yerlərindən
sayılır. Amma nə qədər bahalıq olsa da burada
xidmət göstərən yüksək standartlı otellər
dincəlmək baxımından çox əlverişlidir. Hətta
biz orada olarkən eşitdik ki, Türkiyənin ən varlı
adamlarından sayılan Rəhmi Qoç da hər il avqustun
sonunda olduğu kimi yenə də burada-Çeşmədədir.
Biz Rəhmi Qoçun dincəldiyi yerdə olmasaq da
"Sisus" butik otelində olduq. Butik otellərdə verilən
yeməklər və göstərilən xidmətlər, hər
bir yerin öz məhsullarından istifadə olunmaqla sırf
yerli ənənələrə
uyğunlaşdırılır.
Sonrakı
səfər yerlərimizdən olan Məryəm Ana Evi kütləvi
turist axınının olduğu yerdir. İçəri
keçən kimi adamı böyük bir açarın dəliyinin
təsviri formasında qazılmış bir yer
qarşılayır, bunun "cənnətin
açarı" olduğu söylənilir. Məryəm Ana
Evi 1967-ci ildə Papa 6-cı Raul və 1979-cu ildə Papa II
Jean Paul tərəfindən ziyarət edilib və xaç yeri
olaraq tanınmağa başlayıb. Burada olarkən kütləvi
sayda xarici turistlərin və inanclı insanların
olduğunu gördük. İman gətirənlərin
sırasında təkcə katoliklərin yox, digər xristian
təriqətləri mənsubları və hətta müsəlmanların
da olduqlarının şahidi olduq. Evə girərkən tam
sakitlik tələb olunur, hər kəs bir şam alır, evin
digər qapısından bayıra çıxandan sonra ürəyində
bir niyyət tutaraq yandırır və şüşə
vitrinə qoyur. Beləcə, orada hər gün bu
axının ardı-arası kəsilmir. Gördüyüm
ayinlərə müqəddəs bulaqdan su içmək və
ürəyində niyyət tutmaq, divar boyu ağ rəngli əski
parçaları və kağızlar bağlamaq... Bu anda adam
özünü bizim müqəddəs ziyarətgahlardan birində
olduğu kimi hiss edir. İstər-istəməz cibimdən
tapdığım uşaq əli boyda bir kağıza yazaraq,
düyünə düşmüş Qarabağ problemimizin həllində
Məryəm Anadan kömək istəyirəm...Allah qəbul
etsin! Fikrimdən bir də o keçir ki, dünyanın
harasında olursa-olsun millətindən, dinindən asılı
olmayaraq insan hər yerdə insandır, bu dünyanın
ağacları, quşları, yağışları və
günəşi kimi...
Yolumuz
Efesədir...Tarixi bir səhərin muzeyləşdiyi bu yer indi
Türkiyənin ən çox diqqət çəkən bir
məkanıdır. 1929-cu ildə qurulub. 50 minə qədər
əsər burada sərgilənir. Arxaik bir zamandan başlayan
tarixi yol bizi Roma, Bizans, Səlcuq və Osmanlı dönəmlərinə
gətirir. Türkiyənin ən önəmli muzeylərindən
biri olan Efes 1964-cü ildə yeni bölümün
inşası ilə genişlənməyə başlayıb və
yeni əlavələrlə çox inkişaf edib. Burada Yamac
evlər və ev tapıntıları salonu, sikkə və xəzinə
bölümü, məzar tapıntıları salonu, Efes
Artemisi salonu, imperator kultları salonu var, müxtəlif
memarlıq əsərləri və heykəllər
nümayiş olunur. Böyük Artemis tanrısının və
Erosun başı, Yunuslu Eros heykəlciyi, Sokratın
başı Efesin dünyaca tanınmış məşhur
nümunələridir. Böyük fateh və sərkərdələrin
min illərlə gəlib başa vura bilmədiyi yolu 2 saata gəlsək
də içimizdəki heyrət və vurğunluq yəqin
ki, bizim hər birimizi ömrümüzün sonuna qədər
tərk etməyəcək.
Hər
yanda səliqə-sahmanım höküm sürdüyü bu
məmləkətə və adamlarına ürəyimdə əhsən
deyirəm. Şəhər bir yana, gəzdiyimiz kəndlərdə
və ən ucqar yerlərdə belə, yolların çox
rahat və təmiz olduğu hamımızın diqqətini
çəkir. Maşın yollarını asfalt və ya daş
döşəməsiz görmək mümkün deyil, hətta
ən ucqar dağ kəndində belə, asfalt
örtüyü olmayanda, yollara və həyətlərin
içinə çox böyük bir zövq və səliqə
ilə daş döşənib. Bütün bu və bu kimi
işlərin müəllifi olan yerli idarəetmə orqanı
olan bələdiyyələrin fəaliyyətlərindən
adamlarsa yenə də şikayət və giley-güzarla
danışırlar. Bizimsə bütün gördüklərimizi
ümumiləşdirib gəldiyimiz bir qənaət var ki,
olduğumuz, keçdiyimiz hər bir yerdə-yolda da, muzeydə
də, parkda da, bazarda da inkişaf yolunda olan Azərbaycanımızı
xatırlamış və ümid etmişik ki, burada
gördüklərimizin doğma yurdumuzda da şahidi
olacağıq.
Bir az da
izmirlilər haqqında
İzmirin
adamları da bizim adamlara çox bənzəyirlər, hətta
cəsarətlə deyə bilərəm ki, bu insanlar bizlərdən
də mehribandırlar. Xüsusən də biləndə ki, Azərbaycandan
gəlmişik, az qala adama ürəklərini
çıxarıb versinlər. Ləhcəmizə
vurğunluqlarını açıqca bildirirlər.Yolda,
bazarda, metroda, avtobusda, ümumən hər yerdə bu məhəbbət
və sevginin şahidi olmağın başqa ləzzəti
var. Maraqlıdır ki, görüb -duyduğumuz bu ehtiram
İzmir cəmiyyətinin hər bir üzvündə-müəllimində
də, həkimində də, polisində də, adi vətəndaşında
da, məmurunda da açıq-aşkar hiss olunurdu. Səfərimizin
ilk günündə tanış olduğumuz İzmir şəhər
valisinin müavini Haluk Tunçsu təkcə
danışığında yox, münasibətlərində
də göründüyündən də səmimi və sadə
bir insan kimi yadımızda qaldı. "Biz Azərbaycanı
və azəriləri çox sevəriz",- deyə söhbətimizə
körpü salır. "Bizim də sizlərə
böyük ehtiram və məhhəbbətimiz
var!"-cavabından sonra sanki çox doğma bir insanla
baş-başa olduğumuza zərrə qədər
şübhəmiz qalmır. Hər bir dərdimizi-sərimizi
özününkü qədər bilib-duyan, xüsusən
Qarabağdan, Xocalıdan inanılmaz bir təəssüratla
danışan Haluk bəy Azərbaycanın işıqlı gələcəyindən
də böyük ümidlərlə danışır,
özlərinin də vaxtı ilə çox böyük
çətinliklərlə üz-üzə
durduqlarını dönə-dönə xatırladır. Azərbaycan,
onun paytaxtı Bakı haqqında çox geniş bilgiləri
olsa da "Bakıda bircə dəfə də
olmamışam"-deyimi ilə bizi xeyli təəccübləndirir.
Söyləyir ki, televiziyadan gördükləri onu Bakıya
lap heyran edib. "Avrovisiyon tədbirlərində
gördüyümüz Bakı görüntüləri bizi
lap heyran etdi. Az bir vaxtda bu qədər uğur qazanmaq və
inkişafa nail olmaq ağılasığmaz bir hadisədir".
-Bakı
və İzmir 1995-ci ildən qardaşlaşmış şəhərlərdir.
Qardaşın qardaş evində olmaması təəssüf
yaratmırmı?-deyə sual edirəm. Gülümsəyir və
çox ustalıqla cavab verir ki, bir dəfə İstanbulda
bir azərbaycanlı alimlə görüşümdə o, mənə
indi də yadımdan çıxmayan bir misal çəkdi ki,
iki qonşunun münasibətlərinin nə cür
olduğunu bilmək üçün onların yollarına
baxmaq bəs edər, əgər yolları ot basıbsa, demək,
nə qonşuluq var, nə münasibət! Yox, yollar təmizdirsə,
demək gediş-gəliş var, yaxşı qonşuluq var.
Bu misal çox böyük bir həyat həqiqətidir.
Sağ olun ki, sizlər yolların ot basmasına imkan
vermirsiniz. Gəliş-gediş var, amma Bakı-İzmir
münasibətləri daha yaxın, daha isti ola bilər və
olmalıdır. Hər halda bu məsələ barəsində
ciddi düşünmək lazımdır, bir də hesab edirəm
ki, müzakirə yox, əməli fəaliyyət gərəkdir.
Bunun üçün də imkanların və şəraitin
olması önəmlidir, şükürlər olsun ki, onlar
da var. Sayın valimizin və mənim salamlarımı və
sayğılarımızı Bakı şəhərinə,
onun insanlarına yetirin.
Söhbətimizin
iştirakçısı olan İzmir şəhər Kultur və
Tanıtım İdarəsinin müdiri Abduləziz Egeizə
üçün də Azərbaycan müqəddəs bir məkandır.
Turkiyə səfirliyinin Kultur və Tanıtma Müşaviri
Seyid Əhməd Arslan ilə vaxtı ilə birgə
çalışdığını söyləyən
müdir bəy İzmirdəki jurnalistləri də Seyid Əhməd
bəyin əmanəti adlandırır. Doğrudan da səfər
boyu bu deyilənlərin əsl həqiqət olduğu hər
addımda özünü göstərirdi.
"Yeni əsr"
qəzetinin redaktoru Müzəffər Hürrəm Oktay da
Bakıdan gəlmiş jurnalistlərin görüşünə
gəldi. O, bu görüşün onun üçün
çox əlamətdar olduğunu bildirir. Təkidlə bizi
redaksiyaya dəvət edir. Səhəri gün İzmirin mərkəzində-"Hilton"
otelinin qonşuluğunda yerləşən binanın 3-cü
mərtəbəsindəki redaksiyada yaradıcı qrupla və
işçilərlə çay süfrəsi arxasında
maraqlı və könül oxşayan
görüşümüz baş tutur. 108 yaşı olan
"Yeni əsr" İzmirin bölgə qəzeti olsa da,
bütün Türkiyədə, xüsusən də Egey və
Akdəniz bölgəsində çox geniş yayılır.
80-100 min tirajla çap olunan bu gündəlik qəzet 20-30, bəzən
də 45-50 səhifədən ibarətdir. Tam rənglidir, əslində
ələ almağınla vərəqləmək istəyirsən.
Qiyməti də heç baha deyil-50 quruş, bizim pulla təqribən
23 qəpikdən də az. Etiraf edim ki, bir qəzetçi kimi
onların iş rejiminə, qazanclarına, ən əsası
da buraxdıqları qəzetə xeyli həsəd aparıram.
Amma dərk etdiyim başqa bir həqiqət də var ki, bizim
jurnalistlər istər bilik və savad, istərsə də
peşəkarlıq baxımında onlardan heç də geri
qalan deyillər. Redaksiyada tanış olduğumuz Nevzat
Dönməz, Qadir Kamakoğlu da bizimlə söhbətlərindən
xeyli məmnun olduqlarını bildirirlər. Redaktor Müzəffər
bəy bizi küçəyə qədər ötürür.
Yeri gəlmişkən deyim ki, Türkiyənin-İzmirin hər
yerində qonaqları son ana kimi diqqətdə saxlayıb
ötürmək böyük hörmət rəmzi kimi diqqətimizi
çəkirdi.
İzmirlilər
şəhərlərini çox sevirlər. Bəlkə buna
görədir ki, hər yanda səliqə-sahman və təmizlik
hökm sürməkdədir. Adamların əllərindəki
nəyisə hara gəldi tullamaq adətləri demək olar
ki, yoxdur. Əslində buna heç ehtiyac da qalmır,
çünki yolda, parkda, dayanacaq və metrolarda da hər
addımda qoyulan yaraşıqlı zibil qabları buna
"imkan vermir". Siqaret çəkənlərin sayı
bizdən dəfələrlə çoxdur, hərdən adama
elə gəlir ki, qızlı-oğlanlı bütün
şəhər siqaret çəkir, amma yerdə siqaret
kötüyü tapmaq mümkün deyil. Siqaret ancaq xüsusi
ayrılmış yerlərdə çəkilir. Bu qanundur.
Qanunu bilərəkdən pozmaq cəhdi isə məmur bir
yana, vətəndaşlar tərəfindən çox pis
qarşılanır. Nəqliyyat saat dəqiqliyi ilə işləyir.
Avtobusda, metroda, vapurda (su nəqliyyatında) nəğd pul
işləmir. Dörd türk lirəsi dəyərində
olan kartı alıb, orada istədiyin qədər pul yükləməklə
rahatca bütün nəqliyyat növlərindən istifadə
etmək imkanı qazanırsan. Bütün avtobuslarda giriş
ön qapıdandır, sürücü kartın qeydiyyatdan
keçməsinə nəzarət edir, arxa qapılar isə
düşmək istəyənlərin üzünə
açıqdır. Bir nəfər olsun belə, nə
hay-küy salıb qışqıran sürücünü, nə
də pul ödəmiyib qaçan sərnişini görə
bilməz, çünki sistem elə qurulub ki... Bir maraqlı
amil də diqqətimdən qaçmadı. İstər
avtomobillə ol, istərsə də piyada-gedəcəyin yeri
heç kəsdən soruşmadan asanlıqla tapa bilirsən,
çünki qoyulan işarələr və göstəricilər
azmağa "imkan vermir". Öyrənirəm ki, bu dediklərimin
hər birini bələdiyyə yaradıb. Hətta vali
müavini Haluk bəy deyəndə ki, bələdiyyəmiz
metromuzu tikib və uğurla bu tikintini davam etdirməkdədir,
düzü təəccübümü gizlədə bilmədim.
O, bunu hiss etdi və söylədi ki, İzmir bələdiyyəsi
heç bir dövlət vəsaiti almadan metro tikintisini davam
etdirir. Mən isə 30-dan çox stansiyası olan İzmir
metrosunun xəritəsini fikrimə gətirdim: bir ucu 80 km-ə
qədər uzanıb şimalda Əliağaya, əks tərəfdə
isə 50 km-ə qədər Adnan Menderes hava limanını da
keçən bu metronun, daha 12 dayanacağı da 2-ci xətt-
Uçyol-Bornova-Evka üzərindədir.
Günün
istənilən vaxtı şəhərin müxtəlif yerlərindən
baxıb İzmiri ancaq çox möcüzəli bir qiyafədə
görürsən və baxıb gördükcə
çaşıb qalırsan, bilmirsən şəhərmi
körfəzə sığınıb, yoxsa körfəzmi
şəhərə! Axşamüstü Karşıyaka
üstündən baxdıqca isə, gözlərinə bir
dinclik gətirən Balcova, Narlıdırə və sol tərəfdəki
Konak və Kəməraltı sanki batan günəşi yola
salmaq üçün ayaq üstə dayanıb. Əks tərəfdən
isə Karşıyakanın, Bayraqlının
sirli-sözlü duruşu karşıyakalı qızların
nəvazişli duruşunu xatırladır və adamın
ruhunu qanadlandırır. Heç bilmirsən bu gözəllikləri
qucaqlayasan, ya nə edəsən ki, özünə gələsən...
İzmirin
mətbəxi ənənəvi türk mətbəxinə aid
olsa da, bir qədər fərqlənir. Burada çeşidli tərəvəz
yeməkləri, dəniz məhsullarından hazırlanan yeməklər
üstünlük təşkil etməklə yanaşı, həm
də olduqca dadlı olması ilə də fərqlənir.
İzmirin boyuna-buxununa və ilahi görkəminə
biçilən bu fərqlilik yeməklərdə də, meyvə
və tərəvəzin dad-tamında da hiss olunur. Özü
kimi, adamları kimi yeməkləri ilə də Türkiyədə
yaxşı mənada fərqlənir İzmir. O da qeyd edilməlidir
ki, balıqçılıq, balıq və digər dəniz
məhsulları bölgənin həyatında mühüm bir
yer tutur. Şəhərdən çox uzaqlarda yaşayan kənd
sakininin belə, turistlərlə peşəkar
davranışı və əski bir kənd kafesində
peşəkar səviyyədə, hər bir təmtəraqdan
uzaq və olduqca təbii görünən yüksək xidməti
turizm baxımından da çox təqdirə layiq, öyrənməli
fakt kimi diqqəti cəlb edəndir.
(ardı var)
Namiq ƏHMƏDOV,
Bakı-
İzmir-Bakı
Xalq qəzeti.- 2012.- 2 noyabr.- S. 5.