... Şamaxı cah-cəlal ünvanı olur

 

Bəlkə də, hansısa ədəbiyyat tənqidçisi və ya adi oxucu indi bir bəndini yada saldığım şeiri ya bəyənməyib, ya da bəyənməyəcək. Şəxsən mən isə o şeiri sevdim, ürəkdən oxudum. Çünki insan əməyi ilə gözəlləşdirilən, gəl-gəl deyən dağ yamaclarının eyvana bənzədilməsini birinci dəfə eşidirdim. Əgər yamac eyvandırsa, deməli, dağ da evdir. Heç izah eləməyə, şərh verməyə çalışmayaq, həmin bəndi olduğu kimi təqdim edək:

 

İnsanda gücə bax, dağda qüdrətə,

Hər yamac bir dağın eyvanı olur.

Şirvana gün doğur, təmtəraq gəlir,

Şamaxı cah-cəlal ünvanı olur.

 

Bəlkə də, əsrlər boyu seldən, daşqınlardan, zəlzələdən, müharibədən, münaqişələrdən min-bir əzab çəkmiş, dəfələrlə işğalların, qırğınların qurbanı olmuş Şirvanın bu günü haqqında yazılan ən yaxşı şeirlərdən biridir. Amma o şeirdə mənim ən çox xoşuma gələn məqam hər yamacın bir eyvana bənzədilməsidir... Qonaqlar yaşıl xalı döşənmiş eyvanda oturur, pürrəngi çay içə-içə təbiəti seyr edir, olub-keçənlər barədə söhbətləşirlər... Qərəz.

Bu gün Şirvana təmtəraq gətirən, Şamaxını cah-cəlal ünvanına çevirən insanlar barədə çox yazmış, dəfələrlə söhbət açmışam. Bir qələm şahiddir ki, Şamaxı barədə yazanda həmişə ürəkli, səmimi olmuşam və ən başlıcası, sözün qarşısındakı məsuliyyətimizi dərk edərək başlamışam. Təkcə ona görə yox ki, burada rayonun yeni tarixini yaradan dostlarım çalışır, həm də ona görə ki, Şamaxıda xalqımızın qədim və möhtəşəm tarixi yaşayır. Bu gün yaradılan yeni tarixin hər səhifəsində məhz həmin qədim və möhtəşəm zənginliyin ayrı-ayrı çalarlarını görürük. Özü də təkcə mən yox, bu rayona ayağı dəyən istənilən adam.

Rayon icra hakimiyyətinin başçısı Asif Məmmədovla şəhərin giriş hissəsində, Şamaxının tarixi keçmişinə layiq layihə əsasında ərsəyə gələcək rəmzi qala divarların yanında görüşdük. Orada inşaat işləri başa çatmaq üzrədir. Asif müəllim dedi ki, bu gün Azərbaycanın bütün guşələrini əhatə edən sosial-iqtisadi inkişaf öz mahiyyəti etibarilə 10-15 il, hətta 7-8 il qabaqkı inkişaf planlarından tamamilə fərqlənir. Çünki həmin illərdə biz istənilən tikinti-quruculuq işlərini insanların sosial-rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirirdik. Əslində, maddi imkanlar da elə ancaq həmin amalın reallaşdırılması gücündə idi. Bu gün isə biz - yəni təkcə Şamaxını deyil, bütövlükdə respublikamızı nəzərdə tuturam - həmin mərama xidmət etməklə yanaşı, həm də Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı dayanması qayğısına qalırıq.

Diqqət yetirin, son aylar elə bir həftə olmur ki, ölkəmizdə hansısa beynəlxalq tədbir keçirilməsin. Bir-birindən möhtəşəm olan həmin tədbirlərin hamısında onlarla, yüzlərlə, hətta may ayında keçirilmiş mahnı müsabiqəsindəki kimi minlərlə əcnəbi iştirak edir. Həmin adamlar Bakının inkişafını və müasirləşməsini görəndə heyran olurlar. Dövlət başçımızın tövsiyəsi ilə çox gözəl bir ənənə formalaşdırılıb - istənilən tədbirin qonaqlarının bölgələrə səfərinin təşkil edilməsi, istənilən şəhər və rayon rəhbərinin məsuliyyətini artıran əsas məqam da elə budur: "Nə üçün qonaqlar bizim rayondan daha zəngin təəssüratlarla qayıtmasınlar? "Nə üçün təbiətimizi və tarixi-mədəni abidələrimizi məhz özümüzə layiq təbliğ edə bilməyək?" Biz - yəni rayon şəhər rəhbərləri bu prinsipləri əsas götürərək öz rayonumuzu, bölgəmizi daha da abadlaşdırır, daha firavan məkana çeviririk. Cənab Prezident İlham Əliyev isə bütövlükdə ölkəmizin tərəqqisini təmin etmək məqsədilə hələ 2004-cü ilin fevralında Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafını təmin edəcək Dövlət Proqramı imzalamışdı. Həmin proqram və onun davamı olan İkinci Dövlət Proqramı Azərbaycanın bütün bölgələrini elə bir şəkildə inkişaf etdirib ki, indi istənilən əcnəbi qonaq istənilən rayonumuzdan çox zəngin təəssüratla qayıdır.

Asif müəllim 2012-ci ilin geridə qalan aylarında Şamaxıda həyata keçirilmiş sosial-iqtisadi tədbirlər haqqında da ətraflı söz açdı. O qeyd etdi ki, bu ilin 9 ayında Şamaxıda 115,1 milyon manatlıq ümumi məhsul istehsal edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 milyon manat çoxdur.

Həmin müddətdə rayonda sənaye məhsulunun həcmi 3,2 milyon manat olub ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 100 min manat və yaxud 3,2 faiz çoxdur. Həmçinin ilin birinci yarısında əsas kapitala yönəldilən investisiyaların həcmi 37,8 milyon manat təşkil edib. Ötən doqquz ayda pərakəndə əmtəə dövriyyəsi 94,8 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 22,3 milyon manat olub. İlin əvvəlindən bəri rayon üzrə 503 daimi iş yeri açılıb.

Məlum olduğu kimi, rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi mühüm yer tutur. Görülən məqsədyönlü tədbirlər nəticəsində bu sahədə 36844,7 min manatlıq məhsul istehsal edilib. Qeyd etməliyik ki, istər məhsul istehsalının artımında, istərsə də əkin sahələrinin ilbəil genişləndirilməsində kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımı əsaslı rol oynayır. Təkcə bu il rayon üzrə 9218 nəfərə 1291,2 min manat yardım verilib. İndi rayonda üzümçülüyün yenidən dirçəldilməsi istiqamətində mühüm addımların atılmasına başlanılıb. Bu sahədə dövlətimizin başçısının tapşırığı ilə qəbul edilən "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın qəbul edilməsinin böyük rolu vardır. Hazırda rayonda üzümçülük yenidən inkişaf dövrünü yaşayır. Fermerlər tərəfindən 67 hektar yeni üzümlük salınaraq bu gəlirli sahə 1568 hektara çatdırılıb.

Ötən dövrdə taxılçılıq və üzümçülüklə yanaşı, heyvandarlıq sahəsinin də intensiv inkişafı xüsusi diqqət mərkəzində olub. Belə ki, rayon üzrə 3591,5 ton ət, 15817,1 ton süd, 372,6 ton yun və 9233 min ədəd yumurta istehsal olunub ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Heyvanların baş sayında da artım meylləri müşahidə olunmaqdadır.

Məlum olduğu kimi, bu gün respublika iqtisadiyyatının özəl sektoru sürətlə inkişaf edir. Təbii ki, bu, sahibkarlara dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğının layiqli bəhrəsidir. Bu baxımdan Sahibkarlığa Kömək Milli Fondunun göstərdiyi dəstəyi xüsusi olaraq qeyd etmək lazımdır. Avqustun 10-da Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Dağlıq Şirvan iqtisadi rayonu üzrə Şamaxı rayonunun Sabir qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilmiş, 52 nəfər sahibkara, o cümlədən 27 şamaxılı iş adamına 2 milyon 545 min manat güzəştli kredit təqdim olunmuşdur.

Rayon rəhbərindən Şamaxıda həyata keçirilən tikinti-quruculuq işləri barədə də bəzi fikirləri eşitmək istədim. O qeyd etdi ki, son bir il ərzində rayonumuzun abadlaşdırılması və daha da inkişaf etdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. Ötən dövr ərzində bir tərəfdən qədim Şamaxı şəhərinin abadlaşdırılması, digər tərəfdən bir sıra mövcud sosial problemlərin mərhələ-mərhələ həll edilməsi rayon sakinləri tərəfindən xüsusi razılıq hissi ilə qarşılanıb.

Bu baxımdan öncə Şamaxı şəhərinin giriş qapısı syılan S.Ə.Şirvani küçəsində aparılan abadlıq, quruculuq və genişləndimə işlərini önə çəkdik. Belə ki, sel sularının ötürülməsi üçün bir kilometrə yaxın məsafədə diametri 1020 millimetrlik dəmir borular çəkildi, küçə boyunca hər kəsişmədə sututucu qurğular quraşdırıldı. Küçənin sağ və sol hissələrində bardürlər, piyadalar üçün səkilər salınır, ictimai, fərdi yaşayış evlərinin və inzibati binaların fasadları xüsusi üzlük materilla üzlənir, pəncərə blokları və dam örtükləri yenisi ilə əvəz olunur. S.Ə.Şirvani küçəsində yerləşən Cümə məscidinin qarşısındakı ərazidə xüsusi layihəyə uyğun yenidənqurma və genişləndirmə işləri aparılır. Küçə başdan-başa yeni işıqlandırma dirəkləri ilə təchiz olunur.

Bundan əlavə, şəhərin mərkəzi küçələrindən biri olan "Şirvan" küçəsində yeni işıqlandırma sistemi quraşdırılıb, müasir səkilər çəkilərək təzə bardürlər qoyulub. Küçə boyu bütün ictimai, fərdi yaşayış evlərinin, həmçinin inzibati binaların və obyektlərin fasadlarına milli memarlıq üslubunda yeni üzlük materialı çəkilib, pəncərə blokları və dam örtükləri dəyişdirilib. 20 Yanvar küçəsindəki 17 saylı yaşayış binasının tikintisi başa çatmaq üzrədir. Heydər Əliyev küçəsində fərdi evlərin pəncərə blokları və dam örtükləri dəyişdirilib, mövcud istinad divarları milli memarlıq üslubunda təmir edilmiş, səki daşları dəyişdirilərək onun üst örtüyünə mozaik piltələr döşənmişdir.

Şəhərin giriş hissəsində Şamaxının tarixi keçmişinə layiq layihə əsasında inşa olunan qalanın tikintisi başa çatmaq üzrədir. Bu il möhtərəm Prezidentimizin sərəncamı ilə anadan olmasının 150 illiyi qeyd olunan böyük şairimiz Mirzə Ələkbər Sabirin və dahi şairimiz İmadəddin Nəsiminin adını daşıyan parklar tamamilə yenidən qurularaq əsaslı təmir edilib, yaşıllıqlar salınıb.

Bundan əlavə, Nəriman Nərimanov küçəsinə 40,3 min kvadratmetr keyfiyyətli asfalt örtük döşənib, həmçinin yeni salınmış səkilərin üzəri asfaltlanıb, sel sularının qarşısının alınması məqsədilə su ötürücülər çəkilərək yeni işıqlandırma sistemi quraşdırılıb. Həmçinin H. Əliyev, S. Ə. Şirvani və Şirvan küçələrində 12,4 min kvadratmetr asfalt örtük təmir edilib.

Hazırda Şamaxı şəhərində su, kanalizasiya və qaz xətlərinin çəkilişi davam etdirilir. Artıq şəhərin bir çox küçələrində 11423 metr su xətti, 1500 metr kanalizasiya xətti çəkilib. Bakı - Şamaxı magistral yolunun şəhərə giriş hissəsində dövlət idarələri üçün nəzərdə tutulan üçmərtəbəli binanın inşası başa çatmaq üzrədir. Rayon ağsaqqallarının xahişi ilə əsas yolu təmir olunan qədim "Yeddigünbəz" qəbiristanlığının ərazisində namazgahın inşası başa çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Cümə məscidinin və Şamaxı Astrofizika Rəsədxanasının əsaslı təmir edilərək yenidən qurulması işləri davam etdirilir. Eləcə də Şamaxı Olimpiya İdman Kompleksinin yenidən qurulması və genişləndirilməsi işləri davam etdirilir. Rayon icra hakimiyyətinin inzibati binasının qarşısında fəvvarə kompleksi quraşdırılıb, Heydər Əliyev parkındakı fəvvarələr kompleksi isə əsaslı təmir olunub və orada böyük həcmli monitor quraşdırılıb.

Təhsil sahəsinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi məqsədilə əsaslı işlərin görülməsinə başlanılıb. Göylər kəndində 360, Həmyəli kəndində 180, Kərkənc kəndində 120, Qonaqkənd kəndində 80 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib. Bundan əlavə, Böyük Xınıslı, İkinci Çaylı, Cabanı və Hacılı kəndlərinin hər birində 80 şagird yerlik məktəb binalarının tikintisi davam etdirilir. Hazırda Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının binasında təmir işləri davam etdirilir. Mədrəsə qəsəbə uşaq bağçasında əsaslı təmir aparılıb, şəhər 1 saylı uşaq bağçası üçün yeni binanın tikintisinə başlanılıb. Uşaq-incəsənət məktəbi üçün müasir binanın inşası davam etdirilib.

Rayonun xidmət təşkilatlarının fəaliyyəti barədə bəzi məlumatları öyrəndik. Məlum oldu ki, rayon qaz istismarı sahəsi tərəfindən rayon ərazisində xeyli işlər görülüb. Hacılı, Əhmədli, Qızmeydan, Kələxana, Adnalı və Məlikçobanlı kəndlərinə qaz kəməri çəkilərək istifadəyə verilib. Yaxın günlərdə isə Quşçi kəndinin sakinləri də təbii qazdan istifadə etmək imkanı əldə edəcəklər. İyun ayında rayonun ən iri yaşayış ərazilərindən olan Göylər, iyul ayında Çarhan kəndlərinin, avqust ayında isə Çaylı kəndinin qazlaşdırılması işlərinə başlanılıb. Ötən dövr ərzində Şamaxı şəhərinin təbii qaz təminatının yaxşılaşdırılması üçün bir neçə küçədə nəzərdə tutulmuş işlər görülüb.

Əhaliyə dayanıqlı elektrik enerjisi verilməsi məqsədilə işlər görülüb. Belə ki, 10 KV-luq Çörək zavodu, şəhər 1,2 saylı, Mərkəzi, Bənövşə, Telestansiya, Şıxlar, Avaxıl, Şərədil, Göylər və s. hava xətlərində bir sıra təmir işləri aparılıb və bəzi avadanlıqlar dəyişdirilib.

Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, Şamaxı turizm üçün respublikanın əlverişli rayonlarından biridir. Şamaxının bir tərəfdən zəngin təbiətə, digər tərəfdən qədim tarixə və mədəniyyətə malik olması onun turizm imkanlarını daha da artırır. Hazırda rayonda 24 istirahət mərkəzi fəaliyyət göstərir. Bu il iyulun 21-də "Şirvan" mehmanxanası rayon sakinlərinin, elecə də qonaqların istifadəsinə verilib. Məlumat üçün bildirək ki, dünya standartlarına uyğun yenidən qurulmuş bu mehmanxanada qonaqlara, ümumiyyətlə, bütün müştərilərə komfort xidmət göstərmək üçün hər cür şərait vardır. Hazırda rayonun Şərədil, Saqiyan kəndlərinin və Pirqulu zonasının ərazilərində müasir mehmanxanaların tikintisi davam etdirilir.

Şamaxıdan söz açarkən, bu ilin əvvəlində rayonda baş verən təbii fəlakət halları da mütləq yada düşür. Rayonun Muğanlı kəndində sürüşmə nəticəsində bir çox evlər yararsız və təhlükəli vəziyyətə düşmüşdü. Dövlətimizin qayğısı sayəsində həmin fəsadların aradan qaldırılması üçün operativ tədbirlər görülüb. Evləri yararsız vəziyyətə düşən vətəndaşlar üçün daha təhlükəsiz ərazidə dövlət hesabına yeni evlərin tikintisinə başlanılıb. Eyni zamanda, ötən müddət ərzində rayonun əsasən dağ kəndlərində baş verən sel daşqınlarının nəticələrinin aradan qaldırılması məqsədilə zəruri tədbirlər görülüb, orada yaşayan insanlara mütəmadi qaydada lazımi qayğı göstərilib.

... Bir sözlə, Şamaxı bu gün respublikanın ümumi inkişaf tempinə uyğun olaraq mükəmməl bir tərəqqi yolundadır. Bu işdə hər bir şamaxılının özünəməxsus təssübkeşliyi var. Bu adamların təəssübkeşliyi barədə danışanda 1985-ci ildə eşitdiyim bir əhvalat yadıma düşür. O zaman "İzvestiya" qəzeti yazmışdı ki, SSRİ Elmlər Akademiyasının Azərbaycandakı Astrofizika Rəsədxanasının alimləri filan uğura imza atıblar. Bizim şamaxılı dostlarımızdan biri götürüb "İzvestiya"ya etiraz məktubu yazmışdı ki, rəsədxananın adını düzgün yazın, o Şamaxı rəsədxanasıdır... Bəlkə də, adi bir elementdir. Amma Vətənə, yurda, elə bağlılığın, milli təəssübkeşliyin rəmzi kimi diqqətçəkən məqam idi. Bu gün Şamaxıda həmin məqama tez-tez rast gəlirik.

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2012.- 3 noyabr.- S. 6.