Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu Suraxanı Rayon İcra Hakimiyyəti ilə
birgə tədbir keçirmişdir
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun və Suraxanı Rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə "Yerli icra
hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri
arasında əməkdaşlığın inkişaf etdirilməsi"
mövzusunda konfrans keçirilmişdir. Yığıncaqda
Suraxanı rayon ictimaiyyətinin nümayəndələri və
kütləvi informasiya vasitələrinin rəhbərləri
iştirak etmişlər.
Konfransdan əvvəl iştirakçılar rayonun 268 saylı körpələr evi-uşaq bağçasında, Reabilitasiya Mərkəzində, 327 saylı tam orta məktəbdə və "Atəşgah Məbədi" Dövlət Tarixi-Memarlıq Qoruğunda olmuşlar. Kütləvi informasiya vasitələri nümayəndələrinə həmin müəssisələrin fəaliyyəti barədə geniş məlumat verilmişdir.
Tədbir rayondakı Heydər Əliyev Mərkəzinin mühazirə zalında davam etdirilmişdir. Suraxanı ilə bağlı filmin nümayişindən sonra icra hakimiyyətinin başçısı İlqar Abbasov 2012-ci ilin 9 ayı ərzində rayonun sosial-iqtisadi uğurları barədə qısa məlumat vermiş, konfransın məmurlarla jurnalistlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını demişdir.
KİVİDF-nin icraçı direktoru Vüqar Səfərli konfransda Azərbaycan mətbuatının müstəqillik dövründə böyük uğurlar qazandığını tədbir iştirakçılarının nəzərinə çatdırmış, bu sahədə ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmış, dövlətin mətbuata daimi qayğı göstərdiyini söyləmişdir. Natiq eyni zamanda, diqqətə çatdırmışdır ki, 2009-cu ilin aprelin 3-də Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ötən müddətdə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının daha da yaxşılaşdırılması, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sosial müdafiəsinin möhkəmləndirilməsi, beynəlxalq təcrübənin mənimsənilməsi ilə bağlı çoxsaylı layihələr reallaşdırılmışdır.
V. Səfərli fondun son illərdə kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət göstərməsini, belə tədbirlərin mətbuat nümayəndələri ilə yerli icra strukturları arasında sivil əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verdiyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Suraxanı rayonunda böyük abadlıq-quruculuq işlərinin aparıldığını bildirmiş, ölkə həyatının ən müxtəlif sahələrində həyata keçirilən islahatların cəmiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında, habelə demokratik proseslərin inkişafında mətbuatın böyük rol olduğunu demişdir.
Daha sonra dialoq və diskussiya şəraitində davam edən tədbirdə qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilmiş, KİV ilə yerli icra strukturları arasında əməkdaşlığın daha da genişləndirilməsi barədə təkliflər səsləndirilmişdir.
Sonda fondun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə "Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və prespektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçiriləcəyini diqqətə çatdırmış, belə bir tədbirin reallaşmasında verdiyi dəstəyə görə Suraxanı Rayon İcra Hakimiyyəti rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 3 noyabr.- S. 6.