İzmir -tarixlərin və ilahi gözəlliklərin baş-başa durduğu diyar (əvvəli ötən sayımızda)

 

İzmirli azərbaycanlılar

 

İzmirdə azərbaycanlılar da çoxdur. Onların dəqiq sayını bilməsəm də, bölgədə tanınan, müxtəlf idarə və qurumlarda adları hörmətlə çəkilən həmyerlilərimizdən üçü ilə həmsöhbət olduq.

 

Afiq Bərdəli (Hüseynov)

 

1962-ci ildə Azərbaycanın Bərdə rayonunda anadan olmuşdur. 1999-cu ildə Turkiyə vətəndaşlığına qəbulu ilə Bərdəli soyadını almışdır. 1979-1985-ci illərdə Azərbaycan Tıbb Üniversitetində, sonra Moskva şəhərində təhsilini davam etdirmişdir. Beynəlxalq dərəcəli tibbi nəşrlərdə dərc olunmuş 25 elmi və araşdırma istiqamətində olan 129 məqalənin müəllifidir. Tibb sahəsində fəaliyyətinə və tədqiqatlarına görə onlarca sertifikata və 23 medala layiq görülmüşdür. İngiliscə, italyanca, rusca mükəmməl bilir. Evlidir, 2 övladı var.

Professor Afiq Bərdəlinin yaratdığı Molyekulyar Tibbi Laboratoriya təkcə İzmirdə deyil, bütün Türkiyədə ilk və tək, dünyada 3 mərkəzdən biridir. Egey Universitesinin üşaq xəstəxanasında yaradılan bu elmi mərkəzdə bu günə qədər 20 mindən çox xəstə müayinədən keçmişdir.

Bu müvəffəqiyyətin bütün Türkiyə və Egey Üniversitetnin tibb fakültəsi üçün böyük əhəmiyyət daşıdığını söyləyən molekulyar laboratoriyanın qurucusu professor Afiq Bərdəli "Etdiyimiz müraciət nəticəsində Avropada çox yüksək bir bal alaraq, digər laboratoriyaları geridə qoyduq və akkreditə olmağa haqq qazandıq. EMQN sıralamasındakı 618 nömrəli laboratoriya olduq. Bu bir molekulyar tibb laboratoriyası üçün böyük bir qürurdur",- deyə danışdı. O qeyd etdi ki, Türkiyədəki bütün universitet və dövlət xəstəxanalarından xəstə qəbul edən laboratoriyamız "Genetik böyrək narahatlıqlarının diaqnozu"nu qoyan yeganə mərkəzdir. Ayrıca olaraq tiroid xərçənginin molekulyar erkən diaqnozunu ilk qoyan mərkəz də bizik,- deyə sözunə davam etdi.

Azərbaycanda "AFGEN" Genetik Diaqnoz Mərkəzini yaradan professor Afiq Bərdəli deyir ki, ümumimilli liderimiz Heydər Əliyev Türkiyə Respublikasına səfəri zamanı Bakıya qardaş şəhər olan İzmir-Bakı parkını açmaq üçün gəldiyində, çox sıx proqramına baxmayaraq, bu şəhərdə yaşayan azərbaycanlılarla görüşməyə vaxt ayırdı. Ulu öndərin o vaxt çox böyük uzaqgörənliklə söylədiyi sözlər mənim kimi çox insanların peşə həyatlarına əhəmiyyətli istiqamət vermişdir. Ümummilli liderimiz bizlərə belə söylədi: "Bu çətin günlərdə fərqli yerlərdə ola bilərsiniz, ancaq harada olursunuz olun, azərbaycanlı olduğunuzu unutmayın, bu ada layiq olun və mütləq Azərbaycan üçün, xalq üçün faydalı işlər edin". Bu sözlər məni o illərdə çox təsirləndirdi. O illərdə dünyada genetika sahəsində ağla sığmaz məlumatlara yol açan bir layihədən ciddi söhbətlər gedirdi. Bu 21-ci əsrin ən əhəmiyyətli müvəffəqiyyəti olaraq qəbul edilən və bu gün dünyaya açıqlanan İnsan Gen Layihəsi idi. Belə əhəmiyyətli təklifi həyata keçirmək üçün mütləq bu layihənin müxtəlif sahələrində iştirak edərək genetika sahəsində insanlığa bir xidmət vermək qərarına gəldim və çox uzun bir yola çıxdım. 2000-ci ildə dünya lider ölkələri tərəfindən bütün dünyaya elan olunan bu layihə 2003-ci ildə tamamlandı və insanın DNT- genetik şifrəsi həll edilmiş oldu. 3.250 000 000 000 hərfdən ibarət (nukletit) bu şifrə 30.000 gendən meydana gəlməkdə və təxminən 50 000 zülal kodlamkala qəbul edilməkdədir. Genetikanın 21-ci əsrin fərqli bir elm sahəsi olduğunu hər kəs qəbul edir. Bu layihənin nəticələri digər biotexnoloq sahələr ilə yanaşı, tibb sahəsində də yeni diaqnoz və müalicə imkanları ortaya qoymuşdur. Ən müasir avadanlıqlarla təchiz edilmiş və tam avtomatlaşdırılmış müayinə sistemləri sayəsində qısa zaman ərzində müayinələrin düzgün aparılmasını təmin edən laboratoriyalarda qanın ümumi və biokimyəvi, kompleks seroloji, hormonal, koaqulyasiya, eritrositlərin çökmə sürəti, sidiyin ümumi və mikroskopik analizləri kimi diaqnostik müayinə metodları tətbiq olunur.

 

İsmixan BAYRAMOĞLU (Bayramov)

 

1959-cu ildə doğulub .Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakultəsinə daxil olmuş, 1981-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir.1988-ci ildə Kiyev Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edərək, riyaziyyat üzrə elmlər doktoru adını qazanmışdır. 1994-cü ildə Ankara Üniversitetinin professoru seçilmişdir. 2001-ci ildən İzmir İqtisadiyyat Universitetinin fən-ədəbiyyat fakültəsinin dekanı və universitetin riyaziyyat bölümunun başçısıdır. Evlidir, iki övladı var. 1999-cu ildən Turkiyə vətəndaşıdır.

Azərbaycanın elm-təhsil tarixinə nəzər salsaq görərik ki, alimlər, mütəfəkkirlər təhsil ardınca məmləkət-məmləkət dolaşıblar. Səsi tarixin uzaq mənzillərindən gələn alimlərimizin bir çoxu mükəmməl təhsil almaq üçün xarici ölkələrdəki təhsil müəssisələrinə gediblər. Bu cür insanlardan olan professor İsmixan Bayramoğlu deyir:

- Xaricdəki təhsil ocaqlarının Azərbaycanda kadr hazırlığında rolu misilsizdir. Azərbaycan Demokratik Respublikasına qədərki dövrdə istedadlı, təhsilə marağı olan gənclər mükəmməl təhsil almaq uçun mesenatlar tərəfindən Rusiyanın, Türkiyənin, Qərbin müxtəlif nüfuzlu ali məktəblərinə göndərilirdi. Azərbaycan Demokratik Respublikası dövrundə də gənclərin xaricdə təhsil alması, mütəxəssis kimi ölkəmizə qayıdaraq öz savad və bacarıqlarını dövlət naminə sərf etməsi məsələsinə xüsusi önəm verilirdi. O illərdə çoxlu sayda gənc təhsil almaq üçün Avropanın müxtəlif ali məktəblərinə göndərildi. Bu tendesiya Sovetlər dövründə də ümummilli liderimiz Heydər Əliyev tərəfindən davam etdirildi. Bu gün isə Azərbaycan dövləti 20 ildir ki, müstəqillik qazanıb və gənclərin xaricdə təhsil alması məsələsinə böyük əhəmiyyət verir. İllərdir ki, Azərbaycan dövləti gənclərin xarici ölkələrin ali məktəblərində yüksək təhsil almasını təmin edir. Bu sırada Türkiyənin də önəmli yer tutması təqdirəlayiq fakt kimi dəyərləndirilməlidir.

Türkiyə həm mənəvi, həm də maddi baxımdan Azərbaycana çox yaxın bir ölkədir. Dil yaxınlığı, mədəniyyət yaxınlığı, regional yaxınlıq, sıx mədəni və iqtisadi əlaqələr, dünyaya inteqrasiya olan universitetlər, digər dünya universitetləri ilə sıx əlaqələr, hər gün daha da yüksələn keyfiyyətli təhsil, təhlükəsiz və tarixi yerlər, eyni zamanda, bu amillərlə yanaşı, yaşam-rifah standartlarının çox bahalı olmaması, tələbələr üçün olan endirimlər, tekstil-geyim əşyalarının çox ucuz olması buraya olan tələbə axınını xeyli artırmışdır. Universitetlərin dünya standartlarına cavab verməsi və təhsilin yuksək səviyyəsi, kampus-korpusların geniş və əlverişli olması da əsas faktorlardandır. Əminliklə demək olar ki, Türkiyə təhsil səviyyəsinə görə öndə olan ölkələrdən biridir və hər il ən azı 10-na qədər universitet dünya sıralamasında ilk 500-lükdə olur. Başqa bir önəmli səbəb də var ki, azərbaycanlılar Türkiyəni yad bir ölkə kimi dəyərləndirmirlər.

Ümumiyyətlə, xaricdə təhsil alan azərbaycanlı tələbə gənclərin sayı artdıqca Azərbaycanın səsi dünyada daha çox eşidilir, azərbaycançılıq bir o qədər təbliğ edilir. Gənclər müxtəlif mətbuat orqanlarında ölkəmizdən yazır, Azərbaycanı təqdim edirlər. Ağıllı, savadlı, səviyyəli gənclərimizin azərbaycançılıq naminə bir olmaları düşmənlərimizə ideoloji müharibədə qalib gəlməyin bir yoludur. Gənclik ölkənin aparıcı qüvvəsidir. Xarici ali məktəblərdə təhsil alan gənclər də bizim o ölkələrdə güvənə bildiyimiz ən etibarlı nümayəndələrimizdir.

 

Asif Qurbanov

 

Bakı şəhərində doğulub. İzmir şəhərindəki Doqquz Eylül Üniversitetində ali təhsil alıb, həmin universitetin aspirantura və doktoranturasında təhsilini davam etdirib. İqtisadiiyyat uzrə elmlər doktorudur. Türkiyədə nəşr olunan "Azərbaycanda gəlir bölgüsü" adlı kitabın muəllifidir. Elmi həyatı ilə bərabər "Tural" ticarət şirkətinin sahibi və təsisçisidir. Evlidir. İki övladı var.

Türk dünyasının birliyi ideyası yüz illərdən bəri mövcud olsa da, yalnız XX əsrdə bu ideyanın reallaşması istiqamətində konkret addımlar atılıb. Türk dünyasının iki böyük liderinin - Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamları türk dünyasının birliyinə nə qədər böyük önəm verildiyinin əyani təsdiqidir. İndi bu fikirlər həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bugününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir. Müasir dövrdə xaricdə yaşayan Azərbaycan və türk icmalarının üzərinə düşən başlıca vəzifə bu formula əsaslanaraq, xalqlarımızın mənafeləri naminə qarşılıqlı əməkdaşlığımızı daha da genişləndirməkdən ibarətdir. Bunları Dünya Azərbaycanlıları Konqresinin uzvu Asif Qurbanov bildirir. O, deyir:

- 20 ildir İzmirdə yaşayıram. Diaspor fəaliyətimizə 1995-ci ildə başladıq. İlk dəfə İzmirdə Novruz Bayramı şənliklərinin təşkilatçılığı mənim üzərimə düşdü. Bizi Türkiyədə Novruz Bayramında insanların bir-birinə daş atması təəccubləndirmişdi. Təşkilat komitəsi yaradıldı, sədrlik də mənə həvalə edildi. Yeri gəlmişkən, İzmirdə keçirilən bu ilk Novruz şənliyinə dəstəyi olan, o zaman şəhərin icra başcısı postunu tutan hörmətli Kutlu Aktaşa (sonra o,Türkiyənin daxili işlər naziri oldu), onlarca vətənsevər dostlarımıza təşəkkür etmək istərdim. Fəaliyyətimiz gözəl başladı, böyük rəğbətlə qarşılandı və bizi çox həvəsləndirdi. Bundan sonra digər işlərimizə də yol açıldı. İzmirdə bu illər ərzində mitinq, seminar, konfrans, şənlik şəklində Azərbaycanımızın ağrılı ve sevinçli günlərini tanıtmağa çalışdıq. Bu gün Türkiyədə Azərbaycanla bağlı ən geniş fəaliyyətin İzmir şəhərində olduğunu deyə bilərik. Xususilə son illərdə Xocalı soyqırımı günlərində bütün Türkiyədə olduğu kimi, İzmirdə də böyük aksiyalar keçirilmişdir.

 

Təhsil

 

Türkiyədə 102 dövlət və 52 vakıf (özəl) universitet olmaq üzrə 154 universitet vardır. Bu universitetlərdən 58-i İstanbul, Ankara və İzmir kimi üç böyük şəhərin payına düşməkdədir. İzmirdə 3 dövlət və 4 özəl universit yerləşir. Universitetlərin cəmiyyətdəki yeri və rolu haqqında İzmir İqtisad Universitetinin rektoru Prof. Dr. Tunçdan BALTACIOĞLU ilə söhbət edirik. O, deyir:

- Yaşadığımız bu dövrdə elm və təhsil zənginliyi yaradan ən dəyərli sərmayədir. Bu mənada qloballaşan dünyada cəmiyyətin təkanverici gücü elm və texnologiyadır. Bu səbəbdən də hal-hazırda araşdırma, inkişafetdirmə, yenilikçilik, insan faktoruna investisiya qoyuluşu son dərəcə prioritetli hala gəlmişdir. Bu çərçivədə, müasir cəmiyyətin formalaşmasında çox mühüm rol oynayan ən əhəmiyyətli təşkilat da universitetlərdir.

-Bu sırada İzmir İqtisad Universitetinin yerini necə dəyərləndirərdiniz?

- Yenilikçilik, ictimai məsuliyyət və mükəmməl təhsil İzmir İqtisad Universitetinin əsas dəyərlərini təşkil edir. 2001-ci ildə İzmir Ticarət Odası tərərəfindən təsis edilən İzmir İqtisad Universiteti cəmiyyətinin tələb etdiyi hər cür imkana asanlıqla çatmağı təmin edən, gerçək bir universitet təcrübəsi təqdim edir.

Biz zəngin kitabxana imkanları və internetə giriş asanlıqları ilə, güclü kadr potensialı ilə, xaricdəki çox qabaqcıl universitetlər ilə ünsiyyətdə olma və dəyişmə proqramlarına daxil ola bilmə imkanları ilə, bir kampus içində təhsil görmə kimi xüsusiyyətləri və bu kimi onlarca nailiyyətlərimizlə inkişaf etməkdə və böyüməkdə olan modern bir təhsil kompleksi yaratmağa müvəffəq olmuşuq. Tələbələrimiz universitetimizdə axtardıqlarını mükəmməl bir şəkildə tapa biləcəklərinə əmin ola bilərlər. Ən əhəmiyyətlisi isə, onlar davamlı inkişaf üçün uyğun mühitdə olduqlarını hiss edəcək, yenlikçi təkliflərini hər zaman və asanlıqla müəllimlərlə və universitet rəhbərliyi ilə paylaşa biləcəklər. Böyük məmnuniyyət hissi ilə gənclərimizi xəyallarını reallaşdıran, müasir və seçmə bir təşkilat olan İzmir İqtisad Universitetinə dəvət edirəm. Həm də yeri gəlmişkən qeyd etmək istərdim ki, universitetimiz təhsil göstəricilərinə görə Türkiyənin özəl universitetləri sırasında 4-cu, İzmir şəhərindəki universitetlər sırasında isə əvvəlinci yerdədir. Məncə, bu fakt özu də bizdəki tədris-təlim prosesinin mükəmməl bir şəkildə qurulduğunu təsdiq edir.

-Universitetinizdə calışan, təhsil alan azərbaycanlılar haqqında nə demək istərdiniz?

-Məlumatıma görə Azərbaycan dövləti təhsillə bağlı müxtəlif beynəlxalq konvensiyalara qoşulub, beynəlxalq əməkdaşlıq sənədlərinə imza atıb, xüsusi dövlət proqramları hazırlayıb. Hazırda çoxlu sayda azərbaycanlı gənc müxtəlif təhsil proqramları xəttilə xaricdəki nüfuzlu ali məktəblərə daxil olurlar. O cümlədən İzmirdə, eləcə də bizim universitetdə azərbaycanlıları görməkdən cox məmnunam. Olduqca zəhmətkeş və calışqan olan bu insanlar, həm də dərin savad və biliklərinə görə diqqəti cəlb edirlər. Hələ xeyli əvvəl mənimlə birgə Ankara Universitetindən İzmir İqtisad Universitetinə gələn professor İsmixan Bayramoglu indi universitetimizin seçilən bir fakültəsinin dekanıdır. Əslində, onun işguzarlığı sayəsində fakültənin əsas fəlsəfəsi olan beynəlxalq ölçüdə və yüksək səviyyədə təhsil və araşdırma işlərinin icra edildiyi, tələbələrin yaxşı təhsil alması, yenilikçi, müasir, elm və texnologiyanın bir çox sahəsində müvəffəqiyyətli ola biləcək şəkildə yetişdirilməsi üçün münbit bir mühit yaradılmışdır. Digər bir müəllim-Ələsgər müəllim tələbələrimizin və müəllim heyətimizin çox sevdiyi yaxşı bir musiqiçidir. Bu sıraya vaxtilə bizdə müəllim işləyən, indi isə ailə vəziyyəti ilə əlaqədar başqa tədris oçağında çalışan Rəfael müəllimin də adını əlavə edərdim. Mən burada təhsil alan azərbaycanlı tələbələrin fəaliyyətindən də razıyam. Açığını deyim ki, bu tələbələrin öyrənmək meylləri və fəallıqları unversitet kollektivini də həmişə qane edib. Yaxşı haldır ki, azərbaycanlı tələbələrın sayı bizdə hər il artmaqdadır. Bu il səhv etmirəmsə bu say 10-dan yuxarı olmuşdur. Yeri gəlmişkən deyim ki, azərbaycanlılarla ünsiyyətdə olduqca və bu ölkə haqqında eşitdiklərim, buradakı inkişaf məni də cox maraqlandırır. İnşallah gələn ilin əvvəllərində ölkənizdə, bu gözəl, həm də deyilənə görə bizim İzmirə çox bənzəyən diyarda olmaq, adamları ilə göruşmək arzusundayam. Mənim salamlarımı hələ görmədiyim, amma çox boyük bir maraq və sevgi ilə görmək istədiyim diyara yetirin.

 

"Petkim"- Azərbaycanın Türkiyədəki və dünyadakı ən böyük layihəsi

 

İzmirə gəlməmişdən öncə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyə və "Petkim"dəki investisiya layihələri haqqında məlumatlarımız var idi. Hətta holdinqin mətbuat üzrə əlaqələndirici Serkan Aksüyeklə görüşmək üçün SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyevdən onun telefonlarını da götürmüşdük. Amma tale elə gətirdi ki, onunla görüşümüz zəngsiz-filansız oldu, daha doğrusu, jurnalist qrupumuz "Petkim"ə gedərkən o, bizə qoşuldu. Serkanın da bütün izmirlilər kimi çox diqqətli və bizlərə böyük bir sevgi ilə yanaşan insan olduğu elə ilk andan göründü. Uzun müddət müxtəlif mətbuat orqanlarında çalışıb. "Petkim"dəki iş həyatını taleyinin yeni bir səhifəsi kimi dəyərləndirir. Yolüstu Türkiyə Cümhuriyyətinin banisı Mustafa Kamal Atatürkun xanımı-Lətifə xanımın ev muzeyinə dönürük. Böyük Atatürkün ömrünün bir hissəsinin bağlı olduğu bu muzey-ev tarixi qədər də hörmətli bir məkan hesab edilir. Serkan bəy söyləyir ki, bu evin belə gözəl bir qiyafəyə düşməsi həm də mətbuatın xidmətidir. Qəzetlərin buranın qiqqətdən kənarda qalan bir məkan olduğu haqqında yazdıqlarından sonra bələdiyyə fəaliyyətə keçdi və buraları Böyuk Atatürkun adına layiq bir hala gətirdi. İndi bura Atatürk sevərlərin və turistlərin ən çox ziyarət etdikləri bir məkandır.

"Petkim"də bizi şirkətin baş direktoru Hayati Öztürk, şirkət rəhbərinin müşaviri, professor Füzuli Nəsirov və digər işçilərin də qatıldığı bir heyət qarşılayır. Məlumat verən Hayati Öztürk, SOCAR-ın "Bir millət, iki dövlət" ideyasını iki ölkənin milli maraqlarına xidmət edən sərmayələrlə gerçəkləşdirdiyini və 30 may 2008-ci il tarixində keçirilmiş hərracda "Petkim Petrokimya Holdinq" A.Ş.-nin səhmlərinin 51 faizinin 2 milyard 40 milyon dollara SOCAR&Turcas Enerji A.Ş. tərəfindən əldə edildiyini bildirdi. İzmirlə Bakının 1995-ci ildən qardaş şəhər olduğunu xatırladan H.Öztürk SOCAR-ın Petkim yarımadasında və Trans Anadolu Təbii qaz Boru Xətti Layihəsinə (TANAP) birlikdə 17 milyard dollar investisiya yatıracağını vurğuladı.

2015-ci ildə "Petkim" Türkiyənin ən böyük üç şirkətindən biri olacaq. Petkim yarımadasında tikilən zavodun ümumi gücü 10 milyon ton neft və neft məhsulları tutumuna malik olacaq. Mövcud layihələrin həyata keçirilməsi nəticəsində "Petkim" Şərqi Aralıq dənizi bölgəsinin ən mühüm neft-kimya mərkəzlərindən birinə çevriləcəkdir."Petkim"in baş direktoru Hayati Öztürk onu da bildirdi ki, "Star" kimi zavodların istehsal həcmini artırmaqla yanaşı, investisiya yatırılması da davam edir. Ancaq ən önəmlisi, ARNDŞ-in "Petkim"in ərazisində "Star" neftayırma zavodunu tikməsidir. Buraya qoyulacaq sərmayə 5 milyard dollar həcmindədir ki, bu da Türkiyədə son illərdə özəl sektora yönələn ən böyük investisiya olacaqdır.

Öyrənirik ki, 2011-ci ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan "Star" neftayırma zavodunun tikintisi ilə bağlı işlər proqrama uyğun davam edir. Hazırda zavodun tikinti meydançasında gələcəkdə yerləşdiriləcək çənlər üçün torpaq zəmininin hazırlanması prosesi gedir. Tikinti işləri fasiləsiz olaraq davam edir. Zavodun 2015-ci ilin sonu və ya 2016-cı ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Bir neçə gün əvvəl "Petkim"in mətbuat katibi Serkan Aksüyek redaksiyamıza göndərdiyi xoş bir xəbərdə İzmirin Əliağa rayonunda inşa edilən Heydər Əliyev adına texniki və sənaye peşə liseyinin tikintisinin tamamlandığını bildirdi. Ötən ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Tayyib Ərdoğan tərəfindən təməli qoyulan liseyin tikintisi 270 günə-rekord sayıla biləcək bir müddətdə tamamlandı. Əliağanı yaxşı tanımayanlar liseyi universitet kompleksi sanır. Yalnız Əliağanın deyil, həm də Türkiyənin ən gözəl məktəbi olan bu lisey, Türkiyə-Azərbaycan qardaşlığının təhsil sahəsindəki ən əhəmiyyətli simvolu olacaq. Müasir Azərbaycanın qurucusu Heydər Əliyevin adını daşıyan 216 nəfərlik pansionu və 300 nəfərlik konfrans salonu olan lisey hər cür texnoloji yenilikləri ilə olduqca müasir bir kompleksdir. Məktəbin məzunları SOCARın Türkiyə və Azərbaycandakı investisiyaları ilə qurulan sənaye sahələrində çalışacaqlar.

 

* * *

 

Türkiyəyə səfərimizin sonuncu günü ab-havasına təzəcə isinişdiyimiz "Kaya İzmir" termal oteldən ayrılanda artıq İzmiri bu dəfəlik son gördüyümüzü bildiyimizdənmi, ya nədənmi mavi Egey sularına, qarşıda görünən yuxulu şəhərin Karşıyaka sahillərınə baxmaqla fikirlərimizi azdırmaqda idik. Zaman da gedirdi bizimlə, İzmir hava limanına, oradan da təkcə mərmər döşəməli bulvarı üçün yox, həm də çirkli və tozlu kuçələrıni belə, gözəl bir diyarda bir an belə yaddan çıxarmadıgımız, çox darıxdığımız neft ətirli doğma Bakıya... Amma səfərimizdə duydugumuz bir həqiqətsə bizimlə baş-başa idi: "Bu gün dünya xəritəsində Türkiyə kimi böyük bir güc vardır. Bu, bizi çox sevindirir. Bu, bizim də gücümüzü artırır. Mən Türkiyəni ürəkdən sevən insan kimi buna çox sevinirəm". Ölkə Prezidenti cənab İlham Əliyevin Türkiyə səfərlərinin birində söylədiyi bu möhtəşəm fikri necə də hər birimizin fikiri kimi səslənir! Heç şübhəsiz ki, həyatımızın bütün dönəmlərində də bu deyim bizimlə baş-başa olacaq...

 

 

Namiq ƏHMƏDOV,

 

Bakı- İzmir-Bakı

 

Xalq qəzeti.- 2012.- 3 noyabr.- S. 5.