Azərbaycan iqtisadi fikir tarixinin istedadlı tədqiqatçısı
Çağdaş Azərbaycan və Türkiyə
Cümhuriyyətinin dövlət maliyyəsi, ölkəmizin qlobal iqtisadiyyata
inteqrasiyası, Mustafa Kamal
Atatürk, Heydər Əliyev, Turqut Ozal kimi
dahi şəxsiyyətlərin iqtisadi-fəlsəfi
düşüncələrinin tədqiqatçısı, orijinal dərsliklərin müəllifi iqtisad elmləri doktoru
Dünyamalı Əmir oğlu Vəliyevin 70 yaşı tamam olur. Müraciət etdiyi iqtisadi problemlərdə
hər zaman məhz mühüm
hədəfləri seçməsi onun elmi yaradıcılığı üçün səciyyəvi cəhətdir.
Alimin tədqiqatları Azərbaycan və
Türkiyə iqtisadiyyatının, bütövlükdə, türk birliyinin möhkəmləndirilməsinə
yönəldilmişdir. Bu əsərlər
özlüyündə türk
xalqlarının xoşbəxt gələcəyini qurmaq məramından qaynaqlanır.
Dünyamalı
Vəliyev 1942-ci ildə böyük alimlər, sənətkarlar
yetirən Borçalı mahalının Qasımlı kəndində
anadan olmuşdur. BDU-nun İqtisad fakültəsində müvəffəqiyyətlə
təhsil aldığı illərdə gələcək həyat
yolunu müəyyənləşdirmiş və onun
böyük potensialını görüb layiqincə dəyərləndirən
müəllimlərinin xeyir-duası ilə ömrünü
çətin elmi axtarışlara sərf etməyi qərara
almışdır. Elmlə praktikanın vəhdətinin nə
qədər vacib və səmərəli olduğunu
yaxşı bilən gənc iqtisadçı bir müddət
respublikanın bank sektorunda, ali məktəb sistemində
çalışmışdır. 1971-ci ildə Azərbaycan
EA-nın Şərqşünaslıq İnstitutunda
"Müasir Türkiyənin dövlət borcları"
adlı maraqlı dissertasiya işini müdafiə edərək
iqtisad elmləri namizədi alimlik dərəcəsi
almışdır.
Nəhayət,
məqsədyönlü arzu yolları 1979-cu ildə onu Azərbaycan
EA-nın Şərqşünaslıq İnstitutuna gətirib
çıxarmışdır. Burada baş elmi işçi,
Türkiyənin tarixi və itisadiyyatı şöbəsinin
müdiri və institutun elmi işlər üzrə direktor
müavini kimi səmərəli fəaliyyət göstərmişdir.
Yorulmaq
bilmədən çalışan, tədqiqat dairəsini
genişləndirən D.Vəliyev 2010-cu ildə AMEA-nın
İqtisadiyyat İnstitutunda "Azərbaycanın qlobal maliyyə-iqtisadi
mühitə inteqrasiyasının aktual problemləri"
mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək
iqtisad üzrə elmlər doktoru dərəcəsinə yiyələnmişdir.
Hazırda elmi fəaliyyətini Şərqşünaslıq
İnstitutunda "Şərq-Qərb" şöbəsinin
müdiri vəzifəsində davam etdirir. 10 kitab və 100-dən
çox elmi məqalənin müəllifidir. Onun əsərlərinin
ümumi həcmi 200 çap vərəqindən çoxdur.
Bakı, Moskva, Kiyev, Tbilisi, Ankara, İstanbul, Bursa, Trabzon,
Tehran, Tokio, Heidelberq (Almaniya) şəhərlərində
keçirilmiş konfrans, simpozium və seminarlarda Azərbaycan
elmini layiqincə təmsil etmişdir.
Alim
xalqın müasir iqtisadi fikri baxımından diqqəti cəlb
edən dəyərli əsərlər yazmışdır.
"Türkiyənin dövlət maliyyəsi və
sosial-iqtisadi inkişafı", "Qloballaşma şəraitində
Azərbaycanın beynəlxalq bazarlara inteqrasiyası: təmayüllər,
problemlər, perspektivlər" , "Türkiyə. Turqut
Ozal və iqtisadi möcüzələr", "Azərbaycanın
qlobal iqtisadiyyata inteqrasiyası" və digərlərini bu
sıraya aid etmək olar.
Ötən
əsrin 90-cı illərində yenicə müstəqillik
yoluna çıxmış respublikamız üçün
Türkiyənin dövlət maliyyəsi, ölkənin
sosial-iqtisadi inkişafına onun təsirini öyrənmək
mühüm əhəmiyyət kəsb edirdi. D.Vəliyev
böyük bir tarixi dövr üçün qardaş ölkənin
vergi sistemini, onun dəyişmə meyllərini tədqiq etməklə
Azərbaycan üçün mühüm təcrübə məktəbini
aşkarlamış oldu. Müstəqilliyimizdən xeyli əvvəl
yazılmağa başlanmış bu əsər müəyyən
mənada alimin uzaqgörənliyindən xəbər verir. Qeyd
edək ki, sovet dövründə hakim ideologiya bu cür
mövzulara çox həssaslıqla
yanaşılmasını tələb edirdi. Sübhəsiz,
qonşu kapitalist ölkələrinin inkişafı birmənalı
qarşılanmırdı. Lakin, tədqiqatçı alim bu
çətinliklərin öhdəsindən gələ
bilmişdir. D.Vəliyevin öz tədqiqatı
üçün Türkiyəni obyekt seçməsində təsadüf
və zərurətin hansı nisbətdə olduğunu
söyləmək çətin olsa da, üstündən 50
ilə yaxın bir dövr keçdikdən sonra bu ölkənin
bizim üçün nə qədər doğma, vacib
olması bir daha tarix tərəfindən sübut
olunmuşdur. Tədqiqatdan məlum olur ki, Türkiyə vergi
sisteminin üstünlüyü vergi qoyuluşunun ənənəvi,
müasir prinsip və strukturlarından eyni zamanda istifadə
edilməsindədir.
Müəllifin
araşdırmasına görə, Türkiyənin vergi sistemi
(gömrük vergiləri) bir tərəfdən səmərəli
xarici ticarəti stimullaşdırırsa, digər tərəfdən
milli iqtisadiyyatın, xüsusilə də istehsalın
inkişafına təkan verir, ölkənin texniki və
texnoloji imkanlarının artırılmasına xidmət edir.
D.Vəliyevin apardığı təhlillər göstərir
ki, Türkiyədə vergilər dövlət tənzimlənməsinin
yeganə vasitələri deyildir. Milli iqtisadiyyatın idarə
olunması və tənzimlənməsinin bütün aspektlərinin
(iqtisadi, hüquqi, maliyyə, siyasi və s.) koordinasiya mexanizmi
kompleks təhlil edilməli və müəyyənləşdirilməlidir.
Bu kitabla ölkəmiz Türkiyə kimi doğma, yaxın bir
ölkənin təcrübəsini öyrənmək
imkanı əldə etdi.
D.Vəliyevin
tədqiqatçılıq fəaliyyətində həmişə
bir dinamizm hiss olunur. Onun "Azərbaycanın qlobal
iqtisadiyyata inteqrasiyası" kitabı əvvəlki əsərlərinin
davamı, inkişafı və ümumiləşdirilməsi
baxımından önəmlidir. Kitabda respublikamızda ilk dəfə
olaraq Azərbaycan iqtisadiyyatının ümumi mənzərəsi,
ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin
elmi konseptual əsaslara söykənən iqtisadi siyasət
kursu kompleks şəkildə qloballaşma prizmasından tədqiq
edilmişdir.
Azərbaycanın son 10 il ərzində daxili və xarici iqtisadi siyasətinin elmi-nəzəri, praktiki təhlilindən alınan nəticə ondan ibarət olur ki, bu siyasət möhkəm təməllərə əsaslanmaqla ölkənin, xalqın, millətin fıravan gələcəyinə tuşlanmışdır. Həmçinin, bu siyasət milli, iqtisadi maraq və mənafelərə zərər gətirməyən bir siyasətdir. Müəllif sahib olduğu zəngin bilik və təcrübəyə əsaslanaraq qloballaşma dövründə dünyada gedən iqtisadi prosesləri incəliklərinə qədər təhlil edir, Azərbaycan iqtisadiyyatının bu dəyişikliklərə necə uyğunlaşdığını müəyyən etməyə çalışır, bu zaman yaranan problemləri aşkara çıxarır, onların aradan qaldırılması yolları haqqında sanballı tövsiyələrini verir. Həmin tövsiyələr yalnız kitab səhifələri arasında qalmır, yüksək idarəetmə orqanlarına təqdim olunur. Onun əldə etdiyi elmi nəticələr respublikanın rəsmi mətbuat vasitəsi olan "Xalq qəzeti"ndə mütəmadi şəkildə ictimaiyyətin diqqətinə çatdırılır.
Dünyamalı Vəliyev sübut edir ki, qloballaşma dövründə dərinləşən liberallaşma meylləri milli dövlət mənafelərini nəinki aradan qaldırmır, hətta onun qorunması həyati əhəmiyyət kəsb edir. Bəzi ölkələrdə, müəllifin özünün dediyi kimi, "iqtisadi proseslərin qlobal təbiəti ilə onların milli təsərrüfat çərçivəsində tənzimlənməsi arasında uyğunsuzluqlar artır" (səh.60). Lakin bu uyğunsuzluqlar və ziddiyyətlər mütləq bir məna kəsb etmir. Milli dövlətlərin apardıqları siyasət vasitəsilə "qızıl orta"nı tapmaq, qloballaşma proseslərindən daha çox faydalanmaq mümkün olur. Təsadüfi deyildir ki, yekun fəsildə (XI fəsil) tədqiqatın nəticələrinin milli iqtisadi təhlükəsizliyin, milli iqtisadi maraqların qorunması baxımından əhəmiyyətlilik dərəcəsi müəyyən edilir.
Müəllifin tədqiqat işləri həm zəngin ədəbiyyat mənbələrindən istifadəyə, həm də faktoloji cəhətinə (konkret faktlara istinada) görə diqqəti xüsusilə cəlb edir. Hər bir fikir və mülahizə dünya miqyaslı iqtisadçıların, siyasətçilərin əsərlərindən gətirilmiş istinadlarla tamamlanır, onların doğru-düzgünlüyü sübuta yetirilir. Beləliklə, müəllif cəsarətlə öz fikirlərini irəli sürür.
Alimin dərslik yaradıcılığı sahəsindəki xidmətləri də xüsusi qeyd olunmalıdır. İnzibati amirlik sisteminin tam əksi olan bazar münasibətlərinə keçilməsi iqtisadi təhsil sistemini yeni dövrün tələblərinə uyğunlaşdırmağı, iqtisadiyyat üzrə tamamilə yeni dərsliklər hazırlamağı tələb edirdi. Bu sahədə də o, çox işlər görmüşdür. Respublikamızda ilk dəfə olaraq yazılmış üç dərslik - "Beynəlxalq iqtisadiyyat" (Bakı, Azərbaycan Universitetinin nəşriyyatı, 2000, 328 səh.), "Beynəlxalq maliyyə" (Bakı, Azərbaycan Universitetinin nəşriyyatı, 2000, 328 səh., M.Rəhimovla birgə), "Vergi hüququ" (Bakı, 2003, 482 səh., Y. Balakişiyev və başqaları ilə birlikdə) onun böyük səyləri və rəhbərliyi ilə hazırlanmışdır.
Respublikamızda müstəqillik əldə edildikdən sonra iqtisadi biliklərin həmin sahələrində açıq-aşkar çatışmazlıq hiss edilirdi. Gənc respublikanın iqtisadi maarifçilik sahəsində əhəmiyyətli rol oynayan həmin dərsliklərə Azərbaycanın Təhsil Nazirliyi tərəfindən qrif verilmişdir və ali təhsil sistemində geniş istifadə edilir. Kitablardan biri - "Beynəlxalq iqtisadiyyat" daha da təkmilləşdirilərək 2012-ci ildə yenidən nəşr edilmişdir.
İqtisadçı alimin ömür yolunu izlədikdə onun bütün əsərlərinin böyük zəhmət sayəsində ərsəyə gəldiyinin şahidi oluruq. 1971-ci ildə namizədlik, 2010-ci ildə yəni, 40 il sonra doktorluq dissertasiyalarını müdafiə etməsi, bu tarix kəsiyində çap etdirdiyi çoxsaylı kitab və məqalələr ondan xəbər verir ki, tədqiqatçılıq, əsil yaradıcılıq işi zaman tələb edir. Burada hansısa sürətləndirici bir halın olması, "möcüzənin baş verməsi" mümkün deyildir. D.Vəliyevin dövrün iqtisadi problemlərinə baxışında ciddi bir obyektivlik müşahidə olunur. O, belə hesab edir ki, problem deyilməlidir və təkcə bununla da alimin işi bitmiş sayılmamalıdır, problemin həlli üçün dərin araşdırmalar aparılmalıdır.
D.Vəliyev təkcə elmi araşdırmalarla və dərslik yazmaqla kifayətlənmir. O bir neçə jurnalın, o cümlədən "İpək yolu", "Turizm və qonaqpərvərlik" jurnallarının redaktorudur, mütəmadi olaraq beynəlxalq və ümumrespublika konfransları təşkil edir və xarici simpoziumlarda iştirak edir.
D.Vəliyev həm alim, həm də bir insan kimi fəal həyat mövqeyi tutmuşdur. Millətsevərlik və vətənpərvərlik onun həyatının mənasıdır. O, əsərlərində, elmi məclislərdəki çıxışlarında peşəkar iqtisadçı kimi düşüncələrini ortaya qoymaqla bərabər, vətənpərvərliyi, Azərbaycanın mədəniyyət və incəsənətini təbliğ edir, erməni terrorizmi və cinayətlərinin mahiyyətini açır. Alimin çoxşaxəli yaradıcı həyatının bu istiqamətləri üzrə "Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada" (1994), "Borçalının söz xəzinəsi"(2003), "Karyera: şəxsi müvəffəqiyyətin strategiyası"(2005) adlı kitabları da nəşr olunmuşdur. 2011-ci ildə çap edilmiş "Yüksəliş yolları" gənclərə ünvanlanmışdır. Hələ 1991-ci ildə D.Vəliyev ünlü türk professoru Utkan Qocatürkün "Atatürk" kitabını Azərbaycan dilinə çevirərək qardaş ölkənin sosial-iqtisadi həyatı ilə maraqlanan geniş oxucu kütləsinə ərməğan etmişdir. Müəllif kitaba yazdığı ön sözdə atatürkçülüyün, kamalizmin mahiyyətini açıqlamış, Azərbaycan və Türkiyə arasında əlaqələrin dövrün tələblərinə uyğun inkişaf etdirilməsi zərurətini önə çəkmiş, insanları azadlığa, müstəqilliyə səsləyən fikirlərə geniş yer vermişdir. Bu kitabın çevrilməsi zamanı o, həmçinin doğma dilimizin saflaşması və zənginləşməsinə də xidmət etmişdir. Oxucular 20-21 il öncə məhz həmin kitab vasitəsilə dilimizin ənginliklərini daha dərindən hiss etmiş, nə qədər unudulmuş, yaxud az işlənən, yerini yabançı ifadələrə vermiş təmiz türk söz dünyasına baş vurmaq imkanı qazanmışlar. "Millət vəkili", "çağdaşlaşma", "dəstəkləmək", "bölgə", "varyeməz", "yön" və s. bu kimi sözləri misal çəkmək olar.
Dünyamalı müəllim xaraktercə rahat bir insandır. Bu dünyada tələsmədən və ləngimədən yaşamağı, aza qane olmağı, insanın özü ilə olmasını, hisslə deyil, ağılla davranmağı əsas tutur. Onunla bir kollektivdə işləmək, yol yoldaşı olmaq, işbirliyi qurmaq, əməkdaşlıq etmək adamda ancaq müsbət enerji yaradır. Dünyamalı müəllim bir iman adamı, mənəviyyat daşıyıcısıdır. Ailə başçısı, elmi işçi, müəllim kimi böyüklük, ağsaqqallıq, rəhbərlik etməyi bacaran insandır. O, həm də bir dövlət adamıdır. Türkçülüyün böyük carçısı və tədqiqatçısıdır, bütün varlığı ilə torpağına, millətinə, elinə bağlıdır.
İnsan intellektual, etik, hüquqi, mədəni davranışlara nail olmaqla inkişaf edir. Belə deyim var: elm beyni, sənət ürəyi, din isə ruhu qidalandırır. Ətrafındakı insanların Dünyamalı müəllimə böyük hörmətlə yanaşmasının səbəbi də onun elm, sənət və dinlə özünü daim zənginləşdirməsidir. D,Vəliyev zəhmətə alışan, həyatın mənasını bunda görən adamdır.
Peyğəmbərimiz insan ömrünün mənasını belə dəyərləndirmişdir: "İnsanların ən xeyirlisi ömrü uzun, əməlləri gözəl olandır". Bu gün Dünyamalı müəllim böyük həvəslə, şövqlə tədqiqatlar aparır, "Azərbaycan iqtisadiyyatı" haqqında yeni dərslik üzərində çalışır, elmə gələn gənclərdən xeyirxahlığını, köməyini əsirgəmir. Bir sözlə, xoş niyyətli bir insan, işıqlı şəxsiyyət olan Dünyamalı Vəliyev çox mənalı və örnək ola biləcək bir ömür sürür.
Asəf NADİROV,
akademik Xosrov KƏRİMOV,
BDU-nun dünya iqtisadiyyatı
kafedrasının dosenti
Xalq qəzeti.- 2012.- 4 noyabr.- S. 7.