Qocaman meliorator

 

Azərbaycanın qocaman meoilorasiya və su təsərrüfatı işçisi, respublikanın əməkdar mühəndisi İzzət Abdullayev bu yaxınlarda Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrotexnika və Meliorasiya Elm İstehsalat Birliyinin elmi-tədqiqat institutunda "Cənubi Muğanda meliorativ sistemlərin səmərəliliyi və onun yüksəlişi yolları mövzusunda dissertasiya müdafiə etmişdir.

 

O qədər də qeyri-adi olmayan bu hadisənin ən maraqlı tərəfi, həm də nadirliyi ondadır ki, "gənc alim" saç-saqqalı çoxdan ağarmış istehsalat və idarəetmə kadrıdır. İzzət müəllim elmi işə 70 yaşdan sonra keçmiş və 75 yaşda dissertasiya müdafiə etmişdir. Onun elmi işi Elmi Şurada uğurla müdafiə olunmuş və Ali Attestasiya Komissiyası bu günlərdə İzzət Müzəffər oğlu Abdullayevə kənd təsərrüfatı sahəsində fəlsəfə doktoru elmi dərəcəsi vermişdir.

İzzət Abdullayev Cəlilabad rayonunun Təklə obasında, "Günəşli" kəndində doğulmuşdur. Atası II Dünya müharibəsində həlak olduğundan babasının və anasının himayəsində böyümüşdür. İzzət müəllimin yarım əsrdən artıq əmək fəaliyyətinin 45 ildən çoxu Cənubi Muğan bölgəsində təsərrüfat və idarəetmə işlərinə həsr olunmuşdur. Ötən əsrin 70-ci illərində Cəlilabad Rayon İcraiyyə Komitəsinə rəhbərlik etmişdir. Səmərəli və təşəbbüskar fəaliyyəti onu rayonda mehriban insan, qayğıkeş rəhbər, nüfuzlu ağsaqqal, respublikada isə təcrübəli meliorator kimi tanıtmışdır. Dövlət müstəqilliyimizin 20 illiyi münasibətilə ölkədə "Tərəqqi" medalı ilə təltif olunanların siyahısında Cəlilabadı İzzət Abdullayev təmsil etmişdir.

Müsahibimiz qocaman meliorator, "gənc alim" İzzət Abdullayev ötənləri belə xatırlayır:

- 1961-ci ildə Neft-Kimya İnstitutu bitirib indi düşmən tapdağında olan Kəlbəcər rayonuna təyinat almışdım. Orada məni "Tutxun" axtarış-kəşfiyyat dəstəsinə kiçik texnik-geoloq vəzifəsinə təyin etmişdilər. Məqsədim təyinat müddətini başa vurandan sonra elmi-axtarış sahəsinə keçmək, topladığım bilik və təcrübəni tədqiqatlarla davam etdirmək idi. Həyat bu niyyətimi yarım əsr sonraya saxladı. O vaxt dəstəmizin məqsədi həm Dəlidağda, eləcə də Qızılitən çayında axtarış aparıb, o dağlarda olan qızıl ehtiyatlarını aşkar etmək idi. Bu yerlərdə böyük qızıl yataqları vardı, eyni zamanda, çaylardan götürülən nümunələr də müsbət nəticələr verirdi. İndi mətbuatdan oxuyuruq ki, həmin yerlərdə xarici ölkələrin şirkətləri bütün beynəlxalq hüquq normalarını pozaraq kəşfiyyat işləri aparır. Qiymətli sərvətlərimiz gözümüzün önündə talanır, dünya birliyi də bu ədalətsizliyə dözür.

Ailə vəziyyətimlə - anamın rayonda tək qalması ilə əlaqədar işimi və gözəl kollektivi buraxıb rayona qayıtdım və respublika Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Lənkəran maşın-ekskovator stansiyasına sahə mühəndisi vəzifəsinin icrasına başladım. Elə bu zamandan da, yəni 1962-ci ildən həyatımın 45 ilini meliorasiya və su təsərrüfatı işlərinə həsr etdim.

- Beləliklə, aspirantura, laboratoriya əvəzinə, şoran torpaqlara gedib çıxdınız...

- Yaxşı deyiblər ki, əsl məktəb həyat, ən canlı laboratoriya topaqdır. Mən ilk günlərdən işimi elmi əsaslarla görürdüm. O illərdə Mil-Muğan zonasında suvarma əkinçiliyi sürətlə inkişaf edirdi. Alimlər, mütəxəssislər tez-tez yanımıza gəlirdilər. Mənim onlara təcrübi, onların mənə elmi-nəzəri köməyi çox olurdu. Getdikcə mənim özümdə də xeyli tədqiqat materialı toplanırdı. Torpaqla təmasım dərinləşdikcə o sirlərini səxavətlə açırdı. Torpağınkı nədir? - Bol günəş, su, bir də zəhmət. Yüz min hektarlarla torpaq bizdən su istəyirdi. Yaxşı qazancı olan, insanların güzərarını yaxşılaşdırmaqda əvəzsiz bitki olan pambıq və üzüm isə daha çox su tələb edirdi. O illərdə Biləsuvarı pambıq, Cəlilabadı isə üzüm ayağa qaldırdı.

Biləsuvar və Cəlilabad rayonlarında müasir suvarma sisteminin yaradılması çox mürəkkəb bir iş idi. Keçən əsrin əvvəllərində primitiv üsullarla qazılmış Yuxarı Muğan kanalı 5500-6000 hektar sahəni su ilə güclə təmin edirdi - o da yalnız kanalın sol sahilini. Mövcud 50 min hektardan çox əkini suvarmaq çox çətin məsələ idi, çünki həmin sahələr kanalın səviyyəsindən 50-60 metr yüksəkdə yerləşirdi.

O yerlərə su 7-8, bəzi yerlərdə 10-12 kaskadla (pillə ilə) çıxarılırdı. Demək, kanallar qazılır, orada dizel nasosu qurulurdu. Çətin bir proses idi. Qısa müddət ərzində belə suvuran nasosların sayını 300-ə çatdırdıq. Hər biri sutkada orta hesabla 500 litr dizel yanacağı işlədən bu nasoslara görə idarəmiz orta hesabla təkcə 120-130 ton dizel yanacağı işlədirdi. Bütün sürtgü materiallarını da nəzərə alanda çox böyük rəqəm alınırdı. Bu qədər yanacağın işlədilməsi pambığın və digər bitkilərin maya dəyərini qaldırırdı. Onun Cəlilabad və Salyan neft bazalarından nasos stansiyalara daşınması da asan deyildi.

Ümummilli lider Heydər Əliyev 1969-cu ilin avqust ayında Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra rayonlara səfərlər edir, kənd təsərrüfatı işlərinin gedişi ilə dərindən maraqlanır, faydalı məsləhətlərini verirdi. Onun torpağa, kənd adamına belə qayğıkeş münasibəti tezliklə inkişafa güclü təkan verdi. Nəhayət, 1970-ci ilin yay aylarında ulu öndər Biləsuvar rayonuna gəldi və təsərrüfatlara getdi. O, nasos stansiyaların birində dayandı. Mən söhbət zamanı o dahi şəxsiyyətə suvarma sahəsindəki problemlər barədə qısaca məlumat verdim.

Təbii ki, bütün deyilənləri köməkçiləri qeyd edirdilər. Sonra onun birbaşa müdaxiləsi, köməyi nəticəsində çoxdan layihəsi hazır olub, tikintisi yubadılan "Maşınqolu" kanalının inşasına başlanıldı. Nəticədə, kanal sürətlə tikilib istifadəyə verildi, həmin dizel nasosları ləğv edildi. Biləsuvarda pambıqçılıq inkişaf etdi, səmərə artdı. Tale elə gətirdi ki, mənim o dahi insanla sonrakı illərdə də çoxlu görüşlərim oldu. Biləsuvar və Cəlilabad rayonlarında işləyərkən zona müşavirələrində, MK-nın plenumlarında, eləcə də Cəlilabad Rayon İcraiyyə Komitəsinin sədri seçiləndə ulu öndərlə yaxından görüşmüşəm. Mən o unudulmaz görüşləri ömrüm boyu yaddan çıxarmaram.

- Necə oldu ki, təxminən 45 il rəhbər təsərrüfat və idarəetmə işlərində çalışandan sonra elmlə məşğul olmağa başladınız?

- Məhəmməd Peyğəmbərin (s.s.) gözəl bir kəlamı vardır: Beşikdən qəbir evinə qədər elm öyrənin. Digər bir kəlamda da deyilir: Çində olsa da elm dalınca gedin. Ailə vəziyyəti ilə əlaqədar rayona gələndən sonra Bakı ilə əlaqəm zəifləmişdi, istehsalatda işləmək daha maraqlı olmuşdu. Amma həmişə işimin çoxluğuna baxmayaraq elmi-tədqiqat işlərini də unutmadım. İnşaat İnstututundan qiyabi yolla ikinci ali təhsil aldım. Nəhayət, təqaüdə çıxandan sonra Bakıya köçdüm. Həmişə sıx əlaqədə olduğum Hidrotexnika və Meliorasiya Elm İstehsalat Birliyində elmi işçi kimi çalışmağım gənclik arzumu reallaşdırdı.

- 2010-cu ildə Kür və Araz çayları məcrasından çıxaraq yaşayış evlərini, sahələri basıb əhaliyə xeyli maddi ziyan vurdu. Respublikanın cənub bölgəsində uzun illər çalışan bir mütəxəssis kimi Arazın yeni qolunun tikintisi barədə nə deyə bilərsiniz?

- İki il öncə Kür və Araz çaylarının yatağından çıxaraq bir sıra rayonlarda, xüsusilə Saatlı, Sabirabadda əhaliyə və əkin sahələrinə böyük ziyan vurmasının arzuolunmaz şahidi olmuşuq. Düzdür, Prezidentimiz İlham Əliyevin yaxından qayğısı sayəsində əhaliyə dəyən ziyanlar, əsasən, aradan qaldırılmışdır. Lakin belə hallar təkrar olmamaq üçün Arazın yeni qolunun tikilməsi məqsədəmüvafiqdir. Alt eni 50, üst eni 150 metr, uzunluğu 76 km olacaq yeni qolun istifadəyə verilməsi həm də İmişli, Biləsuvar və Cəlilabad rayonları ərazisində 90 min hektardan çox əkini su ilə təmin edəcəkdir.

- Nəhayət, elmi işimizin mahiyyəti, səmərəsi barədə nə deyərdiniz?

- Yeni təsərrüfatçılıq münasibətələrinin formalaşdığı şəraitdə suvarma və kollektor-drenaj şəbəkələrinin istismarının səmərəliliyinin artırılması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində görüləcək tədbirlər həm ətraf mühitin mühafizəsi, həm də kənd təsərrüfatı məhsullarının artırılmasını təmin etməlidir. Ölkəmizdə həyata keçirilən bir sıra dövlət proqramları da bu mühüm məsələnin həllinə yönəldilmişdir.

Mənim tədqiqatımın əsas məqsədi Cənubi Muğanda mövcud olan hidromeliorativ sistemlərin parametrləri və konstruksiyalarının qiymətləndirilməsi və onların yaxşılaşdırılması tədbirlərinin işlənib hazırlanmasından ibarət olmuşdur. Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün aşağıdakı məsələləri araşdırmışam: Cənubi Muğanda mövcud suvarma və meliorasya simtemlərinin konstruksiyası və parametrlərinin qiymətləndirilməsi; suvarılan torpaqların kollektor-drenaj şəbəkəsi ilə təminatı, onların texniki vəziyyəti və meliorativ səmərəliliyinin tətbiqi; hidromeliorativ şəbəkədə istifadə olunan suölçmə məntəqələri, onların xüsusiyətləri; ərazidə kənd təsərrüfatına yararlı torpaqların mövcud ekoloji-meliorativ vəziyyəti, su - duz rejiminin araşdırılması; istismar xidmətinin vəziyyəti.

Tədqiqat obyekti olaraq Cənubi Muğan bölgəsinin Biləsuvar və Cəlilabad raoyunlarının suvarılan torpaqları, Əzizbəyov suvarma sistemi, Əzizbəyov kollektoru və Cənubi Muğan sutoplayıcısı tədqiqat obyekti qəbul edilmişdir. Tədqiqat işləri çöl və laboratoriya şəraitində qəbul edilmiş metodikaya əsasən yerinə yetirilmişdir. Elmi işdə ilk dəfə olaraq Cənubi Muğan bölgəsində mövcud hidromeliorativ şəbəkənin texniki vəziyyəti qiymətləndirilmiş, istehsalat göstəricilərinin analizi, suvarma suyunun uçotu məsələləri araşdırılmış, çoxillik müşahidələr əsasında meliorativ vəziyyətin gedişatı qiymətləndirilmiş və onun yaxşılaşdırılması üçün tövsiyələr işlənib hazırlanmışdır.

Tədqiqatların nəticələri Meliorasiya və Su Təsərrüfatı ASC, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, onların yerli təşkilatlarının istifadəsi üçün təqdim edilmişdir.

Sonda, bu elmi işi ərsəyə gətirməkdə mənə yardımçı olmuş institut alimlərinə, təqaüdə çıxdıqdan sonra məni rəhbərlik etdiyi qurumun elmi strukturunda işə dəvət etməklə, gənclik arzumun həyata keçməsinə yol açmış Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə dərin təşəkkürümü bildirirəm. İnsan ömrünün sonunadək xalqına, Vətəninə gərəkli olmalıdır. Mən bu böyük amala sadiq qalaraq ömrümün qalan hissəsini elmə həsr etmişəm. İnanıram ki, bu iş torpaq adamlarına fayda gətirəcək, ölkədə bolluq yaradılmasına xidmət edəcək.

- İzzət müəllim, arzu edirik ki, sizə ikinci gənclik bəxş etmiş elmi işiniz yeni uğurların, uzun ömrün müjdəçisi olsun.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2012.- 4 noyabr.- S. 6.