Azərbaycan oğulları Stalinqrad döyüşlərində

 

 (əvvəli qəzetin 7 oktyabr 2012-ci il tarixli sayında)

 

- Nə danışırsınız, yoldaş podpolkovnik, heç bu frislərin əlindən darıxmağa vaxt var... İcazə verin, yoldaş podpolkovnik, bir söz də mən deyim.  Həzi xoş təbəssümlə:

- Buyur! - dedi, - eşidirəm səni.

- Bax, siz məni tərifləyirsiniz. Mən yalnız alayımızda tanınıram. Sizi axı bütün ölkə, bütün Azərbaycan tanıyır, fəxr edir. Sizin Moskvaətrafı döyüşlərdə göstərdiyiniz qəhrəmanlığı bütün Azərbaycan mətbuatı qızılı hərflərlə yazır. Vətəndən aldığım qəzetlərdə haqqınızda bolluca yazılar var...

- Qaçay, eloğlu, nə poetik danışığın, nə də ləhcən bizim Lənkəran, Astara bölgəsinə bənzəmir. Bilmək istərdim, mənim həmfamilim olan igid hansı bölgədəndir? Bilirsən niyə soruşuram? Alayıma qayıdanda mənim "uşaqlarım" belə şeyin çox marağındadırlar, bilirəm ki, məni sorğu-suala tutacaqlar.

- Qarabağlıyam, yoldaş podpolkovnik, Aran Qarabağın Bərdə rayonundanam. Kəndimin də adı Kələntərlidir. Xanlıq dövründə bizim kənd Cavanşir xanlarının şəxsi mülkü olub. Tarixə Batmanqılınc adı ilə düşən igid Məmməd bəy Mehrəlibəy oğlu Cavanşirin kəndi olub.

 

Podpolkovnik Həzi Aslanov gülümsünüb:

- İcazə ver, səndən soruşmadan özünə deyim ki, sənin şeir yazmaq qabiliyyətin var. Bir də qarabağlı olasan, yaxşı səsin olmaya, bunlar da varmı?

- Yeri gələndə, şair Səməd Vurğun demişkən, az-az uydururam...

- Səmədlə tanışlığın varmı?

- Yox, heç üzünü görməmişəm. Amma "Vaqif"ini və qoşmalarını əzbərdən bilirəm.

- Ancaq mən yaxşı tanıyıram, ötən il Moskvada təsadüfən görüşdük. Restoranda birgə nahar etdik. Mən ona bir məktub da yazıb verdim. Özü şəxsən aparıb anam Nuşuya çatdırıb. Sağ olsun, anam yazır ki, Həzi, oğlum, Səməd Vurğunun gətirdiyi məktub bizə xeyli təsəlli verdi... Qaçay, Allah qoysa bu frislərin axırına çıxaq, müharibə qurtarsın, sənin toyuna Səmədlə gələrik... İndi mən getməliyəm, axşam toranı düşür. Sənə ən vacib tövsiyəm - döyüş vaxtı özünü qoru...

 

Podpolkovnik Litvinov gülə-gülə:

- Həzi Əhəd oğlu, sizin dili bilməsəm də danışığınızın abı-havasından belə başa düşdüm ki, qohum çıxdınız. Mən buna çox şad oldum.

Ayağının birini qaçaraq qoyub getmək istəyən Həzi Aslanov geriyə dönüb gülə-gülə dedi:

- Biz azərbaycanlılar harada yaşayıb-işləməyimizə baxmayaraq bir ananın, bir atanın övladlarıyıq. Vladimir Pavloviç, çox sağ ol, məni həmyerlimlə tanış etdin. Sənə çox-çox təşəkkür edirəm. Yaxın günlərdə səndən bir dost xahişim olacaq. Belə maraqlı zabit cəbhədə azdı. Mən uşaqlıqdan şeir, musiqi vurğunuyam. Vətənimdən də xeyli vaxtdır ayrılmışam. Oraya ancaq iki ildən bir məzuniyyət vaxtı gedə bilirəm. Əgər mümkün olsaydı gənc leytenant Aslanovun mənim alayıma keçməsinə icazə verərdin. Onunla bu qısaca söhbətimizdən hiss etdim ki, Azərbaycan tarixini, incəsənətini yaxşı bilir.

 

Podpolkovnik Litvinov dedi:

- Narahat olmayın, Həzi Əhəd oğlu, sənədlərini hazırlayıb günü sabah göndərərəm. Açığını deyim, belə qoçaq, nizam-intizamlı zabiti hər komandir əlindən verməz. Neyləmək olar, arada dost xahişi var, ona əməl etmək borcumuzdur.

Pəhləvan cüssəli, qaraşın Həzi Aslanov kefi durulmuş halda bir-iki addım geriyə atıb dostu Litvinovun əlini sıxıb, təşəkkür etdi:

- Çox sağ ol ki, dost xahişini yerə salmırsan. Hələlik, görüşənə qədər.

Həzi Aslanov gedəndən sonra podpolkovnik Litvinov fikirli-fikirli qazmaya göz gəzdirdi. Elə bil iki aydan çox yaşadığı komandir qazmasını ilk dəfə görürdü:

- Hə, kiçik Aslanov, - dedi, - bəxtin açıldı, gedirsən eloğlunun yanına, bunun hamısı sənin əla xidmətinə görədir. Həzi Əhəd oğlu qoçaq komandir və gözəl insandır. Gördün, beş-üç kəlmə kəsməklə elə ilk görüşdən sənə həm zabit, həm də insan kimi rəğbət bəslədi. İnanıram, sən leytenant Aslanov, orada həm bizim, həm də Həzi Əhəd oğlunun alayının adını şərəflə doğruldacaqsan. İcazə verirəm, sabahdan hazırlaş. Həzinin alayında qulluq etməyə yola düşəcəksən. Nə fərqi var, orada da Vətəni müdafiə edəcəksən. Bu barədə elə bu axşam rota komandirinə məlumat ver. Gedə bilərsən! - deyib podpolkovnik Litvinov ona bir daha uğur dilədi. Birdən gülümsünüb - hələ bir an ayaq çaxla görüm, Aslanov, amma müharibədən sonra Həzi Əhəd oğlu ilə məni Azərbaycan plovuna qonaq etməyi unutma ha...

 

Leytenant Qaçay Aslanov:

- Oldu, yoldaş komandir, - deyib, sağ əlini gicgahına aparıb əgsəri qaydada xudahafizləşməyə icazə istədi. - Allah qoysa frislərin axırına çıxaq, müharibə qurtarsın. Süfrədə Gəncə konyakı olmaq şərtilə Azərbaycanda qonağımız olarsınız. - deyib yeraltı qazmadan çıxdı.

General Həzi və Qaçay Aslanovlar Stalinqrad döyüşlərində

"Biz Stalinqrad altındakı döyüşlərdə tanış olduq. O vaxt Həzi tank alayının komandiri idi. Həzi Aslanovun alayı feldmarşal Manşteynin qoşun qruplaşması ilə ölüm-dirim mübarizəsi aparırdı. Bu döyüşdə Həzi Aslanovun alayı hünər və bacarıqla vuruşaraq düşmənin 17 tankını, çoxlu döyüş texnikasını və piyadasını məhv etmişdi. Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ad Həzi Əhəd oğluna həmin vaxt verilmişdi.

A.İ.Belov, SSRİ Rabitə Qoşunları Marşalı".

"Həzi Aslanovun tankçıları zirzəmsində faşist diviziyasının qərargahı yerləşən binanı tutdular. Biz, aslanovçular, bir neçə zabiti əsir alıb, mühüm sənədlər əldə etdik. Faşist diviziyasının komandiri öldürülmüşdü.

Podpolkovnik Həzi Aslanov düşmən birləşməsinin qərargahında stulda əyləşərək bizə dedi: "Qiyamət etdiniz, qardaşlar! Əhsən sizlərə!" Bizə qələbə qazandıran bu sözlərdəki etibar, coşğun məhəbbət idi. Bu tükənməz hünər və cəsarət idi. Düşmənin 20 yaralı, 75 zədələnmiş tankını, 100 avtomaşınını, 6 uzaqvuran topunu, çoxlu minamyot və avtomatlarını ələ keçirmişdik. Bundan əlavə, ərzaq və döyüş sursatı ilə dolu iki anbar tutmuşduq. Onlarca əsgər və zabiti əsir almışdıq.

A.Xarin, ehtiyatda olan qvardiya baş leytenantı, aslanovçu".

Stalinqraddan söhbət düşəndə 1942-ci il dekabrın 17-də və 18-də olan həlledici döyüş günlərini ehtiyatda olan qvardiya mayoru Qaçay Aslanov heç cür unuda bilmirdi. Müharibədən sonra həmin döyüş günlərini yada salan veteran Qaçay Aslanov şöhrətli generalımız, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovla həlledici döyüşlərdə olan epizodu qısaca yazdı. O, yazırdı: "Əməliyyat başlamazdan bir neçə saat əvvəl məni briqada komandiri polkovnik N.N.Belıy yanına çağırdı:

- Yoldaş baş leytenant, - dedi, - siz ixtisasca həkimsiniz və aldığım məlumata görə pis zabit-döyüşçü deyilsiniz. Komandanlıq sizə belə bir tapşırıq verir. Növbəti başlanacaq döyüş vaxtı komandiriniz podpolkovnik Həzi Aslanovu addım-addım izləyib onun müdafiəsinə başınızla cavabdeh olursunuz.

- Oldu, yoldaş polkovnik, - dedim, - icazə verin tapşırığı yerinə yetirmək üçün mürəxxəs olum.

Əlbəttə, bu tapşırıq mənim ürəyimcə idi. Bu günə qədər şöhrətli eloğlum Həzi Aslanovla ara-sıra görüşürdümsə, indi onunla birgə addımlamaq mənə qismət oldu. Bu barədə Həzinin yavərinə məlumat verdim. Yavər gülümsünüb dedi ki, sizə qərargah rəisinin təklifi ilə belə məsul vəzifə tapşırılır.

Dekabrın 17-də döyüş meydanında düşmən ordusundan çoxlu öldürülən və yaralanan olmasına baxmayaraq, faşistlər üzərimizə yeni qüvvə göndərməkdə davam edirdi. Texnika cəhətdən sayı çox olan düşmən qoşun hissələrimizi mühasirəyə almaq xəyalına düşmüşdü. Vəziyyətimiz qorxulu anlara yaxınlaşırdı. Ona görə də briqada komandiri polkovnik Belıy ehtiyatda saxlanan 55-ci tank alayının komandiri, podpolkovnik Həzi Aslanova belə bir əmr verdi:

- İndi sizin növbənizdi, - dedi. - Bizi bu ağır vəziyyətdən çıxarmağa yalnız sizin komandanlıq etdiyiniz alay qadirdir. Ümidimizi sizə bağlamışıq. Çünki bizə köməyə gələn ikinci zərbə artilleriyası (həmin artilleriyanın komandanı o vaxt general-polkovnik Radion Malinovski idi) hələ də gəlib çatmayıb. Alayınızda olan 35 tankın hamısı texniki cəhətdən tamamilə sazdı.

Alayımız dördüncü mexanikləşdirilmiş korpusun sərəncamında olduğuna görə komandan, general-leytenant Viktor Timofeyeviç Obuxova bu barədə məlumat verdilər. Razılıq alınandan sonra qarşıdakı çətin, əzablı, həm də çox məsuliyyətli döyüşə girməyə əmr verildi. Həmin anlarda mən QAZ-67 markalı zirehli maşının yanında dayanmışdım. Komandanlığın məntəqəsində nə danışılırdısa, hamısını aydınca eşidirdim.

Podpolkovnik Həzi Aslanov həmişə olduğu kimi komandir tankına mindi. Əlindəki kiçik göy və qırmızı bayraqlarla alayın və tankların arxasınca irəliləməsinə işarə verdi. Həzinin işarəsi ilə alay ön cəbhəyə irəliləmək əvəzinə, döyüş meydanının sol cinahına doğru hərəkət etdi.

Faşistlər ilk vaxtlar bizi çox sıxışdırırdılar. Hər yer top və pulemyot atəşinə tutulurdu. Bizdən tələfat get-gedə çoxalırdı. Artıq bir neçə tankımızı da yandırmışdılar. Hamımız ölümün gözünə dik baxırdıq. Sanki, canımızda qorxu hissi ölmüşdü. Andımız belə idi: əsir düşməmək, mövqedən bir addım da geri çəkilməmək. Bu, komandirimiz Həzi Aslanovun əmri idi. Dalınca da sərt səslə belə dedi: əlbəyaxa döyüşə hazır olun!

 

(ardı var)

 

 

Şəmistan NƏZİRLİ,

yazıçı-jurnalist

 

Xalq qəzeti.- 2012.- 4 noyabr.- S. 5.