Dəniz nəqliyyatı neft sənayesinin inkişafına mühüm töhfələr verir

 

Son illər ölkəmizin neft sənayesinə dövlət qayğısının artırılması, eləcə də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla reallaşdırılması bu sahənin inkişafını xeyli sürətləndirmişdir. Məhz bunun nəticəsidir ki, ötən müddətdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dünya səviyyəli modern bir quruma çevrilmiş, şirkətin bütün strukturlarının fəaliyyəti günün tələbləri səviyyəsində yenidən qurulmuşdur.

 

Bu baxımdan şirkətin Xəzər Dəniz Neft Donanması da böyük uğurlara imza atmışdır. Azərbaycanın dəniz neft sənayesinin yaşıdı olan donanma ötən illər ərzində Xəzər dənizinin kontinental şelfində neft-qaz istehsalı proseslərinin tam təmin edilməsi, o cümlədən dəniz özüllərinin, estakadaların tikilməsi, geoloji və coğrafi kəşflərin həyata keçirilməsi, neft-qaz kəmərlərinin çəkilməsi, onların istismar dövründə təmir edilməsi, neft obyektlərinin yanğından mühafizəsi, neftçilərin öz iş yerlərinə çatdırılması işlərinin yerinə yetirilməsi üçün bütün imkanlara malik olan dünyanın ən böyük neft donanmalarından birinə çevrilmişdir.

Təkcə onu qeyd etmək kifayətdir ki, ötən əsrin 70-ci illərindən etibarən neft-qaz ehtiyatlarının çox hissəsinin yerləşdiyi dəniz yataqlarının kəşf edilib istismara verilməsi neft sənayesinin digər infrastruktur obyektləri kimi, donanmanın da imkanlarını xeyli artırmışdır. Həmin illərdə dənizin dərin sahələrində yerləşən neft-qaz yataqlarının mənimsənilməsini təmin etmək üçün donanmaya uzaq xarici ölkələrdə inşa edilmiş gəmilər alınmışdır. Məlumat üçün bildiririk ki, hazırda donanmanın 206 gəmisi, eləcə də 7 ədəd üzən emalatxana və tərsanəsi var. Həmin nəqliyyat vasitələri isə Azərbaycanın neft-qaz sənayesinin daha da inkişaf etdirilməsi işinə mühüm töhfələr verirlər.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının da qarşısında yeni üfüqlər açmışdır. Belə ki, "Əsrin müqaviləsi" imzalandıqdan sonra donanma 1995-ci ilin əvvəllərindən etibarən ilk yerli təşkilat kimi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə əməkdaşlığa başlamışdır. Sonralar digər əməliyyat şirkətləri ilə də əməkdaşlıq əlaqələri yaradılmış və onlara donanmanın gəmiləri vasitəsi ilə xidmət göstərilmişdir. Bir qədər sonra donanma icarədə olan yedək gəmilərinin istismarını Böyük Britaniyanın "BUE Caspian" şirkətinə həvalə etmişdir. Gəmi heyətinin əksəriyyəti isə Xəzər Dəniz Neft Donanması tərəfindən təklif olunmuş mütəxəssislər arasından seçilmişdir.

"bp" şirkəti ilə ARDNŞ arasında imzalanmış müqavilələr arasında "Azəri-Çıraq-Günəşli yataqlar blokunun tammiqyaslı işlənməsi" layihəsi çərçivəsində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi üçün "İsrafil Hüseynov" borudüzən gəmisi, "Tofiq İsmayılov" dalğıc gəmisi, "Azərbaycan" kran gəmisi və "STB-1" barjı "bp"nin podratçıları seçilmiş "MakDermot" və "Saipem" şirkətlərinin sərəncamına verilmişdir. Həmin gəmilər yataqlarda platformaların tikintisində və quraşdırılmasında, dəniz özüllərindən sahilə sualtı neft kəmərlərinin çəkilməsində misilsiz xidmətlər göstərmişdir.

"Akademik Tofiq İsmayılov" dalğıc gəmisi ABƏŞ-in şifarişinə əsasən Xəzərin Azərbaycan sektorunda platforma dayaqlarının, sualtı boru xətlərinin yoxlanılması işlərinin yerinə yetirilməsini cari ildə də davam etdirmişdir. Bahar Enerji Əməliyyat Şirkətinin sifarişinə əsasən "PS", "PSK", "Orion" tipli gəmilər və "Ulluçay" kran gəmisi isə "Bahar" və "Qum-Dəniz" yataqlarında müxtəlif əməliyyatlara cəlb edilmişlər.

Ötən müddətdə Xəzər Dəniz Neft Donanması-BUE alyansı vasitəsi ilə Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərən xarici neft şirkətlərinə uzunmüddətli müqavilələr əsasında xidmətlərin göstərilməsi davam etdirilmişdir. "BUE Caspian" şirkəti tərəfindən gətirilmiş 14 gəmi alyans tərəfindən birgə istismar olunmuşdur. Bundan əlavə, alyans tərəfindən cari il Bakıya gətirilmiş "Topaz Arrow" geoloji-kəşfiyyat və "Caspian Provider" təchizat yedək gəmiləri də birgə istismar olunur. Xəzər Dəniz Neft Donanması ilə Geofizika və Geologiya idarəsi arasında imzalanmış müqaviləyə əsasən "Zöhrab Vəliyev" gəmisi Xəzərin Qazaxıstan sektorunda mühəndis geoloji-kəşfiyyat işlərini yerinə yetirmişdir. Bundan əlavə, ARDNŞ və "Caspian Marine Services Limited" şirkəti arasında imzalanmış alyans müqaviləsinə əsasən donanmanın bir sıra gəmiləri Xəzərin Türkmənistan, Rusiya və Qazaxıstan sektorlarında qısa və uzunmuddətli əməliyyatlara cəlb olunmuşdur.

Neft sənayesinin inkişafında misilsiz rol oynayan gəmilər, əsasən, Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavodunda təmir keçirlər. Kiçik həcmli gəmilər və katerlər isə struktur idarələrin gəmi təmiri emalatxanalarında təmir olunurlar. Xəzər Dəniz Neft Donanmasından verilən məlumata görə, ötən il 100 gəmi təmirdən çıxmış və registr sənədi almışdır. İl ərzində ümumi yükdaşıma proqnozu üzrə nəzərdə tutulan 600 min ton əvəzinə, 612 min 408 ton yük daşınmış, tapşırığa 102,1 faiz əməl olunmuşdur.

Donanmanın bu ilin doqquz ayı ərzindəki göstəriciləri də uğurlu olmuşdur. Belə ki, hesabat dövründə 68 gəmi təmirdən çıxmış və regist sənədi almışdır. Yanvar-sentyabr aylarında ümumi yükdaşıma proqnozu 101,4 faiz yerinə yetirilmiş, əvvəlcədən nəzərdə tutulmuş 457 min ton əvəzinə 463 min 515 ton yük daşınmışdır.

Təmirdən çıxan və istismar olunan hər bir gəmi Beynəlxalq Dəniz Təşkilatının və Dəniz Gəmiçilik Registrinin tələblərinə cavab verən müasir elektroradionaviqasiya, xilasedici və normal istismarı təmin edən digər avadanlıqla təmin olunmuşdur.

Yeri gəlmişkən, ölkə Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi qarşısında şirkəti beynəlxalq standartlara, müasir tələblərə cavab verən modern və güclü bir quruma çevirmək vəzifəsini qoymuşdur. Hazırda bu istiqamətdə həyata keçirilən ən önəmli addımlardan biri də dünyanın qabaqcıl ölkələrində işləyən İSO serial beynəlxalq idarəetmə standartlarının ARDNŞ müəssisələrində tətbiqidir. Sözügedən standartların tətbiqi və müvafiq sertifikatların alınması məsələlərinin aktuallığını nəzərə alan Xəzər Dəniz Neft Donanması da son illər bu istiqamətdə müəyyən işlər görmüşdür. Belə ki, donanma ilk dəfə 2007-ci ildə keyfiyyətli idarəetmə sistemi (İSO 9001) və ekoloji menecment sistemi (14001) üzrə sertifikatlaşdırılmışdır. Bir il sonra isə donanma peşə təhlükəsizliyi və əməyin mühafizəsi menecment sistemi (18001) üzrə sertifikat almışdır.

Hazırda donanmada gəmilərin təhlükəsiz istismarının təmin edilməsi üçün kadr hazırlığına da xüsusi diqqət yetirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda donanmada tutduğu vəzifəyə uyğun təhsil almış, kurslar keçmiş və müvafiq sənədlər almış üzən heyət çalışır ki, bu da istənilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə imkan yaradır.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2012.- 4 noyabr.- S. 4.