Hüquqi dövlət quruculuğu və insan hüquqları

 

1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya aktında hüquqi dövlət quruculuğu ideyasını həqiqətə çevirmək məqsədini qarşısına qoydu. Belə ki, Konstitusiya aktının 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması təsbit olunmuşdur.

 

Həmin sənədin III fəslinin 19-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası "İnsan hüquqları haqqında Ümumi Bəyannamə"yə, Helsinki Assambleyasının Yekun aktına və hamılıqla qəbul edilmiş beynəlxalq hüquq sənədlərinə qoşularaq onlarda nəzərdə tutulan bütün hüquq və azadlıqlara vətəndaşların cinsindən, irqindən, milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən asılı olmayaraq əməl edilməsini, bu hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqları qanunda nəzərdə tutulmuş xüsusi hallardan başqa, hər hansı formada məhdudlaşdırıla bilməz.

Konstitusiya aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulunda hüquqi baza rolunu oynadı.

Hüquqi dövlətin qurulmasının birinci şərti insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir.

Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında əks olunmuş prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini dərk edərək, suveren hüququndan istifadə edərək 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi (referendum) yolu ilə öz milli Konstitusiyasını qəbul etdi.

Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan, bir tərəfdən insan və dövlət, digər tərəfdən isə insan və cəmiyyət arasında münasibətlərin əsaslarını nizamlayan hüquq normaları sistemidir. Bu hüquq normaları bir və ya bir neçə normativ-hüquqi aktda- əsas qanunlarda cəmlənə bilər. Həmin normalar çoxsaylı normativ-hüquqi aktlardan, eləcə də, məhkəmə presedentlərindən və konstitusiya adətlərindən ibarət ola bilər.

Müstəqilliyini elan etmiş və beynəlxalq hüququn subyekti olan Azərbaycan Respublikasında demokratik cəmiyyətin atributu olan, vətəndaş cəmiyyətinin bərqərar edilməsini, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyaya ehtiyac duyulurdu.

Müasir dünyada hər hansı cəmiyyətin, dövlətin demokratik xarakterli xeyli dərəcədə ölkədə şəxsiyyətin konstitusiya yolu ilə təsbit edilmiş hüquq və azadlıqları sisteminin miqyası, təbiəti və təminatı mexanizminin səmərəliliyi ilə müəyyən edilir.

Demokratik hüquqi dövlətdə Konstitusiya nəinki dövlətin, habelə xalqın dövlətçilik iradəsini, suverenliyi ifadə etdirən cəmiyyətdə əsas qanundur. Konstitusiya insanın və vətəndaşın əsas hüquq və azadlıqlarını, hakimiyyətin ictimai-siyasi institutlarını və xalqın özünüidarə sistemini təsbit edir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi əsası kimi çıxış edir.

Azərbaycan Respublikası Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin əsas məqsədi kimi təsbit olunmuşdur. Konstitusiya suverenliyi, müstəqilliyi və dövlət hakimiyyətinin aliliyini təsbit edən hüquqi təsis sənədidir. O, konstitusiya quruluşuna sistemli baxışa əsas verir, dövlət institutları sistemində balans yaradır, Konstitusiya quruluşunun sabitliyini təmin edir.

Azərbaycan Respublikasının Konstitusiyası onun konstitusion quruluşunun əsaslarını, insan və vətəndaşların hüquqi statusunu, vətəndaş cəmiyyətinin əsas cəhətlərini, unitar dövlət quruluşunu, Azərbaycan Respublikasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanlarının təşkili və fəaliyyəti prinsiplərini, yerli özünüidarəetmənin əsaslarını təsbit edir.

Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında "İnsan hüquqlarının Ümumi Bəyannamə"sində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları ideyasına əməl etmək istəyindən xəbər verir.

Azərbaycan Respublikasının Konstitusiyasında şəxsiyyətin azadlıq, toxunulmazlıq hüququ, söz, fikir, mətbuat, vicdan azadlığı, sərbəst toplaşmaq hüququ, mülkiyyət və azad sahibkarlıq hüququ kimi vətəndaş hüquqları təsbit edilmişdir.

Konstitusiyada özünün əksini tapmış insan hüquqlarının digər mühüm qrupunu sosial hüquqlar təşkil edir. Dövlət şəxsiyyətin əmək, sosial təminat, sağlamlıq, təhsil, yaradıcılıq və digər mühüm hüquqlarına təminat verməklə ölkədə insan hüquq və azadlıqlarının tam sisteminin yaradılmasının əsasını qoymuşdur.

Ölkənin əsas Qanununun 12-ci maddəsinin I hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit olunmuş bu ali məqsədin təmin edilməsi istiqamətində bir sıra hüquqi islahatlar həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş insan və vətəndaş hüquqlarının daha effektiv təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti bu sahədə mühüm fərman və sərəncamlar imzalamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidenti 21 fevral 1996-cı il tarixində "Azərbaycan Respublikası Prezidenti yanında hüquqi islahatlar komissiyasının yaradılması haqqında" sərəncam imzaladı. Həmin sərəncama əsasən, ölkədə geniş hüquqi islahatlar keçirilməsi planlaşdırıldı.

22 fevral 1998-ci il tarixində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində vacib bir fərman imzalandı. Fərmanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının layihəsinin hazırlanması, insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılmasına dair təkliflərin hazırlanması, qaçqınların və məcburi köçkünlərin, əlillərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin iqtisadi və sosial hüquqlarının daha səmərəli təmin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması, insan hüquqları üzrə elmi-tədqiqat institutunun yaradılmasına dair təkliflərin hazırlanması, hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunu təmin etmək və s. kimi məqsədlərə nail olmaq üçün tədbirlər planı müəyyən olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli fərmanından irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq, Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli 832 saylı sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı xüsusilə qeyd etmək lazımdır. Dövlət Proqramında İnsan Hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkil təsisatın yaradılması, Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-təhqiqat institutun yaradılması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər mühüm məsələlər nəzərdə tutulmuşdur. Dövlət Proqramında təsbit olunmuş məsələlərin həlli istiqamətində bir sıra islahatlar həyata keçirilmişdir. Azərbaycan 220-dən artıq beynəlxalq konvesiyaya qoşulmuşdur ki, bunların təxminən yarısı insan hüquq və azadlıqları ilə bağlıdır. Azərbaycan beynəlxalq hüquq normalarının üstünlüyü prinsipini qəbul edərək öz milli qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində geniş islahatlar həyata keçirmişdir. Bildiyimiz kimi hüquqi, demokratik cəmiyyətin mühüm atributlarından biri insan və vətəndaş hüquqlarının qorunmasıdır. Azərbaycan bu istiqamətdə mühüm hüquqi islahatlar həyata keçirmiş, insan hüquq və azadlıqlarının təmin olunmasını müəyyən edən və beynəlxalq hüquq normalarına müvafiq normativ hüquqi baza yaradılmış, yeni mütərəqqi hüquq müdafiə mexanizmləri təsis edilmişdir. Belə səmərəli hüquq müdafiə mexanizmlərdən biri də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatıdır.

28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul edilmişdir. Müvəkkil təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün maddi və hüquqi baza rolunu oynamışdır. Azərbaycan Respublikası insan hüquq və əsas azadlıqlarının həyata keçirilməsinin təmini, respublikada məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yeni müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunması məqsədilə 2002-ci il avqustun 24-də referendum keçirilmişdir. Referendum nəticəsində həyata keçirilən bir sıra mütərəqqi dəyişikliklərlə yanaşı ölkəmizdə davam edən məhkəmə hüquq islahatının nəticələri, üçpilləli məhkəmə sisteminin, xüsusilə də apelyasiya məhkəmələrinin hakimlərinin Parlament tərəfindən təyin olunması, Konstitusiya məhkəməsinə hər kəsin şikayət verə bilməsi, məhkəmələrə müraciət etməsi kimi mühüm müddəalar öz əksini tapmışdır.

Konstitusiyada ilk dəfə olaraq hər kəsin onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət vermək hüququ təsbit olunmuşdur.

Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq, Avropa standartlarına uyğunlaşdırılması prosesinin məntiqi davamı kimi 24 dekabr 2002-ci il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu əsasən, ölkədə insan hüquq və azadlıqlarının həyata keçirilməsini "İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında" Konvensiyaya uyğunlaşdırmaq məqsədini daşıyır.

Dövlət başçısı tərəfindən 28 dekabr 2006-cı il tarixdə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncam imzalanaraq, qüvvəyə minmişdir. Sərəncama əsasən, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.

Qeyd olunmalıdır ki, Milli Fəaliyyət Proqramında dövlətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin konsepsiyası inkişaf etdirilərək müxtəlif istiqamətlər üzrə kompleks tədbirlərin həyata keçirilməsi, onların icrası, əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizmi və qarşıya qoyulan məqsədlər müəyyən olunmuşdur. Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının daha səmərəli təmin edilməsi istiqamətində konkret tədbirlər nəzərdə tutmuşdur. Belə ki, proqramda qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, Azərbaycan Respublikasının insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbul edilməsi, ölkədə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi sahəsində fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi ehtiva olunur.

18 mart 2009-cu il tarixində Azərbaycanda daha bir referendum baş tutur. Qəbul olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib. Bu əlavə və dəyişikliklər ölkəmizin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulması, eləcə də məhkəmə islahatları nəticəsində yaranan öhdəliklərə əməl olunması, Milli Məclisin fəaliyyətinin və seçki sisteminin daha da təkmilləşdirilməsi kimi mühüm məqsədlərə xidmət edirdi. Bu mənada, qeyd olunan əlavə və dəyişikliklər Konstitusiyanı yeni müddəalarla zənginləşdirib.

27 dekabr 2011 tarixində Azərbaycanda yeni Milli Fəaliyyət Planı təsdiqləndi. Prezident İlham Əliyev Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Sənədin preambula hissəsində bildirilir ki, demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir.

Respublikada keçirilən hüquqi islahatlardan danışarkən, ölkədə korrupsiyaya qarşı aparılan mübarizəni xüsusi olaraq qeyd etmək lazımdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilmişdir. 2012-2015-ci illəri əhatə edəcək Fəaliyyət Planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır.

Qeyd edək ki, Azərbaycan 2011-ci ildə beynəlxalq səviyyədə başlanılan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri olmuşdur. Beynəlxalq təşəbbüs kimi fəaliyyətə başlayan Açıq Hökumət Tərəfdaşlığının hədəfi dövlət idarəçiliyində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqini dəstəkləməkdir. Açıq Hökumət tərəfdaşlığının prinsiplərini rəhbər tutan Milli Fəaliyyət Planı dövlət orqanları tərəfindən öz fəaliyyətləri barədə məlumatların ictimaiyyətə daha geniş formada çatdırılması, qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin rolunun artırılması, elektron xidmətlərin genişləndirilməsi və əhaliyə təqdim olunan xidmətlərin keyfiyyətinin artırılması üçün tədbirlər müəyyən edir.

Hər iki fəaliyyət planının layihəsi Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən hazırlanmışdır. Komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev bildirmişdir: "5 sentyabr 2012-ci il tarixli sərəncam dövlətin bu sahədə siyasətinin davamlı xarakter daşıdığını göstərir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin davam etdirilməsində qətiyyətini və siyasi iradəsini bir daha nümayiş etdirir. Fəaliyyət planlarının qəbul edilməsi Azərbaycanın Açıq Hökumət prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Bu islahatların həyata keçirilməsi ölkədə dövlət qurumlarının nüfuzunu daha da artıracaq, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verəcək və vətəndaşların dövlətə etimadını daha da artıracaqdır". Fəaliyyət Planlarının mühüm bir cəhəti ondan ibarətdir ki, onların hazırlanmasında dövlət orqanları ilə yanaşı, ictimai dinləmələrdə fəal iştirak etmiş vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq təşkilatların rəy və təklifləri nəzərə alınmışdır. Eyni zamanda, Fəaliyyət Planlarının icrasına və onların dəyərləndirilməsi prosesinə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi, geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Göründüyü kimi, Azərbaycan Respublikası müstəqilliyini bəyan etdikdən bu günə kimi demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilmiş hüquqi islahatlar nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və qorunması sahəsində ölkəmizdə mühüm hüquqi baza yaranmışdır.

Azərbaycanın yaşadığı yeni mərhələdə insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsi, qarşıdan gələn illər üçün dövlətin normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi vəzifələri prioritet istiqamətlər kimi, inkişaf edir.

 

 

Nəcibə MUSTAFAYEVA,

Azərbaycan Respublikasının Prezidenti

yanında Strateji Araşdırmalar

Mərkəzinin əməkdaşı

 

Xalq qəzeti.- 2012.- 4 noyabr.- S. 3.