Yeni Azərbaycan Partiyasının
yaradılmasının 20-ci ildönümü
münasibətilə Dövlət Sosial
Müdafiə Fondunda tədbir keçirilmişdir
Yeni Azərbaycan Partiyasının
yaradılmasından 20 il ötür. Bu münasibətlə
Dövlət Sosial Müdafiə Fondunda geniş toplantı
keçirilmişdir. Tədbirdə çıxış edən
Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının
İdarə Heyətinin üzvü, DSMF-nun sədri Səlim
Müslümov müstəqilliyimizin ilk illərində ölkədə
baş verən ictimai-siyasi prosesləri xatırladaraq həmin
dövrdə xarici qüvvələrin təzyiqi və daxili
hakimiyyət çəkişmələrinin Azərbaycan
dövlətini parçalanmaq təhlükəsi ilə
üz-üzə qoymasından danışmışdır.
Fondun
sədri bildirmişdir ki, elə bir vəziyyətdə
xalqı ağır durumdan çıxarmağa, onun sabaha
inamını qaytarmağa qadir olan siyasi partiyanın
yaradılması zamanın tələbi idi və ümummilli
lider Heydər Əliyev xalqın istək və arzularına
uyğun olaraq yeni bir siyasi qüvvənin - Yeni Azərbaycan
Partiyasının yaradılmasını reallığa
çevirdi. S.Müslümov xüsusi olaraq
vurğulamışdır ki, Yeni Azərbaycan Partiyası
yarandığı ilk gündən o dövrün
haqsızlıqlarına sinə gərərək öz sivil
mübarizə metodları ilə mübariz təşkilat kimi
formalaşmağa başlamış və xalqın
partiyası adını qazanmışdır. İlk gündən
mühüm addımlar atan Yeni Azərbaycan Partiyası
müstəqilliyimizin əbədi olmasına, dövlətçiliyimizin
möhkəmlənməsinə və inkişafına nail
olmuşdur: "Ulu öndərimiz Heydər Əliyevin adı
ilə birbaşa bağlı olan Yeni Azərbaycan Partiyası
xalqımızın və respublikamızın müstəqilliyi
istiqamətində böyük mübarizə yolu
keçmişdir. Yeni Azərbaycan Partiyası qısa müddətdə
təşkilatlanaraq ölkənin ən mütəşəkkil
siyasi qüvvəsinə çevrilmişdir".
DSMF
sədri nitqində ulu öndər Heydər Əliyevin müəyyən
etdiyi siyasi kursun uğurla davam etdirildiyini və bu gün Azərbaycan
dövlətinin dünya dövlətləri arasında
özünməxsus yer tutduğunu diqqətə
çatdırmışdır: "Hazırda üzvlərinin
sayı 600 minə yaxınlaşan Yeni Azərbaycan
Partiyasının hər bir üzvü təmsil olunduğu
siyasi partiyanın bu inkişafdakı rolu ilə fəxr edir.
Biz görürük ki, ulu öndər Heydər Əliyev siyasətinin
layiqli davamçısı, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və
xarici siyasəti nəticəsində regionun lider dövlətinə
çevrilən ölkəmiz daha da güclənməkdə
davam edir".
Yeni
Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri
Fikrət İsmayılov çıxışı zamanı
1992-ci il oktyabrın 14-də Milli Elmlər Akademiyasında
"Əlincə" Xeyriyyə Cəmiyyətinin
toplantısının keçirildiyini
xatırlatmışdır. O, bildirmişdir ki, bu toplantıda
yeni partiya yaradılması və ona Naxçıvan Ali Məclisinin
sədri Heydər Əliyevin rəhbərlik etməsi qərara
alınmışdır: "Həmin toplantıda Heydər Əliyevə
müraciət qəbul olunmuşdu. Bu müraciət 1992-ci il
oktyabrın 16-da "Səs" qəzetində çap
edilmişdi. Ulu öndər Heydər Əliyev
ziyalıların bu müraciətini cavabsız qoymadı. Nəhayət,
1992-ci il noyabrın 21-də çətin şəraitdə
Yeni Azərbaycan Partiyasının təsis konfransı
keçirildi".
F.İsmayılov
onu da qeyd etmişdir ki, 1993-cü il fevralın 20-də Yeni Azərbaycan
Partiyası Yasamal rayon təşkilatının ilk təsis
konfransı keçirilmişdir. Bu günə qədər təşkilatın
8 konfransı keçirilmişdir və partiya üzvlərinin
sayı 26 minə yaxındır.
Sonra
Bakı Metropoliteninin rəisi, Yeni Azərbaycan Partiyası
Yasamal rayon təşkilatının sədr müavini
Tağı Əhmədov çıxış edərək
vurğulamışdır ki, Azərbaycanın ictimai-siyasi həyatında
çoxşaxəli fəaliyyəti ilə xüsusi yer tutan
Yeni Azərbaycan Partiyası 20-ci ildönümünü qeyd
edir və tarixə nəzər salarkən, bu 20 ilin heç də
asan keçmədiyini müşahidə etmiş oluruq. Ulu
öndər Heydər Əliyev demokratik, hüquqi dövlət,
vətəndaş cəmiyyəti quruculuğunda siyasi
partiyanın rolunu rəhbərə xas olan uzaqgörənliklə
qiymətləndirərək 1992-ci il noyabrın 21-də
yaradılmış Yeni Azərbaycan Partiyasının sədri
olmaq məsuliyyətini üzərinə
götürmüşdü. Azərbaycan xalqının təkidli
tələbi ilə ikinci dəfə hakimiyyətə gələn
ümummilli lider 1993-cü ildə sədri olduğu Yeni Azərbaycan
Partiyasını iqtidara gətirmişdir. Məhz, Yeni Azərbaycan
Partiyasının yarandığı, təşəkkül
tapdığı, inkişaf etdiyi və ümumxalq
partiyasına çevrildiyi illər ərzində ulu öndər
Heydər Əliyevin siyasi təcrübəsi və iradəsi
nəticəsində respublikamızda siyasi böhrana, vətəndaş
müharibəsi təhlükəsinə,
separatçılıq meyillərinə, dövlət
çevrilişi cəhdlərinə, terror aktlarına son
qoyuldu, vətəndaş həmrəyliyi təmin edildi,
ölkə daxilində ictimai-siyasi sabitlik bərqərar
edildi.
Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə
əlaqələr sektorundan bildirmişlər ki, tədbirdə
Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında
fəal iştirak etdiklərinə görə və partiyanın
20 illiyi münasibətilə təşkilatın fəal
üzvlərindən bir neçəsinə fəxri fərmanlar
verilmişdir.
Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinə həsr olunmuş toplantının sonunda Aqil Abbasın ssenarisi əsasında çəkilmiş, Qarabağ müharibəsində Vətən uğrunda son nəfəsinə qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlığından bəhs edən "Dolu" bədii filmi nümayiş etdirilmişdir.
Z.BƏŞİRQIZI
Xalq qəzeti.- 2012.- 4 noyabr.- S. 3.