Regionların inkişafı Azərbaycanın tərəqqisi deməkdir

 

Gədəbəy yayı uğurla yola saldı, indi payız qayğıları ilə yaşayır. Qışın bu il daha sərt keçəcəyi barədə gəzən söz-söhbətlərə baxmayaraq, adamlar nikbindirlər, əhval-ruhiyyələri də yaxşıdır. Çünki dağlar qoynuna sığınan rayonda onların qayğısına qalanlar var...

 

Bu yerlərə qış tez gəlsə də...

 

Gədəbəyin təbiəti, havası nə qədər gözəl olsa da, ona etibar etmək olmaz. Bir də gördün yayın ortasında dolu düşdü, havanın hərarəti dəyişdi, payız çıxmamış soyuqlu-şaxtalı qış gəldi. Gərək hər havaya hazır olasan, başladığın işi sabaha qoymayasan. Elə ki, yerə qar düşdü, bir də apreli, mayı gözləməli olacaqsan.

Bəlkə elə bu səbəbdən də, son günlər Gədəbəyin özündə və kəndlərində işlərin sürəti bir qədər də artıb. Əvvəllər bir yerə toplaşıb söhbət edən, bekarçılıqdan bezən adamlara indi demək olar ki, rast gəlmirsən. Hara baxırsan iş gedir, küçələr təmizlənir, ağaclar əkilir, yaşıllıqlar salınır...

Bu günlərdə rayon icra hakimiyyətində bu ilin 9 ayına yekun vuruldu. Çıxış edənlərin, təklif irəli sürənlərin, şikayətlənənlərin də bir məqsədi olduğu gün kimi aydın idi. Gədəbəyi gözəlləşdirmək, ölkənin gözəl guşələrindən birinə çevirmək...

Əslində Gədəbəyə tanrı nə lazımdır, bəxş edib. Elə adamları da sadə, zəhmətkeş insanlardır, xeyirxah təşəbbüsü alqışlayan, ona həvəslə qoşulandırlar.

Rayonda əhalinin bütün təbəqələrinin qayğısı diqqət mərkəzindədir. Burada pensiya və müavinətlər plastik kartlar vasitəsilə verilir. Hazırda rayondakı bankomatların sayı 10-a çatmışdır. Bundan başqa səyyar bankomat da var. Qarda-soyuqda bayıra çıxa bilməyən qocanın, xəstənin, imkansızın köməyinə gəlir.

Qaz, elektrik enerjisi, su məsələləri daim rayon icra hakimiyyətinin diqqət mərkəzindədir. İndi Gədəbəydə şəhərin özü və 17 kənd təbii qaz alır. Dövlət Proqramına əsasən Gədəbəy-Novosaratovka, Novosaratovka-Şınıx magistral qaz kəməri çəkilib başa çatdırılmışdır. Artıq sərhəd kəndlərindən Şınıx, Kollu, Hüseynqulular, Gərmöyüşlü, Təkyemişan və Rəhimli kəndlərinə daşıyıcı və paylayıcı qaz xətləri çəkilmişdir. Hazırda yaşayış evlərinə qaz sayğacları quraşdırılır. Gədəbəyin ən ucqar, sərhəd kəndlərində "mavi yanacaq var! Adamların sevincinin həddi-hüdudu yoxdur. Arzular çin olur. İndi qışın da qorxusu bir o qədər yoxdur. Meşələr də rahat nəfəs alacaq.

Gədəbəydə ən müasir tələblərə cavab verən su və kanalizasiya xəttinin çəkilməsi bu yerlərə ölkə rəhbərinin necə böyük diqqət və qayğı göstərməsinin bariz nümunəsidir. Artıq layihə-smeta sənədləri hazırdır, tezliklə iş başlanacaqdır. Amma bunu gözləmədən daxili imkanlardan, qeyri-hökumət təşkilatlarının gücündən istifadə olunur. Xüsusilə içməli su məsələsinə ciddi fikir verilir. Bu yaxınlarda 437 təsərrüfatın, 315 ev təsərrüfatının və 1429 nəfər əhalinin yaşadığı Alnabat kəndinə Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" qrant yardım proqramı çərçivəsində Orta yurd adlanan ərazidən 8 kilometrədək məsafədə su xətti çəkilmiş və ümumi tutumu 50 ton olan su anbarı tikilmişdir. Hazırda isə "Azərsu" ASC tərəfindən Pərizamanlı kəndində hər birinin tutumu 100 kubmetr olan 2 su anbarının tikintisinə başlanılmışdır. Məqsəd bu kəndin içməli su ilə təchizatını yaxşılaşdırmaqdır.

 

Yeni yollar, körpülər...

 

Gədəbəydə yol, körpü problemi həmişə olub. Əhalinin bir kənddən başqa bir kəndə, rayon mərkəzinə, yaxın şəhər və rayonlara gediş-gəlişindəki çətinlikləri isə qısa vaxt ərzində tamamilə aradan qaldırmaq mümkün olası iş deyil. Amma 6 il qabaq, dəqiq desək, 2006-cı ilin noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk dəfə Gədəbəydə olarkən rayon əhalisini çox sevindirdi. Ölkə başçısı müvafiq qurumlara tapşırıq vermişdi ki, qısa vaxt ərzində Gədəbəy-Şəmkir magistral yolunu tamamilə yenidən qursunlar. Belə də oldu. Çox keçmədi ki, nümunəvi bir yol istifadəyə verildi. Əvvəllər rayon mərkəzinə 2-3 saata gedib çıxmaq olmurdu. Amma indi Şəmkirdən bura 20-25 dəqiqəyə gəlmək mümkündür. Düz, hamar, geniş. İstər qış olsun, istərsə də yay, yol həmişə açıqdır, rahatdır. Bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin daha bir sərəncamı oldu. "Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 6 sentyabr 2012-ci il tarixli sərəncama əsasən "Gədəbəy-Novosaratovka-Qaravəlilər" avtomagistral yolunun tikintisi üçün 3 milyon manat vəsait ayrıldı. Özü də bu vəsait hələlik ilkin vəsait kimi ayrılıb. Çünki həm də böyük strateji əhəmiyyətə malik bu yol məsafəcə kiçik yol deyil. O, 59 min nəfər əhalinin yaşadığı 87 yaşayış məntəqəsini əhatə edir. Yoldan qonşu Tovuz rayonunun da əhalisi istifadə edir.

Hazırda yolun inşası aparılır. Bu yaxınlarda işlərin gedişi ilə tanış olmaq üçün rayonda olduq və gördüklərimiz bizi sözün həqiqi mənasında təəccübləndirdi. Qısa vaxt ərzində yolun böyük bir hissəsi asfaltlanmışdı. Özü də çox yüksək səviyyədə, keyfiyyətli bir iş görülür. Yolu salan "Gəncə Körpü-Tikinti-2" ASC-nin kollektivi daim belə keyfiyyətli işi ilə seçilir. Bu təcrübəli kollektivin Gədəbəydə indiyədək tikdiyi körpülərdən, yollardan heç kim narazı qalmayıb. Təbii ki, bu yol da adamları sevindirəcək və razı salacaq.

Yuxarıda qeyd etdiyimiz kimi, Gədəbəyin dağlıq ərazidə yerləşməsi, qış aylarında havanın soyuq və şaxtalı, düşən yağıntının bir çox hallarda leysan xarakterli olması nəticəsində avtomobil yolları, körpülər sıradan çıxır, yararsız hala düşür.

Buna görə də yollara daim xüsusi diqqət olmalıdır. Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovla bu mövzuda söhbət edərkən dedi:

- Elə işlər var ki, biz onun həlli üçün yuxarı təşkilatları gözləyə bilmərik. Əgər hər hansı bir körpü uçub dağılıbsa və əhali əziyyət çəkirsə biz nə etməliyik? Əlbəttə, bütün qüvvələri səfərbər etməli, daxili imkanları işə salmalıyıq. Belə də edirik. Məsələn, bu yaxınlarda Arıxdam-Söyüdlü-Soyuqbulaq yolunun 21-ci kilometrliyindəki körpünü sel yuyub aparmışdı. Fikirləşdik ki, körpü təcili tikilib istifadəyə verilməsə, orada yaşayan əhalinin rayon mərkəzi ilə əlaqəsi kəsiləcək və ya alternativ yoldan istifadə etsələr, ən azı 10 kilometr əlavə yol qət etməli olacaqlar. Görün adamlara nə qədər əziyyət olur! Tez bir zamanda bir aşırımlı 8 metr uzunluğunda yeni bir körpü inşa etdik...

...Gədəbəydə bu ilin ötən 9 ayı ərzində yolların cari təmirinə və saxlanmasına yarım milyon manatdan çox vəsait xərclənib. Onun 180 min manatdan çoxu üçüncü rübün payına düşür. Bu müddətdə Gərgər-Şəkərbəy yolu da təmir olunmuşdur.

Ümumiyyətlə, Gədəbəydə yolların, körpülərin işlək vəziyyətdə saxlanmasına rayon icra hakimiyyəti xüsusi diqqət yetirir. Son vaxtlar yol kənarlarındakı səkilərin salınması, yenilərinin çəkilməsi istiqamətində aparılan işlər əhali tərəfindən razılıqla qarşılanır. Bu baxımdan, az qala yolun ortasına kimi uzanıb çıxan eybəcər tikililərin, üzdəniraq mağazaların, köşklərin sökülərək şəhərin kənarına çıxarılması da sakinlərin ürəyincə olub. Belə ki, şəhərin girişində tikinti materiallarının satışı ilə məşğul olan yöndəmsiz ticarət obyektləri həmin ərazidən çıxarılmış və başqa bir yerdə onlar üçün tikinti materialları bazarı tikilmişdir. Bundan başqa, Arıxdam kəndi ərazisində yeni bazarın tikintisinə, şəhər ərazisində isə mal-qaranın satışı üçün bazarın inşasına başlanmışdır.

...Biz rayonda olarkən ən müxtəlif küçə və məhəllələrdə onlarla texnika, maşın-mexanizm gördük. Hərəsi bir iş görürdü. Ayrı-ayrı müəssisə və təşkilatların rəhbərləri, işçiləri də şəhərin abadlaşdırılmasında, yolların genişləndirilməsində, yaşıllıqların salınmasında yaxından iştirak edirdilər. Zərifə Əliyeva küçəsi artıq genişləndirilmiş və asfalt salınmışdı. Mədəniyyət Evinin binası tamamilə yenidən qurulur. İstər onun xarici, istərsə də daxili görkəmi ən nümunəvi şəkildə olacaq.

Öyrəndik ki, Şəhidlər Xiyabanı yenidən bərpa olunur. Buradakı qəbirüstü abidələr daha keyfiyyətli materiallardan inşa edilir. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə aparılan bu iş böyük razılıqla qarşılanıb.

Rayon məhkəməsinin, statistika idarələrinin inzibati binalarında, Aşıq musiqi məktəbində son tamamlama işləri görülür.

 

"İcra nümayəndəsi özü nümunə olmalıdır"

 

Rayon icra hakimiyyətinin başçısı R.Yediyarovun sözlərini yarımsərlövhəyə təsadüfən çıxarmamışıq. Çünki son vaxtlar təkcə Gədəbəydə deyil, digər bir sıra şəhər və rayonlarda da icra hakimiyyəti başçısının qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin işindən çox yazılır, bir sıra hallarda həqiqətə uyğun olmayan, məsələnin mahiyyətinin öyrənilmədən söylənilməsi faktlarına təsadüf edilir.

Konkret olaraq Gədəbəydə bu sahədə vəziyyət necə olub və indi necədir? Suallara aydınlıq gətirmək üçün rayon icra hakimiyyəti aparatında olduq, ümumi şöbənin müdiri, təcrübəli dövlət qulluqçusu Paşa Musayevlə görüşüb söhbət etdik, müəyyən sənədlərlə tanış olduq, bir sıra təşkilatlarla əlaqə saxladıq.

Ölkə Prezidenti tərəfindən 6 iyun 2012-ci il tarixdə təsdiq olunmuş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətləri ilə bağlı ayrıca bölmə var. Burada qeyd olunur ki, həmin nümayəndələr icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid məsələlərə dair təkliflər vermək, əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənmək, dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları və digər təşkilatlarla nümayəndəliyin qarşılıqlı fəaliyyətini təmin etmək, təmizlik, abadlıq, yaşıllıq və digər işlərdə ayrı-ayrı qurumların fəaliyyətini rayon icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək və digər işlər onların vəzifəsidir.

Əslində nümayəndəliklərin vəzifələri də, səlahiyyətləri də kifayət qədərdir. Onların müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabı, möhürü, müvafiq ştampı, blankı var. Yəni hərtərəfli fəaliyyət üçün imkan və şərait var.

- Təbii ki, yerli nümayəndələr sayılıb-seçilən, nüfuzu, işgüzarlıq, təşkilatçılıq keyfiyyətləri olan adamlardan seçilməlidir- deyə R.Yediyarov bu mövzuda söhbət edərkən bildirdi, - icra nümayəndəsi özü başqalarına nümunə olmalıdır. Geyimindən tutmuş danışığına, davranışına kimi.

Qeyd edək ki, Gədəbəydə öz işinin öhdəsindən gələn, təcrübəli nümayəndələr az deyil. Məsələn, İsalı kənd icra nümayəndəsi Alim Nağıyev 1994-cü ildən bu vəzifədə çalışır. Başqa təcrübəli işçilər də az deyil.

Digər bir vacib məqam, nümayəndələrin təhsili ilə bağlıdır. Əslində, haqqında söhbət gedən nümayəndələr və müavinləri dövlət qulluqçuları sayılırlar. "Dövlət qulluğu" haqqında Azərbaycan Respublikası Qanununun Dövlət qulluğu vəzifəsi ilə bağlı 13-cü maddəsində deyilir ki, "inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır".

Gədəbəydə 1 şəhər 46 kənd inzibati ərazi nümayəndəliyi var. Yeni əsasnaməyə qədər rayonda 2 nümayəndəlikdə - Çaldaş və Göyəlli kənd icra nümayəndələri ali təhsilli olmayıblar. Bir sıra nümayəndələrin müavinləri də orta təhsilli şəxslərdən seçilib. Xarxar, Arıxdam, Qaradağ, Ənnağılar, bütövlükdə 9 nümayəndənin müavininin orta təhsilli olması, təbii ki, narahatçılıq doğurmaya bilməzdi. Qəribədir ki, 46 kənd inzibati ərazi nümayəndəliyindən 29-da baş mühasib orta və orta ixtisas təhsilli adamlar olub. Rayon maliyyə şöbəsinin müdiri Namiq Məmmədov bizimlə söhbətində bildirdi ki, hər il bu nümayəndəliklərin hər birinə 40-80 min arası pul vəsaiti ayrılıb. Doğrudur, onun böyük hissəsi əmək haqqı üçün nəzərdə tutulsa da, hər halda ortada digər maliyyə xərcləri olub.

Yeni əsasnaməyə uyğun olaraq, rayonda adını çəkdiyimiz sahəyə kadrların seçilib-yerləşdirilməsi işi demək olar ki, başa çatıb. İstər rayon icra hakimiyyəti aparatına, istərsə də yerli nümayəndəliklərinə gənc, perspektivli işgüzar işçilər cəlb olunub.

...Gədəbəyin bütün fəsilləri gözəldir. Amma bu gözəllik o zaman diqqəti daha çox cəlb edir ki, gözəlliyə gözəllik qarışır. Bu gün Gədəbəydə aparılan işlər məhz bu məqsədi daşıyır.

 

 

Hamlet QASIMOV

 

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə təqdim olunur.

 

 

Xalq qəzeti.- 2012.- 6 noyabr.- S. 6.