Vasim Məmmədəliyev-70
Alim
ömrünün işığı dünyanı dolaşan
şöhrətə çevrilir
Bu günlərdə bir məktub oxudum.
AMEA-nın müxbir üzvü,
filologiya elmləri doktoru,
professor Nizami Cəfərovun
alim dostum Vasim Məmmədəliyevə
ünvanladığı açıq məktub idi. Çox xoşuma gəldi. Dogrusu,
mən çoxdandır ki, açıq məktublarda
şablon cümlələrdən və adi təriflərdən uzaq
belə səmimi sözlər oxumamışdım. Akademik Vasim Məmmədəliyevə
ünvanlanan 10 açıq söz çox maraqlı idi.
Nizami o sözlərin yeddincisini dedi, amma səkkizincisini alimin 80 yaşında, doqquzuncusunu 90 yaşında, onuncusunu isə 100 yaşında deyəcəyini vəd edir. İnşallah. Nizaminin dediyi səmimi sözlərin cazibəsindən hələ də cıxa bilmirəm. "Açıq məktub"un hər sözünü oxuduqca, sanki, elə Nizaminin özünü dinləyirdim. Nizami elə danışdığı kimi də yazır, yazdığı kimi də danışır: özünəxas üslub, rəvan ifadələr, səlis cümlələr... Elə mənim sətirlərim də bir növ məktub xarakterlidir.
Əziz Vasim! İkimiz də Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 1964-cü il məzunuyuq. Eyni fakültənin iki şöbəsi. Şöbələrin biri ərəb dilini, o birisi fars dilini öyrədirdi. Güclü müəllimlərimiz vardı: Ələsgər Məmmədov - Əli Azəri; Əhməd Yusifi - Mübariz Əlizadə; İsmayıl Şəms - Əhməd Şəfai; Təhmurəs Cahani - Həsən Mahmudov və başqaları. Bizə müxtəlif fənlərdən dərs deyən görkəmli müəllimlər az deyildi: Mir Cəlal Paşayev, Gülhüseyn Hüseynoğlu, Rüstəm Əliyev, İzzət Rüstəmov, Yusif Seyidov, Yusif Yusifov, Nəyyerzaman Hatəmi, Təhminə Rüstəmova, Rəhim Sultanov, Ağadadaş Dadaşov, Anya Rzayeva, Qulam Darabadi və başqaları. Neçə illər arxada qaldı, adlarını çəkdiyim ustadlardan sən müxtəlif elmləri öyrəndin və... akademik oldun (halbuki onların heç birinə bu ali elmi titul qismət olmamışdı). Sən həyatdan köçmüş ustadlarımızı həmişə hörmətlə yad edir, sağ qalanlara isə uzun və sağlam ömür diləyirsən. Demək, sən və 70 yaş.
Əziz həmkar! Ey respublikamızın ən ali mükafatları olan "Şöhrət" və "Şərəf" ordenləri kavaleri! Mən tələbəlikdən indiyəcən sənin keçdiyin elmi yola qısa bir nəzər salmaq istəyirəm: - Mən hələ tələbə ikən mütərcim kimi Əfqanıstana işləməyə getdim, sən isə Tbilisi Dövlət Universitetinin aspiranturasında oxudun: - Sən cəmi dörd ildən sonra həmin unuversitetdə "Müasir ərəb-Azərbaycan ədəbi dillərində və Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdin, Bakı Dövlət Universitetində müəllim oldun. 1968-ci ildən indiyədək həmin ali məktəbin ən nüfuzlu müəllimlərindən birisən. 1974-cü ildə müdafiə etdiyin doktorluq elmi işinin taleyi də Tbilisi şəhəri ilə bağlı oldu. Yenə həmin Tbilisi Dövlət Universitetində "Müasir ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları" adlı doktorluq dissertasiyasını müdafiə etdin. Cəmi dörd ildən sonra isə sənə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən professor adı verildi. Elmi yaradıcılığın və dünyanın müxtəlif yerlərindəki həmkarlarınla əməkdaşlığın elə şəkildə genişləndi ki, biz səninlə fəxr etdik, dövlət isə sənə "Əməkdar elm xadimi" fəxri adı verdi. Bir sıra nüfuzlu beynəlxalq konfrans və sessiyalarda (Rusiya Federasiyası, Polşa, İraq, Misir, ABŞ, İndoneziya, Dubay, Küveyt, Gürcüstan, Dağıstan və s.) elmi çıxışlar etdin. 1978-2009-cu illəri əhatə edən həmin çıxışlar təkcə sənə deyil, həm də Azərbaycan elminə növbəti bir nüfuz qazandırmış oldu.
Mən bir dost kimi fəxr edirəm ki, sən 1989-cu ildə İraq
Elmlər Akademiyasının üzvü seçildin. 1991-ci ildən etibarən Azərbaycan
Dövlət Televiziyasında, əsl haqq
adamı olaraq, "Haqqın dərgahı"
kimi sanballı və savablı bir məclisdə aparıcı oldun. 1995-ci ildə İslam
Konfransı Təşkilatı nəzdində
İslam Hüququ
Akademiyasının üzvlüyünə qəbul edildin, Suriya Quran Elmləri və Ərəb Filologiyası
Akademiyasının üzvü oldun. 10 il BDU Şərqşünaslıq
fakültəsinin dekanı, "Elmi əsərlər"in
Şərqşünaslıq seriyasının redaktoru
kimi vəzifələrdə elə bir məsuliyyət nümayiş etdirdin ki, onu ancaq
Vasim Məmmədəliyev göstərə
bilərdi. Sən bir alim
və təhsil təşkilatçısı kimi
14 il yorulmaq bilmədən
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin
Şərqşünaslıq üzrə Elmi-metodik
Şurasının sədri vəzifəsində
çalışdın. Ali
təhsil aldığın
Bakı Dövlət Universitetində iki il prorektor
oldun. Bu gün artıq 20 ildir ki, həmin ali məktəbdəki
ərəb filologiyası
kafedrasının əvəzsiz
müdirisən. Tanrı
sənə təkcə
alimlik və müəllimlik kimi ali keyfiyyətləri
deyil, həm də bunlardan az məsuliyyət tələb etməyən
jurnalistlik məharəti
də verib. 1994-1995-ci illərdə "Şəhriyar" qəzetinin
redaktoru kimi fəaliyyət göstərməyin
heç kəsin yadından çıxmayıb.
Artıq 15 ildir ki, Qafqaz
Müsəlmanları İdarəsi
Elmi-Dini Şurasının
sədrisən. Elə AMEA-nın müxbir üzvü seçilməyindən
də on il
keçir.
Biz dostların həmişə
fəxrlə yada salırıq ki, bir zamanlar universitet
auditoriyalarında tanış olub dostlaşdığımız Vasim
indi Dağıstan Respublikasının "Əməkdar
elm xadimi" adına
layiq görülmüş
azsaylı ziyalılarımızdan
biridir. Sənin son səkkiz ildə
Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət
Heyətinin üzvü
kimi fəaliyyətin də biz dostlarının
iftixar mənbələrindən
biridir. Sən, həqiqətən, elə yüksək səviyyəli elmi, dini, ictimai fəaliyyət
göstərdin ki, hələ 2007-ci ildə
AMEA-nın həqiqi üzvü seçildin.
Bizim gənclik dostumuz Vasim 2003-cü ildə Prezident Heydər Əliyevin fərmanı ilə "Şöhrət"ordeni, 2009-cu ildə isə Prezident İlham Əliyevin fərmanına
əsasən "Şərəf"
ordeni ilə təltif ediləndə sevincimiz elə dost sevinci qədər idi. Vasimin bu ildən Prezident təqaüdünə
layiq görülməsi
isə dostların həmin sevincini birə-beş qat artırıb.
Dostum Vasim! Bu "Açıq
məktub"da sənin
haqqında mənə
məlum olan hər şeyi açıqlamadım. Vaxt gələr,
illər ötər, sənə və mənə Allahın bəxş edəcəyi növbəti 10 illikdə
sənin haqqında bildiklərimin hamısını
deyərəm, inşallah.
İndisə sənə
uzun ömür və can sağlığı
arzulayıram. Bu bir həqiqətdir ki, xalq üçün yaşayan, millətin inkişafı üçün
çalışan, elmin , təhsilin
, maarifin inkişafına
xidmət edən insanları ulu Tanrı da çox
sevir, onun yaratdığı insanlar
da. Həmişə çox seviləsən,
70 yaşın mübarək!
Şahin FAZİL,
tarix elmləri doktoru,
professor
Xalq qəzeti.- 2012.- 7 noyabr.- S. 7.