Yeni Azərbaycan uğrunda mübarizənin ön sırasında

 

Bu günlər Azərbaycanın dövlət müstəqilliyi dövrü tarixinin daha bir əlamətdar hadisəsinin 20 illiyi tamam olur. 20 il əvvəl suverenliyini yenicə qazanmış xalqımız bu tarixi nailiyyətini itirmək təhlükəsi ilə üzləşəndə ümummilli lider Heydər Əliyevin misilsiz zəka və iradəsindən qaynaqlanan məramının daşıyıcısı kimi Yeni Azərbaycan Partiyası ərsəyə gəldi.

 

Torpaqlrımızın bütövlüyü uğrunda ümumxalq mübarizəsinin böyüyüb milli azadlıq hərəkatına çevrilməsi ilə əldə olunmuş dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək missiyasını uğurla həyata keçirməkdə Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin arxasında möhkəm dayandı.

Tarixə Yeni Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin partiyası kimi düşmüş bu qüdrətli siyasi qurum 20 ildir ki, ulu öndərin ideya və əməllərinin ardıcıl həyata keçirilməsinin önündə gedir. Yeni Azərbaycan Partiyası 9 ildir ki, ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi hərtərəfli yeniləşmə yolu ilə irəli aparır.

Yeni Azərbaycan Partiyası rəsmən 1992-ci ilin noyabrında tarix səhnəsinə qədəm qoysa da, əslində, onun rüşeymləri illər boyu xalqımızın qüdrətli oğlu, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin qəlbində, arzu və əməllərində yaşamışdı. Azərbaycan tarixinin ən yaxşı örnəkləri ilə tərbiyələnmiş və özünü bütövlükdə doğma xalqına xidmət işinə həsr etmiş bu insan respublikaya birinci dəfə rəhbərlik etdiyi və sovet dövlətinin rəhbərlərindən biri olduğu illərdə Vətəninin gələcək müstəqilliyi üçün bir sıra zəruri əsaslar yaradılmasına çalışmışdı. SSRİ-nin süqutunu tezləşdirən Dağlıq Qarabağ münaqişəsinin başlanması ərəfəsində Moskvada ali mövqelərdən istefaya göndərilən böyük azərbaycanlı bundan sonra da xalqımızın taleyüklü məsələlərindən kənarda qalmadı.

Xalqımızın iradəsini sındırmaq üçün 1990-cı ilin 20 Yanvarında törədilən qanlı qırğına dünya miqyasında əks-səda törətmiş kəskin reaksiya verən ulu öndər bundan sonra xəyanətlər mərkəzində qalmayıb, böyük çətinliklə doğma Azərbaycanına qayıtdı. Köləxislət və dönük yerli rəhbərlərdən soyuq münasibət görən ümummilli lider o vaxt son dərəcə ağır blokada vəziyyətində olan Naxçıvana getdi və doğulub-böyüdüyü torpağın müdafiəsində həlledici rol oynadı.

Sadə xalqın ən yaxşı keyfiyyətlərinə və çoxillik idarəetmə təcrübəsinə arxalanan böyük tarixi şəxsiyyət, əslində, Naxçıvanı xilas etməklə bütövlükdə Azərbaycanın yaxınlaşan bəlalardan qurtulmasının əsasını qoydu. Yeni Azərbaycan Partiyası ulu öndərin qəlbində yaşayan məramın gerçəkləşməsi ilə, o günlərdə sürətlə siyasi qüvvəyə çevrilməyə başladı. Çox keçmədi ki, Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə gətirilən həqiqi xalq lideri burada Azərbaycanın dövlət müstəqilliyinin müjdəçisi olan üçrəngli bayrağımızı yüksəltdi və sovet rejiminə tarixi zərbə vurdu.

1991-ci ilin yayında kommunist partiyası ləğv ediləndən və sovet dövləti sürətlə çökəndən sonra Azərbaycan xalqı da tarixi arzusuna qovuraşaq suverenlik haqqı qazandı. Lakin keçmiş rəhbərlik acizlikdən bu haqqa sahib çıxıb, günün kəskin problemlərini həll etməyə qadir olmadı. Onları zor gücünə kənara sıxışdıran idealist siyasi qüvvələrin naşılığı və iqtidarsızlığı isə ilk gündən respublikanı fəlakətə, uğursuzluğa doğru apardı. O günlərdə çıxış yolu axtaran hər bir qeyrətli və ağıllı azərbaycanlının nəzərləri Naxçıvana nicat gətirmiş ümummilli liderə dikilmişdi. Yeni Azərbaycan Partiyası həmin adamların ən fəal, ardıcıl qisminin Heydər Əliyevin tarixi mübarizəsinə qoşulmaq cəhdindən qaynaqlandı.

Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, uçurum qarşısında olan dövlətimizi xilas etmək məqsədilə xalqın sağlam qüvvələri o günlərdə böyük tarixi şəxsiyyət Heydər Əliyevə müraciət etdilər. Beləliklə, 1992-ci ilin oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda ulu öndərin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi zərurətini reallaşdırdı. YAP-ın təsis olunması ilə Azərbaycanın bütün bölgələrində ictimai-siyasi canlanma baş verdi, respublikanın rayon və şəhərlərində partiyanın ərazi təşkilatları yaradıldı.

YAP-ın ümmumilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən proqram müddəaları Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclüsosialyönümlü iqtisadiyyat yaradılmasından ibarət idi. Hakim partiya bu 20 ildə öz proqram məqsədlərinə uyğun fəaliyyət göstərmişdir. Məhz buna görə də ümumxalq partiyasına çevrilən, 600 minə yaxın üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazana bilmişdir.

Ötən müddətdəYAP-ın keçirdiyi qurultaylarda qəbul etdiyi qərarlar ölkəmizin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynadı. Ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə böyük inkişaf yoluna çıxdı, böhranxaos mərhələsini arxada qoydu. 1993-2003-cü illərdə Azərbaycan dövlət müstəqilliyinin dönməzliyini təmin etdi, sosial-iqtisadi və beynəlxalq sahədə mühüm nailiyyətlər qazandı. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısı alındı. Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda, diplomatik cəbhədə düşmən üzərində üstünlük əldə edildi.

Ümummilli lider Heydər Əliyev, nəhayət, böyük çətinliklərlə qurduğu dövlətə rəhbərlik etmək üçün namizədini də elan etdi: "Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu öndərin ən layiqli davamçısı İlham Əliyev 2003-cü ilin 15 oktyabrında xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq ölkə prezidenti seçildi. Xalq liderinin sözünə güvənərək öz tarixi seçimini etdi. 2005-ci ilin mart ayında isə YAP-ın III qurultayı keçirildi, təşkilatı məsələlərə baxıldı və Azərbaycan Prezidenti, YAP sədrinin birinci müavini İlham Əliyev partiyanın sədri seçildi. Beləliklə, ulu öndərin siyasi varisi İlham Əliyevin YAP-ın sədri seçilməsi ilə partiyanın da həyatında yeni mərhələ başladı.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında olan ordunun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi və ölkəmizin daha da güclənməsi naminə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla, YAP üzvləri bu xəttin uğurlarını xalq arasında geniş təbliğ etməkdədirlər.

Yeni Azərbaycan Partiyasının ideoloji siyasəti cəmiyyətdə milli dəyərlərin təşəkkül tapmasını və möhkəmlənməsini şərtləndlirən, milli həmrəylik və bütövlüyü təmin edən mühüm institusional mexanizm kimi dəyərləndirilməlidir. Bunun nəticəsidir ki, YAP davamlı qələbələr ənənəsinə malikdir. Yeni Azərbaycan Partiyası bu zamanadək iştirak etdiyi bütün ümummillilokal səviyyəli seçkilərdə parlaq qələbə qazanıb.

Ulu öndər Heydər Əliyevdən sonra partiyaya rəhbərlik etməyin böyük şərəf olduğunu qeyd edən Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyev demişdir: "Bizim partiyamızı fərqləndirən cəhət odur ki, bizim siyasətimiz konkret işlərdən ibarətdir. Biz populist vədlər vermirik, reallığı əks etdirməyən şüarlarla çıxış etmirik. Sadəcə olaraq, biz ardıcıl, məqsədyönlü şəkildə öz işimizi görürük. Azərbaycanın möhkəmlənməsi, iqtisadi potensialının güclənməsi, dünyadakı mövqeyinin möhkəmlənməsi üçün əlimizdən gələni edirik".

Xalqımızın bu günlərdə cəmiyyətin ən böyük siyasi qüvvəsi olan, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinin məsuliyyətini daşımış, ölkənin hərtərəfli inkişaf yoluna çıxardılmasında səfərbəredici rol oynamış YAP-ın 20 illiyini təntənə ilə qeyd etməklə, həm də özünün sabahkı arzularının gerçəkləşəcəyinə dərin inamını ifadə etmiş olur. Xalq bu partiyaya Heydər Əliyev ideyalarının ardıcıl həyata keçirilməsini təmin edən qüdrətli siyasi qurum kimi baxır. Xalqın ən çətin günlərində onunla bir yerdə olmuş YAP ən xoş günlərin də müjdəçisi olaraq daim böyüyür və Heydər Əliyev ideyalarından güc alır.

 

 

Kərim KƏRİMOV,

YAP Yasamal rayon təşkilatı

şurasının üzvü,

AMEA-nın müxbir üzvü

 

Xalq qəzeti.- 2012.- 7 noyabr.- S. 4.